manera.az
manera.az

Maarif Soltan: “Anar müəllim AYB-yə gələn kimi...” – Müsahibə MANERA.AZ

📅 26.11.2015 13:04

Maarif Soltan: “Anar müəllim AYB-yə gələn kimi...” – Müsahibə MANERA.AZ
MANERA.AZ-ın budəfəki müsahibi tanınmış şair Maarif Soltandır.

-Maarif müəllim, bildiyimə görə, soyadınız Qəniyevdir. “Soltan” təxəllüsünün yaranma tarixçəsi ilə bağlı məlumat verin, zəhmət olmasa.

-Bəli, düz bilirsiniz, soy adım Qəniyevdir. İlk illər şeirlərim adda-budda “Maarif Qəniyev” imzasıyla çap olunardı, təxəllüs götürmək isə ağlıma da gəlmirdi. Elə bilirdim adımı, soy adımı valideynlərim verdiyi kimi, VVAQ şöbəsində qeydiyyatdan keçib rəsmən təsdiqləndiyi kimi təxəllüsümü də kimsə, hansısa rəsmi bir orqan verməlidir.

Səhv eləmirəmsə, 1977-ci ildə gənc ədibləri üzə çıxartmaq, onlara dəstək olmaq məqsədi ilə SSRİ mərkəzi komitəsi bir qərar verdi , bu qərara əsasən respublikamızdada da böyük bir ədəbi müsabiqə keçirildi və elə həmin ilin payızında müsabiqədən keçmiş 30 nəfər gənci yazıçıların Şüvəlandakı yaradıcılıq evinə bir aylıq seminar-müşavirəyə yığdılar. Elə o müşavirənin ilk günlərində Çingiz Əlioğlunun məsləhəti ilə atamın adını özümə təxəllüs götürdüm və elə həmin günlərdə, həmin müşavirədə tanış olduğum görkəmli tərcüməçü Vladimir Qafarovun tərcüməsində və xeyir-duasıyla ilk dəfə olaraq Maarif Soltan imzasıyla şeirlərim “Molodyoj Azerbaydjana” qəzetində çap olundu. Bu mənim, necə deyərlər, ədəbi pasportum oldu - ədəbi imzamı Çingiz Əlioğlu verdi, rəsmi orqan kimi “Molodyoj Azerbaydjana” təsdiqlədi.

-Və atanızın adını təxəllüs götürdüz...

-Bəli. Bununla həm məsuliyyət hissim artdı, həm də fikirləşdim ki, bununla atamın adını yaşadacağam. Övlad, ümumiyyətlə, çalışmalıdır valideynlərinə başucalığı gətirsin, bununla onların həm ömrünü uzadır, həm həyatlarını mənalı edir.

- Adətən, ədəbiyyatçıların bioqrafiyasında ədəbiyyata başladığı dövrlə yanaşı həm də “ciddi ədəbiyyat”a başladığı vaxtı da qeyd edirlər. Yazarın ciddi ədəbiyyata başladığı dövr necə fərqlənir əvvəlkidən?

-Dediyiniz “ciddi ədəbiyyata” başlanan vaxt o zaman olur ki, müəllif ədəbiyyatın ciddiliyini, bu işə ciddi yanaşmağın məsuliyyətini, ədəbi rəqabət hissinin varlığını dərk edirsən.Dərk edirsən ki, ədəbi aləmdə görünmək istəyirsənsə, lağ obyekti olmaq istəmirsənsə,nəsə ciddi bir bədii məhsul ortaya qoymalısan.Bu məhsul böyük bir kitabdan da ibarət ola bilər,bir şeirdən də, hətta, bir misradan da.Və yaxud bu məsuliyyəti dərk edib qələmi birdəfəlik yerə də qoya bilərsən, bildiyimiz kimi, belələri də az olmur. Yalnız qrafomanlar – yazı yazmaq xəstəliyinə tutulanlar bunu dərk edə bilmir və ömrünün sonunacan bir ucdan döşəyir gedir...

- Sizin “Bu Yol” şerinizdə -
... Bu yol görən hara gedir, ilahi…
Enişəmi, yoxuşamı, düzəmi?
Bizəmi – Təbrizəmi?...

misralarında “bizəmi-Təbrizəmi” ifadəsi diqqətimi çəkdi. Bildiyimə görə İsmayıldansınız, bəs niyə Təbrizi eviniz kimi göstərirsiniz? Yoxsa siz də “o tay-bu tay” həsrəti ilə yaşayan şairlərdənsiz?


