manera.az
manera.az

Mənim yaz eşqimi qış kimi atdın - Yeni şeirlər

Mənim yaz eşqimi qış kimi atdın - Yeni şeirlər

MANERA.az Valeh Qocanın yeni şeirlərini təqdim edir:

Sənə

Sənin bir sevginin acı deyildim,
Mən əl açmamışdım acından sənə.
Qızıla dönəsən lap indən belə,
Baxmaram gözümün ucundan sənə.

Səhv edib saçına düzüm çəkmişəm,
Bəlkə də ömrümün izin çəkmişəm.
Cəza payını da özüm çəkmişəm,
Cəza qıymamışam suçundan sənə.

Sən odu bilmədin, buzu bilmədin,
Əyrini bilmədin, düzü bilmədin.
Eşqi ayağının tozu bilmədin,
Nə fayda başının tacından sənə.

Mənim yaz eşqimi qış kimi atdın,
Qəlbini arxamca daş kimi atdın.
Məni kipriyindən yaş kimi atdın,
Bir gün dönəcəyəm saçından sənə.

Gəlmisən

Sən bir nursan, bir yağışsan,
Küləyin üstə gəlmisən.
Bir məzarın üstündəki,
Çiçəyin üstə gəlmisən.

Ələnmisən ələyimdən,
Möhkəm yapış biləyimdən.
Bir pay götür ürəyimdən
Ürəyin üstə gəlmisən.

Gəl, ömrümə sən gəl təki.
Dağılsın dərdim var nəki.
Bir ümidsən, içimdəki,
Diləyin üstə gəlmisən.

Məzarda çiçək inciyər,
Bədəndə ürək inciyər.
Qayıtma, çörək inciyər,
Çörəyin üstə gəlmisən.

Belə düşmə yadıma

Nə olar ay gedənim,
Hələ düşmə yadıma.
Yaddaşım çətin səni,
Silə, düşmə yadıma.

Mənim yaddaşım qəbir,
Mənim yaddaşım ömür.
Allahdan bir az səbir,
Dilə, düşmə yadıma.

Günümdən gecə düşdün,
Düşdün, beləcə düşdün.
Ömrümdən necə düşdün,
Elə düşmə yadıma.

Duyğum qana bələnər,
Ruhum səni dilənər.
Yaddaşım zədələnər,
Belə düşmə yadıma.

Sevgi müəllimim

Sən mənə əzəldən müəllim oldun,
Sənin ilk tələbən, şagirdin mənəm.
Səndən eşq öyrəndim, sevgi öyrəndim,
Müqəddəs adına şahidin mənəm.

Sən mənə öyrətdin “bəli”deməyi,
Sən mənə öyrətdin “xeyr” yazmağı.
Sən mənə öyrətdin ilham tapmağı,
Sən mənə öyrətdin şeir yazmağı.

Gecəni, gündüzü seçdim, ayırdım,
Axşamı, sabahı öyrəndim səndən.
Bir vaxt dönməyinçün yalvarım deyə,
Tanrını, Allahı öyrəndim səndən.

Sən mənim ilk dəfə əlimdən tutub,
İlk dəfə gözünə baxmaq öyrətdin,
Məhəbbət dərsinə daxil olmağı,
Sonra tənəffüsə çıxmaq öyrətdin.

Sonuncu tənəffüs bitmədi amma,
Hələ də dərsindən çöldə qalmışam.
Elə bu tənəffüs dərs oldu mənə,
Bir sevgi dərsindən dalda qalmışam.

Sənsiz dərs keçdiyin kitaba döndüm,
Özüm öz dərdimin məzmunu oldum.
Sən mənim ömrümdə bitirdin dərsi.
Mən sənin sevginin məzunu oldum.

Sığmır

Ürəyim dağ boyda, kölgən bir ağac,
Ürəyim saldığın kölgəyə sığmır.
Eşqim mən boydadır, yollar sən boyda,
Bu eşq bu yoldakı döngəyə sığmır.

