manera.az
manera.az

Vətəndaş şairin ədəbi səngəri - Nizami Muradoğlu yazır

Vətəndaş şairin ədəbi səngəri - Nizami Muradoğlu yazır
Sabir Rüstəmxanlı - 75

Sabir Rüstəmxanlı həm şair, həm də şəxsiyyət kimi Azərbaycan ədəbi camisində oz yeri olan ziyalılarımızdandır.

Hələ gənclik illərində qələmə aldığı “Ömür kitabı” ilə daha çox şöhrət qazanan şair, sonrakı yaradıcılığında da həmən vətəndaşlıq mövqeyini qoruyub saxlayıb, Vətənimizin istiqlalı, millətimizin xoş güzəranı naminə mübarizəsini davam etdirir.

“Ömür kitabı”nın adını elə belə çəkmədim. Müəyyən bir qisim ziyalılar var ki, (bu hamıya qismət olmur) əsərlərindən biri yazarın həyat kredosuna çevrilir.

Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması, İsmayıl Şıxlının “Dəli Kür” romanı, Məhəmməd Hüseyn Şəhriyarın “Heydər babaya salam” poeması kimi Sabir Rüstəmxanlının “Ömür kitabı” da onun bütün yaradıcılığının böyük vətəndaşlıq missiyası üzərində qurulacağının ilk və samballı göstəricisi olmuşdur. Lakin bu gün bizim məqsədimiz bu kitab haqqında deyil, şairin şeir yaradıcılığına nəzər yetirməkdir.

Xəlil Rza Ulutürk şairin 2004-cü ildə çap olunan seçilmiş əsərlərinə yazdığı ön sözdə qeyd edir ki, “Sabir Rüstəmxanlının şairlik, vətəndaşlıq keyfiyyətləri daha çox “Gəncə qapısı” (Yazıçı, 1981), “Sağ ol, ana dilim” (Gənclik, 1983), “Qan yaddaşı” (Yazıçı, 1986) şeir toplularında, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 25 aprel 1986 tarixli zəngin məruzəsində, həmən çağlarda meydana çıxmış “Ömür kitabı” əsərində aşkarlanmış və öz yaradıcısını respublikanın ədəbi elmi ictimaiyyətinə yeni söz deməyi bacaran qüdrətli qələm sahibi kimi tanıtmışdır.

İlk öncə bu qüdrətli qələm sahibi, vətəndaşlıq mövqeyi ilə seçilən şairimizin Vətən haqqındakı anlayışı ilə tanış olmağımız vacibdir. Şair deyir ki, Vətən:

“21 Azərin qanıdı”,
Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Azərbaycan Milli Hökümətinin Təbrizdə qan ilə boğulması Vətənimizin yaralı sinəsidir.

“Cavad xanın qətl yeridi”,
1804 – cü il yanvarın 4 – də rus işğalçıları Cavad xanı Gəncə qapılarının önündə qətlə yetirib şəhəri ələ keçirdi. Minlərlə insan öldürüldü, şəhər talan edildi.

“Sabirin “Fəxriyyə” şeiridi”,
Ürəyi dərd bağlayan böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin qəlbinin ahı, nisgilidir Vətən. Necə ki özü belə yazırdı:

Bir vəqt dəxi Qaraqoyun, Ağqoyun olduq,
Azərbaycana, həm də Anadoluya dolduq.
Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,
Qırdıqca yorulduq və yorulduqca qırıldıq...
Turanlılarız, adiyi-şüğli-sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!


Məhz bu dərdlərlə yaşayan Mirzə Ələkbər Sabirin dərdi bu şeiri yazanda özününkü idisə, bu gün bu dərd Sabir Rüstəmxanlının qəminə, kədərinə çevrilibdir. Öz növbəsində Sabir Rüstəmxanlı da miras kimi aldığı Vətən ağrılarını ürəyinin nəğmələri ilə sarıya-sarıya gələcək nəsillərə ötürür.

