manera.az
manera.az

Vətəninə vurğun şair

Vətəninə vurğun şair
MANERA.AZ Aprel Məmmədovun "Müasir poeziyamız-İqbal Nəhmət" yazısını təqdim edir:

Azərbaycanımızın Cənub bölgəsi özünün bir çox istedadlı şairləri ilə müasir poeziyamızın inkişafına töhfələr vermiş və verməkdədirlər. Bunlardan biri də oxucunu daha çox ifadə təbiiliyi və sadəliyi ilə cəlb edən istedadlı şair İqbal Nəhmətdir.

Onun şeirləri ona görə cəlbedici və oxunaqlıdır ki, şair gündəlik həyatdan aldığı təəssüratları ümumiləşdirməyi bacarmaqla nəticə etibarı ilə tamamlayır. Şairin lirik aləmi geniş, xəyalları hüdudsuz olmaqla insan qəlbinin dərinliklərini çox gözəl duymaq qabiliyyətinə malikdir. Onun Şeirləri bədiiliyi və orjinallığı ilə fərqlənərək hər bir oxucunun diqqətini cəlb edə bilir. Bu cəhətdən "Anam çörək bişirərdi" şeiri ilə şair həyatdan aldığı təəssüratları ümumiləşdirərək yazır:

Anam çörək bişirərdi təndirə,
Bütün kəndi bürüyərdi qoxusu,
Açılardı pəncərəsi evlərin,
Qarışardi körpələrin yuxusu.

Eh, nə gözəl günlər idi,deyilmi?
Böyük -kiçik baxmazdılar yaşına.
Yiğılardi yaxin,uzaq qonşular,
Yığılardı bir təndirin başına.

Analarımızın təndirə yapdığı çörəyin ətrini yaddan çıxarmayan,keçmişmizilə bu günümüzü müqayisə edən şair bir çox gözəl adət-ənənələrimizin, o cümlədən mehribançılığımızın itibib getməsini ,laqeydliyimizi ,"özəlləşməyimizi"heç cür anlaya bilmir.Dərin məntiqi təfəkkür formalaşdıran şair şeirləri ilə insanları düşünməyə və yaxşı əməllər görməyə səsləyir. Şairin "Sən ayrı dünyanın yuxusundasan...", "Ay Hacı", "Gəlsən görəcəksən bu dünya boşdu" və sair şeirləri ilə o, şair xəyalının gücünü və dünyaya baxışını, hissiyatını, təsirli və mənalı verməklə nəcib fikirlər formalaşdırmağa çağırır. Yaşadığı cəmiyyətdə baş verən hadisələri hamıdan tez dərk edib, xalqının dərdlərini daim düşünərək öz münasibətini bildirməyə çalışan şair "Yaz ey şair, nə görürsən onu yaz" şeirində yazır:

Bu günündə yazılası nə var ki?
Əvvələ bax,bir az düşün sonu yaz.
Gör nə boyda dərd daşıyır adamlar,
Yaz ey şair, nə görürsən onu yaz.

Çalış, vuruş Vətən sənə dost desin,
Vicdanında itən sənə dost desin,
Daha qoyma yetən sənə dost desin,
Əvvəl sına,sonra bir-bir tanı yaz,
Yaz ey şair,nə görürsən onu yaz.


"Yaxşı insanları ya zindan öldürür, ya da vicdan..." deyən şair həyatın bütün çətinliklərinə sinə gərərək daim xalqını, vətənini düşünərək daha aktual olan vətənpərvərlik mövzusunda yazdığı şeirləri ilə diqqəti cəlb edir. Bir an da olsa Vətən yolunda canlarını qurban verən şəhidləri yaddan çıxarmayan Vətən qeyrətli şair yazır:

Atalar çiynində qəhrəman oğul,
Analar bətnində şəhid böyütdü.
Vətəndən yol alıb Vətəni üçün
Gedənlər bayrağa dönüb qayıtdı.