İnamım bölünüb bəlkə-bəlkədir,
Bilmirəm öldüyüm hansı ölkədir.
Bədənim ayrılıb, bölgə-bölgədir,
Dərdim solumdakı bölgəyə sığmır.

Ümidim gördüyüm röya boyadadır,
Mənim qayığım da dərya boydadır.
Sənə məhəbbətim dünya boydadır,
Neyləyim balacaya ölkəyə sığmır.

Səni gətirə

Nə ola ki, tufan qopa, yel əsə,
Bir vəfalı külək səni gətirə.
Buludlar da göydə dəyə baş-başa,
Yağış yağa, şimşək səni gətirə.

Uca tanrı qismətimə ləl əkə,
Arı gələ həyatıma bal əkə.
Yazıq anam bir dibçəyə gül əkə,
Gül yerinə dibçək səni gətirə.

İman gələ inadının üstünə,
Fikrin düşə saatının üstünə.
Ala səni qanadının üstünə,
Bir axşamca mələk səni gətirə.

Niyə düşüb ürəyinə xal, deyə,
Bir az düşün xəyallara dal deyə.
Anan sənə “getmə qızım qal” deyə,
Məcbur edə, ürək səni gətirə.

Uçmaq düşə lələyinə hardansa,
Əl yapışa biləyinə hardansa.
Bir xof sala ürəyinə hardansa,
Yox yerdəncə fələk səni gətirə

Evimiz
(Kəlbəcərdə qalan evimizə)

Hər yan viran qalıb, hər yan dağılıb,
Dağıntı içində susub evimiz.
İntihar etməyə bir yer tapmayıb,
Özünü havadan asıb evimiz.

Bu evə top düşüb, güllə yağıbdır,
Günlə buxarlanıb, illə yağbdır.
Allah, daş otaqlar ağac doğubdur,
Necə də barına basıb evimiz.

Bu evin ömrü də asan olmayıb,
Gözlərim bu qədər leysan olmayıb.
Bayramda qapısın pusan olmayıb,
Özü öz qapspn pusub evimiz.

Allah bu həqiqət xülya boydadır,
İndi duyğularım dərya boydadır.
Mənə qızıl dolu dünya boydadır,
Bu yoxsul evimiz kasıb evimiz

Səni

Özünü torpaqda boş saxla Vətən,
Qoy gəlim sevincdən laxladım səni.
Səndən uzaqlarda suyunu içdim,
Gecə səhərədək qoxladım səni.

İndi gül qoxuyur sənin qışın da,
Güllü ayağın da, qarlı başın da.
Məndən vəfalıymış sənin daşın da,
Otuz il sınadım, yoxladım səni.

Ölmədim nazını daşıyım deyə,
Üzündən göz yaşın qaşıyım deyə.
Ömrümün sonunu yaşayım deyə,
Ömrümün sonuna saxladım səni.

Bizik

Dünya dərya kimi, dəniz kimidir,
Bu dərya dünyanın dibində bizik.
Bizim nə bir qayıq, nə gəmimiz var,
İnsanıq, samanın çöpündə bizik.

Ümid bir həyatdır, ömür yaradır,
Səbr etmək bir az da səbir yaradır.
Torpaq hər təbində qəbir yaradır,
Bu şair torpağın təbində bizik.

Alnımız örtülür yazımız üstə,
Odumuz yıxılır buzumuz üstə.
Kəndirbaz olmuşuq arzumuz üstə,
Zamanın ən incə ipində bizik.

Bəxt də şikar kimi, bir ov kimidir,
Gah sönür, gah yanır, alov kimidir.
Dünya bir otaqlı, bir ev kimidir,
Allah bu kasıb evində bizik.

Hirs

Səs etməyin oyanar,
Səsim yatır içimdə.
Gördüyüm pislik qədər,
Pisim yatır içimdə.

Bir dərdə beşikçiyəm,
Evçiyəm, eşikçiyəm.
Mən özüm keşikçiyəm,
Hirsim yatır içimdə.