Rüstəmxanlı bəndin sonunda yazdığı “Dağları dumanda itən - Vətən... Vətən!” deyərkən bir tərəfdən vətən dağlarının ucalığını göstərirsə, digər tərəfdən ifadənin alt qatında vətənin üstünü saran rus, fars işğalının ağır nəticələrini açıqlayır.

Bu, həmən vətəndir ki, M.Ə.Sabir kimi şairini sabun tiyanının arxasında öldürür, satılmayan əsərlərinin acı taleyi ilə barışan “Hadinin şeir bazarıdı”, qürbətdə haray çəkən “Füzulinin məzarıdı”, Azərbaycanı bir gözələ bənzədəndə “Araz hörüyündən kəməndə düşmüş Sevildi”, Nəsiminin qürbətdə diri-diri dərisi soyularkən dünyanı lərzəyə salan “Ənəlhəq harayıdı”, erməni tapdağında qalan “Ələsgərin sazıdı”.

Bu, bizə mərd, igid oğulları misri qılıncı ilə Çənlibeldə iz qoyan, yadigar qalaları əmanət qalan, “ oğlu - Şah İsmayıl Xətayi adlı” igidi, bir də “Heydərbaba” yazılmış şirin dili ilə bəxş olunmuş Vətəndir. Bu Vətən Azərbaycandır:

Azərbaycan!
Ruhu kimi yolları ulu!
Azərbaycan!
Qəlbi kimi yolları geniş!

Bu Vətənin hər qarış torpağı müqəddəsdir. Bu müqəddəs torpağı tapdalamağa, düşmən caynağına verməyə heç kimin ixtiyarı yoxdu. Bu torpaq üstündə minlərlə igidlərimiz şəhidlik məqamını seçib şirin canlarından keçiblər. Məhz Sabir Rüstəmxanlının da “Bir qarış Vətən torpağı” şeirində bu müqəddəs hiss vətəndaş idrakında təcəssüm edir.

Şeirdə göstərilir ki, azğın düşmən bütün etik normaları pozaraq müharibə hazırlığı görür, elçilərini yerli hökmdarın yanına göndərərək ondan atını, yarını hədiyyə etməyi tələb edir. Əks təqdirdə, müharibəyə başlayacağı ilə hədələyir. Hökmdar heç düşünmədən atını və yarını qonşu ölkənin hökmdarına göndərir ki, təki müharibə olmasın, nahaq qan tökülməsin. Lakin azğın düşmən əkilib biçilməyən “gərəksiz” bir parça da torpaq istəyir. Bu məqamda hökmdarın cavabı :

Dedi: - “Ey düşmənlərim,
Döyüşə hazıram mən!
Mənim özümün idi –
Qurban verdim atımı,
“hədiyyə” getdi yarım...
Ancaq torpaq verməyə
Mənim nə ixtiyarım?..

Daha sonra hökmdar qılıncını sıyırıb bir qarış torpağın uğrunda müharibəyə başlayır. Şairin qənaətinə görə Vətən yolunda yardan da, atdan da, var-dövlətdən də keçmək olar. Lakin torpaqdan keçmək olmaz, torpaq namusdur, torpaq babalarımızın ruhunun uyuduğu müqəddəs məkandır. Torpaq məsələsi qeyrət, şərəf məsələsidir.

...Sıyırdı qılıncını
Özü getdi qabağa.
Yurdun ot bitirməyən
Bir qarış torpağıyçün
Vətən qalxdı ayağa!

Bu hiss “Qan yaddaşı” ilə gələn bir duyğudur. Bu hissin daşıyıcıları yaşadıqca bu Vətən torpağı da nə zamansa buraxılmış səhvlərin nəticəsi kimi paramparça olsa da, birləşəcəyi gün uzaqda deyil. Dərdbənddən Kərkükə qədər sərhədlərinin hər qarışında doğulan uşağında bu hiss yaşayır. Bu gün Bərdədə Nüşabə qalasının yanında genetik olaraq qanıyla gələn, özünün də hələ bilmədiyi balaca oğlan uşağının oxuduğu qədim mahnı zamanı gəlincə Dədə Qorqud yurdunun bütün sərhədləri boyunca alplar tərəfindən oxunacaqdır. O uşaq özü də gələcəyin alp igidi olaraq oxuyurdu:

İçəridən gələn səs
Ona “oxu” deyirdi.
Qəhrəman bir torpaqdan
Gələn qəhrəman həvəs
Al əlinə bu yayı,
Vur bu oxu deyirdi.

