Sənsizlik — yaşamaq dustaqlığıymış | Şeirlər
Səfər Rzasoylu - Rzayev Səfərəli Vəli oğlu 1960-cı ildə Lənkəranın Aşağı Nüvədi kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olub. 1986-cı ildən təhsilini Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetində davam etdirib, 1990-cı ildə həmin universitetdən filoloq ixtisası ilə məzun olub. Şeirləri dövri mətbuatda dərc olunub.
Behişt
Ələkbər Salahzadənin ölümünə
Ağzına su alıb susurdu çay da,
NƏ yarpaq dinirdi, nə bir xatirə.
Azıb yarısını Yarımcan Ay da,
Qonub bir ağaca baxırdı Yerə.
Çiçək qoxusundan, ulduz sayından-
Sükut yelləncəyi hörmüşdü Tanrı;
Sükut yelləncəyi yırğalanırdı-
Gecədən uzaqda yatırdı hamı.
O isə dəlisov, utancaq Uşaq...
Onunçun bəlkə də gecə- pəncərə ?!
Tullanıb getmişdı sözdən də uzaq-
Hər anın ilk sevgi olduğu yerə
Balıq yaddaşı
İçimdə bir balıq yaddaşı
Qırır ömrün
Ölüm-qalım çərçivəsini.
İtmiş bir Dənizdən
Dəyir qulağıma
Ölmüş dalğaların qırıq-qırıq nəğməsi.
İçimdə bir balıq yaddaşı
Özünün bir anlıq ömrü içində
Dərya kimi daşır-
Unudulur yaddaşım
Amma
Yaddaşsızlığımın son qatında
Bir balıq yaddaşı...
Çəkilir gözlərim uzaqlara,
Gözüyumulu görürəm-
Altım Dəniz, sağım-solum dəniz
Qulagımda su pərilərinin nəğməsi.
İçimdə balıq yaddaşının hirsi,
Su pərilərinin nəğməsinə həsrəti...
Min illər keçib, ana,
Amma yenə
Bir balıq yaddaşı qısqanır məni-
Bir insan ömrünü yaşamağıma…
Sənsizlik
Getmisən dönmüşəm sənin külünə...
Yoxsan,qəribədir, vaxt dayanmayıb
Sənin ölümüntək dünyada heç nə
Məni o dünyaya inandırmayıb.
Sən axı ölmüsən, yadımdan çıxır…
Necə çağırsam da daha dönməzsən.
Bütün gedənlərtək sən də vəfasız—
—O dünya varmı de?—susar, Dinməzsən...
Qapını döyərsən, bir kimsə açmaz.
Axı barmaqların səs eləməyir.
Ən doğma adamı çağırsan baxmaz—
Səsin çağırmağa bəs eləməyir…
Bəlkə yarı yoldan qaçıb gəlmisən…
Bəlkə axtarırsan itən üzünü.
Sən axı ölmüsən yadından çıxır
Bir də kim qaytarar sənə özünü…
Sən hələ bəlkə də O ölən Sənnən
Dirilən Bir Sənin arasındasan.
Sən hələ yoldasan —hələ ölüsən
Çatıb o dünyaya diriləcəksən…
Sənsizlik — yaşamaq dustaqlığıymış.
Ruhun tənbəlliyi bu can içində.
Sənsizlik — yaralı bir quş ahıymış
Kiriməz...inləyər bu can içində.
...Bu canım min para,min tikə olub…
Əllərim, ayağım, dilim, dodağım
Hərəsi bir cürə ölümlə ölüb—
Bircə adam bilmir, bir kimsə görmür.
Mənim ölümümə axı nə olub—
Məscid uzaq qaçır, kilsə götürmür...
Getmisən dönmüşəm sənin külünə…
Yoxsan, qəribədir, vaxt dayanmayıb...
Sənin ölümüntək dünyada heç nə
Məni o dünyaya inandırmayıb.
Qısqanclıq
Şüşəsi qarıyır o pəncərənin…
Pərdəsi qırılır o pəncərənin…
Şüşəsi qırılır o pəncərənin —
Hər gecə içində yazıq qəlbimin.
