manera.az
manera.az

Sevil İşıq: “Yazıçı həm də yaxşı oxucu olmalıdır” MANERA.AZ

Sevil İşıq: “Yazıçı həm də yaxşı oxucu olmalıdır” MANERA.AZ

“YARADICILAR” layihəsini ərsəyə gətirməkdə məqsədimiz yolu Yaradıcılıqdan keçən gənc yazarları geniş oxucu kütləsinə təqdim etməkdir.

Bu dəfəki müsahibimiz Bakı Slavyan Universitetinin II kurs tələbəsi Sevil İşıqdır.

- Ənənəvi sual: Sevil İşıq kimdir?

- Mən Hacıyeva Sevil Elton qızı təxəllüsüm İşıq.1992 ci ildə aprelin 7-də Qazax rayon Daş Salahlı kəndində ziyalı ailəsində anadan olmuşam. Demək olar ki, elə uşaqlıqdan yaxşı oxuyan olmuşam. Sonra Azərbaycan Müəllimlər İnistutunun Qazax filialında kompyuter kursunda dərs aldım və elə orda da qalıb kompyuter kurslarından dərs demişəm.Yaradıcılığa uşaq yaşlarımdan başlamışam. Deyilənə görə istedadım anam tərəfdən gəlir. Çünki anam Qocayevlər nəslindəndi Bilal Qoca, Musa Qoca mənim anamın əmiləri olub. Uşaq vaxtı şeirləri həvəs olaraq yazırdım, amma böyüdükcə həvəsim sənətə çevrildi. Dəfələrlə Vətənpərvər mövzularda yarışa qatılırdım və qalib vaxtlarım da olub. Sağ olsun bu yolda əziyyətimi çəkənlərdən ən əvəzolunmazı Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü AYB Qazax zona filialının sədri Barat Vüsal olub.Tez tez ondan ustad dərsləri alırdıq və şeielərimin redaktoruna cevirdi məni. Artıq səkkiz ildən sonra Müəllimimin məsləhəti ilə "Deyiləsi Sözüm Çoxdur"adlı şeirlər kitabım işıq üzü gördü, (2014) Redaktorluğu və ön Sözüdə Barat müəllimə məxsusdu. Həmçinin təxəllüsüm də... Hal hazırda hələ ki, işləmirəm, butun enerjimi oxumağa sərf edirəm. Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsində təhsilimi davam etdirirəm və deyilənə görə yaxşı oxuyanlardan biriyəm. Mütaliə etməyi çox sevirəm. Kamal Abdullanın tərtib etdiyi mərhələ üzərində sistemli şəkildə çalışıram.

- Təbrik edirəm. Bəlkə söhbətimizin əvvəlində bir şeirlə kitabı oxumayanlarla tanışlıq yaradasan?

Səhəri açıram gülüşlərinlə,
Gecələr gözünün qarasındadı.
Sən harda olursan ol, mənim üçün,
Yaşamaq dünyanın orasındadı.

İtmişdim, işığı tapdım gözündə,
Olumsan, ölümsən duya bilmirəm.
Tanrının ən gözəl yaratdığısan,
Sənə heç bir adı qoya bilmirəm.

Məni sevənlərə hökm edən gücüm,
Bu eşqin önündə qolu bağlıdır.
İstəsən ömrümün dar ağacı ol,
Səndən asılmaq da etibarlıdır.

Gedişin ömrümün payızı olar
Payızdan heç yaza yamaq olarmı?
Mənim ürəyimin sahibi sənsən
Evin yiyəsindən qonaq olarmı?

- Gözəl... Heç sənə deyən olub ki, şeir yazma?

- Bildiyimiz kimi hər bölgə öz bacarığı,öz adət-ənənəsi ilə seçilir. Bunlardan biri də Qazaxdır. Necə ki, Tovuzda saz havalarından doymaq olmur, Qazaxda da şeirə... Boş-boşuna deyilmiyib ki, şairlər vətəni bizim tərəflər... Ta qədimdən Azərbaycan ədəbiyyatının təməl sütunlarını yaradan şairlərin bir çoxunu da Qazax yetirib. Nəinki,bu sualı mənə veriblər hətda bu sualı verənə belə icazə verməyib mənim ailəm. Hər zaman ailəmdən, qohum-əqrəbadan, dostlarımdan, müəllimlərimdən dəstək görmüşəm. Bu da sevindirici haldı. İnşallah ki,ümidlərini doğrultmaqda davam edərəm.

