manera.az
manera.az

Bəxtiyar Vahabzadə poeziyası həyat dərsliyimizdir - Ramazan Qafarlı yazır

Bəxtiyar Vahabzadə poeziyası həyat dərsliyimizdir - Ramazan Qafarlı yazır
MANERA.AZ professor Ramazan Qafarlının "Bəxtiyar Vahabzadə poeziyasında insan və zaman konsepsiyası" yazısnı təqdim edir:

1-ci yazı

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadə çoxsahəli fəaliyyəti ilə respublikamızın sərhədlərindən çox-çox uzaqlarda tanınır. O, hər şeydən əvvəl, mütəfəkkir şair, lirik, dramaturq olaraq həmişə xalqının sözünü deyib. Son dövr tariximizin yaddaşına həm də istedadlı alim, publisist, qeyrətli, cəsarətli ictimai xadim, yeni mübariz nəsil yetişdirən müdrik pedaqoq, sadə və səmimi insan kimi həkk olunan Bəxtiyar Vahabzadənin irsi - şeirləri, dramları, elmi-publisist yazıları dünyanın çox dillərinə (ingilis, rus, fransız, alman, fars, türk, polyak, ispan, macar, özbək, qazax, tacik, türkmən, eston, latış, litva, ukrayna, rumın, moldova, gürcü və b.) tərcümə edilib və böyük sevgi ilə qarşılanıb.

Əsil şeirin yaranması günəşin doğulması ilə müqayisə edilə bilər. Türkün poeziya günəşi - xalq şairi, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il, avqust ayının 16-da Şəkidə doğulub. Şəki dağlar qoynunda yerləşir. Üç tərəfdən yamyaşıl, sıxyar-paqlı ağaclarla örtülmüş dağlar şəhərin keçilməz hasarlarıdır. Yalnız bir yanda - Azərbaycanın ürəyi Bakıya doğru uzanan yolların keçidində dağlar yerə yatır, bir az çılpaqlaşır - bu hissə Şəkinin Şərqə açılan pəncərələridir. O yolda bir körpü da var. El keçən körpüdür ora. Və atalarımız deyir ki, el keçən yerləri ot-alaq basmaz. Həmin alçaqlıq şəhərin elmə, biliyə, özünüdərkə, dünyaya giriş-çıxışıdı. Bu giriş-çıxış olmasaydı, bəlkə də ötən yüzillikdə Mirzə Fətəli Şəkidən Tiflisə ayaq açıb qoca Şərqin müdriklik zirvəsini fəth etməzdi. 13 yaşlı Rəşidbəy Əfəndiyev şəhəri tərk edib maarif ziyasını Azərbaycana yaymazdı...

Bəxtiyar Vahabzadə poeziyasıyla hər dəfə ünsiyyətdə olanda o yollar, el keçən körpü və dağlar yadıma düşür. Bəlkə böyük şairin başı Şəki dağlarının zirvəsi kimi ağappaq idi, ona görə?..

Şəkili qadınlar “Dədə Qorqud” qəhrəmanları kimi dağları “qayınatam” adlandırırlar. O dağlar həm də yüksəklikdir. Elə bir yüksəklikdir ki, cənnət qədər saf, təmiz və müqəddəsdir, yer üzünün bütün şərlərindən, pisliklərindən uzaq bir nöqtədir. Ən ağır dərdə düçar olan o dağların zirvəsinə çıxsa, yüngülləşər. Şəkilinin söylədiyi bir el bayatısında deyildiyi kimi:

Baş qoyan məndim, dağlar,
Sənə güvəndim, dağlar,
Yadlara əyilmədin,
Sinənə çəkdi dağlar.


