manera.az
manera.az

Novruz - yeni il, yeni başlanğıcdır - Folklorşünas alim yazır

Novruz - yeni il, yeni başlanğıcdır - Folklorşünas alim yazır
Novruz baharın müjdəçisi, gecə ilə gündüzün bərabərləşdiyi gündür. Novruz ilin əsaslı zaman dəyişiminin başlanğıcıdır. Novruz barışın, sülhün simvoludur.

Novruzun tarixi yaradılışın, insanlığın tarixi qədər qədimdir və ilkin mifoloji-kosmoqonik görüşlərə bağlıdır. Novruz tarix boyu çox geniş bir coğrafiyada yayılıb, müxtəlif mədəniyyətlərdə yer alıb, müxtəlif cəmiyyətlərdə fərqli qavranılıb. Təbiətlə iç-içə, qucaq-qucağa yaşayan, torpağı ana olaraq vəsf edən türk düşüncə sistemindən baharın gəlişi yan keçə bilməzdi. Təbiətdəki dəyişiklik tarix boyunca etnosun həyatında da bir dönüş, təzələnmə nöqtəsi olaraq düşünülüb. Türk düşüncəsinə görə, təqvim başlanğıcı olan Novruz, Ergenekondan çıxış günüdür. Türklərin dirilişi, qurtuluşudur. Novruz yaradılış, törəyiş, uğur, bərəkət bayramıdır. Novruz, mərasim ənənələri ilə zəngin ildəyişmə bayramıdır. Təbiətin dirilişinin alqışlandığı, il əsaslı zaman dəyişiminin başlanğıcı və bütün bunlar üçün də Tanrıya şükrünü ifadə edən özəl bir mərasimdir.

Novruz çərşənbələri. Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: 40 gün davam edən böyük çillə, 20 gün çəkən kiçik çillə və boz ay. Demək olar ki, hər zaman kiçik çillədə daha kəskin soyuqlar müşahidə olunur. Qışın oğlan çağı da deyirlər bu dönəmə. Daha sonra isə gəlir 30 gün davam edən boz ay. Boz aya el arasında alaçalpo da deyirlər. Boz ayda 4 doğru çərşənbəmiz - üskümüz var. Su, Od, Yel və Yer. Niyə 4 çərşənbə? Doğrudan da, çox maraqlıdır. Boz ayın dörd yeddigünlük çilləyə bölünməsi isə, ümumiyyətlə, təbiətin dörd ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür su, od, hava və torpaqdır. Qədim inanca görə, son ayın hər həftəsində bu ünsürlərdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların dirilməsilə, isinməsilə də təbiətimiz oyanır, qış qurtarır, yaz başlanır. Bu dörd ünsürdən hər birinin adı da çərşənbələrə verilir. Bu çərşənbələrimiz 4 dəfəyə ana təbiətimizə nəfəs verir, onu qış yuxusundan oyadır.

Çərşənbələrin sıralanması. İlaxır çərşənbələrin adları, sıralanması müxtəlif bölgələrdə fərqli şəkildə rast gəlinə bilir. Bu, təbiidir. Hər hansı bir ənənəni təqdim etmək - adlandırılma, sıralama etnosun, millətin öz ixtiyarına verilsə, daha yaxşı olar. Xalq özünün çərşənbələrini necə adlandırırsa, eləcə də olmalıdır, hər hansı bir çərçivəyə, sxemə salmağa gərək yoxdur. Bu sıralamanın və ya adlanmanın müxtəlif folklor mühitində fərqli olmağı təbiidir. Götürək çərşənbə sözünün özünü. Çox bölgələrimizdə çərşənbə axşamlarıdırsa, bəzi yerlərdə “cəmlə”dir. Bakı və Bakı ətrafı kəndlərdə isə üskü axşamlarıdır. Ruhu şad olsun Mikayıl Müşfiqin, “Bayram axşamları” şeirində yazır:

Hələ üskü axşamları,
“Qiyamətdən nişanədir.
Oynamaqçın çocuqlara
Böylə günlər bəhanədir”.

Novruz özü folklor düşüncəsi olduğu üçün çoxvariantlılığın olmasını da qəbul etməliyik. Şifahi düşüncədə, yaddaşda yaşayan hər hansı bir mətn müxtəlif folklor mühitlərində dəyişmələrə məruz qalır.

Novruz adətlərindən: Papaqatdı. Bu adətə bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məhəmmədhüseyn Şəhriyarın şeirində deyilir:

“Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığı bağlamaq”.


