manera.az
manera.az

İnsan bir tale yolçusu - Şeirlər

📅 25.09.2017 13:51

İnsan bir tale yolçusu - Şeirlər
Manera.az "Xaqani Poeziya Evi"nin direktoru,tanınmış şairə Aybəniz Əliyarın şeirlərini təqdim edir:

MƏNİ

Allah, elə-belə alma bu canı,
Bir soyuq baxışa tuş eylə məni.
Qara gecələri sevən gözəlin,
Gözündə bir damla yaş eylə məni.

Elə ağrı ver ki, bilməsin heç kim,
Əqlimi məhkum et, ruhumu küskün.
Əvvəl göyümü qur; buludlu, çiskin,
Sonra bir havalı quş eylə məni.

Gözüm qəm aynası, duman, çən axar,
Gah yerli, gah yersiz şimşəklər çaxar.
Ürəyimi çıxar, qəlbimi çıxar,
Beləcə bir qara daş eylə məni.

O GETDİ

Mən elə bilirdim getməyəcəksən,
Sən elə bilirdin qayıdacaqsan...

***
Üşüdü xəyallar bom-boş otaqda,
Olmadı bir dəfə qapını döyən.
Tale idimi bu, bəxt idimi bu?
Nə o deyən oldu, nə də mən deyən.

Əvvəl nə idisə, bilmədim nəydi,
İncə gülüş idi, xoş ağız tamı...
Sonra bir ayrılıq qatarı gəldi,
Saldı yollarına intiharımı.

İnana bilmədim qəlbimdəkinə,
Durmadan ağlıma satdım özümü.
Onun gözlərindən qorxdum elə bil,
Boğulmayım deyə atdım özümü.

Üşüdü xəyallar bum-buz otaqda,
Bağlı pəncərəmdən Günəş dolmadı.
O getdi, onsuz da mənim deyildi,
Ürəyi, ruhu da mənim olmadı.

HİCRAN

Yenə səksəkədə yollar,küçələr,
Ayaqlar altında qalıb buludlar.
Kimi yatağında rahat gecələr,
Kimi yatağında ağlayar,dolar.

Çətin bu yolların buzu əriyə,
Həsrət ömrümüzün qışı ağırdı.
Ağlımız qılıncdan itidir deyə,
Bizim başımızın daşı ağırdır.

Yolumuz bir tikə ümid gətirmir,
Yağır üstümüzə min bir nalə,ah.
Bizi çoxlarının gözü götürmür,
Bizi bəxtimiz də sevməyir,Allah.

Pəncərə işığı Aydan asılıb,
Gecə yamaq atır qəmli pərdəyə.
Bizim alnımıza hicran yazılıb,
Qəlbimiz sevgiylə yaşayır deyə.

MƏN GETSƏM

Gözünün içində axacaq zaman,
Süzülüb əlindən keçəcək illər.
Bükülən dizindən yol eyləyəcək,
Ağaran telindən keçəcək illər.

Keçəcək keçdiyin yollar üstündən,
Keçəcək düşdüyün yolların altdan.
Mən getsəm,bir küsgün bənövşəsayaq,
Bir eşq boylanacaq kolların altdan.

Kəsəcəm yolların şah damarını,
Gözümdən,könlümdən kəsib atacam.
Qalsam,bilirəm ki səni tərk edən,
Hansı qadınınsa yerin tutacam.

Ya gedim,ya qalım,nə fərqi daha,
Məzarı olmur ki ölən hisslərin.
Mən getsəm,bir başqa qadın tutacaq,
Qəlbində boşalan qadının yerin.

AĞRILAR

Qaça-qaça uzaqlaşdım özümdən,
Baxıb gördüm məndə bitən yolum yox.
Xatirələr çözələndi izimdən,
Sual etdim: Gedimmi?Hə!Qalım?Yox!

Yollar yenə ovutmadı acımı,
Zaman yenə, nəyim varsa, sovurdu.
Külək qapdı kirpiyimi, saçımı,
Acı yellər hisslərimi qovurdu.

Nə olsun ki, zaman ömrün oğrusu,
Ürək yenə hər mövsümün heyranı.
Hər xışıltı bu payızın ağrısı,
Hər xəzəl də bir yarpağın ünvanı.

PAYIZ OLDUMU

Bizim tərəflərdə payız oldumu,
Buludlar yolları yuyunduracaq.
Küləklər at çapıb belədən belə,
Ağacdan yarpağı soyunduracaq.

