manera.az
manera.az

“Fakültəyə gələndə “xoruz”un, “keçi”nin şeirlərindən başqa bir şey bilmirdim....” -LAYİHƏ| MANERA.AZ

“Fakültəyə gələndə “xoruz”un, “keçi”nin şeirlərindən başqa bir şey bilmirdim....” -LAYİHƏ| MANERA.AZ

“YARADICILAR” layihəsini ərsəyə gətirməkdə məqsədimiz yolu Yaradıcılıqdan keçən yaradıcıları geniş oxucu kütləsinə təqdim etməkdir. 4-cü müsahibimiz Bakı Slavyan Universitetinin 2-ci kurs dinləyicisi Elşad Baratdır.

- Ənənəvi sualımız: Elşad Barat kimdir?

- Bu sual mənə də maraqlıdır. Əslində zaman-zaman müxtəlif cavablarım olub, ancaq indi konkret bir şey demək çətindir. Bəlkə də, Azərbaycanın Fyodor Dostoyevskisiyəm, bilmirəm.

- Və Yaradıcılıq fakültəsinə gəlişin...

- Ömrümün 17 ilini oxumağa, öyrənməyə sərf etmişəm. Yaradıcılıq fakültəsinə gələndə “xoruz”un, “keçi”nin şeirlərindən başqa bir şey bilmirdim. Çünki oxumamışdım. Oxuduqlarım fizika, riyaziyyat, astronomiya və dini kitablar, bir də dünya milyonçularının həyatını oxumağı sevirdim, ciddi sözümdür. Bu gün isə mən özümdə Azərbaycan ədəbiyyatının xəritəsini yaradıram. Daha sonra dünya ədəbiyyatına keçəcəm.

- Necə qarşılandın?

- Bilmirəm vallah, yəqin ki, yaxşı olar.

- Səninçün ədəbiyyat nədir?

- Allahın nəfəsi.

- Elşad sözdən yaranıb yoxsa, söz Elşadla yaranıb?

- Məncə, ədəbiyyat, söz Elşadla yaranıb. Təbii ki, burada söhbət şəxsən məndən getmir. Yəni, insanla yaranıb.

- Yazmasam ölləm deyirsən yoxsa, oxumasam?

- Əvvəllər deyirdim yazmasam ölərəm, indi deyirəm oxumasam ölərəm.

- Şair olmasaydın nə olardı?

- Düşünmürəm ki, şairəm. Bəlkə də dövrümüzün ən böyük şairiyəm. Bilmirəm. Onu bilirəm ki, ədəbiyyat olmasaydı həyat bu qədər maraqlı olmazdı mənə. Adicə, bir şeirimi və ya hekayəmi kimsə oxuyanda, bir az da tərifləyəndə sevincimdən atılıb-düşmək istəyirəm.(gülür)

- Şeir qarın doyurur?

- Baxır hansı qarını. Məsələn, mən gündə on dənə də şeir yazsam qızımın qarnı doymaz. Amma acqarına saatlarla oxunulası şeirlər də var. Hətda acqarına yazdığım şeirlər də.

Bu qızın saçların sığallayasan,
Qoluna dolayıb, açasan elə...
Bu qızı bir axşam oğurlayasan,
Sakit bir meşəyə qaçasan elə...

Bütün dərdlərini atıb gedəsən,
Dünyadan xəbərsiz olasan, allah.
Dayanıb bir qoca ağac altında,
Bu qıza sarılıb qalasan, allah.

Bu qızın dizində oyandığın an
Ömrünün ən şirin sabahı ola,
Bu qızla bir gecə yaşadıqların,
Dünyanın ən gözəl günahı ola.

- Bəs şair nəylə doyur?

- Şair doymur. Həmişə acdır. Sözün hər iki mənasında. Nəyəsə, kiməsə, ac olur həmişə.

- Şair sözü qızları tovlayır?

- Əgər şair sözü qız tavlasaydı gənc və keçəl Nüsrət Kəsəmənli Naxçıvanda yaşayanda dəfələrlə “atval” almazdı. (gülür)

- Dünya düz fırlanır?

- Yox. Dünya öz oxunun ətrafında fırlanmalıydı, amma və ancaq ona da barmaq eləyənlər var. Və əslində, dünya bizim üçün fırlanmalıydı. Çox təssüf ki, biz onun üçün fırlanırıq.

İnciməsin Ptolimey
Topu xoşuma gəlmədi
Bizi qıran baltaların
Sapı xoşuma gəlmədi

- Taleyə qarşı çıxmaq olar?

- Məncə insan öz talehini özü yazır.

- İstedada necə?

- Olmaz. Bu, allaha qarşı çıxmaqla bərabərdir.

- Şeir qarşı çıxmaq deyil nədir?

- Şeir, allahın nəfəsi kimi, yüngül, yumşaq, xoşagələn külək kimidir. Bir az da özünü axtarmaq, amma tapmamaqdır.

Bağışla, ay xanım qız!
Təsadüfən məni görməmisən?

Dedim birdən səs olaram,
asılaram qulağına.
Ya da xırda toz olaram,
toxunaram ayağına.

Elə külək də ola bilərəm,
saçlarında sürüşərəm,
Gizlicə, xəbərsiz yerə düşərəm.

Dodaqlarına toxunmaqçün,
söz də ola bilərəm.
Sənin arxanca sürünən,
iz də ola bilərəm.

Sən Allah, düzünü de!
Heç məni görməmisən?

- Elə bir sual var ki, hər gün özünə verirsən?

- Çox. O sualları saymaqla bitməz.

- Bəlkə cavabları bizə deyərsən?

- Yox. (gülür)

- Canın sağ olsun. Bir şeirini də təqdim edək oxuculara...

- Buyurun.

Getməyə gəlmişəm, bağışla, gedim
Çalış baxış-baxış günahımdan keç
Yağışla gəlmişdim, yağışla gedim
Qoy gözyaşlarımız bilinməsin heç

Getməyə gəlmişəm, gəl vidalaşaq
Sarılaq günaha sonuncu dəfə
Daha getməyə də gələ bilmərəm
Qoy öpüm gözündən onuncu dəfə

Getməyə gəlmişəm, ağlamağa yox
Mənim sərt baxışlım, gəl vidalaşaq
Saçının bir telin sal boğazıma
As məni içində, əlvidalaşaq...

Ramilə QARDAŞXANQIZI
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031