Bir vaxtlar nakam şəhərdə - adamlar arasında rahatlıq tapmayıb Şəki dağlarına sığınmış, cildlərlə əsərlər yaratmışdı. Molla Cuma qayalardan süzülən “soyuq bulaq”lardan içib aşıq sənətininin elə ucalığına qalxmışdı ki, oranı da ancaq Şəkinin qarlı dağlarıyla müqayisə etmək olar. Məhz Bəxtiyar zirvəsinə illərin arxasından baxanda insan ayağı dəyməyən, yay, qış ağappaq dağ başını görürəm. Oralara heç kəsin əli çatmır. Ona görə də, tərtəmizdir. Lakin nədənsə, dağlara göz dikdikcə sonsuz kədər duyuram.
Bəxtiyar Vahabzadə poeziyası həyat dərsliyimizdir - Ramazan Qafarlı yazır
Bəxtiyar Vahabzadənin də üzünün qırışlarında dərin kədər var idi. Bu kədərin mənasını, mənbəyini də həmin dağların tamaşasına durmaqla anlamaq mümkündür. Çünki Bəxtiyar zirvəsində türk dünyasının yaxın tarixinin tam xronikası, insanların ziqzaqlı yaşantısı, duyğuları, uğurları, uğursuzluqları, dərdi, sevinci, təzadları əks olunub. Türk poeziyasının fəlsəfi istiqamətinin, mübarizə və üsyankarlığının, psixoloji lirizminin iyirminci yüzilliyin ikinci yarısında yükünü daşımaq Şəki dağlarının qoynunda boya-başa çatan, adı Bəxtiyar olsa da, xalqının bəxtiyarlığını görmədiyi üçün özünü həmişə narahat hiss edən bir şairin öhdəsinə düşmüşdü.

O, əlinə qələm alıb ana dilində yazmağı və əlifbanı Şəkidə öyrənsə də, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb, 1942-ci ildə orada orta məktəbi bitirib Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1947-ci ildə həmin fakültəni bitirdikdən sonra elmi yaradıcılığa həvəs göstərdiyindən universitetin nəzdində aspiranturaya girib. Doğrudur, şair əvvəl həkim olmaq arzusuyla Tibb İnstitutuna girib. Lakin ətrafındakı insanların fiziki sağlığının keşiyində durmaqdan çox, mənəvi xəstəlikdən qurtarmağa ehtiyaclarını duyub haqqın yolunu aramağa başlayıb, bütün həyatını sözə, istiqlal mücadiləsinə həsr edib.

Bəxtiyar Vahabzadənin uşaqlığı repressiya çağlarına, gəncliyinin ən çılğın dövrü isə İkinci dünya müharibəsi illərinə düşüb. O, qarşılaşdığı dəhşətli hadisələri daxilindən keçirdikcə, narahat ürəyinin döyüntülərini şeirə çevirib etiraz səsini ucaltmışdı. Onun ilk qələm təcrübəsi məhz dünyanı faşizm kabusu bürüdüyü illərdə sınaqdan çıxmışdır. İlk mətbu şeirləri ilə Səməd Vurğunun diqqətini özünə cəlb etmiş, onun xeyir-duasını alandan sonra bütün ömrünü poeziyaya həsr etmişdir. Şair 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. Lakin elmi-pedaqoji işdən də ayrılmayıb. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda dissertasiyasına görə namizədlik, 1964-cü ildə “Səməd Vurğunun həyat və yaradıcılığı” monoqrafiyasına görə isə filoloji elmlər doktoru alimlik dərəcəsi alıb.

Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Bakı Dövlət Universitetində dərs deyib, 1990-cı ildə təqaüdə çıxıb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildən isə həqiqi üzvü seçilib.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Akademik Dövlət Dram Teatrının səhnəsində onun “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” pyesləri, paytaxtın digər teatrlarında “Atamın kitabı” əsəri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.

O, 1974-cü ildə əməkdar incəsənət xadimi, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatı laureatı adlarına layiq görülüb. 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib.

Azərbaycan Yazıçılar Birliyinin böyük söz ustasının 75 illik yubileyi ərəfəsində hazırladığı məlumatda deyilir: «B.Vahabza-dənin şeirləri obrazların kamilliyi, bədii vasitələrin müasirliyi və orijinallığı ilə seçilir. Bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.

Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir.

Bədii, elmi-publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilib (1980-2000). O, hələ 60-cı illərdə başlanan milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1950-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. Bu poemaya görə, 1962-ci ildə şair “millətçi” damğası ilə çalışdığı Universitetdən çıxarılıb, yalnız 2 ildən sonra iş yerinə qaytarılıb. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətinin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə edib, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovetlər İttifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirib.

Qüdrətli söz ustası, cəsarətli publisist, ədəbi-bədii prosesin təşkilatçısı kimi tanınan B.Vahabzadə ömrünün son illərində xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərmişdi. Həmçinin o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim, yorulmadan mübarizə aparıb.

