Yox olsun başından duman, Təbrizim! - Süleyman Rüstəmin cənub şeirləri

MANERA.AZ Xalq şairi Süleyman Rüstəmin cənub mövzulu şeirlərini təqdim edir.
Təbrizim
Baxdıqca hüsnünə, doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Qoymaram yadları girsin qoynuna,
İzn ver, qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib...
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin, güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə...
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!
Bülbül zar-zar ağlar çəməndən ayrı;
İnsan deyib-gülməz vətəndən ayrı;
Can necə yaşasın bədəndən ayrı?!
Aç öz ürəyini, danış, Təbrizim,
Olum dərdlərinlə tanış, Təbrizim!
Qədrini ayrılıq çəkənlər bilir,
Hicrində göz yaşı tökənlər bilir,
Ömrünə qaranlıq çökənlər bilir, -
Bağından gül, çiçək dərdim, Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!
Bu ayna bulaqlar, bu ayna sular,
Suda ayağını yuyan qarğular
Doğurur könlümdə min bir duyğular.
Səslənir kamanım, sazım, Təbrizim,
Ey mənim baharım, yazım, Təbrizim!
İzn ver dağların başına çıxım,
Dərim üzümündən bir neçə salxım,
Yeyib gilə-gilə, hüsnünə baxım, -
Könlüm qartal kimi uçsun, Təbrizim,
İlham pərisini qucsun, Təbrizim!
Qəşəng qızların var, totuq, yupyumru,
Səndə məskən salıb göyərçin, qumru,
Görüm uzun olsun onların ömrü,
Görüm gəlməyəsən gözə, Təbrizim,
Qulaq as dediyim sözə, Təbrizim!
Əzəldən şairlər yurdusan, inan,
Döşündən süd əmən saysız qəhrəman
Yolunda canını etmişdir qurban, -
Gətirib onları yada Təbrizim,
Baş əyməz cəllada, yada, Təbrizim!
Səttar xan, o böyük sərdari-milli,
O atəş ürəkli, o atəş dilli
Etdi azadlığı ellərə bəlli...
Gəl onun yolundan dönmə, Təbrizim,
Dalğalan, alovlan, sönmə, Təbrizim!
Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər, -
Coşur damarlarda, qanı, Təbrizim!
Yoxdur bu mərdlərin sanı, Təbrizim!
Atımı sinəndə çapıb sürürəm,
Hər keçən yolçuya salam verirəm...
Nələr eşidirəm, nələr görürəm,
Nədir bu qaranlıq gecə, Təbrizim,
Buna necə dözüm, necə, Təbrizim?!
Ağlasan, - ağlaram, gülsən, - gülərəm,
Yaşasan, - yaşaram, ölsən, - ölərəm,
Varımı səninlə yarı bölərəm...
Gəl, bir də üzündən öpüm, Təbrizim,
Başına gül, çiçək səpim, Təbrizim!
Nədir o mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?..
Yetim tək boynunu burma, Təbrizim,
Məlul-məlul baxıb durma, Təbrizim!
Sənin çiçəyinə, gülünə qurban,
Mənə qardaş deyən dilinə qurban,
Vətəninə qurban, elinə qurban!
Baxdıqca hüsnünə, doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Təbriz, 1941
Əyilmə
Sönməz qəlbimdəki qəzəb intiqam,
Əyilmək bilməyən qızıl bayrağam.
Tək bilmə özünü nə qədər sağam,
Tökmə gözlərindən qan-yaş, əyilmə!
Bu elə qəhrəman oğullar gərək,
Qoy vətən eşqilə döyünsün ürək.
Atıl cəbhələrə, gücünü görək,
İgidlər əyilməz, qardaş, əyilmə!
Böyük əcdadını gətirib yada,
Oynat qılıncını göydə, havada,
Azadlıq uğrunda gedən davada
Qana boyansa da dağ-daş, əyilmə!
Dərdin sevincindən min dəfə artıq,
Səni əzəcəklər görünsən yazıq,
Aç bir gözlərini, gün doğur artıq,
Olma bu həyatda çaş-baş, əyilmə!
Keçir geçən qara, gündüzün qara,
Özünə dost ara, dərd bilən ara,
Düşmənlər vursalar qəlbinə yara,
Mənim yanıma gəl bir baş, əyilmə!
Sinəm dərdlərinlə dolu bir dəftər,
Etmişəm adını dilimdə əzbər.
Çünki ürəyimdən verirsən xəbər,
Mənəm, mən könlünə sirdaş, əyilmə!
Təbriz, 1941
Dəymə
Mən sənin dilinə dəymirəm, sən də
Gəl mənim bu ana dilimə dəymə.
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə.
Həsədlərlə baxdın çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən.
Yan deyib, od vurdun bədənimə sən,
Altında atəş var, külümə dəymə.
Mən ağa-ağ dedim, qaraya-qara,
Sən məni istədin çəkəsən dara.
Təzəcə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!
Təbriz, 1942
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.