manera.az
manera.az

"Sənsizliyin baş hərfi" - Elromanın şeirləri

"Sənsizliyin baş hərfi" - Elromanın şeirləri
Gənclik hövsələsiz, səbirsiz olur. Sosial şəbəkədə Elroman Əlizadə adlı gənc mənə yazaraq şeirlərini göndərmək istədiyini bildirdi. "Bu gün işim çoxdur, sabah ən güvəndiyin iki şeirini göndərərsən" desəm də, aradan beş dəqiqə keçməmiş iki şeir yolladı. Başım açılanda şeirləri oxudum, bəyəndim və çox sevindim. Səbrsizliyinə yönələn qəzəbim də soyudu.

Sonra zəng vurub özüylə danışdım, dalbadal suallar ünvanladım. Xoş təəssüratım yarandı.

Elroman Elçin oğlu Əlizadə 2000-ci ildə doğulub. Azərbaycan Dillər Universiteti Filologiya fakültəsinin 2-ci kurs tələbəsidir. "Sənsizliyin baş hərfi" adlı şeir kitabının müəllifidir.

Ədəbi mühitdə az adamı tanıyır. Məni də kimsə gənc yazarlardan biri nişan verib.

Bu şeirləri məni ruhlandırmışdı. İstedad işartısını hiss etmək, istedadlı bir gəncin ədəbiyyata gəlişini görmək həmişə mənə qol-qanad verib. Sevindim ki, nə yaxşı Elromanın şeirləriylə tanış olmağı ləngitmədim.

Məmnuniyyətlə bu şeirləri 525.az saytının oxucularına təqdim edirəm.

Güman ki, bu şeirlərlə bir müddət sonra "525-ci qəzet"in oxucuları da tanış olacaqlar. Uğurlar arzulayır, məni sevindirdiyinə görə təşəkkürümü bildirirəm.


Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in Baş redaktoru


"Altıncı hiss"

Bağışlama gedəni, çünki ən böyük haqqı
nahaqla dəyişmisən.
Səni kitab edəni sənə xitab edənə
nə haqla dəyişmisən?

Təkliyə öyrəşmirəm, təsəlli verirəm ki,
yar atmış ola bilməz.
Sən ayrısan, mən ayrı, ikimizi bir Tanrı
yaratmış ola bilməz.

Sən ki gündüz getmisən, məcburam ki, gündüzə
gecə deyim, əzizim.
Səni alana baxıb "səni verənə şükür" necə deyim, əzizim?

Bu sevda nə sevdadır, əvəzimə kor olub
məni yenə görməzlər.
Saçın ucun da hörsəm, gülü sulu da
dərsəm, səni mənə verməzlər.

Altıncı hissim susub, saat beşdə gedən qız,
dörd fəsildir itmisən.
Üç illik məhəbbəti iki gündə unudub
bir dəfəlik getmisən...

"Sənsizliyin baş hərfi"

Körpülərin yıxıldı, sən onu səhvlərindən
keçə-keçə unutdun.
Dünən ayaqlarına qaça-qaça sevirdin,
içə-içə unutdun.

O da səni unutdu, gedənlər ayrılığın
adını qismət qoyar.
Həyatdı da, gün gələr, xətrinə can qoyduğun
ətrinə həsrət qoyar.

Elə gözəl gedər ki, göydən düşən hər ulduz
gedəninə bənzəyər.
"Sənsizliyin" baş hərfi yataqda tək qıvrılan
bədəninə bənzəyər.

Sənsiz nə edə bildi, gözlərinin yaşını
qurutdu, qurutmadı?
Daha sevməkdən keçib, ləçəkləri qopar, de:
"unutdu, unutmadı..."

Ya da bəlkə, hələ də səni unuda bilmir
unutduğun həmin qız.
Kitabın arasında çiçəyin əvəzinə
qurutduğun həmin qız.

"Axır qəmim"

Səni seçən mən idim, özün seçən oğlanı
gözün kimi sevirsən.
Həyatdı da, əzizim, dünən kimi sevirdin,
bu gün kimi sevirsən...

Gözlərimiz danışdı, gözlərimin yağışı
gözlərinə dolmadı.
Təsəllilər axışdı, axır qəmim olan qız
axır mənim olmadı.

