"Gec olsun, güc olsun"- Rəşid Bərgüşadlı | MANERA.AZ
Rəşid Bərgüşadlı
Bəxtiyarın dərdi açılan kimi deyirdi ki, – “Sovet hökümətinin beli qırılsın! Sosializm yarışlarına o qədər başım qarışdı ki, bir də baxdım, bütün yaxınlarım dünyasını dəyişib, mənsə, 43 yaşında tək və subay qalmışam”.
Kolxoz-sovxoz çoxdan dağılmışdı. Başqa yerdən məvacib almırdı. Dolanışığı bostançılıqdan, toyuq-cücə və mal-qaradan çıxırdı. Sovet dövründə aldığı orden-medalları indi heç nəyə yaramırdı. Ona iş verən də yox idi. Deyirdi ki, – “Elə bil, ordenlərim çöp olub indiki iş adamlarının gözünə batır. Biznesmen görəndə əsl kapitalistləri görürəm”. Onlara qarşı acıdil idi. İdarələrə iş istəməyə deyil, sanki, haqqını tələb etməyə gedirdi. Elə bilirdi ki, ona mütləq ehtiyacları olmalıdır və onu qeyd-şərtsiz işə götürməyə borcludurlar. “Haqqı çatmayan birinin, birdən-birə böyük bir iş sahibi olması, sizcə, ədalətsizlik deyilmi? Varlı adam həmişə kasıbın düşməni olub və olacaq. Ona görə yox ki, sovetlərdən qalma xəstəlikdir, əsla yox! Ona görə ki, ədalətli oyun qaydaları olsaydı, fərasətli və ağıllılar qabağa düşərdilər. İndi isə əksinədir – qabağa düşənlər ağsaq-uğsaq müştəbehlər, kütbeyinlər, pula həris alverçilərdir. Belə pul qazanmağa nə var ki?” – deyirdi.
Bir ara siyasətə qurşandı. Sonra dedi ki, – “Siyasətçiylə biznesmen arasında heç bir fərq yoxdu. İkisi də əxlaqsızlıq uçurumunun həndəvərində oynayan nadinc, qohum uşaqlardır. Bunlar cəmiyyəti heç vaxt işıqlı gələcəyə, ağ günə çıxara bilməzlər. Biznesmen “batıranda” siyəsətə, siyasətçi isə işləri korlayanda biznesə keçir. Xalqın əxlaqı bu çək-çevirdə korlanır, millət sırtıqlaşır, ziyalısında gönüqalınlaşma gedir”.
Səni cənginə keçirdisə, içini tam boşaltmayınca əl çəkən deyildi:
– Bir misal deyim. Qonşun “zimbala Rəfail” sinif yoldaşım olub. Gicbəsər, kütbeyinin biridir. Di gəl ki, atasındanqalma bir “Zim” maşını vardı. Sən demə, mənim kimi sınıq-salxaq bu “zimbala” kalan pula gedirmiş. Nəysə, özün gördün, sağlığına qismət, satdı və ondan sonra Rəfail dönüb oldu “Allahın bacısı oğlu”. O günləri mənə deyir ki, – “Pulun olmayanda, çəkinmə, de”. Bu vələdüzina Corc Vaşinqtonun üzünə tüpürüb dolları yapışdırır qızların alnına. Demə ki, qarnıqurdlu paxılın biriyəm. Yox, vallah. Amma, Rəfail bu var-dövləti mənimlə yanaşı pambıq yarışında qazansaydı, bax onda onun alnından öpərdim.
Rəfailin “zimbala” təcrübəsi ağılına batmışdı. Orden və medallarını satıb maya düzəltmək, özünə gün ağlamaq məqsədilə Bakıya üz tutmuşdu. Elə onunla da Bəxtiyarın bəxtsiz çərxi tərsinə döndü...
