manera.az
manera.az

Can atır canın fəda etsin o canə çoxları - Gülbala Dadaşın qəzəlləri

Can atır canın fəda etsin o canə çoxları - Gülbala Dadaşın qəzəlləri
MANERA.az "Azərbaycan qəzəli" layihəsində "Müasir Əruz Klubu"nun üzvü Gülbala Dadaşın qəzəllərini təqdim edir:

***
Bu uzun ilğımlı yol coşmaqdadır dərya kimi,
Mən də üstündə onun getməkdəyəm İsa kimi.

Çox uzaqsan sən mənə, yoxdur uzaq məndən sənə,
Çox yaxınsan sən mənə, xülya kimi röya kimi.

Aç aradan pərdəni göstər mənə öz çöhrəni,
Razıyam, qoy lap qamaşsın gözlərim Musa kimi.

Dost olub divanələrlə əqlə gəldim, amma ki,
Eylədim mən ömrümün gülzarını səhra kimi.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Can atır canın fəda etsin o canə çoxları,
Bir nəfər seçmiş oda, məlum deyil amma kimi.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Qalmadan tək, təkliyin mahiyyətin dərk eylədim,
Anladım ki, təkləyir kimlər görür tənha kimi.
​ ​ ​ ​ ​ ​ ​
Bir fikir gəlmişsə bir digər fikir getmiş Dadaş,
Hər zaman dolmuş, boşalmış başımız dünya kimi.

​ ​ ​ ​ ​ ​ ​ ​
***
Mən istəməmiş istədiyim istəki səndən,
Ol istəyə qarşı alıram dəstəki səndən.

Xoş günlərə pis günləri körpü eləyənsən,
Pis-yaxşı nə gəlsə mənə, gəlsin təki səndən.

Yüksəklərə bir-bir nəzər etdim mən aşağdan,
Çox alçaq idi onların ən yüksəki səndən.
​ ​ ​ ​ ​ ​ ​ ​
Gerçək deyiləm,gerçəyə bənzər biriyəm mən,
Gerçək də budur, öyrənirəm gerçəki səndən.

Ol qönçə açanda nəzərimdə, ona layiq,
Görmür gözüm ən yaxşı könül, dibçəki səndən.

Ən yaxşısı, ən yaxşısın ən yaxşıların gəz,​
Birdən götürər kimsə Dadaş, örnəki səndən.


***
Mən qaranlıq gecələrdən qopan ulduz kimiyəm,
Harda olsam,bu səbəbdən yenə yalqız kimiyəm.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Qanımın qaynadığı hər kəsə tez isnişirəm,
Özümə qarşı isə, çox soyuğam, buz kimiyəm.

Çəkirəm qəhqəhə dərdin üzünə,​ ağlamıram,
Dərd edir dərdi verən, zənn edir arsız kimiyəm.

Tuta bilsəm ətəyindən, gəzib-axtardığımın,​
Qopara bilməyəcəklər məni, "saqqız" kimiyəm.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Düşünürdün ki Dadaş bəlkə də ölmüş sənsiz,
Amma çox yaxşıyam, Allaha şükür, "qoz" kimiyəm.


***
Könlüm sevib​ sevilmədiyiyçün sevilmədi,​
Sevdi, sevilmədi nə səbəbdən bilinmədi.
​ ​ ​ ​ ​ ​ ​
Qəlbim dönüb daşa, onu daş eyləyən isə,
Qırmaq üçün də çox ona dəydi, bölünmədi!
​ ​ ​ ​ ​ ​ ​ ​
Aldı nişan kaman qaşı ilə, daş olmuşa,
Ard-arda qəmzə oxların atdı, dəlinmədi.
​ ​ ​ ​ ​ ​ ​ ​
Ömrün səhifəsindəki günlər sətir-sətir,
Qarə həriflər ilə yazıldı silinmədi.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Çıxdı Dadaş yola, öz-özündən çıxan kimi,
Gözdən yayındı, ani yox oldu, görünmədi.


***
Hicran qəminin vesldedir çarəsi ancaq,
Aşiqlərin ondan sağalar yarəsi ancaq.
​ ​ ​ ​ ​ ​ ​ ​
Səhrada çox aşiqlər olub, sanmayınız ki,​
Məcnun idi səhraların avarəsi ​ ancaq.​
​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Bir parəsini qəlbimin ol yarimə verdim,
Bilməm ki, nə oldu obiri parəsi ancaq.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Bəxtim belədi, dəhrdə paylansa ​ əgər bəxt,
Bəxtin mənə qismət olacaq qarəsi ancaq.
​ ​ ​ ​ ​ ​ ​ ​
Gər vəslə yetə bilməsə də, daima sazdı,
Hicran qəmi ilə Dadaşın arəsi ancaq...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123456
78910111213
14151617181920
21222324252627
282930