İşıqlı yaşamaq - Nəriman Əbdülrəhmanlı yazır

MANERA.AZ Nəriman Əbdülrəhmanlının "Bilal Alarlı: İşıqlı adam" yazısını təqdim edir:
Əyalətdə - Cəlilabad rayonunun Alar kəndində yaşayan tələbəlik dostum Bilal Alarlıyla gec-gec görüşürük...
Hər görüşümüzdə də heyrətimin həddi-hüdudu olmur: ilin-günün bu vaxtında əyalətdə yaşayasan, qəlbində yaşamın, əlacsızlığın ağrılarını gəzdirəsən, amma içindəki işığı öləziməyə, sönməyə qoymayasan – hər halda, hörmətəlayiq dözümdü. Hələ dünyanın düz vaxtında yaradıcı adamın əyalətdə yaşamağının çətinliyini yetərincə daddığımdan heyrətimi gizlətməyə çalışıram.
Bilal danışdıqca bu dözümün ona nələrin hesabına başa gəldiyini gözəlcə anlayıram və gözümün qabağına məmləkətimizin rayon-rayon, bölgə-bölgə bölünən əyalətləri, boşalan, soğulan, kimsəsizləşən kəndləri gəlir, dolanışıq ucbatından Bakıya pənah gətirən, işsizlik əlindən şam kimi əriyən dost-tanışlarım yadıma düşür.
Fikirləşirəm ki, nə yaxşı ki, Bilal Alarlı kimi, bölgələrimizdə yaşayan ziyalılar hələ var, yoxsa ümid eləməyə bir yerimiz qalmazdı...
***
Bilal Alarlıyla universitetdə bir il fərqlə eyni vaxtda oxumuşuq...
Onda sadəcə, Bilal Hüseynovuydu. Yaxşı oxuyurdu, ictimai işlərdə fəallıq göstəriridi, ünsiyyətciliydi, ədəbiyyat həvəskarıydı. Sonralar sorağını xalq hərəkatının sıralarından aldım, dara düşməyindən, haqsızlıq görməyindən xəbər tutdum. Amma nə sirdisə, Bilalın yaradıcılığı diqqətimdən qıraqda qalmışdı, heç ağlıma da gəlməzdi ki, ara-sıra mətbuatda “Bilal Alarlı” imzasıyla şeirlərini çap elətdirən mənim tanıdığım adamdı.
Bir dəfə təsadüfən rastlaşanda mənə “Quş dili” adlı poetik toplusunu bağışladı, sonra gələndəsə “Nənnim tavansız evdən asılıb” adlandırdığı ikinci kitabının işıq üzü gördüyünü bildim. Bilalın şeirləri mənə heyrətamiz dərəcədə doğma və səmimi göründü. Düzü, əyalətdə Sözə bunca yaxın və sadiq olan bir sənət adamının yaşaması məni çox sevindirdi. Üstəlik, Bilal Alarlının ədəbi və folklor tədqiqatları paytaxtdan kənarda unudulmaqda olan sözümüzün qayğısını çəkmək sarıdan qiymətlidi. Bilal bölgənin müqəddəs adamları haqqında da toplu nəşr elətdirib, şəhidlərin xatirəsinə də yazılar yazıb. Bütün bu işləri də əsl ziyalı təəssübkeşliyi ilə görüb.
Bilal Alarlının daha bir təqdirəlayiq işi var: Alar kəndində “Nöqtələr” ədəbi qrupunu təşkil eləmişdi. Təkcə özündə yox, başqalarının içində də işığı görmək, saxlamaq indiki zamanda hörmətəlayiq işdi. “Nöqtələr” ədəbi qrupunda təkcə Aların deyil, yaxın kəndlərin, rayonların da söz adamları yığışmış. Qrupda sözə yetərincə ciddi münasibət bəsləyən, yaradıcılığı özünün yaşam tərzi kimi qəbul eləyən yazarlar vardı. Bilalın tərtibi və redaktorluğuyla çıxan 8 ədəbi toplu öz-özlüyündə bu məramın ciddiliyindən xəbər verir. İmzalarına ara-sıra mətbuatda rast gəldiyim Hacıbala Əmirin, Şakir Xanhüseynin, Əlizadə Sərdaroğlunun yaradıcılığında sözə sevgini duymamaq çətiniydi.
Sonralar xəbər tutdum ki, Bilal Alarlı uzun müddət Cəlilabadda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, 1989-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu və 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunu bitirib. 2010-cu ildə “Muğan Folklor və Yaradıcılıq Mərkəzi”ni yaradıb, 2013-cü ildə “Azərbaycan folklorunda əmək nəğmələri” mövzusunda dissertasiya müdafiə eləyib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Elmi məqalələri beynəlxalq elmi jurnallarda, həmçinin, Rusiyada və Türkiyədə çap olunub. İndi elmi yaradıcılığını Naxçıvan Dövlət Universitetinin elmlər doktorluğu üzrə doktorantı kimi davam etdirir, Azərbaycan Hazırda Alar kənd 3 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir, həm də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad Filialında çalışır.