- Tarixlər boyu daha çox öz ucbatımızdan başı bəlalar çəkmiş,bu ikiyə bölünmüş zavallı Azərvaycanımız bizim ana Vətənimizdir, Təbriz isə ən milli şəhərimiz. Hansı kənddə doğulmağımızdan asılı olmayaraq, biz həmişə Təbrizə getməyə, Dərbəndə getməyə - xəyallarımızda da olsa, yuxularımızda da olsa – can atmalıyıq.

- “Öz ucbatımızdan bəlalar çəkmiş” deyəndə nəyi nəzərdə tutursunuz?

- Bir xalq kimi vətənimizə laqeydliyimizi, mənəm-mənəmlyimizi,bir-birimizə etinasızlığımızı… hansı birisini deyim?

- Ədəbiyyat, poeziya, ümumiyyətlə, sizinçün nədir?

- Orta məktəb dərsliklərində öyrəndiyimiz kimi: “Ədəbiyyat - həyatı bədii obrazlarla əks etdirən bədii söz sənətidir…” Bu qayda, mənbilən, doğru ifadə olunub. Ancaq bu “həyat” dediyimiz məfhumun içində nələr yoxdur? İnsan münasibətləri, insan qəlbinin, insan duyğularının təlatümü, təbiətlə insanın vəhdəti, təbiət hadisələrinin, təbiət gözəlliklərinin harmoniyası, kainatın nizamı, bu nizamı yaradan hansısa ilahi qüvvə…görün nə boyda ədəbi materiallar gizlənib bu həyat dediyimiz mövzunun içində… tarix boyu yazmaqla tükənən deyil.

- Deyirlər, şair və ya yazıçı olmaq ən böyük bədbəxtliklərdən biridir, çünki insanlar sadəcə öz qayğılarını çəkir, öz problemlərindən qurtulmağa çalışır, amma, şair və yazıçılar isə bütün dünyanın yükünü çəkir. Razısız bu fikirlə?

- Buna bədbəxtçilik kimi də baxmaq olar, xoşbəxtçilik kimi də.Baxır, kim hansı bucaqdan, hansı aspektdən baxır. Bayaq dediyim kimi insan gərək ətrafında baş verənlərə laqeyd yanaşmasın, biganə qalmasın, başqasının dərdini öz dərdi bilsin, özgənin ağrısını içindən keçirsin, vətənə öz evi,öz yurdu kimi baxsın.İnsanın xoşbəxtliyi,əslində, elə bunda deyilmi?

- Çağdaş şairlərimizdən kimlərlə yaxın dostluq münasibətləriniz var?

- Nə həlləm-qəlləm işlərlə aram var, nə həlləm-qəlləm adamlarla. Özün kimsənsə, yoluna da o cür adamlar çıxacaq. İlk gördüyüm,tanış olduğum, öyrəndiyim, bu günəcən hələ də öyrəndiyim və dostluq etdiyim şair Musa Yaqubdur.Bayaq dediyim kimi Qafarov kimi ustad bir tərcüməçi-şair əlimdən tutub, dayaq olub. Fikrət Qoca “Azərbaycan” jurnalıda işləyəndə şeir aparmışdım, çıxanda sağ əlini çiynimə qoyub yola saldı. O vaxtdan o əl çiynimdədir. Elçin müəllimin israrlı təkidi və tələbiylə gənc yaşlarımda indi yaşadığım mənzili mənə veriblər. Anar müəllim AYB-yə gələn kimi məni işə götürüb, həmişə də diqqətində olmuşam. Qabilin sevimli gənc dostu olmuşam, evimin sevimli qonağı olub həmişə… Hansı birisini deyim?..

Hərdən fikirləşəndə ki, kimlərlə oturub-durmuşam, kimlərlə görüşlərə getmişəm, kimlərlə yoldaşlıq-dostluq etmişəm özümə də maraqlı gəlir - gör haçandan qalmayam - Süleyman Rüstəm, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev…

Yaxın şair dostlarım da elə o gözəl Şüvəlan günlərindən qalmadı: Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Tofiq Nurəli, Adil Cəmil…təbii ki, sonradan əlavə olanlar da var.Ümumiyyətlə, mən keçmişə bağlı adamam, demək yaxşı çıxmır, sədaqətli, etibarlı adamam. Həyatımda olan insanları, yaxşılıqları unutmuram, bəlkə də unuda bilmirəm.

Bizim ədəbi nəsildən qabaqkılarla da çox yaxşı münasibətlərim olub, xətrimi çox istəyiblər .Dünyasını dəyişənlərdən Tofiq Bayram, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli…Seyran Səxavətlə yaxın dostluğumuz , Ramiz Rövşənlə şox isti münasibətlərimiz var…Ümumiyyətlə, münasibətlər xəyanəti sevmir, insan gərək nə özünə, nə də ünsiyyətdə olduqlarına xəyanət etməsin.

