Eluca Atalı - İnsan dəyişməzsə, dünya dəyişməz

MANERA.AZ Təranə Musayevanın İsveçdə yaşayan həmyerlimiz yazıçı Eluca Atalı ilə müsahibəsini təqdim edir.
1. Səni uzun illərdir tanıyıram, nə qədər vətənpərvər biri olduğunu bilirəm. İllərdir Azərbaycandan kənarda yaşamaq çətin olmadı? Nədən güc aldın? Necə yaşadın?
Cavab: Yaşamaq harda asandır? Baxsan, hər yerdə çətinlik var, amma Vətəndən uzaq yaşamaq insan üçün ikiqat çətin olur; çünki doğmalarından uzaq olursan ilk öncə, alışdığın vərdişlərdən vidalaşmalı olursan. Bunu bir ştrix kimi "Nalşəkilli mühasirə" kitabımda vermişəm, Andranikin Türkiyədə qazandığı vərdişlərdən əl çəkə bilməməsi kimi. Bilirsən ki, yazar əsərində öz həyat təcrübəsini xərcləyir! Əlbəttə, qazandığın vərdişlərdən vidalaşmasan yaşamaq daha ağır olur və bir qədər də şizofren kimi görünürsən. Qürbətdə olarkən bəzən iki dünya üz-üzə durur insanın həyatında: yeni və köhnə dünya. Və ya belə ifadə edək, sanki yenidən doğulursan və hər şeyin dilini öyrənmək məcburiyyətindəsən. 19 ildir İsveçdəyəm, məni “düşməyə” qoymayan əqidəm oldu və ana dilində yazıb, oxumağı bacarmağım. Mən qürbətdə özümü ilbiz kimi hiss edirəm. İlbiz öz evini – vətənini daim kürəyində gəzdirir. Təhlükə olanda ona sığınır, qoruyucusu olan bir yükü daim özü ilə saxlamağa borcludur. Mən Vətəndən çıxsam da, Vətən məndən çıxmadı. Onu içimdə qorudum, o mənə dayaq oldu. Əqidəmsə bildiyin kimi, Asifçilikdir. Ata deyir: "Vətən dünyadan genişdir, bu səbəbdən də insan dünyaya sığmır, Vətənə sığır." Bu illər ərzində İsveç dilini öyrəndim, yaradıcılıqla ciddi məşğul oldum, bunu sənə demək artıq olar, çünki sənlə müntəzəm əlaqəmiz olduğundan artıq bilirsən bu illər ərzində nələr yazmışam. Amma onu da deyim ki, yeni ədəbi ifadələr öyrənməkdə İsveç ədəbiyyatını oxumağım yardımçı oldu və həm də qərb-şərq mədəniyyətinin, ədəbiyyatının toqquşduğu nöqtələri öyrənə bildim.
2.Toqquşma kəlməsinə diqqət edək?
Cavab: Edək. Amma hansı mənada sənin diqqətini çəkdi, lütfən, bunu de.
3.İndiki söhbət ədəbiyyatdan gedir, o zaman deyə bilərsən Qərb və Azərbaycan ədəbiyyatında üst-üstə düşməyən hansı təzadlar var?