Daim Vətəninə, torpağına və xalqının taleyinə sıx bağlı olan şairin şeirləri xalqının ağır anlarında böyük imtahandan uğurla çıxdı. Belə ki, qələmi süngüyə çevirən şair "Haydı Xocalıda görüşənədək", ermənilərlə 12-13 iyul 2020-ci il döyüşlərində şəhid olan qəhrəman generalımız Polad Haşımova həsr etdiyi "Yaxşı yol igidim,rahat ol paşam", "Səni qoruya bilmədim Vətən!", "Düşmən üstə qələbədir inkişaf", "Qeyrətinə qurban generalım", "Vətən sənin ad gününə, "Yenə sənə yazdım Vətən", "Vətənçin öldürərəm, vətənçün ölərəm", "Mənimlə gəlin" ," Döyüşə gedirəm ana", "Hardasan əmr ver başlasın döyüş"və sair vətənpərvərlik şeirləri ilə xalqımızı düşmənə olan qəzəbini və nifrətini sonsuz dərəcədə alovlandırdı. Xalqının kədərini və intiqamını böyük həyəcan və ruh yüksəkliyi ilə tərənnüm edən vətənpərvər şair yazır:

Düşmənin nazı ilə oynamaq olmaz
Düşmənin başını əzmək gərəkdir.
Sonra alnıaçıq bütün dünyada
İgid bir xalq kimi gəzmək gərəkdir.

Adını qürurla anacağıq biz,
Ölmədin,dirisən sanacağıq biz,
Səninçin əbədi yanacağıq biz,
Yaxşı yol igidim,rahat ol paşam!

Mən səni qoruya bilmədim Vətən!
Satdılar,pul kimi xırdaladılar.
Sağını soluna əmanət edib,
Altını,üstünü qurdaladılar.

Hardasan?-əmr ver başlasın döyüş
Şairlər qələmi süngü eyləsin!
Bizi xatırlasın qoy adımıza
Gələcək nəsillər nəğmə söyləsin.


İqbal Nəhmət poeziyasındakı düşmənə nifrət hissi xalqımızın ürəyindən xəbər verməklə bir gün mütləq qalib gələcəyimizə möhkəm inam hissi yaradır.

Qara gey,qara bağlama,
Gedirəm bu gün saxlama,
Şəhid olsam çox ağlama,
Oxşa məni yana-yana,
Döyüşə gedirəm Ana.


Könüllü rayon Səfərbərlik və hərbi xidmətə çağrış üzrə rayon şöbəsində qeydiyyatdan keçən şairin həqiqətən əsl vətənpərvər bir insan olduğu həm əməli ilə, həm də ürəkdən gələn öz ideya məzmunlu və yüksək bədiiliyi ilə fərqlənən şeirləri ilə bir daha aydın görünür.

İ.Nəhmət eyni zamanda Azərbaycan poeziyasının istedadlı şairlərindən biri kimi tanınmaqla müasir həyatımızı bütün parlaqlığı ilə təsvir etməyi bacarır. Anasına, vətəninə vurğun şair daim ictimai mənafeyini şəxsi mənafeyindən üstün tutur. Bunu onun "Yorğunam, anam,yorğunam" şeirindən də görmək olar.

Kimdi bu dünyaya uyan,
Qoy mən gedim,sənsə dayan,
Bax özümçün yaşamayan,
Oğlunam, anam,oğlunam!


"Alnıma yazılan yazıma şükür " deyən şairin şeir dili sadə, kəsərli və anlayışlıdır. Qaranı ağın yanında görən bir çox qələm sahiblərinin nöqsanları görüb yazmamasına, vətənin təbii sərvətlərinin talanmasna, torpağların uzun müddət ernəni qəsbkarlarının işğalı altında qalmasına kəskin etiraz edən şair yazır:

Hərə bir tərəfdən didir,aparır,
Pambıq tarlasına dönübdü Vətən.
Bir yanda sadəcə işığı yanır,
Bir yanda çoxdandı sönübdü Vətən.