-Çətin həyat yaşamısınız məncə, orta məktəbi bitirər-bitirməz fəhləliklə məşğul olmusunuz, hərbi xidmətdən sonra peşə məktəbində oxuyub, qazmaçı işləmisiniz.
Necə düşünürsüz, zəngin həyatda böyüsəydiz, şair ola bilərdiz?
Deyirlər axı şair olmaq üçün həyatın dibini görməlisən...

-Xeyr, razı deyiləm. Şair olmaq üçün həyatın dibində olmaq – vacib deyil, onu aralıdan da görmək, müşahidə etmək olar və ordakıların ağrısını özündən keçirib yazmaq olar. Həyat təcrübəsi başqa şeydir, çox görmək, çox oxumaq, çox bilmək lazımdır.

Çətinliklərim çox olub, amma çətin, ağır həyat yaşamamışam. İnsan gərək zəhmət çəksin, amma əziyyət çəkməsin. Ümumiyyətlə, həyatı cəhənnəmə döndərmək olmaz, həyatı həyat kimi yaşamaq lazımdır, həyatda insan kimi yaşamağa çalışmaq lazımdır, həyatı sevmək, ondan zövq almaq lazımdır.
Məncə, şairlik zənginliyə, kasıblığa baxmır, bu bir daxili təlabatdır, mənəvi ehtiyacdır, özünüifadə, özünütəsdiq vasitəsidir.Şeir yazmaq - daxili təlatümdən, daxili həyəcanın, hisslərin, emosiyaların tüğyanından asılıdır.

Zəngin ailələrdə böyümüş insanlar tanıyıram ki, içi gözəl hisslərlə doludur, mənəviyyatı da zəngindir, kasıb tanıyıram ki, boşluqdan, havasızlıqdan içi üfunət qoxuyur. Təbii ki, tərsinə də olur.

-Çox mütaliə edirsiz?

-Təbii, əlbəttə. Bunsuz olmaz ki. Mən kitab içində böyümüşəm, atam kənd məktəbinin direktoru idi,evimizdə həmişə kitab olub,məktəb üçün gələn qəzet-jurnallar, kitablar əvvəlcə evimizə gəlib.Bundan əlavə, kifayət qədər zəngin kənd kitbxanası vardı.Kənddə bir neçə uşaq vardı ki, siyasi kitablar istisna olmaqla, o kitabların hamısını bircə-bircə oxuyardıq. İndi heç ozümün də inanmağım gəlmir, aşağı siniflərdə oxuyanda “Qılınc və qələm”, “Qorxulu Tehran”, “Fosforlu Cevriyə”, Drayzerin, Cek Londonun,Rabindranat Taqorun… əsərlərini oxuyrdum. Hələ məktəbə getməyəndə, oxumağı bacarmayanda iki cildlik “Azərbaycan Nağıllar” kitabındakı nağılları babam dəfələrlə danışardı, bir çox bayatıları əzbər bilirdim.
Sizə bəlkə də qəribə gələ bilər, mən əvvəldən nəsr əsərlərini daha çox oxuyuram, nəinki poeziyanı.Tənbəlliyim olmasaydı, yəqin ki, nəsrlə məşğul olardım.

-Azərbaycan ədəbiyyatından daha çox kimləri oxumusuz?

- Kimləri oxumamışam! Bəxtim onda gətirib ki, tez seçim edə bilmişəm və oxunası mümkün olanları başlamışam oxumağa. İsa Hüseynovun povestləri, “Yanar ürəy”I, sevimli əsərlərim olub. Yeni ədəbiyyata meyl etmişəm. Yuxarı siniflərdə Anarın, Əkrəm Əylislinin, Elçinin hekayə və povestləri, Bəxtiyar Vahabzadənin, Əli Kərimin,Məmməd Arazın, Fikrət Qocanın, Musa Yaqubun, Seyran Səxavətin, Ramiz Rövşənin, nisbətən sonralar Ələkbər Salahzadənin şeirləri ədəbi düşüncəmdə inqlab etdi.

-Bəs dünya ədəbiyyatından?

-Moskvada təhsil illərində və sonralar mən daha çox rus ədəbiyyatını – istər klassika, istər çağdaş - ədəbiyyatı oxumuşam və rus ədəbiyyatını sevirəm.Təbii ki, dünya ədəbiyyatından da ən dəyərli, üzdə olan, dəbdə olanlarını oxumuşam, son vaxtlarda isə, nə gizlədim, mütailəyə o qədər də vaxt ayırmıram.

