manera.az
manera.az

Zəmanə dəyişib, ya biz? - Xeyrəddin Qoca

Zəmanə dəyişib, ya biz? - Xeyrəddin Qoca
Manera.az tanınmış yazıçı Xeyrəddin Qocanın satirik yazılarını təqdim edir:

Dayan, izah edim…

Yeni il qabağı arvadla bazarı gəzirdik, xırda-mırda şeylər almaq istəyirdik. Hamıya gün kimi aydındır ki, arvadla bazara çıxdınsa, xırda-mırda şeylərdən söhbət gedə bilməz. Gərək cibində nə qədər pul varsa xərcləyəsən, sonra arvadın sifarişləri bitə. Bazarı çox gəzməyə ehtiyac qalmadı. Təsərrüfat malları satılan köşkə yaxınlaşan kimi arvad əlini uzadıb bir qozsındıran götürdü və satıcıdan soruşdu ki, “bunun qiyməti neçəyədir?” Satıcı başladı, nə başladı:
- Bacı, bir şeyi almamışdan əvvəl fikirləş ki, nəyi alırsan, aldığın şey harada istehsal olunub, tərkibi nədir, keyfiyyəti necədir, başqasından nəylə fərqlənir? Hə, baxıb görürəm bilmirsən. Onda icazə ver, izah edim...
Satıcının izahı çox uzun çəkdi. Sübut elədi ki, arvadın götürdüyü qozsındıranın bir qara qəpik də qiyməti yoxdur, o biri yaxşıdır. Doğrudur, o biri qozsındıran baha idi, amma satıcı elə təriflədi ki, istədik ikiqat pulunu verək. Xülasə, aldıq. Arvad bu dəfə əlini qazana uzatdı. Satıcı o dəqiqə dilləndi:
- Dayan, izah edim.
Yenə başladı:
- Bu qazan tez pas atır. Sən gəl, bu biri qazan dəstini al. Düz altı ədəddir. Görürsən, necə par-par parıldayır. Ömürlükdür. Özün işlət, sonra qızlarına ver. Almaniyadan gətirilib.
Xeyli pul verib bu qazan dəstini də aldıq. Bu dəfə arvad stəkan-nəlbəkiyə tərəf baxmaq istəyirdi ki, satıcı bunu “göydə tutub” dilləndi:
- Bacı, alma bu stəkan-nəlbəkini. Niyə? Dayan, izah edim. Görürəm abırlı adamlarsınız. Bunlar yerli maldır, qonaq-qara qabağına da qoyulası deyil. Bax bacı, bunları al, xaricdən gətirilib. O biriləri isti su dəyən kimi sınır, bunlar isə sınan deyil. Nə olsun, bahadır.
Stəkan-nəlbəkini də aldıq. Arvad elektrik çaynikinə əlini toxundurmuşdu ki, satıcı tez “qarşısını aldı”:
- Dayan, izah edim. Bacı, bu çayniklər yaxşı deyil. Elektrik qızdırıcısı tez paslanır. Siz bu birini götürün. Türk malıdır. Baha da olsa, ömrü uzundur.
“Türk malını” da aldıq. Sonra satıcı izah eləyə-eləyə bizə bıçaq dəsti, ət baltası, küftə kasaları - bir sözlə, evə lazım olan çox şey satdı. Axırda arvad nəyi isə almaq istəyəndə dedim “daha bəsdir”. Satıcı yenə dilləndi:
- Dayan, bunu da izah edim ki, sən kişi xeylağısan, belə şeylərdən başın çıxmaz. Qoy arvad nə istəyir, alsın.
- Havayı satırsansa, qoy alsın.
- Havayı niyə, a qardaş?!
- Dayan, izah edim: “Pul qurtardı!”

Düzələr, baxarıq…

- Dayı, mənə bir vəzifə...
- Düzələr...
- Əmioğlunun işi cəncələ düşüb...
- Düzələr...
- Mənim maşın məsələm...
- Baxarıq...
Dayımın bu “düzələr”, “baxarıq” kəlmələri nəinki məni, bütün qohum-əqrəbanı boğaza yığmışdı. Peşman olursan deyəsən, “a, kişi, filan iş görülməlidir”, kişi heç vecinə almayacaq, ağır-ağır dillənəcək: “Baxarıq...”
Bir gün dayım oğlu evə gec gəldi. Başı çiynində durmur, ayağı-ayağına dolaşırdı. Arvadı kəsdirdi dayımın başının üstünü ki, bəs bu gədəyə bir az öyüd-nəsihət versin, hədə-qorxu gəlsin. Dayım sakitcəsinə: “Baxarıq”, - dedi.
Bir dəfə belə, iki dəfə belə, axırda arvadı xəbər verdi ki, xuliqanlıq üstündə “uşağı” tutublar. Dayım heç tövrünü pozmadı, oğul heç onun deyilmiş kimi dilləndi:
- Düzələr...
Dayımın bu “təmkini” çox yerdə bizə “baha” başa gəlib. Çox vaxt gedəcəyimiz yerlərə gecikməli olmuşuq. Bir də görürsən avtobusda, metroda basabasdır. Soruşuruq: “a, kişi, bu basabasdan canımız nə vaxt qurtaracaq? O, “basabasa” tamaşa edə-edə dillənir:
- Düzələr...
Amma, heç nə düzəlmir. Dayım nə “baxacağına” baxırdı, nə də “düzələri” düzəlirdi.
Heç demə, dayım iş yerində də belə sözlərlə müdirini aldadırmış. Müdir çağırıb bir iş tapşıran kimi deyirmiş:
- Baxarıq... Düzələr...
Bir dəfə kişi evə qanıqara gəldi. Səbəbini soruşanda dedi:
- İşdən çıxarıblar!
Evdəkilərin hamısı bir-birinin üzünə baxdı. Sonra hamımız birağızdan dilləndik:
- Düzələr...
Dayım heç nə başa düşmədi, yazıq-yazıq soruşdu:
- Bəs, bunun axırı necə olacaq?
Yenə xorla dilləndik:
- Baxarıq...
Zəmanə dəyişib, ya biz? - Xeyrəddin Qoca
Zəmanənin ata nəsihəti