Cavab: Təzadlar çoxdur, həm də köklü təzadlar var. Bu mentalitetdən, cəmiyyətdə yaranmış ölçüdən də irəli gəlir. Diqqət etmisənsə, Azərbaycan ədəbiyyatında, ümumən, şərq ədəbiyyatında "Gündəlik" janrı yoxdur. Qərb ədəbiyyatında bu güclü şəkildə inkişaf edib. Gündəlik janrına müraciət edən ən çox qadınlar olub, çox zaman da bunu avtobioqrafik əsərə çeviriblər. Bizdə isə bu alınmır. Qadın yazarlarımızın əsərlərini yaradıcılıq baxımdan təhlil edin. Adama elə gəlir bu əsəri kişi yazar yazıb, ordan qadınlığı hiss etmək mümkünsüzdür. Çünki insan yazanda öz iç dünyasını təhlil edib yazır. Amma bizdə qadın yazarlar yazan zaman öz iç dünyalarını gizlətməyə çalışırlar ki, yaxınları oxuyanda ona necə qiymət verəcəklər. "Mən və başqaları", "Mən və cəmiyyət" ölçüsü bizim yazarlarda daha güclüdür. Bu da özünü təhlilə imkan vermir. Banin "Qafqaz günləri" və "Paris günləri" avtobioqrafik romanlarını Dilbər Axundzadənin "Müşfiqli günlərim" əsəri ilə müqayisə edin. Banin hər iki əsərdə hər şeyi öz adı ilə səsləndirməyi bacarır. Nədən? Çünki fransız oxucusu onu oxuyanda Banin bir insan kimi onun gözündən düşməyəcək. Dilbərsə tam cəmiyyətə uyğun yazır, hər şeyi ehtiyatla, ütülənmiş kəlmələrdən geninə-boluna bəhrələnərək. Təbii ki, kim onun yerinə olub başını salamat saxlamaq istəsəydi, belə etməli idi. Müşfiqin ölümünü belə "öldü" yazır, "öldürüldü" yaza bilmir. Həqiqətdə isə ərinin öldürüldüyünü bilir...
Cəmiyyət, senzura yaradıcı təfəkkürünü şikəst edir. Əlbəttə, yaradıcı bu ölçüyə özünü uyğunlaşdıranda şikəst olur.
4. İllərdir davam edən Qarabağ sorunumuz, Qarabağ dərdimiz vardı, sən daha çox Təbriz dərdindən yazdın. Necə oldu içində yaşadığımız, Azərbaycanın həmən-həmən hər ailəsinə bu və ya digər şəkildə toxunmuş Qarabağ savaşını bir yana qoyub bir növ küllənmiş Cənubi Azərbaycanla bağlı dərdlərimizi yazıya tökdün?
Cavab: Bu fikrinlə razılaşmayacağımı öncədən bildirmək zorundayam. Nəinki Qarabağ, Kərkük, Doğu Türküstan, Güney Azərbaycan, Özbəkistan, Qırğızıstan və ümumən türk dərdindən yazmışam. Qarabağ olayları ilə bağlı "Tiqranizm Xocalıda" kitabım 2016-da yayımlandı, Azərbaycan Elmlər Akademiyasında "İlin kitabı" elan edildi və iki dəfə Azərbaycanda, iki dəfə Türkiyədə yayımlandı, "Nalşəkilli mühasirə" yenə də Anadolu cəbhəsindən tutmuş Naxçıvan soyqırımını özündə əks etdirməklə, Zavux dərəsində Andranikin qoşununu Sultan bəyin süquta uğratmasından bəhs edir. Azərbaycan və Türkiyədə yayımlandı 2019-cu ildə. "Açılmayan güllə" monotamaşası Qərbi Azərbaycan olaylarını da içinə almaqla Xocalıdan sonra yaşananları əks etdirir. "Savaşda qalib yoxdur" romanını Xocalı olayından sonra işini, ailəsini şəhərdə buraxıb Xanlar könüllü dəstəsində cəbhə yolu keçmiş Elli Atayurdun döyüş gündəliyi əsasında yazdığım roman var. "Nənəmin dronu" povestini ikinci Qarabağ savaşına həsr etmişəm. Onlarla məqalə və müsahibələrim, görüşlərim, adını çəkdiyim kitabların dünyanın müxtəlif ölkələrində təqdimatları, radio və tv proqralarını, orta məktəb, gimnaziya, universitetlərdə, partiyalarda, təşkilatlarda təqdimatlarını nəzərə alsaq, gücüm yetdikcə Qarabağ məsələsini təbliğ etmişəm. Bir dəfə saydım yalnız "Tiqranizm Xocalıda" kitabı ilə bağlı 50-dən yuxarı proqramım olub.
Gələk Güney Azərbaycan məsələsinə, ümumən, Bütöv Azərbaycan dərdimizə tərcüman olacaq "İran Hizbullah zindanında" 4 kitabdan ibarət romanı yazmaqla istədim 40 milyon insanın yaşadıqlarını hər kəs bilsin, öyrənsin. İnqilabın öz övladlarını yediyini, inqilabın insanı aldatdığını hər kəs dərk etsin.