-Bəzi uğur qazanmış şair və yazıçılarımız “gənc yazarlardan kimləri oxuyursunuz” sualına “gənclər guya yaza bilir” cavabını verirlər. Sizcə, yazmaq üçün xüsusi yaş məhdudiyyəti varmı? Yəni həqiqətənmi gənclər yaza bilmir?

-Mən qətiyyən bu fikirdə deyiləm.Qəribədir ki, son illərdə ədəbiyyata maraq azalsa da, ədəbiyyat, necə deyərlər,arxa plana keçsə də, ədəbiyyata gənclərin kütləvi axını var və onların arasında olduqca istedadlı gənclər var. İlk vaxtlar bu tendensiya publisistikada daha çox görünürdüsə, indi istər nəsrdə, istər şeirdə kifayət qədər maraqlı gənclər var.Mən bir şeyi sizə açıq deyim, nəsri deyə bilmərəm, şeiri gərək elə gənc yaşlarında, təqribən 40 yaşa qədər yazsan. Şeir axı, daha çox emosiyaların harmoniyasıdır, gənclər də daha emosional olurlar. Sonradan yazılanlar daha çox vərdişlə, bir növ, mexaniki halda yazılır.

- İstedadlı gənclərdən kimlərin adını çəkə bilərsiz?

-Çoxlarının. Məsələn, Aqşin Evrənin, Şəhriyar del Geraninin, bir müddət əvvəl Rəbiqənin, lap bu günlərdə mənimçün təzə – Bahar Zamanova adlı bir qızın,və adlarını unutduğum bir çox şairlərin çox yaxşı şeirlərini oxumuşam. Yeni nasirlərdən Şərif Ağayarın povest və hekayələrini böyük maraqla oxumuşam. Onda həyat materialı həm zəngindir, həm aktualdır, mövzuya yanaşma tərzini, sözə münasibətini də qeyd etməmək insafsızlıq olardı. Qan Turalının və başqa bir neçə nəfərin də təzə hekayələrini oxumuşam.

- Yeni kitab nəşr etdirməyi düşünürsüz? Nədənsə son zamanlar az yazırsız...

-Mən, ümumiyyətlə, çox yazanlardan deyiləm və bunu müsbət bir hal kimi qiymətləndirmirəm. Sadəcə, təbiətim, yazı maneram belədir. Gələn ilin əvvəllərində 60 yaşım tamam olur, fikrim var ki, kiçik həcmli bir kitab çap etdirim. Təbii, əgər sponsor tapılsa. Rus dilində keçmiş SSRİ-nin nüfuzlu qəzet-jurnallarında çap olunmuş, xeyli şeirlərim var, onları da bir yerdə görmək arzusundayam.

Lap bu yaxınlarda yazdığım bir neçə şeirim var, yaxın günlərdə verəcəyəm çapa, oxuyarsınız inşallah.

- Kimi qınaqdan, kimi ölümdən, kimi isə hətta yaşamaqdan da qorxur. Bəs siz nədən qorxursuzr?

-Qorxusuz insan yoxdur məncə. Koroğlunu yada salın - Eyvazın Çənlibelə gəlməsi boyunda təqribən belə bir cümlə var: “Koroğlu cavan vaxtlarında döyüşlərin birində mansarıda (yəni mühasirədə) qaldığı üçün bərk həyəcan geçirdiyindən övladı olmurdu…” O boyda Koroğlu o boyda qorxu keçiribsə, biz niyə qorxmayaq? Amma bu o demək deyil ki, qorxağam. Rəhmətlik Tofiq Abdin bir neçə dəfə yazmışdı ki, kaş mən də Maarif kimi qorxmaz olaydım, filankəsi belə edərdim. Bunu quqolda axtarış da verib oxuya bilərsiniz. Ola bilər, təhlükəni duymaq hissi olmayanlar var və onlar təhlükəni görmədikləri üçün, məsələn, avtomobili ikiyüznən sürüb gedib çırpılır ağaca.

-Son yazdıqlarınızdan bir neçə misrasını bizimlə bölüşün zəhmət olmazsa.

- Mən səni tək qadın kimi sevmədim ki.
Yağışdan sonrakı çəmən kimi sevdim,
Təzə-tər yasəmən kimi sevdim.
Mən səni tək qadın kimi sevmədim ki...

-Müsahibə üçün təşəkkür edir, uğurlar və can sağlığı arzulayırıq.

-Çox sağ olun, siz gənclərə də böyük sevdalar arzulayıram.

KAMAL AKEN
MANERA.AZ


Baxış sayı - 3 968 | Yüklənmə tarixi: 26.11.2015 13:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031