B.Vahabzadənin evi, bir növ, millətin ümid qapısına dönmüşdü. Belə ki, respublikanın müxtəlif kənd və rayonlarından hər gün onlarla məktub alır, neçə-neçə şikayətçini evində qəbul edirdi, onları dinləyir və imkanı daxilində hər birinin dərdinə əlac etməyə çalışırdı. Respublika Ali Sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsl müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanıb. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onun şəxsi mənafeyinə çevrilib”.

Bəxtiyar Vahabzadə sözün həqiqi mənasında narahat insan idi. Oxuculardan şikayət dolu məktublar alanda da, ünvanına yönələn qərəzli yazılar qəzetlərdə işıq üzü görəndə də, mitinqlər baş verəndə də, qonşunun - düşmənin xalqımıza qarşı iftiralarını eşidəndə də, qanlı yanvar hadisələrində sovet imperiyasının generalıyla Azərbaycan televiziyasında üz-üzə gələndə də... Nə qədər ki, dünyamızda haqsızlıq var idi, Bəxtiyar Vahabzadənin də narahatlığı bitib-qurtarmırdı...

Gözümün önündə
haqqı döyürlər,
Qışqırır,
səsinə bir səs verən yox.
Zorun arxasında
elə gizlənib,
Onu nə eşidən,
nə də görən yox...


Bəxtiyar Vahabzadədən xalq çox şey gözləyirdi. Və bəzən elə bilirdilər ki, o hər işə qadirdir. Şair Bəxtiyarın meydanında döyüş sözlə aparılırdı. O, sözünü hər yerdə həmişə demiş - özü də sərrast, açıq, özünü oda-közə vuraraq demişdi. 50-ci illərdə də, XI əsrin birinci on illiyibdə də. Üzündəki kədərin bir sirri də onda idi ki, bəzən sözü kəsərdən salırdılar. Nizamidən, Nəsimidən, Füzulinin Dədə Qorquddan miras qalan sözün qəribçiliyini, yazıqlığını görmək şair üçün böyük dərd idi. Kimlərsə qəsdən Sözün meydanını daraldırdılar. Bu halda da Bəxtiyar kəlamının dəyəri əvəzsiz idi, müdrikliyi hamımıza “tütyə” idi. Bəxtiyar Vahabzadədən ancaq şeir istənilməli idi. O ömrünün son anlarına kimi qələmini yerə qoymamışd. Şair: “Dünyaya mənim sorğu-sualım da tükənməz” – deyərək getdi.

Bəxtiyar Vahabzadə poeziyası həyat dərsliyimizdir. Onun içərisində zaman, eşq, vətəndaşlıq, mübarizlik, üsyankarlıq, mərdlik, ərənlik, qeyrət, ar, namus, düzlük, saflıq və daha nələrə çağırış var. Bu poeziyada inamsızlıq, tərəddüd, məğlubluq, üzüdönüklük yoxdur. İnsan oxuduqca düşünür, düşündükcə mətnləşir, dözümlülük, əyilməzlik tapır, Bəxtiyar Vahabzadənin “mən”ini - qəhrəmanlarını tanıdıqca özünü dərk edir, ümidsizlikdən yaxa qurtarır, vuruşmaq, qələbə çalmaq istəyir.

2-ci yazı

Bəxtiyar Vahabzadənin zahiri görünüşü, davranışı, danışığı, hadisələrə baxışı da özünəməxsus idi. Və şairin sənətini bu amillərdən ayrı təsəvvürə gətirmək mümkün deyil. Bəxtiyar Vahabzadəyə bəxtiyar şair kimi baxanlar yanılırdılar. Çünki o bəxtiyar olmağa can atmaq üçün dünyaya gəlməmişdi. Narahatlığının, üsyankarlığının bir səbəbi də bunda idi. Başqa sözlə, onun bəxtiyarlığı ancaq sözlərinin sərrastlığında, hədəfə dəyməsində idi. Əgər şəhidlərə həsr etdiyi əsərləriylə həmvətənlərinin qəlbində qəsbkarlara nifrət oyatdığını, xalqının bir yumruq kimi birləşdiyini görürdüsə, deməli, bəxtiyar idi. Şair insanların duyğu və düşüncələrinə güzgü tutmaqla sənətini yaşadırdı və bununla yaratdıqlarının ömrünü uzadırdı, daha doğrusu, əbədiləşdirirdı. Bəxtiyar poeziyası bir şəxsin narahatlığını deyil, başı müsibətlər çəkmiş böyük bir xalqın ümumiləşmiş duyğularını ifadə edirdi. Məhz bu mənada, onun əsərləri həyat dərsliyi rolundadır. O dərslikdən nələri öyrənirik? - sualını cavablamaq üçün böyük bir kitab azlıq edər.