5. Xaricdə yaşayıb yazan az sayda Azərbaycan yazıçısından birisən. Layiqincə görünmədiyinin fərqindəsən? Nədən bu qədər çalışmanın qarşısında səni görməzlikdən gəlirlər?
Cavab: Yaxında olan böyüklüyü görməmək kimi bir göz xəstəliyi var, təəssüf ki, oftamoloqların sağaldacağı bir xəstəlik deyil bu. Yazarlar iki cür olur: zəmanəyə sığınanlar və zəmanədən üstə olanlar. Tarix boyu belə olub və nə heyf ki, bu "ənənə" davam etməkdədir. Füzulinin salamını almayanlar onun müasirləri deyildimi? Bu gün Füzuli yaşasaydı, yenə sosial yardım verməyəcəkdilər. Füzuli dövründə 500 şair vardı, biz onlardan hansılarını tanıyırıq? XVI əsr Azərbaycan ədəbiyyatı deyəndə “Füzuli və başqaları” deyib təhlil edirik. Hegelə çalışdığı universitetdə uzun müddət professor titulu verilməyib, baxmayaraq, fəlsəfəyə yeni baxış gətirib, universal biliyə malik bir alim olub. Eləcə də Asif Ata. İşdən çıxarıldı, əsərlərinin çapına qadağa qoyuldu, təqiblərə məruz qaldı və s. Amma yaratdı, bu gün də əsərləri oxunur, yolu davam edir. Çünki yaradıcılığını sabaha hesablayıb zamanını aşa bildi. Özü bir müsahibəsinin içində durumunu belə ifadə edirdi: "Özümü lilleputlar içində Qüllever kimi hiss edirəm". Nə qaldı Həsən Şirəliyevdən, Fuad Qasımzadədən, akademik kimi adı bir zaman qulaqlarımızı yadar edən Afrasiyab Daşdəmirovdan nə qaldı? Öldülər, torpaqla bir oldular, sanki bu adamlar heç yoxmuşlar. Yazdıqları hamı təkrar, “o dedi”, “bu dedi” ifadələrlə doludur. Yaradıcılıqda özü olmaq böyük söhbətdir, bunu hər yaradıcı bacarmır. Bir də qarışqa yazıqdır filin yükünü çəksin. Qaldı mənə, mən özümü zaman daxili yazar hesab etmirəm. Mənim yazdığım "Ənqa quşu"nu bugünkü yazarlardan kim yaza bilər? Bu əqidənin bədii təsviridir, gərək sənin əqidən olsun ki, sən bunu yazasan da. Dediyim kimi, bu məsələdə qəti naşı olmaq olmaz. Guya Nəsimi dirilsə, bu günkülər onun dərisini soymazlar? Hamımızın tanıdığı parlaq qələm sahiblərindən biri "İran Hizbullah zindanında" kitabımın ZOOM üzrə beynəlxalq müzakirəsində olduqdan sonra mənə zəng etdi ki, “sən cəsarət sahibisən bu boyda kitabı yazmısan. Mən Güneylə bağlı bir şeir yazmışdım, Elmlər Akademiyasında tanınmış bir professorun adını çəkdi (adını yazıb hallandırmaq istəmirəm, lazım gəlsə, sənin qulağına pıçıldayaram), 80-dən yuxarı da yaşı var, dedi, ona oxudum. O da dedi, bunu çap etdirmə, başın ağrı çəkər." Bax, zəmanə adamı dediyin budur, sözünü deməyə qorxur, düşündüyü ilə etdiyi arasında təzad var. Yaşı 80-i ötmüş "ziyalı"nın itirəcəyi nəyi var ki, qorxur? Ziyalısı qorxaq olan xalq artmaz. Artmayansa, azalır! Əsl yazar zəmanəsindən özünə dayaq axtarmaz, savaşmağı bacarmalıdır. Səni başa düşmürlər deyə, bir dərdin olmamalıdır. Sən özün özünü anlayırsanmı? Kimliyini dərk edirsənmi, yetər!!!