Şüşəsi qırılır— pəncərəsindən
Bir dünya qaranlıq düşür küçəyə.
Qarışır gecəyə,daşir gecəyə
Qarı iblis kimi, iblis qarıtək—
Gəzdiyim yerləri arxamca gəzir…
Bir dünya qaranlıq düşür küçəyə—
Sümükdən ürəyə axan ağrıtək
Pıçıltı-pıçıltı dolur ürəyə :
—Kiminsə əlləri ölür telində…
—Kiminsə dodağı əlini gəzir…
O qara qaranlıq bir ipdi elə—
Boyuma ölçülür,boynumu gəzir.
Şüşəsi qırılır o pəncərənin.
Qırılan bir yeri olmaz o ipin.
Şüşəsi qırılır,Tanrım, bu nədir?
Şüşə içindəymiş mənim ürəyim.
Qar
Qar yağır yana- yana, ürəkdən…
Göylər qar qucağıyla qucaqlayır
Bəyaz yorğanıyla örtür
Uşaq kimi yorğun düşən
Üşüyən torpağı…
Qar yağır —
On altı yaşın eşq pəncərəsindəki
Qadını kimi
qaranlığı soyunur gecə…
Qar yağır qırx ıl öncə
Hər dalana,hər tinə,
Lənkəranın yollarına.
Evimizin damına…
və anamın gözlərində əriyir —
anamın ,- evimiz damacaq —
qorxusuna!!!
Qar yağır— ərik ağacı
Yazda açacağı çiçəklərıni görür-
Bahara hamilə yuxusunda..
Qar yağır, bilməm neçə il sonraya —
Mənsiz qalan dünyaya…
O qar dənizində
sonsuzluğa uğramış dənizçi kimi,
Dörd bir tərəfin çaşır
tanımır baş daşım…
Qar yağır yana-yana,ürəkdən-
öz başına dolana- dolana…
Sabah uşaqlar sevinəcək-
Qar baharına, qar qonağına...
Qar yağır,bu qar dənizində
Çöllər adam dizindən,
Çöllər ağac dizindən...
Səbir
Mənim ürəyimə nə olub axı;
Keçibdi, köçübdü kürək tərəfə.
Arxadan, qəfildən sözlər saplanır
Sözlər kürəyimə- ürək tərəfə.
Tənhalıq divarı hörülür belə,
Göydən tabut enir günlər yerinə.
Uçmaq istəyirəm, neynim, çiynimə
Eh, qollar taxılıb qanad yerinə.
Getmək istəyirəm , dartıb, çıxardıb
Bu dünya qəfəsdən ayaqlarımı.
...Amma yox, Kimsə var işıqla yuyur,
Payızla sarıyır yaralarımı!
Eşq
Görüşək, harda, Haçan?
Sirrin hansı vaxtında?
Gözləyirəm, durmuşam-
Mən qurubun altında.
Mən üfüq tərəfində-
Həsrətin o başında
Məni yolu çaşanda,
Soruş qumru quşundan
Əlimiz görüşməsin
Toxunmasın bu eşqə...
Uça-uça qaçıb gəl-
Mən gəlməyən görüşə...
Yaddaş
Sular belə axmazdı,
Ay belə baxmazdı,
Daşlar belə susmazdı-
Ayın, suların, daşın-
Nəsə qalıb yadında!
Min illərdi qumru quşu-
Belə uçur, elə qaçır.
Bağımızın nar ağacı
Elə solur, belə açır.
Quşun da,ağacın da-
Nəsə qalıb yadında...
Bir sirr yaddaşıdı çağıran bızi də,
Ana bətnindən bu dünyaya,
Cocuqluqdan cavanlığa,
Cavanlıqdan qocalığa
Qocalıqdan yatacağımız torpağa!
Hər şeyin,hər şeyin,
Hamının, hamının
Tanımadığı yaddaşıdı aparan onu-
Sonsuzluqdan sonsuzluğa..
MANERA.AZ