Şairin "Allahın yanında yerin olmasa", "O köhnə kişilər hara getdilər"?, "Gül sənə nə deyim", "Unudaram səni", "Nənəm nağıl demir daha", "Kaş sevməyəydim", "İnciməsin", "Ölsəm baxışla məni", "Torpağıma qarışmağa gələrsən...", "Adam kişi olar", "Sağ olsun", "Gözəl gözlər anamdadı...", "Mənim şeirim","Unudaram səni", "Dolanım başına Vətən ay Vətən", "Yardımlıdadır", Günəşi qaytara bilmərik geri", "Yardımlı", "Qocalmağa tələsməyin", "Qanımızda rüşvət kimi azar var", "Boydadı" və sair şeirləri böyük ürəklə yazılmış, çoxlarının deyə bilmədiyi zəngin fikirlərlə doludur.

Bu şeirlərdə şairin poetikasından--vəznindən, qafiyəsindən asılı olmayaraq sənət, mövzu və ideya baxımı çox güclüdür. Nəhmət poeziyasını oxuyub başa vurandan sonra onun görüb-götürən yüksək səviyyəli sənətkar şair olduğu bir daha aydın görünür. Həyatda da, yaradıcılığında da heç kimə bənzəməyən "düzü-düz ,əyrini əyri" yazan şair bir sözlə müasir insanı, onun mənəvi aləmini daha çox canlandırmağa çalışır. Şairin şeirləri içərisində diqqəti cəlb edən yazılardan biri də məşhhur iş adamı M.Məsimova həsr edilmiş "Burax Mübarizi Ərdoğan abi" şeiridir.

Baxın təklənmişik,tənhayıq,təkik,
Burax Mübarizi Ərdoğan abi!
Axı,biz bir millət,iki dövlətik,
Burax Mübarizi Ərdogan abi!

Mənim mübarizlər yurdudur yurdum,
Vuruldum,yıxıldım yenə də durdum
Hər gün Məmməd Əmin,Atatürk oldum,
Burax Mübarizi Ərdoğan abi!

Şair İqbal da hamı kimi inanır ki, türk ədalət məhkəməsi həmyerilimiz olan bu tanınmış iş adamının yaxın günlərdə günahsızlığını subut edən bir qərar verəcəkdir. "Şairə milləti, xalqı ad verir" deyən şairin poeziyası sağlam mənbələrdən qidalanmaqla zəmanəyə uyğun, uzunçuluqdan uzaq, keyfiyyətdə orjinaldır.

Ədəbiyyat və poeziya cəsarət, sözü çəkinmədən deməyi tələb edir. Bu cəhətdən şairin "A yaltaq adam", "Vay-vay" və sair satirik şeirləri diqqəti cəlb edir.

Kəndimizə qaz gələni
Bacamızdan tüstü çıxmır.
Peçimizə xod verirəm,
Üşüyürəm isti çıxmır.

Bu dünya beş gündü ikisi bazar,
Sən hansı gündəsən a yaltaq adam!
Elə ki,qoyuldun toyuq yerinə
O gündən hindəsən a yaltaq adam!

Dilim-dilim dillənib,dilimləndi dilıimlər,
Daraşdı yer üzünə,ərşə çıxdı zülümlər,
Əllidən üzü bəri cavanlaşdı ölümlər,
Aralandı yüz yerə torpağın çatı vay-vay.


Şeirlərində xalqının dərdlərini yana-yana xəbər verən şair yazır:

Mənim şeirim göz yaşıdır,
Axar yanaqdan-yanağa,
Misraları öz rəngiylə,
Yaxar dodaqdan-dodağa.

Doğrudur, yaradıcılığında bədii cəhətdən bəzi zəif və sönük şeirlər olsa da, bu onun kövrək poeziyasına o qədər də təsir etmir. İnanıram ki, istedadlı şair yaradıcılığında tələskənliyə yol verməməklə şərəfli sənət imtahanından daim alnı -açıq,üzü-ağ çıxmaqla yeni-yeni şeirləri ilə poeziyamızı daha da zənginləşdirəcəkdir. Bu şərəfli və məsuliyyətli işində istedadlı şairmizə daha böyük yaradıcılıq uğurları arzu edirəm. /"Yardımlının səsi". - Avqust.-2020/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031