Tanrının göz yaşları - HEKAYƏ | MANERA.AZ
KAMAL AKEN
HEKAYƏ
O qədər gözəl idi ki, hətta tanrı da onun gözəlliyinə heyran qalmışdı, səhərlər Günəş cildində görünüb göylərdən onu seyr edir, gecələr isə Ayın simasına bürünüb gözəlliyinə işıq qatırdı. Bəzən külək olub saçlarını darasa da, adətən, yağış damcıları şəklində yanağında rəqs edirdi sevdiyinin.
Buludların nizamsız yerləşimindən bu gün yenə də tanrının kefsiz, üzgün nəzərlərlə uca bir zirvədən uzaqlara baxıb düşündüyünü oxumaq olurdu. İnsanları, onların yaratdığı fəsadları, harada doğru-yanlış etdiyini, insanların bir-birilərinə olan nifrətini ağlına gətirdikcə dünyanı yaratmaqla yanlış etdiyini düşünürdü. İnsanlar elə qəddar varlıqlardır ki, hətta tanrı da bezmişdi övladlarından, bəlkə də, gizlin-gizlin ağlayıb utanırdı yaratdığı əsərə görə. Ancaq tanrını insanlara bağlayan, hətta onları daha da sevdirən biri vardı. Dünyanı bir tək onun xətrinə saxladığı, tanrını şeytanla mübarizəsinə davam etməyə vadar edən, hər səhər şəhərin mərkəzindəki göy şüşəli, hündür göydələndən çıxıb piyada işə gedən o sarışın qız.
Xəfif külək hər dəfə onun saçlarını dağıdanda mavi gözləri, sanki, Günəşlə bəhsə girib, daha da parlayır, meydan oxuyurdu ona. Tanrını ram etməyə nail olmuşdu gözəlliyinin gücü ilə və şeir kimi süzülən baxışları ilə. Tanrı ilk dəfə yaratdığına təvazökarlıqla baxa bilmirdi və eqo parlayan təbəssümlə – “Mən səni gözəl yaratdım!” – dedi.
Tanrı hər dəfəsində insan görünüşündə ona yaxınlaşmaq istəsə də qız razı olmur, daha da uzaqlaşırdı ondan. Bu isə tanrını bezdirmir, daha da bağlayırdı ona. İnsanlar çətinliklə əldə etdiklərinə daha çox bağlanırdı, elə tanrı da belə idi. Görünür, rəsmlər də rəssamlara bənzəyir, adətən.
Bu gün tanrı bütün cəsarətini toplayıb yenə yaxınlaşacaqdı ona. Əvvəlcə qarşısına keçəcək, sonra isə ona olan sevgisindən danışacaq, bir az təsirli poetizm də qatacaqdı ifadəsinə. Axı o tanrıdır! Ən yaxşı şair, ən yaxşı rəssamdır, hər kəsin istedadından istifadə edə bilər, özününküləşdirə bilərdi.
Ancaq... Hər şey düşündüyü kimi olmadı. Tanrı qıza yaxınlaşdı, amma qızın gözlərindəki yaş onu dayanmağa vadar etdi. Hava yağışlı deyildi, həm də axı tanrı özü yerdədir, necə yağış yağsın ki?! Eləysə, yağış yox, göz yaşları idi yanağındakı damcılar.
— Bağışlayın, göz yaşınızın səbəbini öyrənə bilərəm? Bəlkə, yardım edə bildim... – deyib, qızın qarşısına keçdi.
Qız isə kipriklərini qaldırıb mavi gözlərini qarşısındakı “insan”a zillədi:
— Yenə siz?! – deyib, əsəbi halda addımlarını sürətlədirdi.
Tanrı onu saxlayıb:
— Mən sizə kömək edərəm. – dedi.
Qız kinayə ilə gülümsəyib yenə uzaqlaşdı ondan. Tanrı inadından əl çəkməyərək yenə qıza yaxınlaşıb qolundan tutdu:
— Bəlkə, bölüşəsiniz mənimlə... – deyən tanrı yalvarıcı nəzərlərə qızın dəniz gözlərinə baxdı.
Qız isə tutqun baxışlarla
— Onu mənə gətir. – deyib getdi.
Tanrı sürətlə addımlayıb:
— Kimi gətirim? – deyə soruşdu.
Qız dayandı və arxaya çevrilərək:
— Bilirsiniz, bəzən tanrının varlığına inanmaq istəyirəm, amma ətrafıma baxıram hamı xoşbəxtdir, hətta pislər də... Düşünəndə ki, əgər tanrı varsa, deməli, ədalət də var – amma mən həyatımda heç bir ədalət görmədim. – deyib göz yaşlarını sildi.
