manera.az
manera.az

Tehran Əlişanoğlu: “Azərbaycan ədəbiyyatı yeni epoxaya girməkdədir.” – müsahibə | MANERA.AZ

Tehran Əlişanoğlu: “Azərbaycan ədəbiyyatı yeni epoxaya girməkdədir.” – müsahibə | MANERA.AZ

Müsahibim tənqidçi, ədəbiyyatşünas Tehran Əlişanoğludur.
________________________________________________

- Tehran müəllim, bu gün ədəbiyyata böyük bir axın var... Sizcə, bu axının səbəbi nədir?

- Mən elə bir axın hiss eləmirəm. Sözə maraq, sözlə özünü ifadə etmək cəhdi həmişə olub. Sadəcə müxtəlif dövrlərdə bu özünü müxtəlif tərzdə və müxtəlif həcmdə göstərib. Vaxtilə orta məktəb xatirə dəftərlərindən qəzet şeirlərinə qədər, indi isə internet məkanı və “feysbuk” səhifələrinəcən. Texnoloji imkanlar sürətlə artdığından özünü sözlə ifadə də daha qabarıq görünür. Bu, texnoloji axındır, ədəbiyyat axını yox. Başqa məsələdir ki, ədəbiyyat da sözə marağın münbit olduğu yerlərdə mövcud olur, fəaliyyət göstərir. Bizdə internet dövrünün ədəbiyyatının hansısa gur tendensiya, axın şəklində özünü göstərdiyini deməzdim...

- Deyirlər, ədəbiyyat həm də şans məsələsidir...

- Hansı fəaliyyət sahəsi şans məsələsi deyil ki.

- Bəs kimlər qazanır?

- Şansı məhz o kəslər qazanır ki, peşəni-sənəti-sahəni düzgün seçir. Yəni ədəbiyyat da yalnız o adamların şansıdır ki, daxilən buna kökləniblər. Hətta belə deyək: köklənməyə bilmirlər. Əziz Nesinin zarafatını yada salsaq, başqa sahələrə yarımadığını görüb, şanslarını burda axtarırlar.

- Son dövr Azərbaycan ədəbiyyatı haqqında necə fikirləşirsiz?..

- Çox geniş cavab istəyən sual oldu, deyəsən. Qısaca onu deyə bilərəm ki, Azərbaycan ədəbiyyatı yeni epoxaya girməkdədir və hələ ki, özünü bu epoxada ifadə etməkdən çox, epoxanı görükdürür. Müstəqillik şəraiti ilə bağlı olan bu proses bizdə bir qədər uzandı, gec gəldi. Çünki sınmalar çox oldu, ədəbi-bədii dəyərlərin ötürülməsi prosesi hamar olmadı, hətta deyərdim heç mümkün olmadı. Ötən ədəbi epoxanın dəyərləri tam sıfırlanandan sonra yeniləri, az qala sıfır variantından cücərməyə, gəlişməyə başladı. Əlbəttə, tamlıqda sıfır variantından danışmaq olmaz.

- Niyə?

- Çünki hər ədəbiyyat alt qatda da olsa, məhz öz dəyərləri üzərində gəlişə bilər. Əks halda özgələrin ucuz təqlidindən başqa bir şey alınmayacaq. Odur ki, ədəbiyyatımız yeni epoxada dəyərlərini yenidən həzm-rabedən keçirməkdə, zamanla dialoqa girməkdədir. Bir neçə yerdə bunu mən ədəbiyyatımızın modernizm epoxasından post-modern situasiyaya keçidi kimi səciyyələndirmişəm. Başqaları da bunu təkrar ediblər...

Tehran Əlişanoğlu: “Azərbaycan ədəbiyyatı yeni epoxaya girməkdədir.” – müsahibə | MANERA.AZ

-Müasirlər yazıçılardan kimləri maraqla oxuyursunuz?