Əziz, istəkli oğlum! Mən bu dünyada çox pis yaşayıram. Ona görə pis yaşayıram ki, heç zaman vəzifəm olmayıb. O vaxt Kommunist Partiyasının üzvü deyildim. Hakim partiyanın üzvü olmayanlara da, özün bilirsən, vəzifə verməzdilər. Mənim bədbəxtliyimə bax ki, bütün nəslimizdə həmin partiyanın bircə üzvü olmayıb. Heç olmasa, nəslimizdə bir adam vəzifədə olsaydı, bütün nəslimizi dolandırardı. Sən vəzifəni nə bilmisən?!
Atan qurban, indiki ağlım onda olsaydı, bilirsən nə olardı? O vaxt elə hey deyirdilər ki, get, Leninin əsərlərini oxu. Əlli beş cild əsərləri oxumaqdan gözlərimin qarası getdi. Heç kim pul-para qazanmağın yolunu göstərmədi. Pul-para qazanan kasıb-kusuba da çox pis baxırdılar. Kimin yaxşı evi-eşiyi vardı, deyirdilər oğrunun, quldurun biridir! Əyninə bir kostyum alanda da soruşurdular ki, hansı pulla almısan? Amma özlərinin hər şeyi vardı... Ümumiyyətlə, bu soruşanlardan bir soruşan gərək idi ki, bəs sən özün aldıqlarını haradan almısan?
Allah kasıbı bədbəxt yaradıb. Bir qalstuk da alanda soruşurdular: “pulu haradan almısan?”
Mənim balam, vallah-billah, indiki dövr yaxşıdır. Pulun varsa, get dənizin lap ləpədöyən yerində villa tikdir. Heç kim sənə bir söz deməz. Heç deməli də deyil. Amma belə-belə şeylərə mənim pulum çatmır. Çünki heç zaman vəzifəm olmayıb. İndi də mənə vəzifə verməzlər. Deyərlər ki, ağlın olsaydı, o zaman ölkəyə ağalıq edən partiyanın üzvü olardın.
Oğlum, sən mənim yolumu getmə. Mütləq partiyaların birinə üzv yazıl. Gör ölkəmizdə nə qədər partiya var! Birinə yazıla bilməsən, get o birinə yazıl. Qorxma, heç bir çətinlik-filan olmayacaq. Çoxu yalvarır ki, gəl, mənim partiyama üzv ol...
Bir partiyaya ki, yazıldın, siyasətçi olacaqsan. Gərək siyasətçi olduğunu göstərəsən. Qulağında qalsın, başqaları səni yıxmamış, sən onları yıxmağa çalış. Onlar haqqında pis rəy yaratmağa, “donos” uydurmağa, şayiə yaymağa giriş. Müsbət nəticəsini görəcəksən...
Canım, ciyərim! Üzüyola ol. Nə desələr de ki, baş üstə. Sənə yaltaq desələr, vecinə alma. Çünki heç bir zamanədə yaltaqlara dəyib-toxunan olmur. Onların şəltəsi hər yerdə yaxşı işləyir...
Oğlum, sən mənim yeganə balamsan. Həyatda yaxşı yaşamağın üçün sənə çox məsləhətlər verərdim. Amma onları yazsam, bir romandan böyük çıxar. Bircə onu demək istəyirəm ki, mənim kimi avam olma.
Nə eləyirsən elə - istəyirsən partiya üzvü ol, istəyirsən partiya yarat, istəyirsən kiminsə qabağında ikiqat əyil, istəyirsən vəzifə tutub əliəyrilik elə, bunların heç kimə dəxli yoxdur, təki, yaxşı yaşamağı bacar! Bir mahnı var ey, “Həyat yaşamağı bacaranındır”.

Bacıoğlunun bacısıoğlu

Ələmdarın dayısından əziz adamı yox idi dünyada. Ata-ana, qardaş-bacı, qohum-əqrəba onun üçün bir yana idi, dayısı bir yana. Niyə? Onu bir Ələmdar bilirdi, bir də dayısı. Ələmdar həmişə deyərdi:
- Dayımın canı sağ olsun!
Ucundan-qulağından dayı-bacıoğlu əhvalatından bizim də xəbərimiz var.
Ələmdar orta məktəbi fərqlənmə diplomu ilə bitirdi - dayısına görə. İstədiyi universitetin istədiyi fakültəsinə daxil oldu - dayısına görə. Məşğələlərə gah gəldi, gah gəlmədi, semestrlərin axırında da hamıdan yüksək qiymət aldı - dayısına görə. Belə-belə kursdan-kursa keçdi, universiteti qırmızı diplomla bitirdi - dayısına görə.
Onu arzuladığı vəzifəyə göndərdilər - dayısına görə.
Yedi-dağıtdı, gözün üstündə qaşın var deyən olmadı – Ələmdara - dayısına görə.
Vaxt oldu, öz bacısı oğluna dayılıq eləmək istədi Ələmdar. Dayısından nə götürmüşdüsə, yavaş-yavaş həyata tətbiq etdi.
Bacısı oğlu böyük vəzifə sahibi olacaqdı - dayısı Ələmdara görə. Amma olmadı, ilişdi. Ələmdarı da vəzifədən qovdular.
İndi bacısı oğlu deyir:
- Məni qovdular - dayıma görə.
Heç demə, Ələmdarı bacısı oğlundan əvvəl qovublarmış vəzifədən...

Allah bərəkət versin!
Nağaraçalan Qulunu şəhərdə tanımayan az tapılardı. Toylarda, şənliklərdə çalanda camaat onun barmaqlarının tamaşasına yığılar, əllərinin gözəgörünməzliyinə heyrətlənərdilər.
Qulu son zamanlar nağara çalmırdı. Keçmişdi balabana. Səbəbini soruşanda deyirdi:
- Qocalmışam, daha əllərimdə güc qalmayıb...
Bir gün Qulu küçədən keçəndə çalğı səsi eşidir. Səs gələn tərəfə gedəndə görür toy məclisi qurulub, musiqiçilər də oturublar məclisin yuxarı başında. Ətrafa nəzər salır, gözünə tanış-biliş görünmür. Keçir oturur musiqiçilərin yanında. Şabaş verəndə Qulunu tanıyanlardan biri on manat çıxarıb onun döş cibinə basır.
Qulu iki barmağı ilə cibindən pulu çıxarıb dillənir:
- Ala, mən on manata çalan cayıllardan deyiləm, bildün?
Həmin adam deyir:
- Ay Qulu, görürsən ki, toyu çalan başqa musiqiçilərdir. Mən səni tanıdığım, hörmət elədiyim üçün o pulu verdim.
Qulu bir pula baxır, bir də həmin adama:
- Hə? Onda Allah bərəkət versin! - deyib, pulu qoyur cibinə.

Təriflə, başdan elə!

A kişilər, belə də dərd olar mən düşmüşəm? Heç düşmənimə də arzulamaram ki, işlədiyi idarədə müdirinin gözündən düşsün. Mənə elə gəlir ki, dünyada ondan pis şey yoxdur. Nə yaxşı işini qiymətləndirir, nə də səni danlamaqdan yorulur.
Bəli, müdirin gözündən düşdüyümə görə əlaltından iş axtarırdım. Razı idim, azmaaşlı işə gedim, təki onun sifətini görməyim...
Çox soraqlaşdım, axırı bir iş tapdım. Amma qorxu canımı aldı ki, təzə iş yerindən zəng vurub haqqımda köhnə müdirdən soruşsalar, o ki var deyəcək, məni gözdən salacaq. Amma qoy olsun - deyib, yeni işə girmək üçün ərizə verdim.
Təzə direktor əmrimi verməmişdən əvvəl söhbət üçün məni yanına çağırtdıranda canıma üşütmə düşdü. Qorxa-qorxa qəbula getdim. Qapıdan içəri girəndə gözlərimə inanmadım. Direktor məni görən kimi gülümsədi, oturmaq üçün hörmətlə yer göstərdi. Sonra sözə başladı:
- Müdiriniz sizdən çox razılıq edirdi...
Doğrusu, bu sözləri eşidəndə elə bildim ki, təzə direktor məni ələ salır. O, davam etdi:
- Bacarıqlı, işgüzar adam olduğunuzu söylədi. Bizə məhz sizin kimi işçilər lazımdır...
O gündən təzə idarədə işləyirəm. Direktor da mənə çox hörmət bəsləyir. Amma ha fikirləşirdimsə, keçmiş müdirimin məni niyə təriflədiyini başa düşə bilmirdim. Nəhayət, əhvalatı olduğu kimi iş yoldaşıma danışdım. O gülümsəyib dedi:
- A kişi, bəs adamı necə başdan eləyərlər? Bilmirsən ki, bəzi idarə rəhbərləri başdan eləmək istədikləri işçilərdən tərifli sözlərlə canlarını qurtarırlar!