Bəxtiyar Vahabzadə poeziyası sevib-sevilməyi, seçib-seçilməyi, tanıyıb-tanınmağı, qəflət yuxusundan ayılmağı öyrədir. Dostu, düşməni, mərdi, namərdi, özümüzü özümüzə tanıdır. O dərslikdə əsil insan kimi yaşamağın yolları göstərilir. Bəxtiyar Vahabzadənin poeziya dünyasına girən oradan vətənpərvər, üsyankar bir insan kimi çıxır. Şair hələ 50-60-cı illərdə məqam əlinə düşən kimi səsini ucaldırdı. O dövrləri yaşayanlar bilir ki, milli qürurdan bəhs açan bir kəlmə üstə adamın dilini bağlayırdılar. Hərdən Bəxtiyar Vahabzadənin səbir kasası elə dolurdu ki, dözməyib açıq-aşkar sovet imperiyasına meydan oxuyurdu, “Gülüstan” fəryadını qoparırdı:

Hanı bu ellərin mərd oğulları,
Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu –
Qılınc Koroğlusu, söz Koroğlusu?


“Söz Koroğlusu”na çevrilib “dırnağı ətdən”, “ürəyi bədəndən”, “canı cəsəddən” - Azərbaycanı Azərbaycandan ayıranlara heykəl qoyanlara, şənlərinə təntənəli toplantılar keçirənlərə qılınc çalmaqla şair Nizaminin zahidi kimi əyninə kəfən keçirmişdi. Bu, Stalin zindanlarının qapılarının təzəcə açıldığı 1959-cu ildə deyilirdi. Çoxları tarı, kamanı, nağaranı utandırıb “Azərbaycan-Rusiya birliyi”nə nəğmələr qoşurdu, orden payı umurdu. Bəxtiyar Vahabzadə isə Arazın timsalında Vətən övladlarını ayıltmağa, üsyan qaldırmağa səsləyirdi:

Ey Araz, səpirsən göz yaşı sən də,
Keçdikcə üstündən çölün, çəmənin,
Səni arzulara sədd eyləyəndə,
Niyə qurumadı suların sənin?

Və bizim 90-cı il xalq hərəkatı dalğasının mayasında bu poemanın durması şübhəsizdir. Azərbaycan gəncləri “Gülüstan”dan keçib “Azadlıq” meydanına toplaşmışdılar... Zaman Bəxtiyar Vahabzadənin üsyanına hələ o çağlarda təslim olmuş, onu susdurub yox etməkdə aciz qalmışdı. “Məqamı ələ keçirməsi” həmin qarşılaşmadan sonra ortaya çıxmışdı. Zaman Bəxtiyar sözünün kəsəri qarşısında susmağa üstünlük verdiyi kimi, şair də öz yuvasına çəkilən, quyruğu tapdalanmış “əfi ilanın” qəfil çalmasına bələd idi. Bu səbəbdən, daha sözü üzə demir, “küləyə buraxır”dı, qananın qanması da kifayət idi.

Bəxtiyar Vahabzadəyə görə, “məqam tapmaq” nə idi? Başqa ölkələrə səyahətə çıxanda guya yadların, imperiyadan kənardakıların dərdindən bəhs açırdı. Ancaq yadellilərin dili ilə Azərbaycan türkünün dərdlərini dilə gətirirdi. “Öz ana yurdundan özünə təkcə, Torpağı qazdığın xış qaldı, qardaş!..” - deyəndə ispanı nəzərdə tutmurdu, həmin şəraitdə yaşayan həmvətənini dümsükləyib oyadırdı. Bilirdi ki, gec-tez yatmış millətin gözündən yuxunu qovsa, zamanın özünü diz çökdürəcək:

Ayağa qalxmışdır
artıq vətənin,
Qoy onun önündə
diz çöksün zaman.


Şair görürdü ki, xalqı yuxuya verənlər “öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlardı”, elələri ilə nə o çağlarda, nə də sonralar barışmışdı:

Qəlbinizi oxşamır
qoşmalar, telli sazlar,
Bunlar qoy mənim olsun.
Ancaq vətən çörəyi,
Bir də ana ürəyi.
Sizlərə qənim olsun.