- Ədəbi proses kimləri təklif edirsə, oxumağa çalışıram. Ədəbiyyatımızda imzası olanları nəzərdən qaçırmamağa çalışıram. Əsasən “Azərbaycan” jurnalı, “Ədəbiyyat qəzeti”, bir də əldə edə bildiyim təzə kitabları vasitəsilə. Yazılarımdan bəlli olur oxuduqlarım, çünki əksərən prosesə reaksiya verməyə çalışıram. Konkret misallar istəyirsizsə, Kamal Abdullanın yazılarını müntəzəm izləyirəm. Anarı oxumağa çalışıram. Elçinin dünyanı dolaşan absurd pyeslərini görmək imkanım olmasa da, mətbu yazılarını oxuyuram. Son “Hekayələr” kitabına önsöz yazmışam. Vaqif Bəhmənlini şair kimi özümçün təzədən kəşf etmişəm, olduqca məhsuldar şairin hər kitabında təzə nələrsə axtarıram. Çingiz Əlioğlunun “Azərbaycan” jurnalında, Sabir Rüstəmxanlının “Ədəbiyyat qəzeti”ndə şeirləri böyük marağıma səbəb oldu. Ötən ilin romanlarını ardıcıl izlədim, bir neçə yazı yazdım, “Ədəbiyyat qəzeti”ndə və Kulis-də dərc olundu. Təəssüf ki, bunu 2015-ci il üçün deyə bilmirəm. Bir çox maraqlı ədəbiyyatşünaslıq əsərləri, monoqrafiyalar çıxıb ki, sadalasam, uzun çəkər. Akademik İsa Həbibbəylinin, N.Cəfərovun, C.Yusiflinin, R.Kamalın, E.Akimovanın, A.Turanın yazılarını ötürməməyə çalışıram. İtaliyada təqdimatından sonra R.Məcidin kitablarını axtarmağa başlamışam. Ə.Oldan həmişə təzə yazı gözləyrəm. M.Köhnəqalanın, S.Baycanın, Xanəmirin son kitablarını məmnuniyyətlə oxuyardım, hələ əldə etməmişəm. Ş.Ağayarı, N.Kamalı, Qan Turalını, Qisməti, K.Hacını nəzərdən qaçırmamağa çalışıram. Son yadıma gələnlər bu qədər. Bunlar məşhur imzalardır.

- Bəs daha gənc nəsildən?

- Onları daha çox saytlardan tanımağa üstünlük verirəm, çünki necə olsa buralarda görünürlər. Müntəzəm Kulis.az-a, Oxu.zalı-na baxıram. Sənət.az, Manera.az son zamanlarda diqqətimi çəkib. Və bir də feysbuk dostlarımın diqqət çəkdiyi imzalara mən də bələd olmağa çalışıram. Yadımda qalırsa, o imzanı izləməyə çalışıram...

- Tehran müəllim, bu gün tez-tez “tənqid ölüb” kimi fikirlər səsləndirilir…

- Az qala bir əsr öncə Nitşenin Allahı “öldürməsi”ndən sonra Qərbdən gələn nə varsa, “ölümü”nə öyrəşmişik artıq. Müəllifin ölümü, romanın ölümü, tarixin ölümü, ədəbiyyatın ölümü, klassikanın ölümü və s. Klassik anlamların tədricən ölümü müşahidə olunursa, bu mənada “tənqidin ölümü” də təbii qarşılanmalıdır. Anlamlar dəyişir, hadisənin təzədən, təzə tərzdə zühuruna ehtiyac yaranır. İndi hamı tənqidi də nəsə başqa cür təsəvvür etməyə çalışır, başqa planda görməyi arzulayır. Amma Sizə deyim ki, bugünlərdə mən özüm də qəfil, bir çoxları kimi “tənqidin ölümü”nə inanmalı oldum.

- Səbəb?

- Şərif Ağayarın 2013-cü ildə çıxmış “Xanım T.” hekayələr kitabını oxuyarkən, əvvəla, təəccübləndim ki, nədən belə bir gözəl toplunu nəzərdən qaşırmışam. İkincisi, doğrudan da, tənqid varsa, niyə bunu mənə vaxtında xəbər verməyib. Bişmiş bir nasir qələminin məhsulu olan toplu, mənimcə, Ş.Ağayarın ən gözəl kitabıdır. Bu bir misaldır dedim. Görünür, ədəbi prosesdə kifayət qədər belə hadisələr vardır ki, klassik anlamda “tənqidin ölümü”ndən danışmağa vadar edir...

- Necə düşünürsüz, müəllif üçün tənqidçinin, yoxsa oxucunun rəyi daha önəmlidir?

- Təbii ki, oxucunun. O oxucu ki, maraqları mətndə gizlənir, ifadə olunur. Tənqidçi də elə professional oxucu qismində maraqlıdır, yəni həmin maraqlara çıxanda. Ümumən, müasir mətn yaradıcılığında bütün maraqlar oxucuda mərkəzləşir, hamı onun rəyi ilə hesablaşmağa məcburdur...

- Bəs bu fikirlə razısız ki, yaxşı tərcüməçi əsərin ikinci müəllifi hesab olunur?..

- Bu, deyəsən, rəhmətlik Tehran Vəliyevə veriləsi sualdır. Tez-tez bizi qarışdırır, onun ingilis dilindən çevirdiyi gözəl əsərlərə görə zəng edib məni təbrik edirdilər. Halbuki həyatda rastlaşmamışdıq heç. Mən özüm də onun Folknerdən tərcümələrini oxumuş, həzz almışdım. Tərcümə, mənimcə, çətin, yaradıcı, şərəfli işdir. Amma nə dərəcədə “birinci” ya “ikinci”dir, kənardan demək, mənimçün çətindir. Bədii tərcüməyə girişmirəm, əminəm ki, bu işlə yalnız bədii istedadı olanlar məşğul olmalıdır...

