Şəhanə Müşfiq: “YARATMAQ zövqünü yaşamaq...” - LAYİHƏ | MANERA.AZ
“YARADICILAR” layihəsini ərsəyə gətirməkdə məqsədimiz yolu Yaradıcılıqdan keçən yaradıcıları geniş oxucu kütləsinə təqdim etməkdir. İkinci müsahibimiz Bakı Slavyan Universitetinin II kurs dinləyicisi Şəhanə Müşfiqdir.
- Daimi sualımız: Şəhanə Müşfiq kimdir?
- 1992-ci il noyabr ayının 21-də Bakı şəhərində ziyalı ailəsində doğulmuşam. Orta təhsilimi başa vurduqdan sonra 2010-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, 2014-cü ildə həmin universiteti bakalavr dərəcəsi üzrə yüksək nəticələrlə bitirmişəm. 2012 və 2013-cü illərdə iki dəfə "İlin ən yaxşı tələbəsi" fəxri adına layiq görülmüşəm. Hazırda Qafqaz Universitetində Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistratura pilləsində təhsilimi davam etdirirəm. Eyni zamanda Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin ikinci kurs dinləyicisiyəm. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Mədəniyyət və Turizm Nazirliyi ilə AYB-nin birgə təsis etdiyi Gənc Ədiblər Məktəbinin məzunu, "bizim.info" saytının redaktoruyam. Ədəbiyyata marağım uşaq yaşlarımdan olmuş, bir sıra şeirlər yazsam da, ədəbi mühitə gəlişim nəsrlə bağlıdır. Bir sıra mətbu orqanlarda, qəzet və jurnallarda, saytlarda hekayə, şeir, esse və məqalələrim dərc olunur. O cümlədən 2013-cü ildə işıq üzü görən "Qaranlıqlar günəşi" adlı kitabın müəllifiyəm.
- Ruh adamı, qələm sevdalısı olduğunu biləndə valideynlərin nə dedi?
- Əslində belə bir ailəyə sahib olduğum üçün həmişə Allahıma şükr etmişəm. Ədəbiyyat yolum elə anamın zəhmətlərinin, əziyyətlərinin bəhrəsidir. Mən uşaq olanda başqalarının anaları televizorda serialların saatlarını izləyərkən mənim anam mənlə birgə hər gün kitabxanalar gəzirdi. Yaxınlığımızda bir dövlət kitabxanası vardı, kitabları günlük verirdilər, özü də o vaxtın pulu ilə günü bir "məmmədə". Yay tətili boyunca hər gün səhər tezdən anamla o kitabxanaya gedir, kitab götürürdük. Bir gün ərzində mən o kitabı oxuyurdum və növbəti səhər gedib kitabı başqası ilə dəyişirdik...
Elə uşaqlığımdan anlaşılmışdı mənim qələm sevdalısı olacağım. Valideynlərim də mənim bu yolda ən böyük dəstəkçilərimdir. Elə onların mənə olan inamı, güvəni mənim stimulverici qüvvəmdir.
- Magistr dərəcəli filoloq olmağına az qalıb və eyni zamanda Yaradıcılıq fakültəsində təhsilini davam etdirirsən. Bu qədər sevgi hardandır?
- Çox doğru vurğuladınız ədəbiyyat mənim üçün sevgidir! Ədəbiyyata olan sevgimin qaynağını bilmirəm, çünki mən elə özümü bildim - biləli ədəbiyyat aşiqiyəm. Uşaqlığımı çox da xatırlamadığım üçün bu sevginin qaynağını da unutmuşam.
- Ümumiyyətlə, Yaradıcılıq fakültəsinə gəlişin necə oldu?
- BDU-nun üçüncü kursunda oxuyarkən, 2013-cü ilin iyun ayında ilk kitabım "Qaranlıqlar günəşi" işıq üzü gördü. Həmin vaxt ədəbiyyat aləminə yad idim, demək olar ki, kimsəni tanımırdım. Bir tanışımın məsləhəti ilə o vaxt şair Qulu Ağsəsin təsisçisi olduğu "Ulduz" jurnalı və publika.az saytında yayımlanan "Variasiya" layihəsinə qatıldım. O layihə mənim ədəbiyyat aləminə ilk addımım oldu. Orda dəyərli insanlarla, yetəri qədər ciddi imza sahibləri ilə tanışlığım yarandı. O insanlardan biri də şairə Təranə Musayeva idi. Təranə xanımla tanışlığımdan sonra onun sayəsində Yaradıcılıq fakültəsi haqda məlumat əldə etdim. Elə onun vasitəsilə də fakültənin başqa məzunları ilə tanış oldum. Onlarla söhbətlərim dən sonra fakültəyə olan marağım artdı və bir də baxdım ki, ədəbiyyat sevgim məni artıq Slavyanın qapısına gətirib çıxarıb. Ondan sonra da oxucular baxımından "dost-tanış çərçivəsi"ni aşmağa nail olmuşam (gülür).
- Ədəbi nümunələrinin dost-tanış tərəfindən necə qarşılandı?
- Sevindirici haldır ki, yazılarım oxucular tərəfdən maraqla qarşılanır. Hətta hansısa hekayəmdə, ya şeirimdə özünü tapanlar, bunu mənim haqqımda yazmısan deyənlər də var. Ancaq etiraf etməliyəm ki, gileylənənlər də az deyil. Bu gileyə səbəb də əsasən əsərlərimdəki sentimentalizm olur.
- Maraqlıdır, mətnlərini filoloji biliyin sayəsində qurursan, yoxsa sırf fitri istedadına güvənirsən?
- Xeyir, fitri istedadımla qurub filoloji biliyimlə redaktə edirəm (gülür).
- Az bilmirsən (gülürük). Filoloq kimi fəaliyyətini davam etdirəcəksən?