- Bəs ən çox hansı mövzularda yazırsan?

- Yaradıcılığıma nəzər salsaq, bu mərhələ şəklində olub. Kiçik yaşlarımda aparıcı mövzularım ata, ana və vətən idi. Böyüdükcə isə mövzularımın dəyişdiyini hiss etdim. İndi də müxtəlif mövzulu şeirlərim var, amma sevgi mövzusunun müxtəlif hallarını təsvir etməyə çalışıram... Bunu heç bir şair bilərəkdən etmir, çünki ən azından özüm də bunların şahidiyəm. Şeir Allah vergisidir və şair əlinə qələm alanda nə yazacağı haqda düşünməməlidir. Qələmə almamışdan şairin başında formalaşan və doğulan şeir isə əsil şeirdir, şair isə onu olduğu kimi vərəqə köçürür.

- Şairlə şeir haqda elə danışdın ki, Zefsin qızı Afinanı xatırladım. Yeri gəlmişkən, mifalogiyayla aran necədi?

- Deməli, yaxşı xatırlatma olub. Sözün doğrusu başlanğıcda zəif idi.Çox oxuyurduq amma az qalırdı yaddaşımızda.Bir də eşitdik ki, Mifalogiyadan imtahanımız var.Onda uşaqların,eləcə də mənim üz ifadəmi görərdiniz. Sağ olsun Kamal müəllimi bu fənni ən xırdalıqlarına qədər izah etdi.Bir var oxuyasan,bir də var dərk edəsən. Antik Yunan ədəbiyyatının mifalogiyası ilə Azərbaycan ədəbiyyatının (Təpəgözün öldürülməsi) qarşılaşdırılmasını,ta qədimdən həyatımızda miflərin olduğunu da bu dərs vastəsilə öyrəndik. İmtahanda Kamal müəllimin bir sözü isə heç yadımdan çıxmır: “Budaqlarınız qımıldamasa da, yarpaqlarınız xışıldayır”.

- Ümumiyyətlə, yazı prosesi necə olur, ilham pərisinə inanırsan?

- Başqa şairləri bilmirəm, amma mənim yazı prossesim çox əzab, əziyyətli keçir. Bir sözlə bıçaq boğaza dirənmək söhbəti var. Şeir mənə əzab vermiyənə qədər əlimə qələm almıram. Elə vaxtlar olub ki, gecənin yarısı durub şeir yazmışam. Hətta elə olub ki, işığı yandırmayıb, telefon işığında yazmışam.


Qaldı ki, bu ilham pərisinin kim və ya nə olduğunu, mən də hamı kimi adını eşidənlərdən, üzünü görməyənlərdənəm.

- Səncə, bu cavabın bir az pafoslu səslənmədi ki?


- Ola bilsin ki,bir az pafoslu səslənsin, amma sözlərimi tam səmimiyyətlə deyirəm.Bir var bir işi iş xatirinə görəsən,bir də var ki, ona quluq edəsən,əziyyət çəkəsən.Əziyyətin bəhrəsindən alınan ləzzətin isə yerini heç nə vermir.Mənim fikrimcə, Vətən,Torpaq,Din Şəhidliyi ilə yanaşı söz şəhidi də olmağı bacarmaq lazımdır.

- Yazmamışdan əvvəl xüsusi təyinat aparırsan ki, filan mövzuda yazacam?

- Əksinə, təyinat aparan şairlərin istedadına şübhə edirəm. Çünki sifarişlə şeir yazılmır. Demirəm ki, yazmaq olmur, yox olur, şeirin qayda-qanunlarını, texnalogiyasını bilən ustad şairlərimiz var. Amma onlar belə bu bilgilərini sadəcə dərslik kimi istifadə edirlər. Əgər mövzunu seçmək olsaydı, hər mövzuda qalaq-qalaq kitablar yazılardı. Mən heç vaxt hansısa mövzuda seir yazacağımı düşünməmişəm. Elə vaxt olub ki, bir aya bir sevgi şeiri yazmışam, elə vaxt olub ki, üç ay ərzində heç nə yaza bilməmişəm, ancaq oxumuşam.