Yağacaq qəlblərin boz buludları,
Ümid körpüsündən sellər keçəcək.
Nə qədər üzücü, ağır olsa da,
Quşlar yuvasını qoyub köçəcək.

Tənha bir söyüdün boş əlləri tək
Yelpik yelləyəcək salxım ucları.
Kədər boylanacaq boş yuvalardan,
Qarğayla dolacaq qoz ağacları.

Bizim tərəflərdə payız oldumu,
Yenə başlayacaq gün gödəlməyə.
Nə ürək qalacaq od qalamağa,
Nə mənzil olacaq yol gedilməyə.

Yollar uzanacaq, hey uzanacaq,
Dəvənin quyruğu yerə dəyəcək.
Köhnə sevgilərin lal qapısını
Saralmış bir sürü xəzəl döyəcək.

Bizim tərəflərin payızı gəlir,
Daha günəş doğmaz, gün düşməz bəri.
Yenə o saçları pırtlaşıq qızın
Qoynuna girəcək bum-buz əlləri...


***
Bir səni görəndə üzüm gülərdi,
Qəlbim açılardı su zanbağıtək...
Bəlkə də...Bəlkə də gizlənmək üçün
Bir yer axtarardın sən məni görcək...

Elə sevinərdim təsadüflərə,
Axı qorxuları sevgi dəf edir.
Bir belə unutqan adam içində
Sənə rastlamağım təsadüf idi...

Yamanca qorxmuşdum sevilməməkdən,
Bu da bir taledi, tale... kim bilə...
Aqil atalara rəhmət deyim mən,
Adamın qorxduğu başına gələr...

Həyat yolum üstə boz buludları
İndi əlçim-əlçim başıma tökür.
Xatirə dəftərin əlimdə yarı-
yarımçıq qalmışdı, bitirdim, şükür...

ÖMÜR ADAMI

Uçmağa bir açıq göyün var idi,
İndi o göyün də yerlərdə qalıb.
Sənin də eşq adlı öyün var idi,
Bir qadın apardı, əlindən alıb,
Sən ömür adamı necə olasan?!

Gedirdin dənizin dibinə doğru,
Xəyal sularında batan gəmiydin.
Bir az xatirəydin, bir az da ağrı,
Bir az unudulmuş sevda kimiydin,
Sən ömür adamı necə olasan?!

Bir kəlmə "sevirəm" deməsə belə,
Öpdüm o sevdiyim dodaqlarından.
Sənli ümidlərim bir yarpaq kimi,
Töküldü ömrümün budaqlarından.


***
Yenə külək döyə eşq sahilinə,
Yenə dalğalana dəniz duyğular...
Nəğmələr çevrilə ləpə dilinə,
Qumları dənləyə xam qağayılar.

Göylər qələm çəkə uğurlarına,
Yolunu kəsməyə dalğa qatarı.
Sadə balıq düşə qızıl toruna,
Didik-didik ola gözünün toru.

Bir eşqə qatasan qəlbin odunu,
Xəyallar qurasan sevdiyin yarla.
Mahmızlayıb yenə dəniz atını,
Yarışa çıxasan qağayılarla...

YAĞIŞ

Yudu budaqlarda boş yuvaların
Palçığını yağış, otunu yağış.
Yağdı, yağdıqca da çəkdi torpağa
Sevginin ətrini, dadını yağış.

Gülləri oxşadı çölün düzündə,
Bərəkət gətirdi yenə özündə.
Buludlar toqquşdu göyün üzündə,
Çapdı yamaclarda atını yağış.

Titrədi min illik körpülər belə,
Selləri, çayları gətirdi dilə.
Dağların köksünə ildırım ilə
Tökdü alovunu, odunu yağış.

Küçələr tər-təmiz, yollar tər-təmiz,
Sular tək duruldu saf hisslərimiz.
Öpdü tellərimdən ayrılanda biz,
Yazdı ürəyimə adını yağış.


***
Sevilən qadının hər telini
bir ulduz bəzəyər gecələr.
Yastığına dağılsa
yox olar zülmətin.
Əllərini tutsan
gözlərinə dolar şəfəqi...
Dodaqları arı şanı kimi
diş-diş olar, öpsən...
Yuva-yuva ballanar
dilindəki arzular, toxunsan...
Sevilən qadının ürəyi
uşaq beşiyi kimi ətirli olar...
Bətni hamilə qadın kimi dolu...
Sevilmək arzusu
bitməz ki sevilən qadının...
Yenicə dil açmış körpə kimi
şipşirin olar hər gün bir az daha...
Yenicə ayaq açmış körpə kimi
sənə gəlişi heyran edər aləmi...

