Xəyyamın ölmüş siçan qoxan mətni - TƏNQİD /MANERA.AZ
![]()
Elə bədii mətnlər var ki, uzun müddət ona ilişib qalırsan, mətn adamı buraxmır, əsər yaxandan əl çəkmir. İzafa, yeni bir əsər oxumaq, mütaliəni davam etdirmək üçün sən bu mətndən canını qurtarmalısan...
Adətən, belə mətnlərdən soyumaq, başımdan rədd eləmək üçün yığcam və aşağılayıcı xülasə düşünürəm özlüyümdə. Məsələn, “Leyli və Məcnun” haqqında, – “İki aşiq bir-birini dəlicəsinə sevir. Qızın atası sevdiyini oğlana vermir. Oğlan da bu dərddən ağlını itirib çöllərə düşür. Qızı zorla başqasına verirlər. Oğlan dərddən ölür. Qız isə bu həsrətə dözməyib oğlanın məzarı başında canını tapşırır”. Hələ, axırda, – “Hə, noossun?!” – şəngülü də qoşuram ki, beynim bu yükdən tamamən azad olsun, birdəfəlik təmizlənsin.
Ancaq qara vurğun vurmuş Xəyyamın “Nağılın sonu nağılı” hekayəsini adam nə qədər oxuyar...
Mənim tanıdığım Xəyyam it damında itin qıfşamış süd iyi verən nəfəsilə də üz-üzə dayanar, hələ, sabah güllələnəcək dustağın keçirdiyi son hissləri anbaan duymaq üçün həbsə də girər. Yetər ki, iylənmiş içalat sökən itin nəfəsini yaxından duysun, baldırlarında gəzişən iyrənc qurdların bədənindəki gəzişmələrini mətndə olduğu kimi verə bilsin! Allahın qara bəlasıdır Xəyyam, keçib təzə pöhrələr verən nəsrimizin xirtdəyinə! Keçmiş ənənənin nəfəsini kəsib, gələcək nəsrin konturlarını əzazil kimi elə naqaloy cızır ki, bu yolla duruş gətirib irəliləməyə çoxumuzun gücü çatmayacaq – bu təzə nırx çoxlarımızın qələmini sındıracaq!
“Nağılın sonu nağılı” barədə ənənəvi xülasəm bundan ibarətdir ki, bir yazar ölüm hökmü kəsilmiş dustağın son edam günü keçirdiyi hissləri qələmə almaq üçün qəsdən həbsxanaya düşür. İşlər elə “tərs” dönür ki, yazarın bəxti qapqara gəlir və həqiqətən sabah edam olunacaq...
Bu dəfə, “Hə, nossun?!” deməyə dilim dönmədi, billah, dönmədi. Əksinə, hekayəni oxutduqca oxutdu mənə, əclaf! Çünki, Ka (Xəyyam) özüylə birlikdə məni də soxub it damına, mənə də ölüm hökmü kəsdirib salıb dörd divar arasına. Dustağın ağrılarını canımda hiss edirəm, o murdar qurdlar mənim də qasığımda gəzişir və ətim hələ də ürpənir. Canıma üşütmə düşüb – ölüm qorxusunu boynumun kökündə, karserin kif qoxusunu burnumda hiss edirəm. Adamın gözü sətirlərdə, fikri isə bədəninə daraşmış qurdlarda, iylənmiş qoyun içalatını gəmirdikcə ağzı sulanan Kanın yanındadır. “Lənətə gəlmiş köpəyin tükü tökülüb” – murdarlığın iyrənclik zirvəsinə bax hələ...
Təhlilçi deyiləm. Olsa-olsa, Xəyyamı tanıyan, hekayələrini oxuyan adi oxucuyam. Di gəl, hər dəfə oxuduqca mətndə yeni gizli qat, lay peyda olur qarşımda – açmaq istədiyim, amma tilsiminə düşdüyüm sirlər...
Ka, Xəyyamın özüdür! Xəyyam Morqland deyilən bir şəhər yaradıb özünə. Özü isə bu şəhərin həm meri, həm bomju, həm polisi, həm də dustağıdır. Bu şəhərin küçələrində hər kəs asudə gəzəmməz! Bu vahiməli şəhərin “Qırmızı düşərgə” adlanan həbsxanası var – ölüm hokum kəsilmiş və ömürlük həbs olunanların zindanı. Ora Morqlandın “lənət adası” deyirdilər. “Lənət adasındakı dustaqları güllələyəndən sonra cəsədləri yandırırlar. Həmin vaxt “Qırmızı düşərgə”dən yayılan tüstü buludları uzun müddət asimanda asılıb qalır. Elə bil Tanrı göydə onları sorğu-sual eləyib sonra ruhlar aləminə qəbul eləyir. Bu gözyaşardıcı qoxunun vahiməsi təbiəti də ömürlük dustağa çevirib. Ağaclar ölü, yarpaqlar dar ağacından asılan qurbanlar kimi boynubükükdür burda. Yağışlı havada Morqlandda torpaq iylənmiş ət qoxusu ifraz edir. Bu bəlkə də günahsız qurbanların qan qoxusudu. Sonra günəş çıxacaq, torpağa gömülmüş damcılar buxarlanacaq. Hər damcı özü boyda bir günahı asimana qaldıracaq. Külək bulud topalarının əlindən tutub Sen çayını keçirəcək, dünyanın şərqinə yola salacaq. İldırım səslərindən sonra buludlar qarınlarındakı günahları damcı-damcı qusmağa başlayacaq”.