- Sözündən belə çıxır ki, profesianallar isdedadsızdır və sadəcə dərs çalışırlar?

- Fikrim düz anlaşılmıyıb məncə.Mənim bildirmək istədiyim o idi ki,bu bacarıq yalnız necə illərini bu yola həsr edən Ustad şairlərimizə aiddir.Çünki yalnız onlar istənilən halda həm təb ilə,həm də təfəkkürlə şeir yaza bilərlər.İndiki zamanda elə şairlər var ki, şeir yazır, amma vəznləri bilmir.Bu bəlkə də istedadı.Amma insan var ki,bütün qayda,qanunları bilir şeir yazır, amma istedaddan xəbəri yoxdur.
Məs:Biz Qismət Rüstəmovun poeziya dərsində ritmdən,intonasiyadan,kompazisiyadan,misradaxili bölgülərdən bir sözlə, şeirə aid hər şeydən danışırıq.Hər dərsin sonunda isə, bir mövzu verilir və biz bu mövzu haqda şeir yazmağa çalışırıq.Bizim bu vaxt yazdığımız əsl şeir nümunəsi sayılmır ,sadəcə ağlın,təfəkkürün yaratdığı məhsul sayılır.Bu zaman biz sadəcə şeir texnalogiyası üzrə hərəkət edirik.

- Bəs, Yaradıcılıq fakültəsinə gəlişin necə oldu?

- Sosial şəbəkələrin birində bir dostumun paylaşımını gördüm. Ona internet üzərindən yazıb bu paylaşım haqqında bilgilər aldım. Mənə şeirlərimi göndərməyi məsləhət gördü, mən də göndərdim. Bir müddət sonra elanlar verildi, mən də qəbul olan tələbələr arasında vardım. Çox sevinmişdim həmin gün. Elə indidə çox xoşbəxtəm, yaxşı ki, bu Fakültədə oxuyuram. Müəllimlərimi çox sevirəm, çünki onlar tələbələrinə biliklə bərabər inam, özgüvən aşılayırlar.
Sevil İşıq: “Yazıçı həm də yaxşı oxucu olmalıdır” MANERA.AZ
- Daha çox kimlərin dərsi qələmini yönləndirir?

- Bizim başqa fakültələrdən fərqimiz burada istedadı, yaradıcılıq qabiliyyəti olan tələbələrin oxumasıdır. Ona görə də bizim müəllimlərimiz də, hamısı ədəbiyyatımızın istedadlı, ustad yazarlarıdır. İstər nəsr bölməsi, istərsə də nəzm bölməsi müəllimlərimiz olsun fərqi yoxdur. Onların bizlərə verdikləri bilgiləri ümumi bir kitabda tapmaq mümkün deyil. Onlar indiyə qədər neçə kitab oxuyublar və hər kitabdan seçmə fikirlərin ümumiləşmiş versiyasını bizlərə öyrədirlər. Bir növ bal arısı kimi...
Ona görə də hansı müəllimin dərsinin istiqamət verdiyini demək çox çətindir. Biz onların hamısının dərsindən bilgilər götürməyə çalışırıq.

- Ümumi bilgilər səni çaşdıra, bir növ proqramlarını qarışdırırmış kimi üslubsuz etsə necə?

- Məncə yox.Burda yazıçının oxucu sayıqlığı aktiv olmalıdır.Lazım olan bilgiləri lazım olan qədər götürməlidir.Əgər belə hal baş versə, bu yazçı mütaliəsinin ağsaqlığını göstərir.Çünki oxucu beyni də,bir kompyuterə bənzəyir.Onu lazımsız bilgilərlə yükləmək olmaz.Oxucu oxudugu kitabları başında sistemləşdirməlidi.Bir kitab rəfi kimi...Hansı əsərin yanına hansı əsər qoyulmalı olduğunu bilməlidir.

- Ən çox hansı əsərlərin mütaliyəsi məsləhət görülür?