Vətəndaş şairin ədəbi səngəri - Nizami Muradoğlu yazır
Sabir Rüstəmxanlının poeziyası xalqın mənliyi, özünüdərki, keçmişinin işığında gələcəyinə yol açan mübarizələrlə dolu fikir təlatümlərinin şahə qalxan dalğalarını xatırladır. “Şairlik nəyimə gərəkdir mənim?” şeiri ilə Sabir Rüstəmxanlı qan yaddaşının diqtəsini dilə gətirib göstərir ki;

“Araz” kəlməsidir, “can” kəlməsidir
Mənim damarımdan qan kimi axan.
Tarixə çox qurban verdim, bəsidir
Qurbanlıq düşməyir məğrurluğumdan.


Tarix boyu verdiyimiz qurbanlar nə qədər çox olsa da, milli şüurumuz öz yerindədir, milli qürurumuz sınmamış, əzəmətini saxlayır və heç vədə düşmənin qarşısında əyilməyəcəkdir. Şairin şeirlərində bu duyğu qırmızı xətt kimi keçir, bizə 800(səkkiz yüz) il bundan öncə Gürcüstana aparılmış Gəncə qapılarını görəndə şairin keçirdiyi hissləri yaşadır.

Salam, Gəncə qapısı,
Qürbətdəki qardaşım.
Salam, duzum, çörəyim,
Poladlaşan göz yaşım!
Əllərimin izini
itirməmiş qar, yağış.
Həsrətli gözlərimsən! –
Düz səkkiz əsrdi ki,
Qapandığın olmamış...


Xalq hərəkatının öncüllərindən olan şairin bütün yaradıcılığı azadlıq mübarizəsinin tərənnümü, vətən dərdi ilə süslənmiş nəğmələr çələngini xatırladır.

Akademik İsa Həbibbəylinin şair haqqında dediyi bir epizodu xatırlamaq yerinə düşür: “Sabir Rüstəmxanlı sənətdə də, həyatda da, özünün etiraf etdiyi kimi “bəyaz axına” qoşulmuşdur. Şairin fikrincə, “tarix küləklərinin hardan-hara əsdiyini duyan” ədəbiyyat ilk növbədə xalqı qaranlıqdan işığa, əsarətdən ağ günə çıxarmağa bələdçi olmalıdır”.

Məhz Sabir Rüstəmxanlı bu düşüncənin məhsulu olan şeirləri ilə yaddaşlara vətəndaş şair kimi daxil olubdur. Təbriz həsrəti, cənubi Azərbaycan problemi şairin narahat duyğularının mərkəzində yerləşir. Bir gün şair bütün ömrü boyu həsrət çəkdiyi Təbrizə qədəm qoyur.

Bu görüşü dərdə dərman bilmişdim,
Həsrətinlə çox ağlayıb gülmüşdüm.
Ayağına bir qış günü gəlmişdim,
Ey qar altda ürəyi yaz Təbrizim,
Çörəyi bol, qisməti az Təbrizim!


Şairin Təbriz həsrətinə bir nöqtə demək mümkün olmasa da, bir vergül qoyulur. Amma o da məlumdur ki, şairin arzusu Təbrizi belə görmək deyil, şair Təbrizi Bütöv Azərbaycanın mərkəzi kimi görmək istəyir. “Azadlığın ilk səngəri Təbrizim” deyərkən şəhəri burada yaşayan, mübarizə aparan insanlar üçün “tarixlərin şah əsəri” adlandırır.