Zəmanə dəyişib, ya biz?

İndiki zəmanədə sakit yaşamaq çox çətindir. Niyə? Ona görə ki, zəmanə yaman dəyişib. Keçmişdə, Kommunist Partiyasının dövrünü deyirəm ey, kimin həddi nə idi böyük vəzifəlinin qarşısında deyəydi ki, mən də varam. Adamın atasını yandırardılar, ağzını cırardılar.
İndi dünənki uşaq demokratiyanı əldə bayraq eləyib çatdığına çatır, çatmadığına bir daş atır. Deyir, kefim belə istəyir. Daha böyük-kiçik qalmayıb. Aləm qarışıb bir-birinə. Siyasətçi olmayan düşüb ortalığa ki, mən də siyasətçiyəm.
Ömründə beş-altı adama başçılıq etməyənin biri çığır-bağır salır ki, başqalarından nəyim əskikdir, mən də prezident olmaq istəyirəm. Ona deyirlər ki, bala, prezident olmaq istəyirsən get, bir şirkət aç, ol həmin şirkətin prezidenti. O qədər belə prezident var ki! Deyir, yox ey, mən lap böyük prezident olmaq istəyirəm. Buna döz görüm, necə dözürsən? Az qalır, deyəsən, zalım balası, get ol, görüm, necə olursan?
Bir də görürsən, birinə bir vəzifə verirlər, başlayır ki, bu vəzifə mənə layiq deyil, daha böyüyünü verin. Vermədilərsə, aləmi qatır bir-birinə. Bilmirəm, bu vəzifədə nə görüblər?! Adamdan soruşarlar ki, bala, vəzifəyə xalqa xidmət üçün gedirsən? Elə bilirsən vəzifə yaxşı şeydir? Onun sözünü götür, bunun sözünü götür... Görmürsən, vəzifədən çıxandan sonra çoxlarını infarkt vurur. Elə bilirsən ki, vəzifədə olanda millət üçün əriyib çöpə dönmüşdülər?
Bu qəzetlər bəzən bir adamı o qədər tərifləyirlər ki, o da elə bilir ki, doğrudan da dahi adamdır. Başlayır böyük iddialara düşməyə. Deyir, mən böyük adamam, mənə də vəzifə verin! Vəzifə verənlərin halına yanıram ey... Bu qədər adama vəzifəni haradan tapsınlar?!
İndi əli qələm tutan qəzet buraxır. Daha fikirləşmir ki, bu qəzetlərin çoxu bir çürük qoza dəymir.
Hərdən mənəvi tərbiyədən-zaddan danışırıq. Arif Ələkbəroğlu adlı bir qonşumuz var. Rusiyaya alverə gedib, bir rus qızı alıb, adını da dəyişib eləyib Alik Aleksandroviç. Özü də gedib kilsəyə xaç suyuna çəkilib, olub xristian. Bunun başına kül olsun, o da demokratiyadan danışır!
...Bunların hamısını yazsam, qalın-qalın kitablara sığmaz. Görəsən, zəmanə dəyişib, ya biz?

Nə qədər otlayırsan?

Xalaoğlunun qara ciyəri bərk ağrıyırdı, dedilər get, filan ünvanda bir kişi var, sənin kimilərini dava-dərmansız sağaldır. Ürək, ciyər, böyrək, bağırsaq xəstəliklərinin kökünü kəsir. Hətta uşağı olmayan qadınlara uşaq da düzəldir.
Xalaoğlu əvvəlcə inanmaq istəmədi:
– Onda bu qədər həkimə, xəstəxanaya, poliklinikaya nə ehtiyac var, qoy hamısını bağlasınlar da...
– Şəkk eləmə, get, görərsən!
Xalaoğlu da getdi həmin kişinin yanına. Bir aydan sonra xəbər gəldi ki, bəs xalaoğlunun axırıdır, tez özünü çatdır. Gedib nə görsəm yaxşıdır? Gədənin rəngi-rufu qaçıb, boğazının dərisi sallanıb, arıqlayıb çöpə dönüb, ayaq üstə dura bilmir. Həkim çağırdıq.
Doktor gəlib soruşdu:
– Nə yeyə bilirsən, a bala?
– Təbii qidalar qəbul edirəm. Səhərdən axşama kimi göyərti yeyirəm...
Həkim xəstəyə təəccüb dolu baxıb soruşdu:
– Onda de görüm, gündə nə qədər otlayırsan?

Elan

Mən Kərbalayı Məmmədhüseyn Məmmədhənifə oğlu bildirirəm ki, hər cür xəstəliyi sağaldıram. Havayı yerə həkimlərin yanına getməyin. Gedən kimi yüz cür xəstəlik tapırlar, sonra da yüz cür dərman yazırlar. Adamlar o dərmanları içib zəhərlənirlər.
Mənimki otlardır. Ölkədə nə qədər ot var, hərəsindən bir xəstəliyə dərman düzəldirəm. Dualarım da kömək edir. Cəmi-cümlətanı əlli yaşım var, hələ ki, cavanam.
Kimin dişi ağrıyır, o saat kəlbətinlə çəkib çıxarıram, canı qurtarır. Çünki Allah verdiyi canı bir gün almalıdır.
Bu yaxınlarda şəxsi poliklinika açıram. Şəkk-şübhəsi olanlar qəbuluma gəlməsinlər.

Muzeydə

Bələdçi:
– Bu dinozavrın sümüklərinin yeddi min il, yeddi gün yaşı var.
Tamaşaçı:
– Hörmətli xanım, «yeddi min ili» başa düşdük, “yeddi günü” necə hesablayıblar, görəsən?
Bələdçi:
– Mən yeddi gün əvvəl muzeyə işə götürüləndə “dinozavrın sümüklərinin yeddi min il yaşı var” deyirdilər.

Oxumursunuz, oxumayın!

Camaat bizdən təvəqqe edir ki, ya qəzet-jurnalları qiymətsiz (yəni pulsuz) buraxaq, ya da heç kim onları oxumayacaq. Çünki əhali mətbuatda yazılan söyüş, təhqirlərə pul verməyi qəbahət sayır.
Biz belə başa düşürük ki, bu narazılıq “hamam suyunun təsirindəndir”. Adama deyərlər, oxumursunuzsa, nə bilirsiniz qəzet-jurnallarda söyüş, təhqir yazılır?
Bir də oxumursunuz, oxumayın. Bizə nə var? Məcmuəmizi, qəzetimizi buraxırıq, maaşımızı da alırıq. Maaşı da satışdan qazanılan puldan yox, arxamızda durub özünü təriflətdrən, reklam etdirən sponsorlardan alırıq. Sağ olsunlar...