Özümə qəsdim yatır,
Soyuğum, istim yatır.
Qapqara tüstüm yatır,
Hisim yatır içimdə.

Yanıram içim qədər,
Öz ağrım, acım qədər.
Bir böyük suçum qədər,
Hissim yatır içimdə.

Səhərin

Gecənin soyuğu canında qalıb,
Sürüşmür əynindən kürkü səhərin.
Bu qədər soyuğun içində hələ,
Sıxır ürəyini bürkü səhərin.

Gümanla oyanır, bəlkəylə yatır,
Günəşi batırır, kölgəylə yatır.
Türküylə oyanır türküylə yatır,
Ana laylasıdır türkü səhərin.

Biri o birindən uzaqdır belə,
Anasız, atasız uşaqdır belə.
Ən yumşaq gecədən yumşaqdır belə,
Möhkəmi səhərin, bərki səhərin.

Allahdan səbir də istəyə bilmir,
Ölür, bir qəbir də istəyə bilmir.
Gecədən ömür də istəyə bilmir,
Çatmır gecəyə də ərki səhərin.

Şehlə ətirlənir şeh olur ətri,
Səmayla qorunur göy olur çətri.
Ölür axşamacan yatmaqdan ötrü,
Getmir gözlərindən mürgü səhərin.

Bağışlayıram

Daş olanın arxasınca daş atmıram,
Mən adamı adama bağışlayıram.
Salam boyda yaxşılığı unutmuram,
Əlvidanı salama bağışlayıram.

Unutmuram gecəmə səhər qatanı,
Unuduram yaşıma qəhər qatanı.
Ömrümə acı verib, zəhər qatanı,
Bircə şirin kəlama bağışlayıram.

Çox görmüşəm, gedən bir gün gələr, gələr,
Neçə ürək ağladanlar gülər, gülər.
Mən dünyada nələr gördüm nələr, nələr,
Mən nələri balama bağışlayıram.

Dərdim dönüb qalaq-qalaq kitablara,
Ömrüm dönüb qədəh-qədəh şərablara.
Dözməz idim bu dağ boyda əzablara,
Mən özümü anama bağışlayıram.

Dövrüdür

Çiynimdə məzar qazılır,
Saçımın şəhid dövrüdür.
Bir az ürəyim döyünür,
Hələ ki, ümid dövrüdür.

İndi ömrüm alaçıqdır,
Qəm yağıb palçıq-palçıqdır.
Hissimin gözü açıqdır,
Dilimin kilid dövrüdür.

Ölüm var zülüm dəyişir,
Ömür var ölüm dəyişir.
Neyləyim, çölüm dəyişir,
İçimdə keçid dövrüdür

Yatan vaxtıdır

Gecə qorxur səs etməyə,
Sabahın yatan vaxtıdır.
Bir sabahda min ümidin,
Pənahın yatan vaxtıdır.

Gecənin gül qoxusunda,
Bir az sabah qorxusunda.
Günahkarın yuxusunda,
Günahın yatan vaxtıdır.

Ömrün donmuş qışa dönən,
Yuxunun yaddaşa dönən.
Həm cəsədin daşa dönən,
Həm ruhun yatan vaxtıdır.

Bulud yorğan, duman bələk,
Laylasını çalır mələk.
Dünya yellənir beşik tək,
Allahın yatan vaxtıdır

Söykənən yeri

Yıxılmaz bu sevgilərin,
Ürəyə söykənən yeri.
Yerə dəyməz yağışların,
Küləyə söykənən yeri.

Ömrü bitməz qəbirlərin,
Qəbir qədər səbirlərin.
Olmaz tənha ömürlərin,
Bəzəyə söykənən yeri.

Ömrü yaz olar yarpağın,
Üstü qan olar bayrağın.
Şəhid bitirər torpağın,
Kürəyə söykənən yeri.

Göy dünyanın, su dünyanın,
Bu dünya da o dünyanın.
Dayağıdır bu dünyanın,
Fələyə söykənən yeri.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930