manera.az
manera.az

Vətən sizə Vətən dedi..

Vətən sizə Vətən dedi..
(General Polad Həşimovun əziz xatirəsinə)

Azərbaycanın ölməz şairi Məmməd Araz 90-cı illərdə yazmışdı:

“Vətən, mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim”.

Vətənə oğul olmaq, hələ dörd il əvvəl Aprel hadisələrində qəhrəmanlıq göstərib, “Polad zirvəsi” qazanmaq ona qismət olmuşdu. 2016-ci il Aprel hadisələrindən döyüşçü və əsgərlərinin, hərbi heyyətin sevgisini qazanan Azərbaycan oğlu Aprel hadisələrindən sonra dövlətimiz tərəfindən fəxri fərmanlara, adlara layiq görülmüşdür.

Heç vaxt şan-şöhrət ardınca qaçmayan, dünya malında gözü olmayan, hətta ona verilən evi şəhid ailəsinə bağışlayıb, kirayə evlərdə yaşayan Polad Həşimov şərəf və ləyaqəti ilə, ali insani keyfiyyəti ilə ürəklərdə məskən salmışdır. Əslən Qəbələ bölgəsindən olan, 1975-ci ildə Sumqayıt şəhərində dünyaya göz açan Polad, orta məktəb illərində əlaçı olmuş, sinif nümayəndəsi kimi fərqlənmişdir. Hərbiçi olaraq, ən çətin, ağır bölgələrdə qulluq eləmişdi polad ürəkli, polad biləkli, polad iradəli, polad cəsarətli generalımız. Yolu Murovdağ bölgəsindən keçmiş, gənclik illərini səngərlərdə keçirmiş, döyüşlərdən güc almış, müdrükləşmişdir, generalımız.

İlk hərbi təhsilini Azərbaycanda alsa da, 1992-ci ildə Türkiyədə hərbi Akademiyada təhsilini davam etdirmiş, qayıdıb gələndən sonra torpaqlarımız uğrunda döyüşə atılmışdır. Əslində bunları xatırlatmağa heç ehtiyac belə yoxdur. Əgər bu gün Qarabağ döyüşlərində, torpaqlarımız uğrunda gedən müharibədə bir general öndə gedib, canını əsgərlərinə, döyüşçülərinə, özü demiş uşaqlarına sipər etmişdirsə demək bu oğulu tərif etməyə heç ehtiyac yoxdur. Sadəcə, 12-14 iyul 2020-ci il Tovuz bölgəsində bir Polad ürəkli general torpaqlarımızın azadlığı yolunda şəhid oldu demək, kifayədir. Adətən, savaşlarda arxa cəbhədə oturub mübarizəni izləyən bir general obrazı vardı təfəkkürümüzdə. Əsgərin, döyüşçünün arxasında onu qoruyan, irəli əmri verən generalar vardı ağlımızda. Bu gün Polad Həşimov öz cəsarəti və sədaqəti ilə ağlımızda olan çox şeyləri dəyişdirdi. Komandir o vaxt qələbə qazana bilir ki, əsgərlərinə qardaş, dost olsun.

Bu gün düşünürəm, Vətənə oğul deyil, başdan ayağa Vətən olan general bu xalqa nələr qazandırdı? Birincisi, “Bir hərbiçinin dövləti, varı, ailəsi, hər şeyi Vətəndir!” - ifadəsini təsdiq etdi. İkincisi, əsgər valideyinlərin ona təhvil verdiyi övlada “Mənim uşaqlarım” deyə bilmək və onlara ata, qardaş, sirdaş ola bilməyi öyrətdi bəzi üzdəniraq komandirlərə. Üçüncüsü, ona dövlət tərəfindən verilən evi şəhid ailəsinə verməklə insanlarda şəhid ailəsinə hörmət və diqqət yarada bilməyi və “Şəhid, başımızın tacıdır” - ifadəsini sözdə deyil, əməldə yaşatmağı öyrətdi bizlərə. Ən əsas generalın uşaqlarım dediyi əsgər və döyüşçülərinə canını sipər etməyi öyrətti bizlərə.

Əslində bunları saymaqla bitmir. İki gündür, sosial şəbəkələrdə, yazılan xatirə və şeirlərdə sözün həqiqi mənasında böyük, bölünməz bir Vətən görürük. Generalımızın Vətən oğlu deyimindən, müraciətindən daha da bütövləşən, Vətənə çevrilən simasını görürük. Bu simanın, bu varlığın təsdiqlənməsi həm bir generalın şəhidlik zirvəsinə ucalması, həm də əsgər və döyüşçülərinin xatirəsində əsl qəhrəman olmasından irəli gəlir. Qoy general Polad Həşimovu əməlləri təqdim etdiyi kimi, əsgərlərin də xatirələrində yaşadıb, əzizlədikləri kimi tanıtsınlar. General haqqında ilk xatirə istədim ki, özümün yaşadığım və yaşatmaq istədiyim xatirə olsun. Ömrüm boyu minnətdarlıqla borclu olduğum generalımıza bir xatirə payı olsun. Mən bunu oxuduğum xatirələrdən söyləmirəm.

Şəxsən tanımaq qismət olmasa da, Polad Həşimovun əsgəri olmuş oğlum Samirin söylədiklərindən tanıdım, ona minnətdar oldum. Kaş bir təşəkkür edərdim, əllərini sıxardım. Müharibə görmüşdüm, döyüşün, əsgər olmağın nə demək olduğunu gözəl bilirdim. Ölümün gözünə dik baxan əsgərlərimizi savaşa yola salıb, geriyə dönmədiklərinin şahidi olmuşdum. Müharibənin nə demək olduğunu dəqiq bildiyim üçün də nigaran idim.