Hamı yazır

Gənc yazıçıların qurultayı olub. Qurultayda bildiriblər ki, onların yaşı əllini, altmışı keçib, amma hələ də «gənc yazıçı» adlanırlar. Bəs, bu nə olan şeydir, nə deməkdir?
Heç demə, “gənc yazıçı” deyəndə yaş nəzərdə tutulmurmuş. İstəyirsən lap yaşın yetmiş, səksən olsun, təzə-təzə yazmağa başlayırsansa, deməli, “gənc yazıçı”san, vəssalam! Bir də, bizim millətdə yaşından asılı olmayaraq, hamı yazır. Bacardı, bacarmadı, dəxli yoxdur... Axı, yazmaqdan asan şey yoxdur. Bir qələmdi, bir kağız. Vay oxuyanların halına!

Yazı-pozu vaxtı deyil

Bu qəzet buraxanların çoxuna demək lazım, a kişilər, niyə bu qədər xərc çəkib qəzet buraxırsınız? Nə qədər qəzet olar? Kimdir onları oxuyan? Az qalıb hərə bir qəzet icad eləsin. Özləri də nə yazsalar yaxşıdır? İt belə getdi, qurd belə getdi...
İşiniz-gücünüz yoxdur sizin? Beş-on qohumunuz, tanışınız alıb oxuyacaq deyə, qəzet buraxmağına dəyməz axı!
Belə başa düşürəm ki, əlinizdən başqa iş gəlmir. Bacarıqlı adamlar bizneslə məşğul olur, pul qoyub, pul götürürlər. İsveçrə bankına böyük-böyük məbləğlər qoyur, “qara günləri” üçün hazırlıq görürlər, siz də qəzet buraxırsınız. Hələ utanmaz-utanmaz kimlərin hansı ölkələrdə villası olduğundan yazırsınız. Camaat özünə ev tikdirməsin? Görmürsünüz yazdıqca onlar daha “böyük işlər” görürlər? Onda yazmağın nə mənası var, hə?
A kişilər, gedin, özünüzə başqa iş tapın. Qurtarın bu dedi-qoduları! İndi yazı-pozu vaxtı deyil...

Sonradan dəyişmişəm

Mən əsl-nəcabəti, kökü olan adamam. Bütün ömrümü təmiz yaşamışam. Amma son zamanlar bir az dəyişmişəm. İndi oturub götür-qoy edəndə görürəm ki, yaxşı xüsusiyyətləri valideynlərimdən götürmüşəm, pis hərəkətləri özüm öyrənmişəm.
Əvvəla, kefin istəyən intriqaçıyam. Aləmi bir-birinə vuruşdururam, özüm də kənarda dayanıb ləzzət alıram.
İkincisi, yaman pulgirəm. Mənim üçün dünyada pulun qoxusundan gözəl ətir yoxdur.
Üçüncüsü, çox paxılam. Biri bir addım məndən qabağa keçəndə az qalır ürəyim partlasın.
Dördüncüsü, bildiklərimi də itirmişəm. Olmuşam savadsızın, kütün biri. Heç kimin ağlını bəyənmirəm.
Beşincisi, deyəsən, zəkam tamam azalıb. Ya da elə əvvəldən ağlım-zadım olmayıb...

Telefon söhbəti…

– Alo!
– Bəli.
– Yoldaş Cəlilzadəni olarmı?
– Bəli, eşidirəm sizi.
– Salam əleyküm!
– Əleykim əssalam!
– Necəsiniz?
– Çox sağ olun.
– Evdə nə var, nə yox?
– Sağlığınız...
– Uşaqlar necədirlər?
– Hamısı yaxşıdır, sağ olun.
– Bacıqızı da yaxşıdır?
– Lap yaxşıdır.
Kişi hələlik nəzakət xatirinə onunla danışan qadının bütün suallarına cavab verirdi.
– Hörmətli Cəlilzadə, sizə bir işim düşüb...
– Buyurun.
– Bəlkə sonraya qalsın?
– Elə indi deyin, sonraya niyə saxlayırsınız?
– Bizim uşağın məsələsini deyirəm ey, hörmətli Cəlilzadə!
– Nə məsələdir o elə?
– Universitetə düzəltmək məsələsi.
– Siz nə danışırsınız, ay xanım, mən elə işlərlə məşğul olmuram axı.
– Əşi, yaxşı sən Allah! Özünü naza çəkmə...
– Dedim ki, mən elə işlərlə məşğul olmuram.
– Bəs, siz həmin Cəlilzadə deyilsiniz ki, İşdüzəldənlər küçəsi, otuz beş saylı evdə yaşayırsınız, özü də Tofiqi, Tərlanı, Məmmədyarı, nə bilim, kimləri universitetə düzəltmisiniz, bu gün-sabah diplom alacaqlar?
– Ay bacı, xeyr, mən həmin Cəlilzadə deyiləm. Bura prokurorluqdur. Verdiyiniz məlumat üçün sağ olun.
– Nə?..

Tərcümə

Kənddə hər gün film göstərilirdi.
Camaatın yeganə istirahət yeri kinoklub idi. Kənd əhli bəzən eyni filmə bir neçə dəfə baxmalı olurdu. Onlara elə gəlirdi ki, daha görmədikləri film qalmayıb. Filmlərə baxmaq üçün kluba gələnlərin də sayı azalmışdı. Odur ki, kinomexanikin “əli aşağı” idi. O, çox götür-qoydan sonra divarlara, elektrik dirəklərinə, yoğun ağacların gövdəsinə belə bir afişa yapışdırdı: “Yeni bədii film. “Əlimərdanın uşaqları”.
Təzə afişanın xəbəri kəndin bu başından o başına yayıldı. Hamı səbirsizliklə qəribə adı olan bu filmə tamaşa etmək üçün axşamı gözləydi. Nəhayət, gözlənilən vaxt çatdı. Salon ağzına qədər adamla doldu. Əlavə stul qoyub əyləşənlər də oldu. İşıqlar söndü, kinomexanik aparatı işə saldı. Ekranda təzə filmin adı göründü: “Admiral Uşakov”.
Tamaşaçılar yapışdılar kinomexanikin yaxasından ki, bəs, bu nə məsələdir, camaatı niyə aldatmısan? Kinomexanik əsəbiləşdi:
– Qəribə adamlarsınız ey... Filmin adı rusca idi, tərcümə eləmişəm də!

“O” göndərib

– Gəlmişəm məni işə götürəsiniz, hörmətli müdir! Bu ərizəyə qol çəkin!
– Yer yoxdur.
– Taparsınız...
– Dedim ki, yer yoxdur!
– Başqaları üçün olur, mənə olmur?
– Sənin danışığın xoşuma gəlmədi...
Cavan oğlan telefonu göstərdi:
– Məni “O” göndərib...
Müdir çevrilib telefon aparatına baxdı:
– O?!
– Bəli!
– Ver ərizəni.
Müdir ərizəyə qol çəkdi. Sonra dodaqaltı mızıldandı: «Görəsən, “O” kimdir?...
– Cavan oğlan! Cavan oğlan!
– Bəli, hörmətli müdir! – oğlan geri qayıtdı.
– “O” kimdir?
– Əşi, sözdür dedim də...