Tanrı gözlərini yerə dikib soruşdu:
— Ateistsiniz?
— Hə, ateistəm.
Araya bir neçə dəqiqəlik sükut çökdükdən sonra tanrı səssizliyi pozdu:
— Bəs kimi gətirməyimi istəyirdiniz? – dedi.
Qız isə narazı şəkildə:
— Ehh, boş verin... – deyib getmək istəyəndə tanrı qətiyyətlə:
— Siz deyin, söz verirəm, gətirəcəm. – dedi.
Qız bir az susduqdan sonra:
— Mümkünsüzdür. O, artıq həyatda yoxdur. İki ildən çox idi ki, sevirdim... Altı ay olar, yol qəzasında itirdim onu. Bayaq isə şəkillərini görüb təsirləndim. – dedi və getdi.
Tanrı acı bir təbəssümlə uzaqlaşdı oradan. Yenə həmişəki kimi yüksək bir zirvədə dayanıb öz-özünə üsyan edir, göz yaşlarını sildikdə isə daha da şiddətlə yağış yağmasını əmr edirdi. Sanki, fikirlərində dünyanı dağıtmaq düşüncəsi həbs olunmuşdu. Əslində, istəsəydi, həmin oğlanın cildinə girə bilərdi, ya özünü qıza sevdirə bilərdi, hər şey onun əlində idi axı – özünü kiməsə sevdirmək dünyanı idarə etməkdən asandır. Bəlkə də, bezmişdi artıq kürsüsündən, yaratdığı insanları elə sevmişdi ki, onlardan biri olmaq istəyirdi. Yağışı dayandırıb Günəşin Yeri aydınlatması əmrini verdi, amma nədənsə Günəş gecikirdi – tanrı göz yaşlarını saxlaya bilmirdi. Düşüncələri ilə hisləri arasında qalmışdı. Qızdan əl çəkib ədalətli bir tanrı obrazını oynamağa davam etsin, yoxsa məramına xəyanət edib qıza sevdirsin özünü. İnsanları hər zaman çətin seçimlərlə sınağa çəkməyi sevən tanrı bu dəfə özü öz tələsinə düşüb dilemma arasında qalmışdı.
Hündür boylu, uzun saçlı bir oğlan həmin qızın qarşısına çıxdı. Tez-tez sol tərəfə əyildiyindən sağ ayağı üstdə dayana bilmədiyini aydın sezmək olurdu. Qolundakı sarğıdan damlayan qan damcıları tikişin açıldığını göstərirdi. Qız, əvvəlcə, bir addım geri çəkildi. Qorxusundan nə edəcəyini bilmirdi, amma sevincindən qaçaraq oğlana sarıldı:
— Axı necə oldu? Gözümün qabağında dəfn etdilər, aylarla adını sayıqladım. Necə oldu?! –deyib bərk-bərk qucağladı sevdiyini.
Oğlan isə:
— Qəzada ölən mən deyildim. Mən aylarla komada qaldım, ölən dostum idi. Yanğından sonra cəsədi tanımamışdılar deyə mənim adımı yazıblar. Məni də ölən oğlan biliblər, çünki həmin gün mənim maşınımda sükan arxasında əyləşən dostum idi. Əməliyyatla əvvəlki görünüşüm bərpa olundu... – deyib qızın saçlarından öpdü.
Tanrı səmadan onlara baxırdı. Günəş görünüşündə təbbəsümü ilə işıqlandırırdı onları, ağır saçan şəfəqləri isə Günəşin üzündəki acının göstərcisi idi. Öldürdüyü insanı həyata qaytarsa belə, tanrı xoşbəxt sayırdı özünü, sevdiyi xoşbəxt idi – onun varlığına inanmasa belə. Tanrı taxtından qalxıb əbədiyyən vidalaşdı kürsüsü ilə. O, yaratdığına aşiq olduğu an məğlub olmuşdu, insanlara göndərdiyi acımasız hisslərin idarəsi altına düşmüşdü.
Şiddətli yağış sevənləri əl-ələ tutub qaçmağa vadar edirdi. Soyuqdan elə üşülürdülər ki, binanın tinində dayanıb bir-birini qucaqlamışdılar. Yağış daha da şiddətləndi, hər yağan bir damla yağış tanrının gözlərindən enirdi Yerə və insanları özündən çox sevdiyini isbat edirdi onun varlığına inanmayan o sarışın, mavi gözlü sevdiyinə.