Vətən müharibəsinin nəsimişünas alimi

MANERA.AZ Əməkdar jurnalist Əli Nəcəfxanlının "Elmdə alim, döyüşdə qazi" yazısını təqdim edir:
Zəfər ilində nəsimişünas-alim Vüsal Hətəmovun titullarına biri də əlavə olunub. İki ildir ki, o, Vətən müharibəsinin qalib baş leytenantıdır. Hələ 2020-ci ilin iyulunda Azərbaycan Silahlı Qüvvələri Tovuz ərazisində ermənilərin növbəti silahlı təxribatına cavab olaraq əks-hücum tədbirlərinə başlayanda Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun dissertantı olan Vüsal onunla bir şəhərdə – Sumqayıtda yaşayan Milli Qəhrəman Polad Həşimov kimi Vətənin müdafiəsinə qalxmaq qərarına gəlib və ilk könüllülərin sırasına yazılıb.
Evdə xəstə anasını nigaran qoymamaq üçün, guya, elmi ezamiyyətə gedəcəyini bildirib və intizarla “çağırış” gözləyib. Nəhayət, sentyabrın 21-də istəyinə yetib, bədii irsini araşdırdığı Nəsimi babasından halallıq alaraq, qalib kimi geri dönmək amalı ilə hərbi libas geyinib.
Vüsal 2005-2006-cı illərdə taqım komandiri, sonra isə daxili əmrlə 1 il batareya komandiri vəzifəsində çalışmışdı. Bacarıqlı bir ehtiyatda olan zabit kimi hərbi hissələrdən birinə gənc əsgərlər bölməsində artilleriya təlimatçısı təyin edildi. Əsgərlərinin yüksək döyüş əzmi komandiri daha da ruhlandırırdı. Bir neçə gündən sonra, oktyabrın 4-də böyük ruh yüksəkliyi ilə döyüşlərə atıldı. 
Cəbrayıl və Füzuli uğrunda ağır döyüşlər gedirdi. Düşmən 30 illik “keçilməz” istehkamlarda qərar tutmuşdu. Mərə kafirlər inanmırdılar ki, Azərbaycan Ordusu həmin sədləri aşa bilər. Amma yanılırdılar. Sədlər də aşıldı, zirvələr də alındı, ta Şuşaya qədər bayraqlarımız da sancıldı.
Vüsalın atası Nizami Hətəmov 1989-cu ildən başlayaraq azğın düşmənə qarşı mərdliklə vuruşub. Lakin o dövrdə Azərbaycanın nizami ordusu olmadığından Birinci Qarabağ müharibəsi uğursuzluqla başa çatmışdı. Atasının başladığı mübarizə yolunu davam etdirib zəfər sonluğuna çatdırmaq arzusu o vaxtdan Vüsalı rahat buraxmırdı. Odur ki, fürsət düşən kimi ürəklə savaşa qatıldı. Füzuli, Cəbrayıl, Xocavənd, Laçın və Şuşanın, onlarla kəndin düşməndən azad olunmasında iştirak edərək, igidliklər göstərdi.
...İlk olaraq Cəbrayıl rayonu kəndlərinin azadlığı uğrunda döyüşlərdə iştirak etdilər. Onları qarşıda daha çətin sınaq – Hadrut döyüşləri gözləyirdi. Müəyyən itkilər olsa da, qoşunlarımız ruhdan düşmür, işğalçıları məharətlə “dənləyirdilər”. Heyrət doğuran məqam o idi ki, ağır yaralı əsgərlərimiz də döyüş meydanını tərk etmək istəmir, irəli can atırdılar. Hətəmovun da tərkibində olduğu minaatan batareyası əlverişli atəş mövqeyi seçib düşmənin ətraf dağlardakı dayaq nöqtələrini məhv etməli idi. Onlar atəş mövqelərini dəyişə-dəyişə irəliləyirdilər. Düşmən Xocavənd, Qubadlı, həm də Füzuli tərəfdən Hadrut ətrafında olan piyada qoşunlarımızı ağır artilleriya atəşi altında saxlayırdı. Bizimkilər on günə yaxın orada mətanətlə döyüşdülər.
Hətəmovgil əlahiddə 120 millimetrlik minaatan batareyası olduqları və xüsusi təyinatlılara dəstək xarakterli döyüş tapşırıqları aldıqları üçün onların üzərinə daha çox məsuliyyət düşürdü. Tamamilə istirahətsiz, gecələri yatmadan döyüşürdülər. Əziyyətləri hədər getmədi, nəhayətdə düşmənin belini qıraraq yenidən Hadruta sahibləndilər.
