Azərbaycançılıq ideologiyasının banisi – Bəxtiyar Vahabzadə

Azərbaycan ədəbiyyatının, dramaturgiyasının, poeziya elminin görkəmli nümayəndələrindən biri də Xalq şairi Bəxtiyar Vahabzadədir.
Şairin yaradıcılığında azərbaycançılıq elementləri, ana vətənə sonsuz sevgi, Azərbaycan dilinin mübariz mühafizəçisi, onun keşiyində duran, onu yorulmadan təbliğ edən və böyük bir ədəbi irs yaradaraq bizə yadigar qoyub getmiş, ədəbiyyatımızda böyük bir zirvəni fəth etmişdir.
Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə öz əsərlərinin fikir və məna tutumuna, ideya-məzmun silqətinə daim diqqət yetirmişdir. Digər ədəbi növlər kimi, poeziyanın “dönəmin siyasi və sosial şərtləri ilə birbaşa əlaqəli olması” Bəxtiyar Vahabzadənin yaradıcılığında da özünü aşkar şəkildə büruzə verir. Şairin istiqlal poeziyası, vətənpərvərlik motivləri istər forma, istərsə də məzmunca xalqa bağlıdır ki, bu cəhət onun yaradıcılığına sözün geniş mənasında xəlqilik keyfiyyəti aşılamışdır. Xəlqilik şairin yaradıcılıq dünyasının bütün sferalarında bu və ya digər şəkildə özünü göstərməkdədir.
Xüsusilə, bunu şairin poetik üslubunda aydın müşahidə etmək mümkündür. Belə ki, müəllifin üslubu xalq danışıq dilinin bütün zənginliyini, sadəliyini və aydınlığını ehtiva etməkdədir. Bəxtiyar Vahabzadə yalnız öz doğma vətənində deyil, bütün türk dünyasında tanınan, sevilən qüdrətli qələm sahiblərindən biridir. O, öz dövrünün siyasi rejiminin ən mürəkkəb, amansız dövrlərində yaşayıb-yaratmış, son dərəcə zəngin ədəbi irs qoyub getmişdir. Milli dövlətçilik uğrunda mübarizənin ön sıralarında gedən mütəfəkkir şair Azərbaycanın müstəqillik əldə etməsindən sonra yaradıcılığını davam etdirmiş, istiqlal poeziyasının bir sıra dəyərli örnəklərini yaratmışdır.
Azərbaycançılıq, vətənpərvərlik, cəsarətlilik, milli-birlik, şimal-cənub ideyalarının ədəbiyyata daha cəsarətlə gətirilməsində B.Vahabzadənin xidmətləri danılmazdır. Poeziya ona yalnız “İstiqlal” adlı ünvana, mənzil başına aparan cığır, yol kimi lazım olur. Daha doğrusu, millətin azadlığını milli poeziyanın böyük idealına o illərdə hamıdan çox Bəxtiyar Vahabzadə çevirir. Cənub dərdi bir çox şairlərimizin yaradıcılığında nisgilli bir mövzu kimi ara-sıra anılsa da, məhz B.Vahabzadə bu mövzunu “Gülüstan” poemasında iki imperiyaya qarşı ittiham hökmünə çevirərək, xalqımızın ən böyük dərdini ortaya qoymuşdur. 
Bəxtiyar Vahabzadənin poetik yaradıcılığında Güney Azərbaycan probleminin mühüm yer tutması bir sıra səbəblərlə bağlıdır. Hər şeydən əvvəl, şair bir vətəndaş kimi doğma xalqının və Vətənin ikiyə parçalanmasına etiraz səsini ucaltmaq məramını izləmişdir. Şairin güclü qələmindən ox kimi çıxmış, yaradıcılığının möhürü sayılan “Gülüstan” poemasından bəhs edərkən, vətənpərvər şair vətənimizlə fəxr edən, onun acısını, əzabını öz dərdi, can yanğısı və ürək çırpıntılarını hər bir oxucusuna hiss etdirmişdir. Digər tərəfədən şair sovet siyasi rejiminin ən sərt dönəmlərində milli istiqlal problemini aşkar şəkildə qaldırmaq üçün məhz bu mövzunu seçmişdir. Ötən əsrin sonlarında bu rejimin çöküşü fonunda yaranan Dağlıq Qarabağ problemi şairin yaradıcılığında yeni bir səhifə açmış, milli istiqlal ideyasının özünəməxsus tərzdə ifadə olunmasını şərtləndirmişdir. Həmçinin bu kontekstdə müəllif axtarışlarının mövzu hüdudlarını genişləndirmiş, əsərlərini yeni keyfiyyət və çalarlarla zənginləşdirmişdir.
Şairin “Vətənin keşiyində”, “Durnalar”, “Azərbaycan əsgəri”, “Azərbaycan”, “Hələ günahkarıq”, “Şəhid anası”, “Vətən”, “Gülüstan”, “Şəhidlər”, “İstiqlal” və adını çəkmədiyimiz onlarla başqa şeir və poemaları vətənpərvərlik mövzusunda yazılmışdır.