Bəxtiyardan borc pul almağa getmişdim. Pulu verdi və, – “Gəl otur, bir stəkan çay içək” – deyib məni həyətdəki tut ağacının altına çəkdi. Samovar çayı süzüb yenə də məni saldı çənəsinin altına. Onda danışırdı ki, orden-medal alverçilərini yerini soruşa-soruşa gəlib çıxır “Tarqovu”ya. Köhnə pullar, orden və medallar, min cür digər köhnə əşya satılan piştaxtaya yaxınlaşır. Öz medalının eynisini piştaxtadan götürüb qiymətini soruşur. “On altı manat” – deyirlər. Ürəyinin giziltisi gözündə qığılcım kimi parlayır, eşitdiyindən qulaqları guruldayır. Deyir, ürəyimdə, – “Demək mənim gecə-gündüz eşşək kimi tarlada işləməyimin son qiyməti on altı manat imiş? Səni lənətə gələsən sovet hökuməti, səni dağılasan belə zəmanə! Yox, mən hələ on altı manata möhtac deyiləm. Min bir əziyyətlə qazandığım, 12 il ürəyimin başında şərəflə gəzdirdiyim medalımı çölə ataram, amma bu qiymətə satmaram” – dedim.
– Bundan məndə də ikisi var, satsam neçəyə alarsınız? – satıcıdan soruşur.
– 12 manata alıb, 16-ya satırıq...
Bəxtiyar yenə minir cin atına:
– Satın, dilənçinin milyoner balaları! Birdən-birə milyonçu olmaq xəstəliyi sizin ağlınızı başınızdan alıb. Hər gün evdən çıxanda, – “Allah, işimi avand elə” demək əvəzinə, – “Mənə, cibinə girməyə bir axmaq adam ürcah elə, ay Allah”– deyirsiniz. Heç Allahın, insafın yoxdurmu sənin, bu qiymətə də medal, orden olar? Sən bilirsən bunu qazananadək neçə dəfə qabıq dəyişmişəm?!
Satıcı:
– A kişi, baş-beynimi aparmaginən, alırsan al, satırsan sat, ya da qoy işimizi görək, onsuz da bütün günü qara qəpiyin yeyəsi olmamışam, heç olmazsa, qanımı qaraltma.
Bəxtiyar:
– Olmazsan da, kapitalist tör-töküntüsü! Camaatın min əziyyətlə qazandığı halal medalını 16 manata satanda bilmirsən ki, evinin bini-bərəkəti qaçacaq?! – deyir.
– Kişi, cəhənnəm ol burdan, oruc tutan-namaz qılan adamam, məni imandan-dindən çıxartma, adamını get başqa yerdə axtar, məni qana-xataya salma, polisə verməyə artıq pulum yoxdu mənim, çıx get burdan.
– Dədənin xarabasına gəlmişəm, məni qovursan? Bəlkə atanının ehsanını yeyib nəmərini yazdırmadan gedirəm, hı..?
Bəxtiyar arada qaynar çayı hörtdədir, şövqlə danışır, danışdıqca da öz halına gülürdü:
– Səni mənə ürcah edənin, ...axmaq kişi! – deyib dalıma bir təpik ilişdirdi. Cınqırımı da çıxara bilmədim. Ətrafdakıların hamısı mənə gülürdü. Yaxşı ki, çoxu məni ağıldankəm hesab elədi. Kaş bu dilimi dinc saxlamağın yolunu biləydim. Dilimi azca da özxoşuna buraxsaydım, öz başımı yeyəcəkdi... Səki, başqa şeydən danışacaqdım, gör söhbəti gətirib haralara çıxardım ey... Deyingən oduğumu bilirəm, amma neyniyim, özümdən asılı deyil. Gedirəm qonşudan balta almağa, yazığın başını öz baltasıyla yarıb qayıdıram. Hamısı da subaylığın ucbatındandı. Subaylıq adamı zəvzək edirmiş, qardaş. Kişi ki, vaxtında evlənib ailə qurmadısa, at getsin. Gör sonra başıma nələr gəldi...