***
Müstəqilliyimizin ilk onilliyində Bilal Alarlı çoxsahəli ədəbi-bədii fəaliyyəti ilə diqqəti çəkib, şeir, poema, mənzum oçerk və hekayələriylə yanaşı, xeyli publisistik məqalə, folklor araşdırması, həmçinin, müasirləri haqqında ədəbi-tənqidi yazılar qələmə alıb. Onun müxtəlif vaxtlarda “Qaraçuxamın yuxuları” poeması, “Çeçen etüdləri” mənzum gündəliyi, şəhidlərə həsr olunmuş “Qarabağ şahini” (Rauf Quliyev haqqında), “Mətanət” (Cəmaləddin Əliyev haqqında) və “Şəhid anası” (Şamil Nəzərov haqqında) mənzum oçerkləri, 37-ci il hadisələrindən söz açan “Balakişinin qızılları” povesti (1992), “Üç yanğın” (1989), “Qobu əhvalatı” (1989) və “Ölüm” (1992), “İnam”, “Ümid”, “Dəfn” (2000) “Gəlin” (2003), “Xalturaçı” (2007), “Zülmə şərik olanlar” (2007), “Qırx ilin tanışlığı” (2016) hekayələri, “Son dua” (2022) poetik toplusu işıq üzü görüb.
Eyni zamanda, “Haqqın dərgahına doğru” (2000), “30 il” (2005), “Böyük maarif fədaisi. Müzəffər Quliyev haqqında” (2007), “Dünyanın çırağı: Şeyx Məhəmməd Şeyx Qüdrətullah oğlu” (2013), ikicildlik “İnsan inciləri” (2009, 2011) adlı tarixi oçerk topluları, “Alar və alarlar” (2003), “Alar ədəbi mühiti” (2005), “Cəlilabad hadisələri” (2008), “Çağdaş Azərbaycan repressiya ədəbiyyatı: Söz azadlığı və mətbuat” (2012), “Çağdaş tariximizin bədii ifadəsi” (2010) monoqrafiyaları Bilal Alarlının yaradıcılıq diapazonunun genişliyindən xəbər verir.
Üstəlik, ADPU Cəlilabad filialında təhsil alan tələbələrin yaradıcılıq nümunələrindən ibarət “Sənə uçmağı öyrədəcəyəm” adlı iki elmi-ədəbi toplu çap etdirən Bilal Alarlının folklor araşdırmaları arasında yazılı ədəbiyyat və folklor mövzusu da diqqət çəkir. “Muğan folkloru” (2008), “Novatorluğun folklor qaynaqları. Ədəbiyyat və folklor” (2011), “Qarabağın düzü var. Qudyalçayın sahillərində” (2013), “Komik janrın özəliikləri” (2013), ikicildlik “Azərbaycan əmək nəğmələri” (2013), “Yardımlının folklor örnəkləri. Birinci kitab” (kollektiv, 2014), Raci və Qumri təravətli dini şeirlər yazan Seyid Miryusif ağanın mərsiyə və növhələrindən ibarət “Mənə hər bivətən ağlar” (2004, 2008) kitablarında, “Abbasağa Azərtürk poeziyasında folklor motivləri”, “Rəsul Rza yaradıcılığında novatorluğun folklor qaynaqları” kimi sanballı araşdırmalarında onun müraciət elədiyi mövzulara bələdliyi aydın görünür.
***
Bir dialoqumuzdan fraqmentlər, yəqin ki, Bilal Alarlıının portret cizgilərini müəyyən qədər tamamlamağa yardım göstərər.
-Bilal, işıq üzü görən üç poetik toplunla tanışam, mətbuatda şeirlərin haqqında geniş də olmasa, öz fikrimi bildirmişəm. Amma sonralar hekayələrini də oxudum. Yaradıcılığında nəsrə keçid nə vaxt baş verdi?
-Dəqiq tarixini deyə bilmərəm, çoxdan nəsr əsərləri yazıram. Uzun zaman üzə çıxarmağa ürək eləmədim, çünki hekayələrimin mövzuları yalnız özümə tanış oan mühitdən götürülüb, orda baş verən hadisələr irreal təsir bağışlayır.
-Ədəbiyyatda 80-ci illər ədəbi nəsli varmı? Əlbəttə, bu sualın cavabı özümə aydındı, amma əyalətdən baxanda ədəbi proses daha aydın görünür...
-Tam inamla deyə bilərəm ki, var. 80-90-cı illər başqa düşüncə tərzinə, ədəbi zövqə, axtarış yönümlərinə malik olan qələm sahibləri yetirib. Bu dövrdə ədəbiyyata gələnlər ictimai-siyasi sarsıntılar yaşamaq zorunda qadılar, ədəbiyyatla arxayın məşğul olmağa imkan tapmadılar, onların yazdıqlarını sistemli və ardıcıl şəkildə araşdıran tənqidçilər formalaşmadı, hər bir qələm sahibi öz gücünə, imkanlarına bel bağlamağa məcbur oldu...