- Tənqidçi olaraq, tərcüməsini uğurlu hesab etdiyiniz tərcüməçilər kimlərdi?

- Vaxtilə əcnəbi əsərləri yalnız rus dilindən oxumağa üstünlük verərdim. Onlarda güclü tərcümə məktəbi var. Bizdə bu iş hələ ki, stixiyalı gedir. Amma proses gedir deyə, Qərb müəlliflərini milli dildə oxumağa çalışıram. Uğurlu tərcümə çox deyil, elə yarıtmaz tərcümələr var ki, yazıçının böyüklüyünü, ustalığını zorla təsəvvür edirsən. Hər halda orijinaldan tərcümə işinin başlanması yaxşıdır, prosesi müsbət qiymətləndirirəm. Uğurlu tərcümələr də var.

- Məsələn...

- C.Oruelin “Heyvanıstan” və “1984” romanlarını Vilayət Quliyevin tərcüməsində məmnuniyyətlə və rahat oxumuşam. K.Nəzirlinin tərcüməsində G.Melvillin “Mobi Dik” romanı gözl alınıb...

- Ədəbiyyatımızın bu günkü mənzərəsi: klassiklərə sayqısızlıq, yalançı reklamlar, pafoslu çıxışlar və s.. Bəs bütün bunlar sizə necə təsir edir?

- Ədəbiyyat elə bir strukturdur ki, saxta nələrinsə burda yeri yoxdur. Bu kimi təzahürlər ədəbiyyat-ətrafı küylərə aiddir. Sakit yanaşıram. Əgər hər şeyin ölçüsü mətndirsə, o özü sənə oriyentir götürməyə imkan verir. Məsələn, çağdaşlarımızdan biri M.Ə.Sabiri irəli verərək, hər hansı mövqe ifadə etməyə çalışırsa, unutmamalı ki, Sabirin özü də mətn kimi bu mövqeyə münasibət bildirmiş olur.

- Yəni?

- Əgər mən - oxucu da bu mətndən, M.Ə.Sabirdən xəbərdaramsa, həmin çağdaşımızın kim olması, ədəbiyyata münasibəti, doğru-yanlış mülahizələri mənə bəlli olur. Söhbət yalnız sayğısızlıqdan getmir, klassikaya hər hansı münasibət ilk növbədə bugünü nümayiş etdirir, keçmişi yox...

-İndi keçmiş yazıçı nəslinə nəinki örnək, hətta tənqid, təftiş obyekti kimi baxılır…

- Məncə, bunun da elə bir qorxusu yoxdur. Yaşlı nəsil də eyni proseslərdən keçdiyindən bu məsələyə daha tolerant yanaşa bilir. Bircə şəxsiyyətə toxunmaq olmasın. Ədəbi yaradıcılıq ətrafında hər cür, hətta ifrat mövqeləri də mən qəbul edirəm. Bu, hər hansı canlı klassiki bütə çevirməkdən yaxşıdır, əgər doğrudan da, “canlılıq” varsa, belə də olmalıdır...

- Tehran müəllim, ədəbi mühitdə dostlarınız çoxdur, yoxsa düşmənləriniz?

- Təbii ki, dostlarım. Ümumən düşmənlərim yoxdur. Əminliklə deyirəm. Çünki “düşmən” sözü ağır sözdür, düşmən müharibədə olar, səni mütləq sıradan çıxarmaq istəyər. Ədəbiyyat isə sevgi üzərində qurulub – həqiqətə sevgi. Həqiqət ətrafında, doğrudur, bir qədər rəqabət olur.

- Bu nədən irəli gəlir?

- Mətnə münasibətdə hər kəs özünü daha doğru, haqlı bilir. Bu, düşmənçilik deyil ki, həqiqət savaşıdır. Şəxsən mən Ədəbiyyatda olanlardan yalnız məhəbbət görmüşəm...

- Bəs Azərbaycan ədəbiyyatı Tehran Əlişanoğlunu yetərincə tanıya bilirmi?

- Məncə, hə. Az da olsa, tanıyıb. Bir az ədəbiyyatşünas kimi, “XX əsr Azərbaycan nəsrinin poetikası” monoqrafiyasından. Bir az tənqidçi kimi, aydın mövqeyi olan ədəbiyyat adamı kimi. Amma bütövlükdə - yox. Məsələn, on ilə yaxındır yüz əzabla çıxardığım Tənqid.net jurnalı nə istəyir, nədə və niyə israr edir... – bu həqiqəti ədəbiyyatımıza hələ ki tanıda bilməmişəm.

- Demək olar bu gün ədəbi mühitdəki yerinizdən razısız?!

- Yox. Amma mənim narazılığım nəyi həll edir ki. Sadəcə çalışıram mühitin mənə ayırdığı yerdə olam, vəssalam.

Söhbətləşdi: Şəhla Aslan
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31