(1954)

Həyatın təzadlarını bədii dillə ifadə edəndə Bəxtiyar sənətinin özünəməxsusluğu daha qabarıq nəzərə çarpırdı. Siyasətin aynasında əyrilər düz görünsə də, aynanın ki, üzü birdir!

Şairin narahatlığına səbəb olan ümdə məsələlərdən biri də Vətənin ikiyə bölünməsi idi. Azərbaycan adlı yurdun bu ağır dərdinə çoxları əsər həsr edib. Lakin Bəxtiyar Vahabzadə qədər kökündən baltalayan olmayıb. Bəlkə də sovet məkanında yaşadığımız çağlarda onun ən böyük arzusu Araz üstündə çoxlu “el keçən körpülərin salınması” idi. Hələ 1962-ci ildə yazırdı ki:

Arazın
Bu tayı Vətənim,
O tayı Vətənim.
Vətəni görməyə amanım
yox mənim...

Və qibtə edirdi ki, Füzuli həsrətlə qürbətdən Vətənə baxırdı, o isə “Vətəndən - Vətənə baxır”. Əlində silah əqidəsi yolunda vuruşmalarda ölməyə belə hazır olan şair ömrünün boranda, qarda ötüşməsiylə də razı idi, təki xalqının “sirdaşı olmasın nə fəryad, nə ah...” Sonra “şəhidlər yarası” bunun üstünə gəlmişdi.

Kimə deyim dərdimi?
Qəsbkar namərdəmi?
Yetmiş ilin dərd-qəmi
Gözdən axdı o gecə.

O dövrdə Sovetlər İttifaqında dövlətin yüksək mükafatlarını almış şairin dilindən ittihamnamə eşidəndə partiya “funksioner”ləri bəlkə də bir şeyə heyfslənirdilər. Bəxtiyar Vahabzadənin “Gülüstan” deyən dilini kəssəydilər, “bu gün cınqırını çıxardan tapılmazdı”. Eşitdiyimə görə, şair o çağlarda imperiya nökərlərinin onaverdiyi təltifləri “itin ağzına atılan sümüyə” bənzətmişdi.

Bəxtiyar Vahabzadə bir sözü kombinasiyalara uğradaraq elə poetik strukturlar, modellər yaradırdı ki, orada eyni hal müxtəlif funksiyalarda çıxış edirdi:

Əyri əyriliyi yeridir daşa,
Keçib əyriliklə
hamıdan başa.


İki misrada “əyri” sözü üç dəfə işlənir. Lakin hərəsi bir yükün daşıyıcısıdır: birinci “əyri” icraçıdır - onun “əyrilikləri daşa yeritmək”dən başqa əlindən heç nə gəlmir, ikinci vasitədir - əyriliyi ilə daşlara da təsir göstərir, üçüncü isə mütləq-hakimdir - əyri işlərlə keçib oturur hamıdan başda. Yalnız Bəxtiyar qüdrətiylə eyni söz kiçik poetik fiqurun (həmin şeirdə iki misranın) içərisində fərqli məna tutumlarına malik ola bilirdi. Klassik fəlsəfi şeirdə forma, struktur ikinci dərəcəli idi. Üstünlük məzmunun əlində cəmlənirdi. Onun əsərlərində isə hər ikisinin vəhdəti əsas götürülürdü:

Rəhbər cahildirsə, millət də qafil,
Demək, bu məmləkət üz üstə batmış.
Millət də, rəhbər də oyanan deyil,
Oyada bilərmi yatmışı yatmış?


1990-cı ildə xalqının başına açılan müsibətlərin səbəbkarına üzünü tutub dediyi bu misralarda nifrətinin həddi-hüdudu yoxd idi. Lakin həmin nifrətin mayasında da insanları qəflət yuxusundan oyatmaq dururdu. Bir il sonra isə Qərbi Azərbaycan ellərini, Qarabağı köklü insanlarından təcrid etməkdən ötrü “siyasət oyunlar”ında uduzanlara deyirdi ki:

Köksümüzdə sinə dağı,
Biz yaşadıq qul sayağı.
Gələn satdı bu torpağı
Dədəsinin malı kimi.