– Bu yaşdan sonra evlənəcəyimi, kimisə sevib-seçəcəyimi ağlıma da gətirməzdim. Deyirlər ki, züryəti olmayanlar bir az paxıl və qısqanc olurlar. Düz deyirlər. Ancaq, bəribaşdan deyim ki, uşaqları, xüsusən, hələ indi-indi yeriməyə başlayan körpələri daha şox sevirəm. Niyəsini özüm də bilmirəm. Allah da məni belə yaradıb – zəvzək və körpələrə qarşı həssas... Hə indi yadıma düşdü..! Orden satan alverçi dalıma təpik vuranda üzü “Malakan bağı”na tərəf idim. Camaat arxamca güldüyü üçün başımı qaldırmadan elə o səmti tutub düz getdim və gəlib dənizkənarı bulvara çıxdım. Medallarım, mənliyim təhqir olunmuşdu deyə ağırlıqdan çiyinlərim də əyilmişdi. Gözlərimi yeriyən ayaqqabılarımın şiş burnuna zilləmişdim. Ətrafda küt uğultudan başqa heç nə eşitmirdim.
Bükülü kağızda mənə tum uzadan uşağın səsinə başımı qaldırdım.
– Əmi tum istəyirsiniz?
– ...Hə, birini ver. Neçəyədir?
– 20 qəpiyə.
– Bahadır...
– Siz 10 qəpik verin, alın – dedi.
– Bu başqa məsələ, onda ikisini ver – dedim. Hər şeydə xeyir güdmək yaxşı hal olmasa da, insan gərək gəlir-çıxarını bilsin.
Bükmənin birini cibimə qoydum. Tumu çırtlayır, qabıqlarını yerə tüpürür, elə bil paytaxtın bulvarını kirlətməklə öz qisasımı alırdım. Hər dəfə tüpürdükcə eynim açılırdı, çünki, gözümün qabağına zəhləmgetmişlərin hamısını gətirib onların üzünə tüpürürdüm – Qorbaçovun, Leninin, keçmiş kolxoz sədrimiz Bəndalının – ilk ordeni yaxama o sancmışdı, – məni partiyaya keçirən Hikmətin, məni işə götürməyən Aydının, orden-medal alverçisinin, Rəfailin – hamının..! Deyəsən, tüpürməyimin səsi normanı aşıbmış, – bayaqdan qabağımca gedən qadın qanrılıb mənə baxdı. Qadının hər əlindən bir uşaq tutmuşdu. Uşaqların ikisi də oğlan idi. Biri 10-11, digəri isə 3-4 yaşlarında olardı. Danışıqlarını eşidirdim. Balaca olan dil boğaza qoymurdu:
– Ana, mən yenə “dığınn” istəsəm alacan?
Ana uşağın başını aldadırdı:
– Hə...
– Baterka da çokqulu al ki, xayab olanda, tez taxaq, heylə..?
– Heylə, mənim balam, heylə...
Böyük oğlan:
– Ana, bəlkə atam birdəfəlik getməyib, nə vaxtsa biz yadına düşəcəyik və geri qayıdacaq? – soruşdu.
– Yox bala qayıtmayacaq, qayıtmağını da istəmirəm. Mən cəhənnəm, amma övladlarını atan ata, kişi deyil, beləsinə arvad olan isə ən əxlaqsız qadındır.
– Ana, bəs indi dolanışığımız necə olacaq, bu şəhərdə iş tapa biləcəksənmi? Bəlkə mən də məktəbdən çıxıb iş axtarım?
– Bir də belə sözü ağlına gətirsən, səni tikə-tikə doğruyub atanın heyifini səndən alaram! Oxu, adam, kişi ol, sonra da nakişi atana sübut elə ki, – “Uduzan sən oldun, biz yox, ay şorgöz şərəfsiz!”. Allah kərimdir, əlbət bir yerdən işıq yeri verər bizə də. Varlının pulu varsa, kasıbın da Allahı var...