Vüsal Hətəmovun yaxın dostu, Əməkdar jurnalist Rəhman Orxanın dedikləri:
– Heç kəs güman etməzdi ki, humanitar sahənin adamı olan Vüsal nə vaxtsa döyüşçü kimi də tanınar, düşməni pərən-pərən salıb torpaqlarımızdan qovar. İstedadlı şərqşünas hərb adamına yox, “sülh adamı”na daha çox oxşayır. Əslində isə Vətən naminə canından belə keçməyə hazır imiş. Özü Sumqayıtda olsa da, xəyalı artıq Qarabağda dolaşırdı. Getdi, vuruşdu, ad çıxartdı, alnıaçıq, üzüağ geri döndü. Dostumla fəxr edirəm.
...Vüsal üç bacının tək qardaşı və özü də üç övlad atasıdır. Hazırda həm dövlət işində çalışır, həm də elmi tədqiqatlarını davam etdirir. O deyir: 
– Nəsimi gözəlliyi, insan kamilliyini, eşqi vəsf edərkən daha ali dəyərləri nəzərdə tutmuşdur. Bir var qadına olan eşq, bir də var İlahiyə olan sevgi, Vətənə olan sonsuz bağlılıq. Mən döyüşlərə bu duyğularla atıldım. Düşündüm ki, kamil insan olmaq Vətəni sevməklə bərabər, Vətən uğrunda vuruşmaqdır. “Muradim bu idi həqdən, irişdim mən bu gün kamə” misrasını interpretasiya edərək deyim ki, cəbhəyə yollanmaqla muradıma yetdim.
Artilleriya qoşun növləri arasında ən təhlükəli sahələrdən biri hesab olunur. Birinci mərmini atdıqdan sonra düşmən sənin yerini müəyyən edə bilir. Lakin əsgərlərimiz xüsusi şücaət göstərirdi. Sanki bir-biri ilə yarışa girmişdilər. Batareyamız mərmi yağışı altında döyüş tapşırıqlarını yerinə yetirirdi.
Hadrut ətrafında erməni dayaq məntəqələrini məhv etdikdən sonra bir az da irəlilədik. Artıq Tuğ qəsəbəsinə yaxınlaşırdıq. Hərbi hissəmizin piyada qoşunları o qədər sürətlə irəliləyirdi ki, bəzən biz hazırladığımız atəş mövqeyini istifadəsiz qoyub tərk etməli olurduq. Bu, əziyyətli bir iş idi. Atəş mövqeyi seçmək, batareyanın şəxsi heyətini orada yerləşdirmək, sursatları daşımaq, daşıyıcı avtomobilləri gizlətmək, minaatanları döyüş vəziyyətinə gətirmək, 50 nəfər üçün səngər qazmaq və s. Həm də bütün bunları qısa vaxtda etmək lazım idi. Əsasən bu işləri düşmən atəşi altında görürdük, lakin qoşunlarımızın sürətlə irəliləməsi bizə ruh verirdi.
Daha ağır döyüşlər Qırımızı Bazar qəsəbəsi ətrafında oldu. Şuşaya əsas yol bu qəsəbədən keçirdi. Düşmən burada möhkəm müqavimət göstərdiyindən qoşunlarımız Şuşaya meşə yolu ilə irəliləyirdi. Ermənilər meşə yolunu daim atəş altında saxlayırdı. Hərbi hissənin toplardan ibarət artilleriya divizionu və bizim əlahiddə minaatan batareyamız xüsusi tapşırıq almışdı: düşmən tərəfi ardı-arası kəsilmədən zərbə altında saxlamaq. Biz 10 günə yaxın bu missiyanı yerinə yetirdik.
Bir nüansı nəzərinizə çatdırım ki, batareyamız artıq Topxana meşəsində təkcə XTQ-yə deyil, həm də öz hərbi hissəmizin piyada şəxsi heyətinə dəstək verirdi. Bu döyüş tapşırığı zamanı bir neçə əsgərimiz ağır yaralandı, digər taqımdan 3 şəhid oldu. Lakin belə əməliyyatlar üçün bu, əslində, minimal itki sayıla bilər. Döyüşlər zamanı həmişə yanımızda olan komandirlər – polkovnik-leytenantlar Cavid Abdullayev, Oqtay Nəcəfov və Vüqar Xəlilov, həmçinin kapitan Elvin Abdullayevin xüsusi təcrübəyə malik olmaları dadımıza yetirdi.
Müasir dövr müharibəsində qələbə təkcə silahdan keçmir, eyni zamanda, diplomatiya uğuru da olmalıdır. Ölkə başçısı cənab İlham Əliyevin diplomatik qələbəsi, bütün ermənipərəst ölkələrin ustalıqla susdurulması zəmin yaradırdı ki, müharibə birmənalı olaraq bizim qələbəmizlə bitsin. Artıq biz məğlub tərəf deyil, qalib tərəfik, diktə edən tərəfik: Qarabağ Azərbaycandır!
Qazimiz sonda onu da dedi ki, “Bir batareyanın döyüş yolu” adlı sənədli film üçün ssenari yazıb. Filmin çəkilişlərinə hazırlıq gedir. Sağlıq olsun, birlikdə baxarıq.
“Xalq qəzeti”