6. "Ənqa quşu" əsərinin adını çəkdin. Eşitdim bu əsəri Özbəkistan sənətşünası Boltaboy Bekmetov "Zəmanənin şah əsəri" adlandıraraq bütün Özbəkistan səhnələrinin oynamasını məsləhət görüb.
Cavab: Elədir. Pyesi özbək dilinə Fəridə Zahidova tərcümə edib, artıq 2 teatr götürüb, radioda oxunub. Fəridə çox istedadlı tərcüməçidir, anası jurnalist, atası ərəbşünas professordur Daşkənd universitetində, babası da jurnalist, şairdir. 90-dan yuxarı yaşı var. Yəni, sırf yaradıcı ailədən gələn bir tərcüməçidir. Özbək ədəbi mühiti ilə video görüşlərim çox olur, bir-birimizin əsərlərini dinləyib fikir mübadiləsi edirik.
7. Bildiyim qədər, səni AYB-nə üzv etməyiblər.
Cavab: Etməmişdilər, qovluğumu bir kənara qoyub, bu üzv olunmayacaq qərarını vermişdilər. Anar müəllim 12 nömrəli Fəxri üzv vəsiqəsini mənə İsveçə göndərib.
8. Səncə, bunu kim edib?
Cavab: Kimin etdiyinin mənim üçün heç bir fərqi yoxdur, nə çox lilleputlar... Hər yerdə əl-ayağa dolaşırlar.
9. “Yazar zəmanəsinın yetimidir” fikrin mətbuatda hallanır. Elə isə səncə, nə zaman yazar zamanının yetimi olmaqdan qurtulacaq?
Cavab: Əsl yazar yetimlikdən heç zaman qurtulmayacaq. Söhbət həqiqi yazardan gedir, onlar özlərinə ata olurlar, ana olurlar, kimsə onların qayğısına qalmaz. Özləri özlərini doğurlar və tərbiyə edirlər, təbii ki, əqidələri ilə, ideyaları ilə. Belələri tarixdə azdır, barmaq hesabıdır. Zəmanə yazarı çoxdur, zamandan üstün olan yazar azdır. Mən az olan o yazarları həqiqi yazar hesab edirəm. Yoxsa mükafat, ad-san xatirinə yazan, populyarlaşmaq üçün dəri-qabıqdan çıxanlar var, onlar hər gün doğulurlar, lakin onlar yaşamırlar. Yazarlıq yetməz yalnız istedadlı olasan, həm də əqidəli olacaqsan, öz yolun olacaq, cəsarətli olacaqsan. Sən mənə nə qədər belə yazar saya bilərsən tanıdıqların içində?
Bir gün Amadeus Motsartla Antonie Salyeri iki bəstəkar yol getdikləri zaman uzaqdan kralın karetası görünür. Bu zaman Salyeri başından şlyapasını çıxarır. Motsart ona deyir, – “sən düz etmirsən. Biz ona yox, o bizə təzim etməlidir. İzah edir ki, krallar zamanın hakimidirlər, sənətkarlar isə bütün zamanların hakimidirlər”. Kralın karetası gəlib onlara çatanda kral karetanı saxlatdırıb yerə enir və Motsarta yaxınlaşıb slyapasını çıxarır. Nəticə: əsl sənətkar zamanın hakiminə yalmanmamalıdır. Qaldı sənin sualına, yazarlar nə zaman yetimlikdən qurtulacaqlar? Adam İnsan olanda! İnsani cəmiyyət yarananda. Yəni, bunun üçün çalışırıq, uzaq bir gələcəkdə bu baş verəcək, lakin bu öz-özünə peyda olmayacaq. İnsani cəmiyyət üçün biz təməl işlər görməliyik.