- Əlbəttə... Planlarım içərisində başlıca yeri universitetlərin birində filoloq kimi çalışmaq, eyni zamanda filoloji təhsilimi davam etdirmək, həm də qələmi yerə qoymamaq tutur...
- Yaradıcı olmaq, yaratmaq zövqlüdür, yoxsa oxucu mövqeyində dayanmaq?
- Yaratmaq zövqlü olduğu qədər məsuliyyətli bir iş olduğundan bəzən o zövqü sona qədər yaşamaq olmur. Ancaq oxucu mövqeyində dayanmaq isə yetəri qədər zövqlüdür. Hələ o oxucu həm də yaradıcıdırsa, o zövqün həddi - hesabı olmaz. Ümumiyyətlə, mövqeyindən asılı olmadan ədəbiyyat başlı-başına zövqdür mənim üçün.
- Tənqidə münasibətin...
- Tənqidə münasibətim çox gözəldir. Məncə, ədəbiyyatı tənqiddən kənarda düşünmək mümkün deyil. Heç onlar bir-biri ilə paralellik də təşkil etmir. Çünki ədəbiyyatla tənqid iç-içədir. Ədəbiyyatda tənqid, tənqiddə ədəbiyyat var. Mən özüm də bədii mətnlərlə yanaşı tənqidi məqalələr də yazıram. Deyilənə görə, elə də pis alınmır (gülür)
- Ədəbiyyatın cinsi var?
- Bu ədəbi cinsləşdirməni tənqidçilərmi yaratdı, yoxsa bəzi ədəbiyyatdan bixəbər "ədəbiyyatçılarmı", bunu bilmirəm. Ancaq istənilən halda ədəbiyyatda cinsləşdirmənin qəti əleyhinəyəm. Ədəbiyyat insana, insan psixologiyasına xidmət edən söz sənətidir. Nə fərqi var bu missiyanı kişi icra etdi, ya qadın? İstər dünya ədəbiyyatında, istərsə də milli ədəbiyyatımızda yetəri qədər öz imzası ilə müasiri olan bir sıra kişi yazarları arxada qoymağı bacaran xanımlar var. Məsələn Etill Lillian Voyniç, Jorj Sand, Virciniya Vulf, Aqata Kristi, Məhsəti Gəncəvi, Xurşudbanu Natəvan, Əzizə Cəfərzadə, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Elif Şəfəq, Canan Tan və s. Bu siyahını yetəri qədər uzatmaq olar. Mənim fikrimcə, adını çəkdiyim xanımlar öz janrlarında heç də kişilərdən aşağı səviyyədə deyillər ki, əksinə, bir çoxundan üstündürlər.
- Gələcək planların...
- Hazırda gələcək planlarımın başında magistr işimi yekunlaşdırmaq və magistraturanı bitirmək durur. Ancaq onunla yanaşı bədii yaradıcılığa da yetəri qədər vaxt ayırmağa çalışıram. Yeni yazılarım, məqalələrim, eyni zamanda hələ yazmadığım, ancaq yazmağı planladığım bir sıra ideyalar, mövzular var. Həm də diqqətimin, zəhmətimin bir hissəsini də ikinci kitabım üçün ayırmalıyam. Onu da inşAllah 2016-cı ilin yay aylarına planlaşdırıram.
- Səncə, tənqid edən olacaq?
- Əgər tənqid varsa, demək ki, ortada nəsə var ki, tənqid olunur. Ümid edirəm ki, tənqidin yanından ötüb keçəcəyi və ya görməzdən gələ biləcəyi bir kitab olmayacaq.
Sonda yaradıcılıq nümunənizi təqdim edin.
Buyurun.
BAKI KÜLƏYİ...
Ən çox saçlarımı sevərdin,
bir vaxtlar
barmaqlarınla darayardın
darağa olan qısqanclığından.
Böyük dərd olardı sənə
saçlarımdan ayrılan tək tel.
Düşməninə çevrilmişdi
Bakı küləyi.
Saçıma sığal çəkən küləyə belə
qısqanardın məni,
saçlarımı...
Əlacın olsa nəfəsini kəsərdin
saçımda dolaşan mehin...
İndi isə yoxsan yanımda,
Külək əsir yenə,
Həmişə olduğu kimi,
Nə zaman kəsmişdi ki, Bakıda külək?!
Elə ən çox qısqandığın küləyinə görə sevməzdin
Bakını-
Doğma şəhərini...
Yenə əsir külək
sənsiz həyatımda,
tənhalığımı,
sənsizliyimi vurur üzümə sanki...
Tək - tənha gəzirəm küçələri,
Gedirəm hər zamanki görüş yerimizə
sənsiz...
Bir vaxtlar əllərində itən əlimdən
indi külək yapışıb...
Ovcunda nəfəsinlə isitdiyin əllərimi
indi külək üşüdür,
Xəbərin varmı?!
Sevdiyin saçlarımı külək öpür yoxluğunda
Xəbərin varmı?!
İt hürən tərəf
Daha günümüzün sabahı açmır,
Daha ürəyimiz gözlərə yükdür.
İşıq gələn tərəf aldatdı bizi,
İt hürən tərəfə getmək gərəkdir.
Bir az da can atdıq göylərə doğru,
Bu göy başqa göyün yeri deməkmiş.
Həyatı asmışıq gözlərimizdən,
Bir qırpım hər şeyin sonu deməkmiş.
Nə bilim çırağı yandıran kimdi,
Bəlkə də bir divin tələsi deyil.
Hələ gəzdiyimiz işıqlı günlər,
Bəlkə yuxumuza gələsi deyil?
Söhbətləşdi: Ramilə QARDAŞXANQIZI
MANERA.AZ