Balaca oğlan:
– Ana, ayyah baba haydadı, niyə gəlib adamlaya kömək eləmiy? Qıymızı xayab dığınnımı ayyah baba düzəldə biləy?
– Düzəldər oğul, düzəldər. Allah baba hər müşkül işi düzəldər...
Böyük oğlan:
– Ana, yenə ərə getməyi fikirləşirsən?
– Elə bu tələm-tələsiklikdə ərə getmək yadımdan çıxmışdı! Sən icazə verərsən mənim ərə getməyimə?
– Niyə vermirəm ki...
– Biqeyrətin belindən gələn oğul necə olmalıydı ki!
– Bəs indi neyniyəcəksən, bütün ömrünü bizim üçün çürüdəcəksən?
– Bəs nə üçün ana yaranmışam, sizi niyə doğmuşam? Ata olsaydım, quyruğunu belinə dolayıb mozalan tutmuş danalar kimi çoxdan qaçmışdım... Bundan sonra sizin üçün yaşıyacağam ki, adam olasınız. Sonra da insafınız olsa, yekələndə, siz mənə baxarsınız.
Balaca oğlan:
– Ana, mən ata istiyiyəm...
– Sənin atan ölsün! Ondan sənə ata olmaz!
– Onda təzəsini istiyiyəm..!
– Gedək bazardan alaq – qomunu 20 qəpiyə satırlar!
– Aldatmıysan ki?
– Yox...
Böyük oğlan:
– Sən ərinin necə olmağını istərdin, ana?
– Mərd, sözü üzə deyən, düzü deməkdən çəkinməyən, zəhmətkeş, yorulmaqdan qorxmayan, dəmir biləkli, əliqabarlı, daşdan yonulmuş enli sinə, sərt baxışlı... – hiss olunurdu ki, dili danışsa da fikri tam başqa şeylərdə idi.
Balaca oğlan mənə tərəf çönüb anasının donunu dartdı:
– Ana, bax bu əmi kimi, eyəmi?
Onların üçü də çönüb mənə baxdılar. Söhbətlərinə xəlvəti şahid olduğumu bildikləri üçün gəlindən utandım. Əlimi cibimə salıb o biri tum bükməsini çıxardım və dedim:
– Salam, tum çırtdıyırsınız?
Qadın:
– Yox, sağ olun! – azca gülümsündü.
Böyük oğlan:
– Mən istəyirəm...
Balaca oğlan:
– Mən də!
Bükməni böyük oğlana verdim. Kənardan baxan deyərdi ki, – “Bu kişinin boyuna-buxununa bax, utanmır, düşüb ikiuşaqlı gəlinin dalınca...”. Amma, vicdanım haqqı, bu təsadüfdən belə alınmışdı. İnan ki, bu yarım saatlıq uzaq təmasdan qadının xasiyyəti haqqında çox şey öyrənmişdim. Sanki, mən bu qadını və onun başsız qalmış övladlarını lap çoxdan tanıyırdım.
Biz yenə yeriməyə davam elədik. Böyük oğlu ilk əvvəl anasının ovcunu tumla doldurdu. Ana tumu qabıqdan təmizləyib hərdən balaca oğlunun da ağzına qoyurdu. Balaca oğlan:
– Ana, mən istiyiyəm ki, bu əmi mənim atam oysun...
Böyük oğlan:
– Hə ana, tam sən deyən adamdır...
Qadın bir də dönüb müştəri gözüylə mənə baxdı, astadan, – “Hə oxşuyur...” – dedi. Əlimdəki tum bükməsini yerə tullayıb balaca oğlanın əlindən tutdum. Ömründə heç kimin ağlına gəlməyən bir partlayış elədim, – “İstəyirsinizmi ki, bu gündən sizin atanız olum?” – soruşdum.