Cəhənnəmi istəyən yoxdur

Biri ölür, gedir o dünyaya, onu göndərirlər cəhənnəmə. Qorxa-qorxa cəhənnəmin qapısını döyür ki, içəri girsin. Birdən başında buynuzları olan, bədənini qapqara tük basmış, ağzı qıpqırmızı bir cin qapıdan çıxıb gözlərini bərəldərək rəhmətliyə “qığğğ” eləyir. Rəhmətlik əsəbiləşərək dillənir:
– Belə eləyirsiniz ki, cəhənnəmə heç kim gəlmək istəmir də!..

Adamın gərək ağlı olsun...

Düz deyirəm, vallah! Ağlın olmadı ha, bu dünyada adam kimi yaşayamazsan. Gərək ağlın olsun düşünəsən ki, ayə, necə olur sənin də iki əlin–ayağın, bir başın, iki qulağın və s. var, o birilərinin də. Necə olur ki, o birilər cah-cəlal içində yaşayır, sən həmişə lüt-üryansan, qəpiyə güllə atırsan? Belə çıxır ki, o birilərinin ağlı var, yəni sənin kimi ağılsız deyil. A kişilər, heç ola bilməz ki, ağıllı adamın pulu-parası olmasın! Ağıl deyilən şey ki var, gələk o mütləq adamda olsun. Olmadı ha, batdın!
Lap uşaqlıqdan əlimə pul düşən kimi, gedib verirdim axmaq-axmaq şeylərə. Ürəyinizə pis fikirlər gəlməsin, uşaq siz deyən şeylərə pul xərcləməz. Deməyim odur ki, gedib xırda-xuruş alırdım, o biri gün də xoşuma gəlmirdi, atırdım bir kənara. Bu xasiyyətlə böyüdüm, gözümə yaxşı nə göründüsə, lazım oldu-olmadı aldım. Yekə kişi oldum, ağlım başıma gəlmədi ki, gəlmədi. Nəyə görə?
Deyin görüm, adam da nağd pulunu əlindən verər? Deməli, verməz. Ölənləriniz oldu rəhmətlik! Amma mən o vaxt nağd pulumu aparıb qoymuşdum özəl bir banka. Özü də nə qədər olsa yaxşıdır? Altmış min manat! İllər keçib, oturub sevinə-sevinə gözləmişəm ki, başqa ölkələrdə olduğu kimi banka qoyduğum pulun faizi də üstünə gələcək, gedib maşın alacam, villa tikdirəcəm, dünyanı gəzəcəm. “Sən saydığını say, gör fələk nə sayır”. Səhərdən axşama kimi növbəyə durdum. Nəhayət, növbəm çatanda sevindim ki, xeyli pul alacağam. Götürüb mənə nə versələr yaxşıdır: altı min. Elə orda iki əlimi ilişdirdim təpəmə, öz-özümə dedim, “kül sənin ağılsız başına, adam da özəl banka pul qoyar? Pulun var qoy evə, yavaş-yavaş xərclə də!”
Elə bilirsiniz bu əhvalatdan sonra ağlım başıma gəldi? Ay gəldi ha, “quyuya su tökməklə sulu olmaz ki!” Zəmanə dəyişdi, özəl banklar çoxaldı. Aparıb olan-olmazımı qoydum həmin banklara. Mənim hesabımla bir neçə ildən sonra milyoner olmalıydım. Bir də eşitdim bankları bağladılar, bankirləri də tutdular basdılar içəri. Heç demə, hamısı fırıldaq imiş. “İt də getdi, ip də”. Qaldım lüt-mədərzad!
İndi özünüz deyin, ağıllı adam da belə banklara pul qoyar?

Qorxuram...

Heç nədən qorxmuram. Qəzetdən, tənqiddən, dedi-qodudan, söz-bezdən qorxuram. Yuxusuzluqdan, əziyyətdən, kasıblıqdan qorxmuram. Vəzifəsizlikdən, vəzifədən çıxmaqdan, müxalifətdən, iqtidardan qorxmuram. Bircə şeydən, müsəlmanların öz dillərini unutmaqlarından qorxuram.
O gün həyətə çıxmışam, qonşuluqda yaşayan müsəlman uşağı məni görüb deyir:
— Zdravstvuyte!
Soruşuram bala, sən russan? Cavab verir:
— Net.
Deyirəm, bəs mənə niyə rusca salam verirsən? Deyir:
Otets, mat po russki qovorit...
Heç kimdən qorxmuram, heç nədən qorxmuram. Xəstəlikdən, həkimlərdən, yıxılıb qolumu-qıçımı sındırmaqdan, yalançılardan, yaltaqlardan, ikiüzlülərdən qorxmuram. Bircə şeydən qorxuram: müsəlmançılığı itirməkdən. Bəzi müsəlman müğənniləri gül kimi Azərbaycan musiqisini qoyub, başqa ölkələrin mahnılarını oxuyurlar, eybəcər şəkildə “tans” edirlər, ilan kimi əyilib-qalxırlar. Adama deyərlər bala, sən müsəlmansan, yoxsa moltanı? Hər ölkənin, hər millətin mahnıları gözəldir, buna sözüm yox. Sənə nə düşüb ki, onların mahnısını oxuyursan, özü də necə deyərlər, qolunu-qıçını sındıra-sındıra? Belə mahnılara daha çox qulaq asırlar, kasetlər çox satılır, eləmi? Bəs bilmirsən ki, bu da bir siyasətdir? İstəyirlər ki, müsəlmançılığa bu tərəfdən də zərbə vursunlar? Bax, mən də elə ondan qorxuram. Qorxuram ki, bir tikə müsəlmançılığımız qalıb onu da unudaq!
Heç nədən qorxmuram. Ölümdən, o dünyada qurulacaq mizan-tərəzidən, cənnət-cəhənnəmdən, qıl korpüsündən də qorxmuram. Amma bir şeydən qorxuram: müsəlmanların Vətəni, torpağı unutmaqlarından. Kimi dindirirsən, deyir xaricdə yaşamaq istəyirəm. Nə var axı, bu xaricdə? Xaricdə yel əsib, qoz tökülüb? Adam da vətənini, ana dilini, ana laylasıını unudarmı?
Xülasə, mən heç nədən, heç kimdən qorxmuram. Bircə müsəlmanların dilini itirmələrindən, ana laylası kimi mahnılarına başqa xallar qatmalarından, Vətəni, torpağı unutmalarından qorxuram. Vallah-billah qorxuram!

Gərək yazam...