Gecələr də danışmır, içə-içə ölmüşəm
gecənin ortasında.
Küçələrdə böyüyüb səni necə itirdim
küçənin ortasında?

Gözüm çəkilmir izdən, gəlmirsən, daha gəlmə,
saat heçə sən qalıb.
Dağ boyda eşqimizdən geriyə iki kəlmə
salam, necəsən qalıb.

Necə şeir gətirmir könlümdəki pərilər,
yoxsa, mənə qarşıdı?
Gecə xeyir gətirmir, gecənin xeyirindən
sənin şərin yaxşıdı.

"O qədər uzağıq ki..."

Nəfəs alıb dərindən ötüb keçən ayıma,
ilimə inanmışam.
Göz-qaşını görəndən qaşla göz arasında
ölümə inanmışam.

Gözlərimi zilləyib baxırdım uzaqlara,
sənsə getdin yağışla.
Sən yağışı sevirsən, güvəndiyim dağlara
qar yağarsa bağışla...

Canına od qoyduğun yoxluğunda Tanrını
Gözüylə zikr eylədi.
Tanrı səni yaradıb əlini göyə açdı,
Özünə şükr eylədi.

Gecə-gündüz demədən gözlədim ki, gələsən,
gəlməmisən hələ sən.
Tələyə düşmək arzum, çünki mənə tələsən,
mənəm sənə tələsən.

Ümidimə qar yağa, qardan həyat düzəldim,
dizi keçincə qayıt.
Sol qolumu dişləyib sənə saat düzəldim,
izi keçincə qayıt.

Gülümsəmir birinə sən gedəli gözlərim,
mənimlə üz-göz oldun.
Gülüm, sənin yerinə o qədər ölmüşəm ki,
artıq ölümsüz oldun.

Ay bəri bax, bəri bax..Mən tərəfdə od yanır
Kül olmağa hazıram.
Tanrının iki əllə yaratdığı qadını
Mən tək əllə yazıram.

Üzməyimi bilmirik, niyə bizi dərd boğur,
içimizdə kin yatır?
O qədər uzağıq ki, sən tərəfdə gün doğur,
mən tərəfdə gün batır...

"Məktub"

Sonuncu məktubunda düzü, gözlədiyimdən
bir az da çox yazmısan.
Getdiyin gün evimdən nə var, nə yox aparıb
"nə var, nə yox?" yazmısan.

Gecəm-gündüzüm olmur, gündüzlər oxuyuram,
gecə yata bilmirəm.
Məktubdu da, neyniyim, atsam, ata bilmirəm,
satsam, sata bilmirəm

Elə ağır yazmısan, gözümün gücü çatmır
bir az nəzər yetirsin.
Elə ağır yazmısan, quşların gücü çatmır
məktubunu gətirsin.

Məni yerə yıxmısan, barı, insafın olsun,
yanımdan keçmə, qaldır.
On bir il yazdıqlarım on bir sətir məktubun
yanında heçnə qaldı.

Məktubu bitirəndə kağızlarda yaşayan
qadını sığalladım.
Elə çarəsiz idim, məktubun sonundakı
adını sığalladım...

"Ağac"

İncimədi kağızım, indicə bir qələmlə
incidəni yazıram.
Həyatdı da əzizim, bir vaxt sənə yazırdım,
indi səni yazıram.

Həsrət bükdü belimi, barı, yanımda qalsan,
cəhənnəm, dik olardım.
O qədər ağlamışdım, kirpiyim oruc olsa,
cəhənnəmlik olardım.

Alnımda bir ləkə var, səbəbi nə, sirri nə,
bəlkə bir tikə qaldım?
Alın yazım sən idin, tanrı səni pozanda
yerində ləkə qaldı.

Ağaca səni yazdım, yağış yerə düşdükcə
göyə buxarı qalxdı.
Hər ağac böyüdükcə ağacdakı adın da
bir az yuxarı qalxdı.

Qızarmış gözlərim də adını çəkə bilmir,
çünki səni unutdu.
Üç dəfə qapımı döy, dördüncüdə açmasam,
bil ki, səni unutdum...

/525.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930