Balaca oğlan:
– Hə, mən istiyiyəm...
Onu qucağıma aldım.Böyük oğlan xeyli anasına baxdı, görünür nəysə sezdi və:
– Mən də istəyirəm! – dedi.
Utanmadan üzümü qadına tutub soruşdum:
– Mənə ərə gələrsiniz?
Yerə baxıb gülümsündü. Sakitcə 10-15 addım da yol getdik. Üzümə baxdı:
– Üç sualıma düzgün cavab ver, mən də cavabımı deyim – dedi.
– Buyur! – dedim.
– Sizdə qalacağıq, yoxsa bizdə?
– Rayonda böyük evim, bağ-bağatım, mal-qaram var, əlbəttə mənimlə qalacağıq.
– İkiuşaqlı, 38 yaşlı, təzə dul qadını almaqdan heç vaxt peşiman olmayacaqsan ki?
– 43 yaşınadək subay yaşamağın peşimançılığını o qədər çəkmişəm ki, heç olmazsa, ay parçası kimi iki uşaqla itirdiyim zamanı qabaqlamış olaram.
– Adın nədir?
– Bəxtiyar.
– İçki, qadın...
– Elə şeylərdən başın salamat!
– Onda, mən də razıyam...
Rəşid, inan Allaha, uşaqların ikisi də ayaqlarıma sarmaşıb elə sevindilər ki, elə bil ataları müharibədən qayıtmışdı. Cibimdəki medallarımı çıxarıb uşaqların hərəsinin yaxasından birini asdım. Hədiyyəm o qədər qiymətli olmuşdu ki, uşaqlar elə sevinmişdilər ki.., nə deyim, gözümdən axan iki damla yaşı qadın incə barmaqlarıyla sildi. Bax bu andaca içimdən elə bir gizilti keçdi ki... Mənə ancaq anam belə nəvaziş göstərmişdi. Nə şirin şeymiş bu sevgi...
– Nə medallarıdır belə? – gəlin soruşdu.
– “Əmək qabaqcılı”, “Zərbəçi” ordeni... – dedim.
– Salıb itirərlər birdən...
– Onlara medal da, canım da qurbandır – dedim.
Hə.., qardaş, bax beləcə mən də mənə ehtiyacı olan bir ailəyə qovuşdum. Həmin gecə Səfurəgildə (həyat yoldaşımdır) gecələdim. Bütün gecəni oğlanlarım yanımdan çəkilmədilər. Bir-birimizə lap tez isinişdik. Səfurəylə bir-birimizə elə aşiq olmuşduq, bir-birimizi gözaltı süzürdük. Sabah onları da götürüb kəndimizə gətirdim. Elə həmin gün rayonda Səfurəylə kəbinimizi kəsdirdik. İndi iki oğul atasıyam və üçüncüsü iki aydan sonra dünyaya gələcəkdir, inşallah. Nə qədər inad eləsəm də etirazıma baxmadı – Səfurə Bakıdakı üçotaqlı mənzilini satdı. Həmin pula Bakıda bir dükan aldıq. İndi həmin dükanın icarə puluyla kənddə ailəmlə birlikdə padşahlar kimi xoşbəxt ömür sürürəm. Nə Rəfailə ehtiyacım var, nə də başqa kapitalist ünsürlərə. Amma öz aramızda qalsın, daha onlara əvvəlki kimi nifrət etmirəm. Sevgi çox qüdrətli şey imiş. Allah hamının bəxtini bax belə xeyirə açsın.
Mən, – Amin! – deyib Bəxtiyargildən çıxdım və söz verdim ki, gələn həftə pulu qaytaracağam...
– Qarıxma, təcili ehtiyacım olsa, özüm istəyərəm... – deyib arxamca darvazanı örtdü.
Manera.az