Burada bayrampayı yığmaqla - paylaşmaqla magik mahiyyətli bəxtsınama adəti birləşir. Bunu, adətən, sevdiyi qızların evinə papaq, qurşaq atan oğlanlar icra edirdilər. Atılan papaq, qurşaq tanınmalı idi. Oğlanlar verilən paydan qızın anasının, özünün, yaxud bu sevgidən xəbəri olan digər kimsələrin bu sevgiyə münasibətini öyrənirdilər. Ona görə də bəxtlərinə axır çərşənbə gecəsi hansı xəbərin çıxacağını böyük həyəcanla gözləyirdilər. Cavab papağa, qurşağa qoyulan əşyalardan bəlli olurdu.
Novruz - yeni il, yeni başlanğıcdır - Folklorşünas alim yazır
Novruz ayinlərindən: Səməni ovsunu.

İlaxır çərşənbənin səməniylə bağlı ayinləri çoxdur. Onlardan biri səməni nəziri adətidir. Qəlbində bir niyyəti olan adam böyük tabaqlara buğda töküb göyərdirdi. Sonra cücərtiləri əzib şirəsini çıxardır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadırdılar. Ona qoz-fındıq ləpəsi qatır, sonra xonça sinilərinə töküb yayırdılar. Xonçaları evə aparmayıb, həyətdə saxlayır, gecə yatmayıb niyyətin qəbul olması üçün dua edirdilər. Səhər bişmişin dadına baxırdılar. Əgər bişmiş şirin çıxırdısa, demək, nəzir-niyyət qəbul olunub. Bu adət mifik mahiyyətlidir.

Səməni ovsunu adəti də magik xarakterlidir. Bu ayin uşağı olmayan qadınlardan ötrü icra olunurdu. Ayinin qaydası belədir: oğul-qız böyütmüş qadın göyərdilmiş səmənini ilaxır çərşənbə günü uşağı olmayan və bununla da çilləyə düşmüş sayılan qadının başının üstündə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş “çərşənbə suyu”nu səməninin üstündə axıdır. Yenə də oğul-uşaq böyütmüş başqa bir qadın çilləlinin üstünə axıdılan bu suyu əlinə aldığı qayçı ilə qayçılarayaq: “A səmənini göyərdən, bu gəlini də göyərt”, - deyir və yaxud:

“Arpa, buğda dənidi,
Göyərən səmənidi,
Kəsdim, gəlin, çilləni,
Övlad vermək dəmidi”


- ovsun sözlərini deyir. Burada əsas bitki (ağac) və su kultlarının izlərini görürük. Göyərdilmiş səməni yaradılışı və qadın başlanğıcını, su isə kişi başlanğıcını - dölləndirməni rəmzləndirir. Ayin-ovsunun əlamətdar cəhəti onun ilaxır çərşənbədə icra olunmasıdır. Yeni il - yeni həyatın başlanğıcı deməkdir. İnsanlar səməni ovsunu ilə yeni tale yaratmaq, köhnə, pis taleyi dəyişdirmək istəyirdilər.
Novruz - yeni il, yeni başlanğıcdır - Folklorşünas alim yazır
Tonqalqalama arxaik ritualdır. Od mübarəkdir, od günəşin yerdəki rəmzidir, od canlı varlıqdır. İlaxır çərşənbə tonqalı getməkdə olan köhnə ili yola salmaq üçün yandırılır, bayram tonqalı isə artıq daxil olmuş yeni ilin şərəfinə qalanır. İnsanlar axır çərşənbənin odu ilə çilədən, yəni köhnə ilin ağrı-acısından, qada-balasından təmizlənir. Bu zaman əcdad dünyasına yola salma və tonqalda Tenqriyə qurban vermə arxaik ritual hərəkətləri
gerçəkləşməkdə olur. Təbii ki, bu qurban vermə simvolik xarakter daşıyır. Özünü odda qurban verən, Tanq Tenqrini simvolizə edən tonqalda onunla birləşir, bütövləşir. İşığın, günəşin, odun gücünə inanan qədim insan alovun köməyi ilə yad ruhlardan, şər qüvvələrdən qorunmağın mümkünlüyünə inanırdı. Odun gücünə çağdaş insanımız da inanmaqdadır. Günü bu gün də, tonqal üzərindən atlanılır, insanlar ağırlığını-uğurluğunu tonqalın üstündə yandırır, arınmış-durulmuş yeni günə, yeni həyata başlayır. Odumuzun, ocağımızın qərib torpaqlarımıza nəfəs verməyi diləyi ilə, Novruzun gəlişi mübarək!

525.az

Aynur Aydın qızı İbrahimova
AMEA Folklor İnstitutunun əməkdaşı,
dosent, filologiya üzrə fəlsəfə doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031