Əllərimin çatından dünya axıb getməyib - Şeirlər

Cavid Fərzəlinin şeirləri...
Ay Allah, məni ölümə səhər vermə...
Qoy, bir az günəşin olum,
bir az buludun olum.
Məni dünyanın sonuncu gecəsiylə düşür
ulduz axanda, ay baxanda.
...Saatımızın əqrəbləriyəm,
evimizin söykənən divarıyam.
Çıxıb getsəm; bu evdə hamı xoşbəxliyinə gecikər,
mən tərəfdən üşüyər.
Axı əllərimin çatından dünya axıb getməyib,
axı barmaqlarımın arasında bir işıq göz açmayıb.
...Nə var qorxuyla bir ölməyə,
arxanda ölümlə üz-üzə duranla ölmək çətindi.
...Nə dumana göstər, nə yağışa!
Məni bir gecənin arxasında öldür.
Ay Allah, Məni ölümə səhər vermə!
* * *
Ayaz altında dilənən, qadın əllər,
dilənmək ömür payın deyil sənin...
Qoy, günəşə əl açan kölgələr
ayaqlarına düşsün.
...Bu halından
küçələr qəpiyinə sığmaz,
bu yaşıl adamlar isinməz sənə.
Çölləri uçuq diyarda
bütün yuvaların gözü kordu üstümə.
Ciblərim acından ölür belə...
Bu dərdə söykənən saat
hər anımı yeyir belə.
Bilməmişəm...
bu şəhərdə faişə sevgilər bakirəymiş, qadın taleyində cəmi bir dəfə uduzurmuş.
Çünki kişilik dilənçidir,
çünki kasıblıq əl toxunmayan faişə sevgisidir.
...Sənə bir az da yaxın durdum.
Allahı dilənən ovuclarının üstünə küçələrin qarğışı yağmasın deyə,
yoxsul küçələrdən didərgin
düşməsin ayaqlarımız.
Bağışla, göz qoya bilmədim o miskin gününə sənin.
Yüz yol kəsiyindən döndü yurdun, yuvan.
Əllərin sağırlığından günaha batdı.
...indi ürəyini qəpik-quruşa xərcələyən xoşbəxtlik gülləyir ovuclarını,
gözü quru yağışlar öpür əllərini.
Kaş qulaqlarımız duyduğunu ürəyimiz eşidə,
sənə dilənməyi öyrədən dillərdə susam. Ovucları yerlə bir olan,
ömürünə, gününə gələm.
Heyif vətənə oxşayan tərəfindən...
İndi sənə yanmaq atılmış ömür yaşamaqdır, qadın əllər..!
Daha bel bağlama oğlun yazına,
qızın qışına.
Ağaclar hər fəsil itirdikləri yarpaq üçün yaşayar ömrünü...
* * *
Yarpaq-yarpaq ayrı düşdüm səndən,
Fırtınadan sonra ilk doğan yaz günündə.
Görəsən, hələ də sən tərəfim durğun bir torandı.
Getdiyin günəm, dəyişdiyin rəngəm,
Ayaqüstə duran buludlarda.
Qollarıma qədər yaxın durdum həsrətinə...
Sənə doğru yıxmaq istəyirəm; məhbus divarları, tutqun çölləri...
Qoy, pəncərəmin ağzında barmaqları üşüməsin qışın,
Ovucları soyumasın ayrılığın...
Bağışla, qoruya bilmədim əllərimi.
Hər fəsilin içində, ağacların altı eyni soyuğa büründü, eyni kağızlar yazdı ağacların ölümünü...
İndi təkcə payızın üstündə ürəyim əsir..
Çünki yağışların arxasında ayaqlarım payızdı.
Çünki bütün sevgilər aynaların önündə sınıqdı...
Daha ürəyim şüşə tutmuş bir əsarət içində,
kimsəsiz gecələrin qapısın tanıdı,
Ölü yolu gözləyən məktublara döndü...
...Və daha sonra əqrəblərin ayaq səsində, hər an sənsiz günlərin üstünə döndüm...
Bəlkə nə vaxtsa gözlərinin səhəri oldum...
MANERA.AZ