Bakı Səndən, Sən Bakıdan ummada,
Donuq qanlar özgədən qan ummada!
Ümid yoxdu bu dünyadan ummada,
Yıxıq könlüm sən özün qur, Təbrizim,
Zaman keçir, ayağa dur, Təbrizim!

Rüstəmxanlını ümidi Təbrizədir, inanır ki, şair oğlunun və minlərlə mücahidin səsinə cavab verməli olan şəhər bir gün ayağa qalxıb qollarına vurulmuş qandallardan azad olacaqdır. Bu azadlıq arzusuyla yaşayan mücahidlərin içərisində qəhrəman qızlarımızın obrazı da Sabir Rüstəmxanlının şeirlərində yer alıbdır.

Şair “Ölümün görüşünə gedən qız” şeiri ilə gənc ömrünü Azərbaycanın azadlığı yolunda fəda etmiş Vətən qızının mətin iradəsini gözlərimiz qarşısında sərgiləyir. Rüstəmxanlı bədii cəhətdən mükəmməl olan və güllənin gənc bir qızın sinəsindən dəyib al qanına qəltan etməsini tamam başqa tərzdə, yeni bir obrazda göstərməyə nail olmuşdur. Şeirin qəhrəmanı - yaxasına əl dəyməmiş bakirə qızın döşlərinin arasından dəyən güllə yarasından axan qırmızı qan orada açılan qızıl gülləri xatırladır.

Şəhid olmuş qızın üzündə bir səadət nuru görünür, çünki azadlıq axtaran qızın bu yolda şəhid olması ona xoşbəxtliyi qədər əzizdir:

Heç kimin açmadığı yaxanı güllələr açıb,
Qönçə döşlərinin arasında açılıb qızıl güllər.
Ancaq üzün xoşbəxtdi...
Yarıyumulu gözün
öz əhdinə yetən tək
yenə duyğulu, gülər...
Açmısan öz sinəni yurdun azadlığına,
Süngünün öpüşünə,
güllənin dodağına!


Sabir Rüstəmxanlı özü kimi vətəndaşlıq mövqeyini daim qoruyub saxlayan zindanlara düşməsinə, oğlunu Qarabağ savaşında şəhid verməsinə baxmayaraq, vüqarını heç vədə sınmağa qoymayan, bir ulu şairimz - Xəlil Rza Ulutürkün ölümündən təsirlənərək yazdığı mərsiyə ilə dünyaya bir mesaj veribdir:

Qırx il öz kəfənini boğazında daşıdın,
Sinəni səngər etdin, səngərlərdə yaşadın.
Sən mənə dost deyildin, qanı bir qardaş idin!
Masası ocaq daşı, yol daşı, Xəlil Rza,
Nəsiminin, Cavidin yoldaşı Xəlil Rza!

Sonda onu da qeyd edək ki, Sabir Rüstəmxanlı özü də kəfənini boynunda daşıyan, Vətən üçün vətəndaş qeyrətini ortalığa qoymağa hazır, Azərbaycanın bütövlüyü, tarixi sərhədlərimizin bərpası yolunda mübarizəni ali məqsəd kimi seçən, hər an, hər dəqiqə şəhadət şərbətini içməyi arzulayan döyüşçü – vətəndaş şairdir.

Bu vətəndaş şairin od-alov püskürən şeirlərinin toplusu bir qalanı xatırladır. Bu qalada vətəndaş - döyüşçü şair ədəbi səngərini əbədi olaraq qurubdur.

Sabir Rüstəmxanlının yaradıcılığı bir məqaləyə sığan deyil. Şairin poemaları, filmləri, cild-cild kitabları haqqında çox yazılıb, bundan sonra da yazılacaqdır. Biz sadəcə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının vətəndaş – şair mövqeyindən bir neçə epizoda nəzər yetirdik.

Can sağlığı diləyi ilə uğurlar olsun, şair!
75 yaşın mübarək olsun!

Nizami Muradoğlu
filologiya elmləri doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31