Təzə bir məktub almışam. Zalım balası qələmi götürüb, gözünü yumub, ağlına nə gəlib yazıb göndərib mənə. Deyirdim, yazmaqda mənə çatan olmaz, amma and olsun o bizi Yaradana, mən o məktubu oxuyanda başa düşdüm ki, həmin məktubu yazanın şagirdi olmağa belə layiq deyiləm!
Məktubda nə yazsa yaxşıdır? “Məəttəl qalmışam sizin işlərinizə. A kişi, başqa iş tapmadınız? Gərək elə qələmi götürüb ondan-bundan yazasınız? Başınızı salın aşağı, camaat necə, siz də elə, yaşayın. Beş günlük dünyadır. Sizə nə dəxli var, it belə getdi, qurd belə gəldi? Bu partiyalardan nə qədər yazarlar? Gündə bir partiya yaranır, qoy yaransın də. Bəlkə, elə bir partiya yaranacaq ki, hamısından güclü çıxacaq, xalqa bir gün ağlayacaq... Birdəfəlik başa düşün, bu millət heç zaman birləşə bilməz. Niyə? Qanımızda var. Allah bizi yaradanda belə yaradıb. Birləşən olsaydılar, hərə bir partiya yaradıb, bir-birini rüsvay etməzdi ki! O, Lenin idi, dedi sizə çörək verəcəyəm. Acları bir yerə yığıb inqilab elədi. Görmürsən, indi üç adamın sözü bir-birinə düz gəlmir?”
Məktubda daha sonra deyilir: “Yaltaqlardan yazmaqdan yorulmadın? Guya, sən yazmaqnan yaltaqlıq azalacaq? Kimdir sənin yazılarını oxuyan? Yaltaqlıqla çox şey qazanmaq olur, sənin yazılarını oxuyanlar nə qazanacaqlar, a bədbəxt?”
Görün, sonra nə yazır? “A kişi, sizdən əvvəl çox yazıb-pozanlar olub. Özün onları yaxşı tanıyırsan. Nəyi düzəldə bildilər? Siz yazmaqla düzələcək? Ay düzəldi ha! Bəzi vəzifəlilər var ha, camaatı get-gələ salmasalar, günlərlə qapı dalında saxlamasalar yaşaya bilməzlər. İndi siz onlara necə işləməyi öyrədəcəksiniz? Keçmişdən qalma yazılmamış qayda-qanunlar var, deməli, belə olmalıdır. Ərizənin ki, üstünə yazıldı ”xahiş edirəm, baxın" deməli, o ərizəyə baxılmayacaq. Gərək ərizənin üstünə yazılsın ki, “həll edin, mənə bildirin”. Bax, bu oldu iş.
Məktubu yazanın son məsləhəti: “Saçınız-saqqalınız ağarıb, başa düşün ki, indi yazı-pozu vaxtı deyil!”
Qalmışam ona nə cavab verim?! Axı, mən də yazmağın xəstəsiyəm. Gərək gecə-gündüz yazam. Yoxsa ürəyim partlar...

Nə ad verək?

Vallahi-billahi, qalmışam mat-məəttəl. Gecə-gündüz fikirləşirəm ki, ayə, bu müğənnilər niyə, nə üçün, nə səbəbə özlərini bu kökə salırlar?
Əvvəla, bunların qiyafətlərini, yəni geyimlərini görəndə adam çaş-baş qalır. Heç demə, oxuyanlar üçün əsas məsələ elə bu imiş. Gərək elə geyinsinlər ki, nəzəri cəlb etsinlər. Şəhərdə bir kimsədə həmin geyimdən olmasın. Qızıl, brilyant üzüklər, sifətlərindəki cürbəcür rənglər...
Hələ bu harasıdır? Birdən oturub başıma vura-vura fikirləşirəm ki, bunların sahibi-zadı yoxdur bəyəm, çılpaq çıxırlar camaatın qabağına? Baxırsan, gözəl-göyçək xanımlardır, amma bədənlərinin bir-iki yerindən başqa hər yerləri açıq-aydın görünür. Hamı qalır baxa-baxa, heç kim bilmir bu “müğənnilər” nə oxuyur, necə oxuyur? Oralarını-buralarını əyə-əyə oynamaları da öz yerində.
Hələ çəkildikləri “klipləri” demirəm. Bir də görürsən, biri soyunub girir dənizə. Biri arxası üstə yıxılır qumun üstünə, par-par parıldayır. Biri vannada uzanır, sabun köpüyünün içində. Biri yalandan göz yaşı axıdır. Biri qayanın başına çıxır. Biri çarpayıda lüt uzanır. Biri yatır... Səs-küy, gurultu... aləm qarışıb bir-birinə.
Öz mahnılarımızı oxuya bilmirlər, amma başqa millətlərin mahnılarını oxuyurlar. Allah, amandır! Özü də gündə-gündə televizorda, orda-burda görünməsələr ürəkləri partlayar. Axırda da nə desələr yaxşıdır? “xalqa xidmət etmişik, bizə fəxri ad verin”.
Sizə nə ad verək, ay xanımlar? Bizi el içində biabır-rüsvay elədiyiniz bəs deyil, hələ fəxri ad da istəyirsiniz? Görmürsünüz ki, xaricdə böyük-böyük müğənnilərə ad-filan vermirlər? Amma onlar çox hoqqadan çıxırlar. Siz onlara oxşamağa çalışmayın. Elimizin-obamızın öz adət-ənənələri var...

Xahiş

Bizim bəzi-bəzi adamlara bəzi-bəzi xahişlərimiz var.
Əvvəla, xahiş edirik ki, televiziyaya baxanda əsəbləşməyəsiniz. Arvadını boşayıb, uşaqlarını yetim qoyanlardan biri çıxır ekrana, başlayır kişilikdən-zaddan danışıb, xalqa namus, qeyrət dərsi verməyə. A balam, nə olar, qoy danışsın. Siz niyə əsəbləşirsiniz? Bu da belə kişidir də. Namusu, qeyrəti var, yox, sizə nə dəxli? Qoy, nə qədər danışır, danışsın. Onsuz da uçub gedir havaya.
İkincisi, rayonlarda doğulub Bakıda vəfat etmək istəyənlərdən xahiş edirik ki, bu fikirlərindən əl çəksinlər. Ya hələlik ölməsinlər, ya da gedib doğulduqları rayonlarda, şəhərlərdə ölsünlər. Çünki Bakıda qəbir yeri çox bahadır. Başdaşı ondan da bahadır...
Üçüncüsü, xahiş edirik, müxalifət, iqtidar dava-dalaşına qətiyyən qarışmayasınız. Müxalifət bekarçılıqdan səs-küy salır, hakimiyyətə gəlmək istəyir. İqtidar da ki, hakimiyyəti əldən buraxmaq istəmir. Xülasə, qoy nə qədər vuruşurlar, vuruşsunlar. Lap yorulub əldən düşənə kimi. Nəyinizə lazım, siz əsəbləşməyin.

Prinsip

Bir kişi millət vəkilinin yanına şikayətə gəldi:
— Düz on ildir altı qoyunumu oğurlayıblar, teleqram vurmadığım, şikayət etmədiyim yer qalmayıb, oğruları tapa bilmirəm.
Millət vəkili soruşdu:
— Haralara yazmısan, a kişi?
— Polisdən tutmuş, xarici ölkələrin səfirliklərinə, beynəlxalq təşkilatlara qədər hər yerə! Budur, bu da yazışmaların surətləri!
Millət vəkili sənədlərə baxıb heyrətləndi:
— A kişi, sən ki, bunlara iyirmi qoyunun pulunu xərcləmisən, elə gedib altı qoyun alaydın də...
Kişi dilləndi:
— Bəs prinsip? Heç bilmirsən “prinsip” nədir, bacıoğlu?..

Borclu qala bilmərəm...