Oğlum isə general Poladın əsgəri olduğu üçün qürurlanırdı. Hər telefonla danışanda “Ana, narahat olma, məni və əsgərlərimizi burda ata kimi qoruyan komandirimiz var” - deyirdi. Onun haqqında soruşub maraqlanırdım. “Bəlkə oğlum mən rahat olum deyə komandirindən bu qədər razılıq edir?!” - deyə düşünürdüm. Hər yandan general haqqında gözəl fikirlər gəlirdi. Oğlum on günlük məzunuyyətə gəlmişdi. Bu on gün ərzində elə gün olmadı kimi komandirindən söz salıb, onun əsgərlərə olan gözəl münasibətindən bəhs etməsin. Oğlumun xatirələrindən biri də Polad Həşimovun səmimi, gözəl, humanist olması ilə yanaşı onun müdrük, ağıllı və uzaqgörən olması ilə yaddaşıma həkk oldu. Onunla qürur duyub, rahatladım.

Oğlumun dediklərindən: “Komandirim Polad Həşimovun əsgərlərlə özünəməxsus davranışını görür və bu barədə özündən soruşmaq istəsəm də, ehtiyat edirdim. Bir sual mənə rahatlıq vermirdi. Komandir nə vaxt otağından çıxıb ərazini gəzirdisə, başını qaldırıb bir əsgərin üzünə baxmazdı. Başı aşağı, düşüncəli gəzərdi. Bir müddət keçdi, artıq isti münasibətimiz yarandı. Bir gün mən də ürəklənib niyə başı aşağı gəzdiyini soruşdum.

“İstəmirəm ətrafda hansısa əsgərin bir yanlışlığını görüb, onu danlamaq məcburiyyətində qalım. Ona görə başı aşağı gəzirəm ki, qoy əsgər məni görüb öz səhvini özü düzəltsin” - dedi. Mənim təəccüblə baxdığımı görüb və heç vaxt unuda bilməyəcəyim zarafatyana baxışlarla baxıb, “Get, Bayramlı, get dincəl, sən deyəsən çox yorulmusan”- dedi.

Məzuniyyətə gələndə əsgərlərin yol pulunu verən, onlara öz pulundan yaxalıq alan, qərargahda təmir işlərini öz əməkhaqqı ilə təmir etdirən komandir haqqında xatirələr bu iki-üç gündə yüzlərcədi. Bir əsgərin xatirəsi isə bizləri göz yaşına boğdu.

Nicat Haşımzadənin komandiri haqqında xatirəsindən bəzi məqamı diqqətə çatdırıram.

“Bir əsgər yoldaşımız ata olmuşdu. Bu hadisə Polad Həşimova tabor komandiri tərəfindən məruzə edilmişdi. Komandir həmin əsgəri çağırıb deyir: “Qüsursuz xidmətinə görə növbədən kənar 10 günlük məzuniyyət verilir sənə”. Əsgər, pulun varmı?

- Bəli, cənab polkovnik.
- Düzünü de, əsgər yoldaşların kömək edib hə?
- Bəli, cənab polkovnik.
O pulu qaytar əsgər yoldaşlarına. Aşağıda səni gözləyən maşın var.
Taksi əsgəri düz evinə aparır. Sürücü əsgərə konvert verir. Komandir tapşırdı ki, ancaq evdə açsın.
Evdə zərf açılır, kağızda yazılıb: “Təbrik edirəm, əsgər, ata olmusan”.
Və içində 170 manat pul…


Belə xatirələrin əsgərlərimiz tərəfindən yayılması və yazıya alınması müharibə gedən bir ölkə üçün böyük əhəmiyyət daşıyır.

Bu gün şəhid generalın xalqımıza, millətimizə qoyub getdiyi bu xatirələrdə bir böyük şəxsiyyətin dəyərli mirası var. Generalımızın anasının oğlu haqqında səmimi söhbətləri qəhrəman anaları haqqında məndə tam dolğun bir fikir yaratdı. “Qəhrəmanlarımızı dünyaya gətirən analar bir mələkdir. Hünərləri, qeyrətləri sözə, şeirə, nəğməyə, dastana sığmayan, şəxsiyyətlərdirlər. General oğlunun məzarı başında vüqarla, təmkinlə dayanan, yumruğunu əllərində sıxıb, Vətənə dönən şəhidi qarşısında ona layiq davranan – ANA qüdrətinə, cəsarətinə, hünərinə alqış! Vətənimizin Həcər qeyrətli qadını fəxrimiz - ANA.

Bir neçə gündür düşünürəm, Niyə insanlar Milli qəhrəmanımızın adının rəsmiləşməsini səsləndirmirlər. Elə bu yazını yazdığım zaman general Polad Həşimov haqqında oxuduğum xatirələrdə sualıma cavab tapdım. Əməlləri ilə xalqın ürəyində yuva salan, millətinin övladlarının sağ qalması üçün sinəsini sipər edən, Vətəninə dayaq olan, Vətənə çevrilib Vətən olan generalın varsa, Vətən elə Vətəndir…

Abbas Səhhət demişkən, “Könlümün sevgili məhbubu mənim, Vətənimdir, Vətənimdir, Vətənim.” Bir şəhidə məkanın cənnət olsun deməzlər - Şəhidin məkanı deməsən də, cənnətdir, amma ruhunun şad olmasını daha çox istəyirik. Vətənimizin ruhu o zaman şad olacaq ki, torpaqlarımız azad olacaq…

Arzularımız çin olsun generalım!

Vətən adın mübarək Polad ürəkli, polad biləkli, polad cəsarətli Şəhidim!

Prof.Dr Mərziyyə NəcəfovaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI