manera.az
manera.az

Boşluqlara səpələnmiş adamlar... - YENİ İMZA

Boşluqlara səpələnmiş adamlar... - YENİ İMZA
Manera.az "Yeni imza" layihəsində Gülay Tahirlinin şeirlərini təqdim edir:

***
Salam, ana torpaq!
Sənə dünyanın ən qırmızı şərabını gətirmişəm,
İç, iç, doyunca iç!
İç bədənimdəki qəlpələrin şərəfinə!

Sənə yeni lüğət gətirmişəm,
İçində "düşmən" kəlməsi olmayan,
Silahı, tankı, sərhədi,
Yerlisi, gəlməsi olmayan.

Sənə yarım ömür gətirmişəm
Sənin əbədi ömrünə calayıb...

Sənə o qədər dağ gətirmişəm ki,
Min Kəpəzindən,
Min Qoşqarından da böyük...

Göz yaşlarımdan mərmilər yox,
Çinarlar bitir sabaha.
Qurban olum, ana torpaq,
Günəşi şahid etmə min günaha, min aha.

Yaralarımı qoru, ana torpaq,
Bilirsən, necə dərindir, dərin...
Bir mərmilik yarada
Milyon illik ahı vardır illərin.

Qoy son yara mənim olsun!
Qoy son ölüm mənim olsun!
Bütün qaranlıqları qucaqlayıram
Bir səkkizguşəli ulduzun,
Yarım ayın şərəfinə!

O, XOŞBƏXT DEYİL

Görürsən, o, xoşbəxt deyil!
Yemək yeyəndə çəngəli ilə
Oynamasından bildim.
Heç nə etdiyinin fərqində də deyil.
Bu dünyanın şimalında, cənubunda,
Qərbində, şərqində də deyil.
Nəsə özgə bir yerdədir o,
Susqunluğu ilə dünyanın
Şah damarını titrədir o!

O, xoşbəxt deyil!
Uzaqlara dalan gözlərindən bildim,
Düşünmədən dilindən tökülən sözlərindən,
Yanaqlarında çuxur açmış
Göz yaşlarının izlərindən...
Duyursanmı onu?
Dodaqlarını qapayıb
Bağırdıqca bağırır...
Səndən də, məndən də,
Tanrıdan da üzüb ümidini,
Köməyə ancaq əzraili çağırır.

O, xoşbəxt deyil!
Ayın tarixini də unudub.
Onun üçün fərqi yoxdur,
Ya şənbə, ya bazar...
Dərdlərin istirahət günü olmur,
Dərd elə dərddir!

O, xoşbəxt deyil!
Çağırdım, cavab gəlmədi.
Heç yanında olduğumu da bilmədi.
O, elə baxır...
Hara baxırsa-baxsın,
Gördüyü ancaq qaradır.
Bəzən Allah adam yox,
Adam cildində dərd yaradır!

O, xoşbəxt deyil!
O ölüb!
İçində də ancaq torpaq var.
Adam tabutda deyil,
Tabut adamda basdırılıb.
Onsuz da dünyanın hər yeri dar ağacı,
Bilmirəm harada, haçan asdırılıb.
Onun yanında deyilən hər söz
Ölümünə bağışlanan bir fatihədir...

O, xoşbəxt deyil!
Bəs sən, Tanrı?
Sən xoşbəxtsənmi yaratdığından?!

SONRA UNUDURSAN HƏR ŞEYİ

Sonra...
Sonra unudursan hər şeyi...
Olub keçənləri,
Ölüb köçənləri...
Doğulub böyüdüyün o uçuq-sökük evi də...
Həyətdəki yamyaşıl ağac da
Yavaş-yavaş tökür yarpaqlarını,
Heç olmamış kimi
silinib gedir xəyalından...

Sonra unudursan hər şeyi...
Unudursan gecənin,
Gündüzün rəngini,
Sən ki heç tuta bilmədin
Bu dünyanın ahəngini...
Əlifbandakı hərflər ölür,
Rəqəmlər bircə-bircə düşür təqvimdən,
Boşluqların rənginə boyanmış
O doğulduğun gün də
Başqa günlər kimi sürüşür təqvimdən...

Sonra unudursan hər şeyi...
Qorxub bağırırsan güzgüdən boylanan
O yad gözlərin dəhşətindən...
Qovuşa bilmir kirpiklər də,
Donmuş göz yaşları düşər deyə.
İllərdir qoruduğun o heykəl
Ayılar, küsər deyə...

Sonra unudursan hər şeyi...
Kimdir bacın,qardaşın?
Sirdaşın, yoldaşın?
Kimsən sən?
Axı kimdir
Səni dünyaya gətirən qadın?

Sonra unudursan hər şeyi...
Qırıq-qırıq nə qalıbsa yadında,
Üçüncü adam kimi baxırsan ona da...
Qonşunun ağrısını hiss edə bildiyin qədər
Hiss edirsən özünü,
Sən çoxdan söndürmüsən
Ürəyinin yanğısını, közünü...