Stalinin rəhbərliyi dövründə bir nəfər kəndçi tribunaya çıxıb danışır və çıxışının axırında deyir:
— Allah Stalin yoldaşa iki yüz il ömür versin!
Bir neçə gündən sonra kişini tutub basırlar “qoduqluğa” ki, sən Stalin yoldaşın nə qədər yaşayacağına niyə müdaxilə edirsən?
Sonra məhkəmə olur, kişiyə 5 il iş kəsirlər. Müttəhimə son söz verirlər, o deyir:
— Mən rəhbərliyimizi də, partiya və hökumətimizi də çox sevirəm. Amma nahaq mənə 5 il verdiniz. İkicə il yaşayam, ya yaşamayam. Sonra hökumətə borclu qalaram. Ona görə də iki il versəniz bəsimdir...

Çay dəm almayıb

Çayçı Səfər çay dəmləməkdə məşhur idi. Bir gün camaata çay paylayanda ona xəbər çatdırırlar ki, bəs, rayonda yaşayan anası ölüb. Səfər kişi təzəcə dəmlədiyi çayı çaynikdə qoyub tələsik minir maşına, gedir rayona. Anasını basdırır, yeddisini də verib, qayıdır şəhərə.
İşə çıxan kimi bir nəfər çayxanaya gəlir ki, “Səfər kişi, mənə bir çay gətir”. Səfər kişi fikirli-fikirli bir stəkan çay süzüb verir müştəriyə. Müştəri çaydan bir qurtum içir, dodağını büzür:
— Səfər kişi, bu çay dəm almayıb ki!
Çayçı dillənir:
— A kişi, deyirsən yəni yeddi gün əvvəl dəmlənən çay hələ dəm almayıb?

Poçt qutusu

"Aldım-Satdım, Mənə Qaldı Şax-Şaxı" (ASMQŞŞ) Partiyasına: - Ə, o nə sözdür yazırsınız ki, hər partiyadan bir-iki millət vəkili seçildi, sizin partiyadan heç kim seçilmədi?
Seçilmədi, seçilmədi də, nə olar seçilməyəndə? Seçilənlərin ağzı bala batıb?
"Balıq Başı" (BB) Partiyasının üzvlərinə: - Orda-burda danışırsınız ki, çoxları balıqla adam olub. Yəni balıq verib, vəzifə tutub. Balıq verib, şair olub, yazıçı olub.
Balıq nə olan şeydir? Xəzər dənizi doludur. Tutmağı bacarmırsınız, ona-buna lağ etməyin. Gedin, siz də pul verin, vəzifə alın. Pulnan şeir yazdırın, şair olun, yazıçı olun. Hər şeyi problemə çevirməyin.
"Yazıq Millət" (YM) Partiyasına: - Milləti mitinqlərə, piketlərə çağıra-çağıra elə bildiniz hakimiyyətə gələcəksiniz? Gördünüz, gələ bilmədiniz! Arada millət yazıq oldu! Qurtarın bu təxribatları!
Hacı Məmmədəli Qulamoğlu (HMQ) Partiyasına:
- O nədir, dini partiya yaratmısınız? Dində də partiyalaşma olar? Camaatı ələ salmısınız? Görüm, elə din belinizdən çalsın sizin! Elə çaldı da! Gördünüz, axırı darmadağın oldunuz?!
Qalan partiyaların hamısına (QPH): - Əşi, siz bu xalqa nə vermisiniz ey, ala bilmirsiniz? Sizə qurban olum, əl çəkin bu xalqın yaxasından!

Demokratiya

Yuxuda gördüm lazımsız - yəni mənası olmayan, kağız korlamaqdan başqa heç nəyə yaramayan qəzetləri bağlayırlar, onların redaktorlarını da işdən çıxarırlar ki, "bala, get, özünə başqa peşə tap". Görürəm, bu redaktorlar yığılıb bir piket keçirirlər və "demokratiya!", "demokratiya!", - deyə qışqırırlar. Onlara yaxınlaşıb soruşuram ki, nə səs-küy salmısınız, nə istəyirsiniz? Onlar da deyirlər ki, "qəzet buraxırıq, öz pulumuza buraxırıq, hökumətə nə dəxli?". Sonra nə istəyirsiniz? Deyirlər, "demokratiya!". Soruşuram, "demokratiya" ağzına gələni yazmaqdırmı? Cavab verirlər, "özümüz bilərik!".
Bu sözləri eşitcək sərsəm yuxudan ayıldım. İndi dəli kimi olmuşam. Yuxu yozanlar məsləhət görürlər ki, yuxuda gördüklərimi suya söyləyim, axıb getsin. Görəsən, xeyri olacaqmı?

Fikrini dəyişdirdi

Bir idarədə böyük yığıncaq çağırılmışdı. İdarənin müdirini vəzifədən çıxarırdılar. İşçilər onun haqqında "dişlərinin dibindən çıxanı" deyirdilər. Elə bil, bu müdir ömründə bircə yaxşı iş görməmişdi...
Salona lap təzəcə gələn işçiyə söz verildi. O, heç nədən xəbəri olmadığından dilləndi:
- Bizim müdir ləyaqətli, namuslu, mədəniyyətli, nəzakətli, səmimi, mehriban, etibarlı...
Yanında oturanlardan biri onun pencəyinin ətəyindən aşağı çəkib pıçıldadı ki, "sən nə danışırsan? Müdiri işdən çıxarırlar eyyy!". İşçi tövrünü pozmadan fikrini dəyişdirdi:
- Təəssüf ki, bu xüsusiyyətlərin heç biri bu müdirdə yoxdur!

Vəzifə şirin şeymiş...

Keçmiş zamanların söhbətidir. Bir qəbilə başçısı cəmi üç il vəzifədə ola bilərmiş. Üç ildən sonra camaatı yığıb onun bir qolunu kəsib atarmışlar göyə. Yığışan əhalidən kim qolu birinci tutsaymış, olarmış qəbilənin yeni başçısı.
Bir gün axırıncı qəbilə başçısının vəzifə müddəti bitir. Camaatı yığırlar meydana. Başçının qolunu "təntənəli surətdə" kəsib atırlar göyə. Hamı qolu birinci tutmağa çalışır. Qəbilə başçısı da qanı axa-axa özünü ora-bura vurur, qolunu özü tutur. Deyirlər, "a kişi, sən nə edirsən, üç ildən sonra o biri qolunu da kəsəcəklər". Başçı cavab verir:
- Siz vəzifənin nə qədər şirin şey olduğunu haradan biləsiniz, ay yazıqlar!

Tutuquşunun cavabı

Direktor müavini hər gün evə qanıqara gəlir, o ki var, direktorun arxasınca danışırdı:
– Belə də direktor olar, süründürməçinin, qabiliyyətsizin, savadsızın, qohumbazın biridir. Daha canımı boğazıma yığıb...
Heç demə, evdə saxladığı tutuquşu da onun sözlərini əzbərləyirmiş. Bir gün direktor ona qonaq gəlməli olur. Onu görən tutuquşu dillənir:
– Belə də direktor olar, süründürməçi, qabiliyyətsiz, savadsız, qohumbaz...
Ev sahibi rüsvay olacağını görüb tutuquşunu basır soyuducuya ki, səsi kəsilsin. Yarım saatdan sonra tutuquşunu ağappaq görkəmdə buzun içərisindən çıxarır. Tutuquşu soyuqdan əsə-əsə dillənir:
– Direktorumuz əla rəhbərdir. Həmişə süründürməçiliyə, qabiliyyətsizliyə, savadsızlığa, qohumbazlığa qarşı mübarizə aparır...
Ev sahibi heyrətlənir. Qonaqlar gedəndən sonra tutuquşudan soruşur:
– Necə oldu ki, belə gözəl sözlər danışdın?
Tutuquşu əsə-əsə dillənir:
– Səni də mənim günümə salsaydılar, elə danışardın...