10. Yazdığın, çap etdirdiyin kitablarından – "bu gün yazsam başqa cür yazardım" – deyə düşündüyün oldumu?
Cavab: Yox, olmadı. Bəzi hekayələrimi sonradan iri həcmli əsər formasında işləmişəm. "Qan içində yananım" hekayəsi əsasında "Tiqranizm Xocalıda", "Bir udum azadlıq" hekayəsini "Bir cüt göz" monotamaşası formasında işlədim. "Yenidən doğuş" hekayəsinin bir hissəsini sonradan "Ənqa quşu" kitabı kimi yazdım. Mövzunu genişləndirmək olub, baxıb görmüşəm ki, keçmişdə fikri daha yığcam vermişəm. Yazarın yazmaq təcrübəsi, dünyagörüşü, intellektual səviyyəsi artıqca öz yazılarına tənqidi yanaşması adi haldır. Bəzi yazılarım məni qane etmir, amma onları da silib atmıram. Bu, o mənada deyil ki keçmişim mənim üçün əvəzsizdir. Bəzən gimanziyalarda, universitetlərdə usta dərslərim olur, o zaman onlara yaradıcılıqdakı mərhələləri başa salmaqdan ötrü o yazılar mənə gərək olur. Bəzən də İsveç məktəblərində "Mənim idealım" (min förebild) görüşlərim keçirilərkən bu yazılarımdan misal çəkmək lazım olur ki, gənclər həyatda uğura doğru addımlamaqdan qorxmasınlar. İradəsi olmayan istedadlılar tez kökdən düşürlər, onlara elə gəlir, əllərinə qələm alan kimi böyük, dahiyanə əsər yaradacaqlar. Yaratmaq üçün durmadan öz üzərində çalışmalısan. Qızıl torpaq altından külçə kimi çıxır, amma zərgər ondan göz oxşayan sənət əsəri yaradır. Heç nə tez-tələsik əldə olunmur.
11. Qarşıdakı illər üçün planların nədir?
Cavab: Yazıçının, yaradıcı adamın planlı işləməsi onun ideyalarına uyğun deyil. Yaradıcılıqda gözlənilməzlik var, ideya gəlir və səni götürüb aparır. Mən yazanda ideya məni idarə edir. O üzdən əksər hallarda zamanı, saatı unuduram. Mənlik olsa, yazdığım bir neçə kitab var, onları redəkdə edib yayıma verərdim. Amma dediyim kimi, yaradıcılıqdakı gözlənilməzliyin buna imkan verəcəyinə inanmıram.
12.Ən məhsuldar yazdığınız dövr hansı illər olub?
Cavab: Keçən ili deyə bilərəm, 8 pyes yazdım, onlardan 5-i monotamaşa – "Bir cüt göz", "Açılmayan güllə", "Ana quşun monoloqu", "Zindan qapısında", "İlan və Adam"-dır, 2 uşaq pyesi "Odunçunun nağılı", "Ağ Göyərçin" və təbiətin fəlsəfəsindən bəhs edən "Mavi Balina" pyesini. "Əgər quşlar olmasaydı" uşaq romanını, 10 kitabım yayımlandı və bunun xaricində pyeslərim oynanıldı, rejissorlarla çalışdım, üstəgəl bir neçə ölkədə konfranslar verdim. Mənə elə gəlir, bu ili yaradıcılıq baxımından həm də rəngarəng il hesab etmək olar. Bir az da özümü monotamaşa sahəsində sınamaq baxımından uğurlu il hesab edirəm.
13. Sən həm siyasi-tarixi, həm də animalizm üzərindən əsərlər yazırsan. "Ənqa quşu" təbiətin fəlsəfəsindən bəhs edən əsərin dalıyca "İran Hizbullah zindanında" kimi iri həcmli sırf siyasi bir əsəri ortaya qoyursan. Sənin yaradıcılığına bələd olan biri kimi buna çaşmıram, amma adətən yazarlar bir mövzudan yazmağı, bəlli xətlə getməyi sevirlər.
Cavab: Sən dediyin xətt yazıçı üçün asan olur, bir yeməyi bişirməyə alışmaq kimi bir işdir bu. Dadı sənə xoş gəlir və daim onu arzulayıb, əldə edirsən. Mənsə insanı əhatə edən dairələri bədii formada canlandırmaq istəyirəm. Bilirsən ki, Asif Atanın Mütləqə İnam ideyasının əsas mahiyyəti hər şeyi insandan başlamaqdır. "İnsan dəyişməsə, dünya dəyişməz!" – izharının bədii açımı yazardan tələb edir özünə və onu əhatə etmiş dairəyə hərtərəfli baxa bilsin. O üzdən mövzularım rəngarəng alınır, amma mənə hadisələr mahiyyəti göstərmək üçün gərək olur.
