manera.az
manera.az

Mənim paralel Xocalım - Eyvaz Əlləzoğlu

📅 25.02.2019 22:31

Mənim paralel Xocalım - Eyvaz Əlləzoğlu
Rafiq HÜMMƏT

Nə sirdisə, anşara bilmirəm, bu şəhər - gözəlim Tiflis, bütün vücudunu, ruhunu övlad sevgisi sarmış ana kimi, hüsnünə doyulammayan sevgili kimi, hara getdimsə, öz qoynuna çəkdi məni.

Dünyada qərib-qərib dolaşan ruhumu Moskvaya buraxmadı, İstanbuldan döndərdi, Bakıdan qaytardı; nə illah elədimsə, bu şəhərin orbitindən çıxa bilmədim ki, bilmədim. Bəlkə uşaqlığımın bir neçə ilini qoynunda keçirdiyimdən, bəlkə tələbəlik həyatımı burada yaşadığımdan, bəlkə ilk dəfə burada işləməyimdən, bəlkə də izahı mümkünsüz olan başqa səbəbdən, qoynundakı maddi sərvətim yalnız dar-daracıq kirayələrdən ibarət olsa da, bu şəhərdən usanmadım ki, usanmadım.

Amma ortada bu da var ki, qundağıma mənimlə bükülmüş, mənimlə iməkləmiş, yürümüş, boya-başa çatmış SÖZ məni bu şəhərdə daha çox sevdi, daha çox ülfət bağladı, daha çox məhrəm oldu mənimlə. Dünyanın ən gözəl qızlarını bu şəhərdə sevdim, taleyimin ən vəfalı dostları ilə bu şəhərdə doğmalaşdım, ən halal şair-yazıçılarla bu şəhərin yollarında yürüdüm, ən tənha günlərimi dostların çoxu köçəndən sonra bu şəhərdə yaşadım...

Sən təkcə bu siyahıya bax, əziz dost və bir anlıq məni anlamağa çalış – Səməd Qaraçöp, Nəriman Əbdülrəhmanlı, Lətif Mustafaoğlu, Şurəddin Məmmədli, Xaqani Qayıblı, Nurafiz, Kamandar Mamocoğlu, Əsəd Təhləli, Dəyanət Osmanlı, Nəriman Əliyev, İmir Məmmədli, Rəşid Faxralı, Murtuz Məmmədli, Həvillək Bayramlı, Razim Məmmədli...
Mənim paralel Xocalım - Eyvaz Əlləzoğlu
Ruhumuzun ən kövrək paytaxtlarından biri olan bu şəhərin mən bilən küçələrində bir vaxtlar onlarla birgə dolaşdım, onlarla nəfəs aldım, onların əsərlərini oxudum, onlara şeirlərimi oxudum, onlarla sevinib-kədərləndim. Amma məni ərş odumadək yandıran bu gözəlim şəhərdə onlardan ayrı qalmağımdan min qat, milyon qat artıq İsa İsmayılzadənin,Valeh Hacıların, Arif Mustafazadənin, Azər Mehdioğlunun, Hamlet Kazımoğlunun, Arif Əliyevin yalnız Tiflis və Bakıdan deyil, həm də dünyadan vaxtsız köçmələri oldu.

O bir olan Allah şahidimdir: Nəriman Əbdülrəhmanlı Bakıya köçən ərəfədə Tiflisdə Meydanın Kür sahilində zar-zar ağlamışam, Eyvaz Əlləzoğlu deyəndə ki buralardan gedirəm, elə həmin oxşar hönkürtülər içində həftələrlə stresdən qurtulammamışam... Amma burda qalanlarla – Tapdıq Yolçu, Afiq Muxtaroğlu, Cambul Məmmədli, İbrahimxəlil, Alxan Binnətoğlu, Mirzə Məmmədoğlu, Zərgər Musa, Allahverdi Təhləli, Yunus Novruzla... sözün ahını ala-ala yıxıla-qalxa yaşamağa davam etməkdəyik. Təki qəfil və vaxtsız ölümlər olmasın...
Mənim paralel Xocalım - Eyvaz Əlləzoğlu
Bu sətirləri yazarkən, Tiflisdə və yurdun dörd bir tərəfində ümummili faciəmiz olan Xocalı soyqırımı anılmaqdadır. Qəzetimizin bu sayında o şaxtalı-qanlı gecədə qandaşlarımın daşnak vandalları tərəfindən ən vəhşi üsullarla axıdılan qanları barədə kifayət qədər yazılar vardır. Amma mən həm də zülüm-zülüm Ayvazı düşünürəm, vəfalı dostumu, bənzərsiz yazıçımı, baməzə dərddaşımı, məni iki dəfə - öncə Tiflisdən, sonra da dünyadan köçəndə ağladan adamı, mənim ikinci Xocalımı. Dualarımın işığında da olsa, Oğuzu, Ayxanı, Gülbəsi düşünürəm. Bir də... qərib ruhlu Ayvazımı tək qoymamaq üçün canına qıyan Ceyran bacını düşünürəm. Hərdən onu da düşünürəm ki, qanqalların çiçəklərə göz açdırmadığı bu acımasız zəmanədə Ayvaz ona görə fevralın 26-da getdi ki, bu təqvimdə Xocalıda zülüm-zülüm can verən şəhidlərimizlə özünün heç bir fərqinin olmadığını duyursun. Bircə fərqlə ki, Xocalıdakılar düşmən vəhşiliyinə, Ayvaz isə özümüz tərəfindən tapdanan haqqına, haqq etmədiyi diqqətsizliyə, dözülməz yaşam kurallarına şəhid düşdü...

Bu dörd yarpaqlıq şeir çələngi isə şair bacım Fatma Aslan-Əliyevanın QOŞA ÖLÜMƏ həsr etdiyi haray dolu öygüdür.

Xan Eyvazın nazlı yarı,
Könlünü viran eylədin.
Dağladın yarın ruhunu,
Ağ kəfənin qan eylədin.

Leylisənmi, Əslisənmi?
Məhəbbətin sehrisənmi?
Ya sədaqət möhrüsənmi? –
Göz yaşım leysan eylədin.

Təklik toxundu şəstinə,
Durdun canının qəsdinə.
Dünyamız dar gəldi sənə,
Yerini pünhan eylədin.

Sən sevginin ölüm səsi,
İlhamın da Fərizəsi...
Ey əsrimin əfsanəsi,
Eşqini dastan eylədin.

Duydun qəlbinin səsini,
Duyğuların naləsini.
Sən “sədaqət” kəlməsini
Dəyişdin – “Ceyran” eylədin..

MANERA.AZ


Baxış sayı - 2 197 | Yüklənmə tarixi: 25.02.2019 22:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031