Molla Qasımın yuxusu

Bir gün rayon məscidində mollalıq edən Qasım kişi bərk yatmışdı. Yuxuda gördü ki, cənnətlə cəhənnəmin qapılarının tən ortasındadır. Cəhənnəm tərəfdən işıldayan od kişinin sağ tərəfini yandırır. Sol səmtindən isə cənnətin bahar təravətli xoş havası duyulur. Qasım diqqətlə ətrafına baxanda gözlərinə inanmadı. Burada mizan-tərəzi qurulmuşdu. İnkir-minkirlər əllərində toppuz dayanmışdılar onun başının üstündə. Qasım bir istədi sivişib xəlvətcə cənnətin qapısından soxulsun içəri, mümkün olmadı. İnkir-minkirin güclü əli onun boynunun ardından yapışıb itələdi kənara. Bu vaxt qeybdən bir səda gəldi:
– Sənin yerin cəhənnəmdir, kişi!
Qasım yazıq görkəm alıb başladı yalvarmağa:
– Mən nə günah sahibiyəm, xudaya?!
– Özünü bilməməzliyə vurma, Qasım! De görüm, rayon əhli Paşa Mirzəyevin arvadının ölü namazını niyə qılmamısan?
Qasım barmağını dişlədi. Bir istədi bəhanə gətirsin, gördü yox, bu həna o hənadan deyil. Əgər yalan danışsa, inkir-minkirlərin toppuzu təpəsindən od çıxaracaq. Fikirləşdi ki, düz danışsa, bəlkə ona rəhm edərlər. Yazıq-yazıq cavab verdi:
– Pulu az idi, yarəb!
– Sən ölü namazını neçə manata qılardın ki?
– 50--60 manata.
– Birdən ölü sahibinin o qədər pulu olmasa?
– …
– Sən hərdən rayonlara “qastrol” səfərinə çıxırdın, yaslara gedirdin, dua oxuyurdun, kəbin kəsirdin, hətta cadu eləyirdin, eləmi?
– Bəli, Xudavəndi-aləm!
Bütün bu əməllərinə görə səni cəhənnəmdən başqa heç yerə göndərmək olmaz. Ancaq qorxma, səni cəhənnəmə tək göndərməyəcəyəm, çevril arxaya bax!
Qasım geri dönəndə heyrətindən gözləri bərələ qaldı. Həmyerliləri Molla Manaf, Molla Məmmədtağı, yüz cür fırıldaqdan çıxan Molla Hacı, məhərrəmlik günü pirlərin ətrafında lövbər salan Molla Möhsün çiyin-çiyinə dayanıb tir-tir əsirdilər.
Elə bu vaxt inkir-minkirlərin biri soruşdu:
– Kişi, daha olan-olub, keçən-keçib. Özün boynuna al görək, o dünyada daha nə hoqqalardan çıxmısan?
Qasım dili-dodağı əsə-əsə açdı sandığı, tökdü pambığı.Barmaqlarını qatlaya-qatlaya işlətdiyi fırıldaqları saymağa başladı.Üstəlik, bildirdi ki, kənd əhli Cənnətəlinin rəhmətlik arvadının ölü namazını qılmaq üçün yüzcə manat istəyib. Əlavə 40 manat da yasin pulu tələb edib. Elə ki ölü sahibi bu məbləği verməkdən boyun qaçırıb, başlayıb onu qorxutmağa, üzünü camaata tutub deyib:
– Sırağa gecə yuxuda Allah-təala bu mərhumun ruhuna yasin oxumağı mənə tapşırıb, belə olmasa rəhmətliyin axirət dünyası əzablı keçər...
Qasım gördü ki, iş bununla qurtarmadı, inkir-minkirlər fırıldaqçı mollalar Manafı, Məmmədtağını, Hacını, Mirmöhsünü də sorğu-suala çəkdilər. Elə ki, sorğu-sual başa çatdı, mizan-tərəzi götürüldü, inkir-minkirlər sıra ilə düzülmüş fırıldaqçı mollaları arxadan necə itələdilərsə, cəhənnəmə birinci Qasım vasil oldu.
Az qala, kişinin ürəyi partlayacaqdı. Yaxşı ki, asqırıb yuxudan ayıldı...

Onlara yazığım gəlir

O gün televiziyaya baxıram, görürəm, türmədə bir adamyeyəndən müsahibə alırlar. Adamyeyənin söylədiklərini son dərəcə heyrətlə və diqqətlə dinləyirəm.Adamyeyən deyirdi ki, türməyə düşənə kimi yeddi-səkkiz qızı aparıb meşədə kəsib, həm ətlərini yeyib, həm də ət maşınından keçirib, şəhərin mərkəzində qutab bişirib, satıb camaata.Ürəyim ağzıma gəldi. Fikirləşdim ki, küçədə-zadda neçə dəfə qutab alıb yemişəm, bəlkə... Nə isə.Üç-dörd gün özümə gələ bilmədim.
Sonra başladım adamyeyənin söhbətlərini “təhlil” etməyə. Öz-özümə sual verdim ki, bu “kişi” niyə ancaq qızları yeyir? Adamyeyəndir, qoy kişiləri də yesin də... Özüm öz sualıma cavab axtarırdım ki, həmin televiziya proqramında adamyeyən haqqında rəy söyləyən birinin dediklərini xatırladım. O, deyirdi: “Bu qızlar ki, küçələrə belə yarıçılpaq çıxırlar, hələ çox şeylər eşidəcəyik. Bilirsiniz, qızları yarıçılpaq görəndə kişilərin qəlbindən cürbəcür fikirlər keçir”... Az qaldı o desin ki, adam belə qızları yemək istəyir.
İndi, harada yarıçılpaq qız görürəm, ona yazığım gəlir. Düşünürəm ki, günlərin birində adamyeyənlərdən biri həmin qızı yeyəcək...
Bizim məhəllədə bir qız var, gündə bir dəblə geyinir. Dəb də dəb ola... Həmin televiziya proqramında deyildiyi kimi, çılpaq gəzsə ondan yaxşıdır. Elə dar şalvar geyinir ki, ayıb olmasın, bütün əzaları görünür. Verilişdən sonra iş yoldaşları qıza tez-tez deyirlər: “Bax, səni yeyib-eləsələr, bizlik deyil ha”...
Deyəsən, veriliş mənə yaman təsir edib, xəstə kimi olmuşam.Çünki harada yarıçılpaq qız görürəm, ona yazığım gəlir. Elə bilirəm, dilim-ağzım qurusun, onu yeyəcəklər...

Tural Adışirinin təqdimatındaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829