14. Elə isə səndən nə kimi gözlənilməzlik gözləyə bilərik gələcəkdə?
Cavab: Dediyim kimi yaracılıq üçün proqnoz vermək çətindir. Amma hiss edirəm düşüncəm faciə janrında əsərə hamilədir. Nə vaxt doğulacağını müəyyənləşdirmək mümkünsüzdür, çünki yetişmə prosesi davam edir. Əslində "Mavi Balına" pyesi təbiətin fəlsəfəsindən bəhs etməklə yanaşı, faciə janrındadır, həmçinin də "İlan və Adam" monotamaşası. Mahiyyət gerçəklikdə tam aşkarlanmadığı üçün faciəyə çevrilir. Bu günkü gündə insanları robotlaşdırıb, robotları "insan" cildinə salırlar. Əslində bu proses texnikanın inkişafı ilə başladı insanın mexanikləşməsi. 50-ci illərdə Çarli Çaplinin bir filmi vardı, yadındadısa, fəhlənin işi boltu açarla sıxmaqdır. Yalnız bu! İlk baxışdan çox sadədir. Amma dərinə gedəndə məlum olur ki, o nə etdiyini bilmir. Yanındakı fəhlə yoldaşının burnunu da bolt bilib sıxır, o briqadirə şikayət edir. Briqadir gəlir və Çarli onun da burnunu sıxır. Bax, dərk etməyən mexanikləşmiş insan budur. Biz bu gün bu faciəni yaşamaqdayıq.
Faciə janrında yazmaqda məqsədim faciə insanları daha çox düşünməyə vadar edir, beyni sıxmaq məcburiyyətində qalırlar – müəllif burda nə demək istəyir. Məncə, faciə janrı daha çox diskusiyaya yol açır.
15. Hal-hazırda hansı əsər üzərində çalışırsan?
Cavab: "Yurd daşı" Qərbi Azərbaycandakı 1918-ci il soyqırımı və deportasiyadan bəhs edən romanı yenicə bitirdim. Ağır mövzu idi, amma bu yükün altından çıxa bildiyimə şadam. Yurd daşının əvəzsiz mahiyyətini hekayətlərlə canlandırmağa çalışdım. Öhdəsindən necə gəlmişəmsə bunu oxucu deyəcək, mən üzərimə düşəni etdim. Yazmaq yalnız oxucunu məlumatlandırmaq deyil, yazdıqca özümə də daşın mahiyyəti aydınlaşdı. Doğrusunu deyim, yazıya başlayana qədər tərəddüdüm çox idi, mövzu mənə ağır gəlirdi. Bitirdikdən sonra nə yaxşı ki, yazdım, dedim və maraq etdim, bunu başqası yazsaydı hansı yöndən yanaşardı daşa, kimi sual içimdən doğdu. "Atanur və hökmdar" uşaq pyesini yazdım, mətni redəktə edirəm, "Mavi Balına" faciə pyesini uşaq pyesi formasında işləməyə hazırlaşıram, əslində bunu Naxçıvan Dövlət Milli Teatrına söz vermişəm. Bu dəfə pyesdə daha çox təbiətin fəlsəfəsini göstərməyi düşünürəm.
16. Yaşadığın ölkədə Azərbaycanı layiqincə təmsil etdiyini düşünürsənmi?
Cavab: Buna çalışıram. Əlimdən gələni etmişəm, – demirəm, çox iş görmüşəm və ya öz gördüklərimi kiminsə fəaliyyəti ilə müqayisə etmirəm. Hamı kimi mən də bacardığımı etmişəm, əsas odur, xəttim düz olub, yanlışlığa yol verməmişəm. Təbii ki, qabiliyyətim və gücüm imkan verir daha böyük əməl yetirim, lakin istədiyini İsveç cəmiyyətinə təqdim etmək bir o qədər də asan deyil. İsveç cəmiyyətində bizə qarşı bir önyarğı var, təəssüf ki... Bu baryeri aşmaq yalnız iradə işi deyil, burda idrak da güclü rol oynayır. Müasir dünya isə biclik tələb edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.