Sonra unudursan hər şeyi...
Unudursan
Və başlayırsan yaşamağa...

HƏR ŞEY YERİNDƏDİR, FƏQƏT KİMSƏ YOX

Xəstələr düzülüb burdan o yana,
Can verən, ruh verən bir həkimsə yox...
Güzgüdən gözəllər gözə görünmür,
Hər şey yerindədir, fəqət kimsə yox...

Yollar çox, gedənlər, gələnlər hanı?
Ölümlər rəqs edir, ölənlər hanı?
Bu işin sirrini bilənlər hanı?
Hər şey yerindədir, fəqət kimsə yox...

Günəş hər gün doğur, hamı qürubda,
Nə ruh var bədəndə, nə bədən ruhda,
Fələk öz torunu yenə qurub da,
Hər şey yerindədir, fəqət kimsə yox...

Göz yaşı sel olub, gözlər görünmür,
Daim fəryad qopur, üzlər görünmür,
Bədəni neyləyim, "öz"lər görünmür,
Hər şey yerindədir, fəqət kimsə yox...

Qələm də, kağız da durub gözləyir,
Sözlər ürəklərdə yanıb közləyir,
Tanrı da dünyanı susub izləyir,
Hər şey yerindədir, fəqət kimsə yox...


***
Oyun çoxdan bitib,
Sən hələ çıxmamısan gizləndiyin yerdən...
On nədir, yüz nədir,
Minlər, milyonlar saydı bu dünya,
Barı bircə dəfə
Əlini divara vurub gedəydin,
Göylərə nə var axı,
Bizim durduğumuz yerdə durub gedəydin.

Neçə qədəh boşaltdıq,
Şərabı suya çevirdi göz yaşımız,
Ayıq olduq, gəlmədin,
Sərxoş olduq, gəlmədin.
Milyon illərdir gözünü yumub
Üzü divara dayanıb bu dünya
Və "Mən tapacağam" deyib,
Boşluqlara səpələnmiş adamlar...

Gördük səndən haray yoxdu,
Gözümüzü bağlayıb
taxdıq ürəyin eynəyini,
Ruhunu axtardıq, Tanrı!
Səndən göz yox, baxış istədik,
Baxardın bir bu ac qalanlara,
Bircə baxışına möhtac qalanlara...
Yalanlara...
Dolanlara...
Dar-dolanbac dalanlara...

Bu nə oyundur, Tanrı?
Belə də gizlənqaç olar?
Bədənini bildik,
Ruhunu niyə gizlətdin?
Duyğu orqanlarını görməsək də olar,
Duyğunu niyə gizlətdin?

Biz gözlədik
Düşüb bir görünməzin izsizliyinə...
Dözdük illərlə "Gəl" dediyimizin səssizliyinə...
Gəlmədin...
"Yalançının evi yandı,
Heç kim inanmadı"...
Özünü yox kimi aparma, Tanrı!


***
Çiçək tikan açır yar bağçasında,
Bağça yarındırsa, nə gül, nə tikan?
Nə vaxt nə istəsən, nəyi soruşsan,
Dərd-sər verəcəkdir hər qapı-dükan.

Hələ də sualsan illərdən mənə,
Hələ bilmədiyim, gör, nələrin var.
Sən ən tanıdığım, ən doğma adam,
Sənin də görünməz iynələrin var.

Bu səssiz-sədasız göy qurşağının
İldırımlar çaxar, yanar içində.
Ay dönər, il keçər, baxıb görərsən,
Bir az da əğyar var hər yar içində.

Nə olar, dəyişmə, qurbanın olum,
Necə sevmişəmsə, elə qal məndə.
Nə dinim dəyişib, nə də kitabım,
Sən həmin Tanrı ol, mən həmin bəndə.

BİR TƏRƏZİ VERİN MƏNƏ

Bir tərəzi verin mənə,
Ürəyimdən asıb dünyanı çəkəcəyəm!
Nəsiminin qəbrindən bir ovuc torpaq götürüb
O torpaqdakı haqq ilə
Bu dünyanın ədalətini ölçəcəyəm!
Bir tərəzi verin mənə!
Məcnunun ürəyindən bir parça qoparıb
Ondakı eşq ilə
Bu dünyanın sevgisini çəkəcəyəm!
Qaldırmaz, bəlkə də, tərəzi,
Ağır olar sol tərəfi,
Ağır olar bu dünyadan
Nəsiminin bir zərrəsi!

Bir tərəzi verin mənə...
Baxım hansı daha ağır gəlir,
Ölüb gedən xəyallarım
Ümidlərə üstün gəlir?!
Gözlərimin içində bir sütun gəlir...
Hansı daha gerçəkdir,
Görüb toxunmağınmı?
Görmədən bağlanmağınmı?
Hansı sənindir, ey aşiq?
Baxaraq gördüyünmü?
Görmədən baxdığınmı?

