Buludlar sevdasından havalanır - Yeni şeirlər
MANERA.AZ Cavid Fərzəlinin yeni şeirlərini təqdim edir:
Kamança
Qumru dərədə
Bir ana küləyin dilində,
Qarğı qamışlar nəğmə deyəndə,
tikanlı məftillərin üstünə sərdim səsimi.
Səni bülbül səsindən soruşdum, kamança!
Oxuyanda tənha divarlarımı,
Oxuyanda tanrı barmaqlarımı.
Qulağımın dibində
sular oxuyanda
dilini öyrəndim çayların...
Məhbus çiçəklərdə
yağışlar ölümünü sənintək oxuyur,
buludlar sevdasından havalanır.
Yenə ayrılıq düşdü üzümə
Boyunuma dolanan kor çöllərdə,
Ağaclar ölüm gətirdi əllərimə.
Üsyanım nəğməyə döndü.
Küçələrin göz yaşında,
Qapımızın üzünü sevmə daha.
Ovuclarımın azad günündə,
Barmaqlarımın başına dönmə daha, kamança!
Pəncərə
Pəncərəmdə boynu bükük
Bir quşcığaz
mərhəmətsiz buludlara əl açır.
Demə, ayrılıqlar ana qucağından başlayırmış.!
qovuşmaq əllərimizin körpəliyimiş.
Susqun divarlar
göy üzünü əlindən alır,
Gözləri savaşla dolur pəncərəm.
Uğrunda,
Dilsiz küçələrin sevincini öldürmək bəxşiş, yaşatmaq bağışlaya bilməməkdir.
Hər ev əllərimizin qocalığıdır ayrılıq,
Neyləyim payız gəlir üzünə,
Yağışın qolunda solur pəncərəm.
Hər səhər üzü gecə qalmasın deyə, yaşasam da daşürəkli qaranlıqları.
Mən sənin qanadlarını böyüdə bilmədim.
Məni bağışla.
Qırmızı səltənətlər qanadlarını çörəklə zəncirlədi sənin.
Mənsə tanrısız küçələrdə,
Unutdum ayaqlarımı...
* * *
Mən sənsiz kor bir günəşəm;
Məhbus buludlarda,
Ayağı kirli yağışlarda.
Gecənin dibində
Bir axşam çiçəyində
Əllərinə soyuğam ayrılığın.
Qaragözlü çöllərdə
Ay işığı ayağını sürüyür,
Barmaqlarım siqaretimi boğub öldürür.
Gözləməkdən dizləri qatlanıb oturacaqların...
Qız ulduzlarda,
Yarıyuxulu gecələrdə.
Ovucları saralmış dənizdən öyrəndim ki
Məğlub kişi ayrılıqdan yetim qalan əllərini öldürər.
Mənsə hələ də səni danışıram:
kor şəkillərə,
təkgözlü şam ışığına.