O UNUTDUĞUN QADINA...

Baxma ki, üşüyürsən,
Bir qadın yanar oduna.
Biri səssizcə ağlayar,
Biri taxt qurar adına.

Biri görüşər... görüşər,
Biri eləcə öpüşər...
Biri yanından ötüşər,
Biri həkk edər yadına.

Biri seçilməz çıraqdan,
Biri bilinməz qonaqdan.
Biri naz edər uzaqdan,
Biri yetişər dadına.

Biri ölər diri-diri,,
Biri də var... yoxdu yeri....
Amma çatmaz ki, heç biri,
O unutduğun qadına.

MƏN SƏNƏ LAZIM DEYİLƏM

Mən sənin nəyinəm, Vətən?
İtirdim bütün varımı.
Laçında görən gözümü,
Murovda ayaqlarımı.

Səni sevməyə yox gücüm,
Bir qorxağın artıq düşüb.
Səngərimi namərd tutub,
Kürəyimi güllə deşib.

İndi hara çəksin məni,
Şuşaya çəkən intizar?
Bəlkə mənəm Xocalıda,
Baş daşı qırılan məzar?

Atam oldun, anam oldun,
Kimim olmadın, onu sor!
Qarabağ adlı cənnətdə
Niyə ölmədim, onu sor!

Suyun saf, gül sinən geniş,
Demə, bu nankor dəlidir.
Mən sənə lazım deyiləm,
Əllərim cəllad əlidir.

BU TORPAQ

Bitdi namus oyunu,
Ar oyunu başladı.
Kor kora neyləyəcək?
Kar oyunu başladı.

Çadır-çadır çeynənən,
Millətə nə deyirsən?
Nə bülbül var, nə çəmən,
Xar oyunu başladı.

Qisas üstdə bu torpaq,
Gücünə, yükünə bax.
Dərdimiz dağ üstdə dağ,
Qar oyunu başladı.

Bir pay umdu hər yetən,
Parçalandın, can Vətən!
Bölük-bölük, tənbətən
Var oyunu başladı.

ADAM QALMADI

Dünyanı saldı əldən-
Tamah, adam qalmadı.
Tək-tək qırdı nəfs adlı-
Silah, adam qalmadı.

Bu nə bitməz naz oldu?
Qarı dönüb qız oldu.
Guya hamı düz oldu,
Günah adam qalmadı.

Gün keçici, dünya dar,
Xırd elədi xiridar.
Bu sirrlərdən xəbərdar,
Agah adam qalmadı.

Lap olsa da təpərim,
Yol üstdədir çaparım.
Söylə kimə aparım
Pənah, adam qalmadı.

Dünya sirli tamaşa,
İnanmır gözdə yaşa.
Hamsını çəkdin şişə,
Allah, adam qalmadı.

BİLӘSӘN

Eşqə batıb əl‐ayağım,
Dada bilmirəm, biləsən...
Hər gün sənə yol gəlirəm,
Çata bilmirəm, biləsən...

Qalxmışam yoxuşlarını,
Yumuşam yağışlarını.
Üstümdən baxışlarını
Ata bilmirəm, biləsən...

Hayandan girdin ömrümə?
Üstüm bulandı dərd‐qəmə.
Gəl, başını qoy sinəmə,
Yata bilmirəm, biləsən.

Günəş çıxmır payızımda,
Әlin üşür ayazımda.
Bir söz qalıb boğazımda,
Uda bilmirəm, biləsən...

KAŞ Kİ

Kaş ki, bir Şeir yazasan,
bütün işlərin düzələ...

Alnındakı qırışları
silə, ata, sevinəsən.
O Şeirdən misra‐misra
dada‐dada sevinəsən.

Yarpaq‐yarpaq sola payız,
uça isti əllərindən.
Yenə bu soyuq əllərim
aça isti əllərində...

Ağ vərəqlər yağış ola,
sətirlər üstünə cuma.
Qəmi, kədəri yox edə,
Sevincin keçə hücuma.

Şeirdən bir ev tikəsən,
Şeir ola yeri, damı.
Qızınmağa od olmaya,
yandırasan, yana hamı...

Yazdığın o Şeir ilə
bildirəsən bitdiyini.
Anlayasan yoxluğunu,
anlayasan getdiyini.


Baxış sayı - 11 296 | Yüklənmə tarixi: 25.09.2017 13:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031