Bəxtiyar Vahabzadənin poeziyasında vətənpərvərlik motivlərindən bəhs etməzdən əvvəl, bu mövzunun ədəbiyyatın tədrisində tutduğu aparıcı rol haqqında məlumat vermək yerinə düşərdi. Belə ki, istər universitet, istərsə də məktəb qarşısında duran ən başlıca məsələlərdən biri də təlimlə tərbiyənin vahidliyini təmin etmək, gənclərə elmlərin əsasını öyrətməklə bərabər, həm də onların fəal ictimayətçi, ideya cəhətdən sağlam, vətənpərvər və mətin nəsil kimi böyüməsinə, formalaşmasına nail olmaqdan ibarətdir. Odur ki, gənclərin, eləcə də məktəblilərin dünyagörüşlərinin formalaşması ideoloji işimizin diqqət mərkəzində duran məsələlərdən biridir. Gənclərin elmi dünyagörüşünün formalaşmasında ictimai elmlər, o cümlədən ədəbiyyat çox iş görə bilər və önəmlidir. Belə ki, ədəbiyyat cəmiyyət hadisələrini dərk etməkdə, obyektiv aləmin sirrlərini öyrənməkdə, vətənpərvərlik ruhunda yetişmələrində gənclərə yaxından kömək edir, onların həyat haqqındakı bilik və təsəvvürlərini genişləndirir, tamamlayır. Vətənpərvərlik hisslərinin aşılanmasında humanitar fənnlər, eləcə də ədəbiyyat daha geniş imkanlara malikdir.
Bəxtiyar Vahabzadənin yaradıcılığında ictimai-siyasi, vətənpərvərlik mövzusunda qələmə alınan şeirlər maraq doğurur. Bu tipli şeirlər onun yaradıcılığında istər məzmun, istərsə də forma kamilliyi baxımından əhəmiyyətli yerlərdən birini tutur. Şairin elə bir əsəri yoxdur ki,orada Azərbaycan torpağının isti nəfəsi, təravəti duyulmasın, qəhrəman xalqımızın mübarizə əzmi, qurub yaratmaq eşqi, humanist hissləri, gələcəyə olan inamı yüksək poeziya dili ilə bədii şəkildə əks olunmasın.
Dönsün həqiqətə ehtimal,güman,
Yer ilə səmanı qarışıq salım.
Zülmətə nur saçan xəyallarımdan
Vətən torpağına bir işıq salım.
AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin Bəxtiyar Vahabzadənin poeziyasının “müasir poetik şüurun tərkib hissəsinə çevrilməsi” ilə bağlı mülahizəsi, şairin əsərlərinin bədiilik aspekti ilə yanaşı, yaradıcılığının vətənpərvərlik və vətəndaşlıq məramından qaynaqlanır. Çünki şeirin “müasir poetik şüurun tərkib hissəsinə çevrilməsi” üçün onun vətənpərvərlik amalına söykənməsi mühüm şərtlərdən biridir. B.Vahabzadənin poetik əsərlərində vətənpərvərlik və vətəndaşlıq amalı bədii-estetik düşüncənin mühüm komponentlərindən biri rolunda çıxış etməkdədir. B.Vahabzadənin fikrincə, “Dünyanın ən böyük dahiləri, ədəbiyyat və sənət xadimləri ən gözəl əsərlərini vətənə həsr etmişlər”. Şairin vətənpərvərlik ruhunda qələmə aldığı şeirlərində vətənpərvərlik və vətəndaşlıq duyğuları təkrarsız şəkildə bədii təcəssümünü tapmışdır.
“Həyatı boyu Vətən, millət, azadlıq və istiqlal arzuları ilə yazıb-yaratmış” şairin fikrincə, vətəndaş olmaq “vətənə güvənməklə”, xalq, millət qarşısında “cavabdehliklə”, torpağı, yurdu təmənnasız bir məhəbbətlə sevməklə, torpaq uğrunda ölməyi bacarmaqla mümkündür. Şairin “Müxalif” adlı şeirində vətənpərvərliklə bağlı ciddi bir məqama toxunulmuşdur. İqtidar-müxalifət məsələsini əsərin bədii obyektinə çevirən müəllifin fikrincə, Vətənin taleyinə münasibətdə heç bir fikir ayrılığına yol verilməməlidir. Ədib belə bir həqiqəti aşılamağa çalışır ki, Azərbaycan hamımızın ortaq Vətənidir və yurdun taleyinə münasibətdə ikili yanaşma olmamalıdır. Çünki yurdumuza göz dikmiş düşmən iqtidarı, yaxud müxalifəti hədəfə almamışdır, onun əsas niyyəti doğma torpaqlarımızı qəsb etməkdir. Belə olan təqdirdə iqtidar-müxalifət məsələsini bir kənara qoymalı, bütün gücü, qüvvəni ümumi düşmənə-erməni işğalçılarına qarşı yönəltmək lazımdır.
B.Vahabzadə milli ruhlu, vətənpərvərlik və vətəndaşlıq qayəli əsərlərinin mühüm bir qismini sovet siyasi rejimi dövründə qələmə almışdır. Senzuranın hökmran olduğu həmin illərdə şair böyük cəsarətlə yazırdı ki, “Balalarımızı beynəlmiləlçilik ruhunda böyütmək üçün də Vətən sevgisi əsas şərtdir”. Vətənə olan bu ilahi sevgi ədibin həyat və mübarizə amalının təməlində dayanırdı. O, bu sevgini daha böyük cəsarətlə poetik əsərlərində nümayiş etdirirdi. Bəxtiyar Vahabzadənin poeziyası vətənpərvərlik və vətəndaşlıq amalı nöqteyi-nəzərindən çox zəngindir. Şairin bütün yaradıcılığından qırmızı xətt kimi keçən bu cəhət onun poetik təfəkküründə istiqlal məfkurəsinin formalaşmasında həlledici rol oynamışdır.
B.Vahabzadə yaradıcılığında azərbaycançılıq və bütöv Azərbaycan mövzusu daima öz aktuallığını qorumuş və oxucuların diqqətini özünə cəlb etmişdir. Həm şair, həm alim, həm də ictimai xadim kimi Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin inkişafına bənzərsiz töhfələr vermiş şair. özündən sonra böyük ədəbi ir qoyub getmişdir.
Şairin insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır.
Hacıyeva Könül
“Distant Bilik” Mərkəzinin müəllimi