- Kamal müəllim həm Azərbaycan ədəbiyyatından, həm də dünya ədəbiyyatının seçmə əsərlərini əlaqələndirib və bir sistemə salıb. Bu əsərləri oxumaq isə tələbələr üçün vacibdir. İstər tələbələrin söz bazası olsun, istərsə də yazıçılıq qabiliyyəti olsun fərqi yoxdur. Onlar bu mərhələdəki kitabları oxuyub həm tənqid etməyi, həm təhlil etməyi, həm də əsərlər arasında necə bir uyğunluq olub-olmamasını bilməlidir. Bu əsərlər vasitəsiylə ötürülən məlumatları, bilgiləri qəbul etməyi bacarmalıdır. Yazıçı təkcə yaxşı yazmalı deyil, eyni zamanda yaxşı oxucu, tamaşaçı olmağı da bacarmalıdır. Məsəl üçün bir mərhələdə beş cildlik Azərbaycan nağılları verilibsə ondan sonra Hans Kristian Andersan nağılları oxunacaq.Və yaxudda üçüncü mərhələdə M.S.Ordubadinin “Qılınc və Qələm”,Y.V.Çəmənzəminlinin “Studentlər” və Cek Londonun”Martin İden”əsərləri kimi...

- O mərhələlərdə bənzəmək istədiyin imza var?

- Sizə olmuş bir hadisəni danışım. III mərhələdə idim. Cek London adlı bir yazıçının əsəri ilə qarşılaşdım. Adı Martin İden idi. Kitabı açıb oxumağa başladım və əsər məni necə alıb aparmışdısa...

İndiyə kimi çox kitab oxumuşam və heç biri mənə bu qədər təsir etməyib. Ömrümdə hələ heç vaxt hansısa əsər qəhramanına bənzətməmişdim özümü. Ta ki, bu əsəri oxuyana qədər.

- Əslində mən qəhrəman yox, imza demişdim. İndi de görüm Rufa bənzəyirsən?

- Bu cavab da düz deyil.Çünki mən bənzəmək istədiyim Ruf deyil,Martin İdendir.Martin İdenin qadın versiyası (gülür...)
Qaldı bənzəmək, istədiyim imzalar həm var,həm yoxdur.Bənzəmək istiyərdim ona görə ki,Nizamilər,Füzulilər kimi əsərlər yaza bilim.Bənzəmək istəməzdim ona görə ki,Nizamilərin,Füzulilərin yazdıqlarından fərqli əsərlər yazıb öz imzamı təsdiqləməyi bacarım.

- Gələcək planların...

- Gələcək üçün planlar qurmağı sevmirəm.Çünki gələcək bu gündən başlayır.İndiki planlarım isə oxumaq,söz bazamı mükəməlləşdirmək uğrunda cəhdlərimdən ibarətdir.Çünki şairin silahı sözdür.

- Son olaraq bir şeir...

Ondan ayrıldığı bəs deyil kimi,
Bir ac dilənçi də, söydü qızını.
Hörük saçlarını dağıtdı bir-bir,
Külək də üzündən döydü qızının,
Külək də xətrimə dəydi, ay ana.

Moruğa dolanmış gül kolları da,
Əyilib, gözümə şad görünmədi.
Bəxtimə sərəcək göyqurşağım heç...
Günüm ağ-qaraya düz bölünmədi,
Fələk də xətrimə dəydi, ay ana.

Can deyib bağrıma sıxdığım kəslər,
Sınmış ürəyimi düz eləmədi.
Mərdlərin yanına namərdlər düşüb,
Ələyim yenə də düz ələmədi,
Ələkdə xətrimə dəydi, ay ana.

Elə bu həyata gəldiyim gündən,
Xoşbəxtlik çağırıb oynayaq dedi.
O, qaçdı, mən onu tutmaq istədim,
Kələk gülümsəyib uduzdun dedi,
Kələk də xətrimə dəydi, ay ana.

Sahildə gördüyüm ağ qağayılar,
Uçub qanadıyla qara elədi.
Bu gün ən sevdiyim ayaqqabımda,
Vurub ayağımı yara elədi.
Özləri yıxılan ağlamaz deyib...
Ürək də xətrimə dəydi, ay ana.

Ramilə QARDAŞXANQIZI
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31