Xalqın ürəyi geniş olduğu qədər sadəlövhdür, bağışlayandır. Bəlkə də üstünə yağan dərdlərin çoxluğundan yaddaşları tez don vurur. Şair buna görə də bərk narahat idi. Azərbaycanın taleyində çox hadisələr baş vermişdi ki, onları heç vaxt yaddan çıxartmaq olmazdı. Müsibətləri unutduqca düşmən də qüvvətlənir. Bu mənada, Bəxtiyar Vahabzadə poeziyası ana laylasını əvəzləməyir:

Dedim, silinməsin
bu qan, bu qada,
Bir də güllə izi
dağ-daşımızdan.
Yalnız bu günə yox,
biz sabaha da
Güzgü tutmalıyıq
yaddaşımızdan.


Bəxtiyar Vahabzadənin poeziya dünyasının mövzu dairəsində nələr yoxdur: qəm də var, sevinc də; məhəbbət də var, məkr də; sədaqət də var, xəyanət də; razılıq da var, etiraz da; keçmiş də var, bu gün də; mərdlik də var, namərdlik də; inam da var, tərəddüd də; həyat da var, ölüm də; cənnət də var, cəhənnəm də; gülüş də var, ağlamaq da; ayrılıq da var, vüsal da; xeyir də var, şər də; müdriklik də var, nadanlıq da, ucalıq da var, alçaqlıq da... Amma ikincilər həmişə təslim vəziyyətdədir, zirvəni fəth etmək cəhdləri boşa çıxır, bəzən hökm, sərvət əllərində cəmlənsə də, mənən cılız, yoxluğa, puçluğa məhkumdurlar.

Bəxtiyar sənətinin bir amalı və ümumiləşmiş bir baş qəhrəmanı var idi - o da İstiqlaldır.

Sevgidən yazanda da şair istiqlal barədə düşünmüş və ömrü boyu xalqının əsil istiqlala çatması uğrunda vuruşmuşdu. Onu zaman və tale şairi də adlandırmaq olar. Nə ağrılı, nə də şirinli, nə soyuqlu, nə də istili anını dəyişmək, başqa axara salmaq mümkündür Zamanın. Şair öz işində olan Zamanla kəllələşirdi, çünki:

Nöqsanını üzə deyən
namərd deyil,
Kirayədə yaşadığın
ev yurd deyil.
Anan sənə ögey olsa,
bir dərd deyil,
Zaman sənə ögey olsa
vay halına!


Şair “zamanın diri-diri bizi dəfn etdiyi” dünyadan türkün tarixi taleyini qaytarmağı umurdu, çox hallarda məsələni tələb şəklində qoyurdu. Həmişə mərdliyə arxalanan, haqqa tapınan, qılıncdan çox elmə, mədəniyyətə, incəsənətə, muğama köklənən xalqının namərd dünyada yersiz, yurdsuz qalması, öz evində kirayəçi sayılması, torpağından qovulub çadırlarda ömür-gün çürütməsi, zülm, sitəm görsə də, üstünə “vəhşi” damğasının vurulması onun üsyankarlığını şiddətləndirirdi. Bəxtiyar Vahabzadənin narahatlığının bir əsas səbəbi də o idi ki, “Bərəkət tumu tək dörd ildən bəri, Əkirik torpağa biz şəhidləri”.

Bəxtiyar Vahabzadə təkcə Azərbaycan türklərinin deyil, bütün türk dünyasının bütövlüyü, tamlığıdır. Onun sənətində qırğızın da, özbəyin də, türkmənin də, qaqauzun da duyğuları, düşüncələri, istəkləri əks olunub. Bəxtiyar poeziyası türkün üz ağlığıdır, qılıncdan iti söz çələngidir. Təsadüfi deyil ki, müasir dünya nəsrinin görkəmli nümayəndəsi Çingiz Aytmatov şairin yaradıcılığını iyirminci yüzilliyin zirvəsi sayırdı.

Çox vaxt biz öz dahilərimizi başqalarının gözü ilə kəşf edirik. Lakin bu gün bizim, yəni xalqın əksər hissəsinin Bəxtiyar Vahabzadəyə həm şair-sənətkar kimi, həm də ictimai xadim kimi inamı varsa, deməli, gələcəyə ümidimizi itirməmişik. Azərbaycan xalqı bir dizini yerə qoymağa məcbur edilsə də, yıxılmadı, gücünü, əzmini toplayıb bir gün azğın düşmənə qalib gələcək, torpaqlarımızı geri alacaq, birliyimizi təmin edəcək, Bəxtiyar Vahabzadənin də arzuları gerçəkləşəcək.

"Xalq Cəbhəsi" qəzeti


Baxış sayı - 1 335 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930