-“Nöqtələr” ədəbi qrupuna başçılıq eləmisən, qrup üzvlərinin yaratdıqları ədəbi nümunələrdən ibarət ədəbi toplular üzə çıxarmısan. Bu, səndən ötrü nədi: əyalətin Sözünü respublika ədəbi mühitinə çatdırmaq, yoxsa Sözün əyalətində olmadığını sübuta yetirmək?
-Belə hesab eləyirəm ki, mənim yazdıqlarım Sözün əyaləti deyil, əyalətin sözüdü. Yəni, yetərincə ədəbi çəkisi olan Söz harda yaranmasından asılı olmayaraq, ədəbiyyat faktıdı. Ədəbiyyatın əyalətisə faciədi, lap Bakının mərkəzində də bu faciəylə üzləşmək olar. Ədəbiyyatımızın keçdiyi yol göstərir ki, bəzən əyalətdə yaşayıb-yaradan qələm sahibləri öz ədəbi zövqlərini diqtə eləmək gücündə olublar. Elə “Nöqtələr” ədəbi qrupunu yaratmaqda da məqsədimiz bu idi ki, əyalətdə yaranan Sözü oxuculara çatdıraq.
-Topladığın folklor nümunələrini müntəzəm olaraq qəzet-jurnallarda nəşr etdirirsən. Bu işin nə qədər çətin, eyni zamanda, xeyirxah iş olduğunu bilirəm. Folklor səndən ötrü milli yaddaşımızın yaratdığı xəzinədi, yoxsa ədəbi yaradıcılığın üçün xammaldı?
-Hər şeydən əvvəl, folklor nümunələrini toplayıb çap etdirməyi ziyalı borcum sayıram, çünki yaddaş hər şeyi saxlaya bilmir, xalqın yaratdıqları get-gedə unudulur, yaddan çıxır. Bu xəzinəni gələcək nəslə çatdırmaq üçün mütləq yazıya köçürmək lazımdı. Ona görə də kimdənsə eşitdiyim əfsanə,
rəvayət, lətifələri yazıya almağa, sistemləşdirib ktaba salmağa ərinmirəm.
-Əyalət yazıçısının qayğılarını sayıb-sadalamaqla başa gəlməz: sosial çətinliklər, ailə qayğıları, işıq-qaz, odun-ocaq, əkin-biçin problemləri bitib-tükənmir. Əlbəttə, bütün bunların öhdəsindən gəlmək, üstəlik də yaradıcılıqla məşğul olmaq asan iş deyil...
-Çətindi, gün-güzəran qayğıları adamın başını elə qatır ki, vaxtın nə zaman keçdiyini hiss eləmir. Amma bir həqiqət də var ki, yazmaq məndən ötrü düşüncələrimi ifadə eləməklə yanaşı, həm də çətin məqamlarda özümə təskinlik vermək yoludu. Fikirləçirəm ki, çətinliklər ötüb-keçəcək, yazılansa qalacaq. Əlbəttə, həyatın, üstəlik də həyatın ağrılarına dözmək adamdan böyük iradə tələb eləyir. Mən şeir və hekayələrimi yazanda günlərlə özümə yer tapmıram, yazıb-boalmasam, dözülməz əzab çəkirəm.
-Bəs, şeir səndən ötrü gördüyünü, duyduğunu obraza çevirmək cəhdidi, yoxsa “oxucunu baş sındırmağa məcbur eləmək” istəyi?
-Yox, qətiyyən oxucunu məcbur eləmirəm ki, nə demək istədiyimi anlamaq üçün baş sındırsın. Sadəcə həyati duyğularımı obrazlı şəkildə ifadə eləməyə çalışıram. Buna nə qədər nail olduğumu yalnız oxucular və araşdırıcılar deyə bilərlər. Həm də şeir və hekayələrimi qabaqcadan düşünülmüş plan üzrə yazmıram, hər biri öz vaxtında yazılır.
Bu deyilənləri Bilal Alarlının yaradıcılıq kredosu saymaq olar...
***
Sözümü “əyalət” ifadəsiylə başladım...
Əslində, əyalət elə bir qorxulu məkan deyil. Ən qorxulusu mənəviyyatın əyalətində yaşamaqdı...
Bilal Alarlıyla hər görüşüm mənə bildiyim həqiqəti bir daha anladır: bəd ayaqda harda yaşamağın fərqi yoxdu, gərək öz içinin işığını sönməyə qoymayasan. Bakının ortasında işıqsız yaşayanları azmı görmüşük?!.
Bilal Alarlı gəzməyi, görməyi, insanlarla ünsiyyətdə olmağı, tapıb üzə çıxarmağı həyatının başlıca məramına çevirib. Tez-tez sorağını yurdumuzun müxtəlif guşələrindən alıram. Bilirəm ki, hər səfərindən əli də, ürəyi də dolu gəlir, qəlbinə yazdıqlarını, kağıza köçürdüklərini oxuculara çatdırmaq üçün tələsir.
İşıqlı yaşamaq, işıqlı yaşamaq, yəqin ki, elə budu...
Sentyabr 2023
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.