manera.az
manera.az

Bilal Alarlı - Künc şeirləri

Bilal Alarlı - Künc şeirləri
Bilal ALARLI

***
Vətən torpağı dayaq nöqtəsidir
dünyanı bir-birinə vurmaq üçün.
Hər yerdən əlin üzüləndə,
ayağın büdrəyib yıxılanda
dizini dayayıb
ayağa durmaq üçün.


***
Əsgər ayağını
vuruşduğu yerdə qoyub qayıdıb,
o torpaqda izi qalsın deyə,
o torpaqdan ayağı üzülənlərin
qisasını alsın deyə.


***
Yollara səpilmiş istəklər göyərir,
göyərib çiçək açır yollar.
Çiçəkləri sinəsinin
qanıyla suvarır
yolları tapdayıb keçən oğullar.


***
Gördün bəxtin yatır,
sən yatma,
yuxunun ömrünü uzatma.
Bəxtin baş qoyan yerə qor ələ,
alın yazını pozub
təzədən yaz,
qismətini silkələ!


***
Hər gün bir şad xəbər,
hər gün bir bəd xəbər -
Bilmirsən ağlayasan,
bilmirsən güləsən,
düşüncələrin dağınıqdır,
fikrin dərbədər.
Qismətinə eyni gündə doğulur
sevinclə kədər.
Oğulsan, əl dalayan,
üz cırmaqlayan,
göz çıxaran
bu tikanlığın içindən
bir dəstə gül dər!


***
Aramızdakı sükut müharibəsi
səni də üzür, məni də.
Gözümüzdən salır
bir-birimizə qarşı
qələbə uğrunda apardığımız
müharibəni də.
Gəl, atəşkəs elan eləyək,
sən də güzəştə get,
mən də güzəştə gedim.
Sən özünü mənə təslim et,
mən də özümü sənə təslim edim,
müharibə bitsin!


***
Nə qədər yatmaq olar?
Yata-yata fikrim,
düşüncəm də mürgü döyür.
Yuxusu ərşə çəkilənlər
gündüz Günəşlə oynayır,
gecələr sözünü
Aya, ulduza deyir.
Fikrini qıdıqla,
düşüncəni oyat,
oyada bilsən,
görərsən ki,
yuxusunu qarışdıran
tək sən deyilsən.


***
Harda torpağa qarışdın,
sinədanın hardadı,
başdaşın harda?
De, necə yatırsan
arzuların sığmayan
soyuq məzarda?
Sənə heykəl qoyulmadı,
yasın tutulmadı,
amma adın da
bircə gün unudulmadı.
Yaddaşımızda itkin kimi yaşadın,
sənə olan ümidləri qırmadın.
düşməni dizə çökdürdün,
özünü sındırmadın.


***
Dodağını büzə-büzə
sözləri əzə-əzə danışırsan.
Nə qədər ciddi olsan da,
dinləyən elə bilir,
məzə danışırsan.
bəsdi, sən Allah,
sözlə məzələnmə,
özünü bağaca qoy,
bizlə məzələnmə.


***
Tanrı səni sevdiklərinə
və sevənlərinə
çox görməsin,
ətəyindən əllər üzülməyən
nurlu insan!
Dağ kimi vüqarlı,
Qartal kimi qürurlu insan!
Hamının özü üçün yaşadığı zamanda
hamı üçün yaşamaq çətindir.
Səni hamıya sevdirən
hamıya olan məhəbbətindir!


***
Yaralı, üstünə dağ yeridi,
Vətənin gülünü,
çiçəyini
qanınla suvardın,
boy verdi!
Ayağını qoydun,
qolunu qoydun
bu torpağın yolunda,
Vətənə bir can borclu idin,
Azadlıq istəyini qanınla suvardın,
boy verdi.


***
Şəhidlər ölmür,
yaddaşlarda yaşayır, dedik.
Bu adı nəsillər
nəsillərdən nəsillərə daşıyır, dedik.
yaddaşımızı təzələyir,
dostumuzu tanıdır bizə,
düşmənimizi tanıdır bizə.
Şəhid məzarlarına gedən yol
bizi bir millət olaraq
aparıb çıxarır
özümüzə!


***
Üzündə təbəssüm,
gözündə işıq,
bir az düşüncəli,
bir az da fikri qarışıq
Qaziyə əl verirəm.
Əl ağacına söykənib durur,
yorulanda tez-tez oturur,
yaralı ayağından
əzab çəkdiyini görürəm.
Silaha sarıldı,
oda-alova döndü ki,
düşmənin başında
şimşək kimi çaxsın.
Torpaq uğrunda
ayağını verdi ki,
Vətən ayağa qalxsın.

MÜQƏDDƏS

Səni torpağa qoyduq,
vicdanımıza and içmək üçün.
Şəhidlər ölməzdir dedin,
döyüşlərə atıldın
Vətən uğrunda
canından keçmək üçün.
Sən indi bu elin Məkkəsisən.
Mədinəsisən,
ən müqəddəs ziyarətgah
sənin məzarındır,
sənin başdaşındır,
sənin sinədanındır.
Uyuduğun torpağa can verən
üstündəki qəlpələrinin
odu soyumayan
canındır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031