Bir tərəzi verin mənə...
Baxım həsrət daha çoxmu
Birlikdəliyin yolundan?
Görən, neçə dərdin oxları keçir
Bu sönməz canın solundan?
Kim bilir, nə qədər söz qalıb
Düyün-düyün olan sinəmdə
Sözlər düyünlənib ,
Sözdən köz qalıb!

Bir tərəzi verin mənə...
Onu gördüyüm bir an ilə
Onsuz keçən zamanı ölçəcəyəm!
Bir an ağır gəlir
Qoca bir ömrün illərindən...
Yaşamımla ölümümü qarşılaşdıracağam!
Baxım neçə dəfə ölmüşəm bir ömürdə mən?!
Sapasağlam görünən bir bədəndə
Neçə tikələrə bölünmüşəm mən?!

Bir tərəzi verin mənə...
Dərdlərimi çəkim, deyirəm!
Ah, nə deyirəm,
Nə istəyirəm mən?!
Qəlbin çəkə bilmədiyi,
Allahın ölçə bilmədiyi
O ağır dərdləri ölçərmi tərəzi?!
Dərdlərimi deyil,
Dərdli bədənimdən bir zərrə versəm,
Parçalanıb didilərmi tərəzi?!

BİR DÜNYALIQ ADAM

Gedəcəyini bilə-bilə sevdim səni,
Hər salamında əlvidanın qoxusu...

Hər saniyə bir az da gedirsən,
Gözümün önündəcə
ilim-ilim itirsən...
Sarılan əllərində
Ayrılığın buzu var,
Sarıdığın yaraların
Hələ tökülməmiş duzu var.

Dərib gətirdiyin güllərin dərəngi
Gündən-günəsaralır,
Qərənfil ətri gəlir hər çiçəkdən,
Elə bil ölüm ayağında olan adamların
Ömrü nəhər gün
bir gün daha dilənirsən fələkdən...

Mən "Getmə" deməyi bacarmıram, adam!
Mən ölməyi bacarıram.
Gedənlə bütünləşə bilmirəm,
Hər gün özümü
tikə-parça bölməyi bacarıram.

Bilirsən, təkadamlıq canınla
Bir dünyalıq adam olmusan mənə.
Bu yetim dünyada
Olanım da, qalanım da təksən idin...
Qazancım da, itkim də,
Doğulanım da,
Ölənim də tək sən...

Mən ayrılıq yaşamamışam ki,
Amma ölüm nədir, yaxşı bilirəm.
Ölümləri yaxşı bilirəm, adam!


***
İlahi, telefon çağırır,
İlahi, odur, görən?
İlahi, o deyilmiş...

Bilmirəm, pəncərədən yapışım qalım,
Yoxsa qarış-qarış gəzib yolları,
Tapıb oxuyummu bütün atılmış,
Əzilmiş məktubları?
Bəlkə, bir iz...
Bəlkə, bir işartı...

İlahi, o yoldan keçən adam,
Baxışına günəş biçən adam...
İlahi, bu...
Bu odur?
İlahi, o deyilmiş...

Bəlkə də, dönəcək bir gün,
Yuvası uçmuş leyləklər sevinəcək,
Bütün qaralar maviyə bürünəcək bir gün...
İllərdir yaş olan köynəyimi də
O gəlib qurudacaq.
İlahi, o gələcək bir gün?!

İlahi, qapı döyülür!
İlahi, odur gələn!!!
İlahi, o deyilmiş...
Ah, yenə əzrail...
Əlində qapqara kəfənlə
bir qucaq həsrət gətirib,
Bugünlük ölüm payı...
Deyir, öl!
Hələ bir az da öl!
Bir az daha...


***
Biri dünyanın o küncündə,
Biri də bu küncündə
İki nəfər darıxır...
Hər ikisinin fikri
Dağılmış gecənin zülmətinə...
Hər ikisi yaman darıxır,
Telefona əl atır axır...
Amma nə adam arayır,
Nədə ki qadın...
Darıxmağın da növləri varmış,
Ən qəribəsi: iki nəfər
Bir-birindən xəbərsiz darıxarmış...

Eyni söz düyünlənib qalır
Ayrı-ayrı ürəklərdə...
Bir- biri üçün darıxır
Adamlar kimi ürəklər də...
Fəqət ürəklər danışar,
Qürurun sərhədin keçər, aşar,
Amma adam...
Amma qadın...
Amma qürur...

Uzun-uzun gecələr qurban olur
Bir "Darıxdım" kəlməsinə.
Həsrət qalır neçə-neçə ömür
Bircə zənginsəsinə...
Bir-birini çağırır iki darıxan,
Nə qadın duyur,
Nə də ki adam...

Darıxmağın səsini kəsmir
Onların bağırtısı...
Gecənin də bağrı yarılır bu darıxmağa,
Ay heyrətlə baxır...
– "Siz ki qovuşabilərdiz..."
– "Siz ki danışa bilərdiz..."
Nə qadın günəşdir,
Nə də adam ay...
İkisi də bir doğulub, bir batar...
Amma adam...
Amma qadın...
Amma qürur...

Təqdim etdi: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930