Adama deyərlər ki, – “Ay bədbəxt, sən it yuvasında olmusan? Yaşamadığın hiss haqqında yazmağa nə əmr vacib olub? Kimi aldadırsan? Gərək yaşayıb yazasan? Fantaziyan ki var – işə salırsan, səyləyirsən ordan-burdan, olur hekayə!”. Cavabımı mətndə verib Xəyyam, – “Ədəbiyyat olduğu kimi çəkmək sənəti deyil. Yoxsa, nə var ki, “Mitos muzeyinə tərəf gedən yolun qırağında yasəmən rəngli şarfı küləyin musiqisinə rəqs eləyən, ayaqları üzügöyə uzanan minarələri xatırladan xanım”ı təsvir etməyə…
Mətn az qala dil açıb adamla danışır. Öz-özünə sayaqlayırsan mətnə baxa-baxa:
– Nağıl danışma, hamısı boş-boş çərənləməkdir. İdeya, mesajdır əsas, özündən hoqqa çıxarma!
– Anama nifrət eləyirəm…
– Niyə?
– Özün düşün...
– Səndən zibil də olan deyil! Anasına nifrət edirmiş – heç mətləbə dəxli var?! Sən pul qabını soyuducuda, televizorun pultunu tualetdə unudan gicbəsərsən. Sən ədəbiyyata öz sevgilini qurban verən manyaksan!
– Hə! Mən qızları yazmaq üçün sevirəm. Seks ehtiyacımı ödəyirəm qızlarla. Qoy özləri də bilmədən ədəbiyyata xidmət eləsinlər. Nağılın sonu!… – telefonu zəng çalmasaydı, abrını hələ çox tökərdim, – Telefonun səsi ayaqqabı dolabından gəlir, a mağmun!
…Xəyyam yağış sularının gölməçə güzgülərindəki əksində özünü dünyanın ən böyük ədəbi hadisəsini yaradacaq dahi kimi görə bilir və getdikcə mətəyə daha da yaxınlaşır. İlk dəfədi ölkəmdə sənətinə belə sevgiylə yanaşan yaradıcı insan görürəm. Mən özüm də ədəbiyyatı sevirəm və onu anlamağa çalışıram. O, bunu ədəbiyyat üçün edir, hekayəni yazmaq üçün birbaşa güllələnmə əmri alıb sevincək “Qırmızı düşərgə”yə yollanır və hekayəsini yazır. Allah kəssin bu cür hekayə yazmağı, bu cür zillətdən sonar alınan ləzzəti...
Xəyyam hekayəni əla işləyib, həm də sürrealist şəkildə işləyib. Sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, fantastik yuxuları, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırlar. Sürrealizmə qəribəlik, irrosionallıq, standartlara cavab verməmək xarakterikdir. Xəyyamın fantaziyasına, irrosionallığına söz ola bilməz – o, sözün yaxşı mənasında bu üslubun “zır dəlisidir”!
“Movzi həyatdan gəlməlidir, yoxsa absurd olmalıdır?” – sualına cavab axtarılıb mətndə və sonucları çox dəhşətli olub. "İt yuvası"nda yaşayan və tərəddüdlü yazarın həyatın özündən yazması onu necə məhv edir, ilahi...
Xəyyam doğrudan da güclü qələmdir, paralel dünyalara girə bilsin deyə psixotrop düşüncələrdə uçmağı bacarır, bu hekayəsilə hamımızdan irəlidədir və yeni yarış marafonu elan edib.
Sujetdəki qəfil və rahat cevrilmələr və dəyişikliklər qələmin tam nəzarəti altındadır. Əsərin cox gozəl strukturu var və yazar bunu çox uğurla həll edib. Həyatdan yazmaq istəyi nələrə səbəb olur, romandan cıxıb həyata qayıtmağın zülmünü necə gözəl verib... Sanki, rabitəsiz mətn təsiri bağışlayir. Amma Xəyyam bunları bir xətt üzərində yığmaqla gozəl bir sujet yaradib.
Düzdür, bir cox filmlərdən "oğurluqlar" da var, amm bunları əsərdə məharətlə itirə bilib. "İt yuvasından cıxa bilmirəm, elə qorxuram ki..." – deyən yazarın son hayqırtıları ölümü bütün bədənində hiss edən və bu girdabdan cıxa bilməyən insanların hayqırtısıdır.
Nağıldan sonra nağılın gəlməsi absurd bir movzudur. Nağıldan sonra üç alma düşər və hər şey bitər! Amma Xəyyam bu absurdluğu mahiyyət səviyyəsinə qədər qaldırıb, hekayədə irrealiqla realliğin səhrədlərini tam götürüb. Kanın dostu Vemianla həbsxanadakı söhbəti realliğin sərt uzudur.
Kafkadan, eləcə də, Kamal Abdullanın son hekayəsindən (“Edam vaxtını dəyişmək olmaz”) gəlmə əsintilər də var, amma bunu cox gözəl örtə bilib. “Maraqlıdır, görəsən o, bunları bilə-bilə edir, yoxsa, mətn öz-özünə bu cür alınır?” – dördüncü oxunuşda mətnin strukturuna baxa-baxa mat qalmışdım. “Sadəcə ustalıqdır bu!”
Təkadamlıq kamerada daşın arasından cıxmağa calışan ota fikir verin – bunun altında əsərin bir hissəsinin mahiyyəti gizlənib, – “Kamerada yeganə həyat əlaməti divarın küncündə cücərmiş otdu. Betonu deşib keçən ot torpağın üstündən baş götürüb qaçmaq istəyib yəqin, səhvən burdan çıxıb. O da ömürlük dustaqdı”. Kanın əli Yerdən üzüləndə bu ot son ümid də olmayacaqdı, – “Səsi batsa da, içində hayqırırdı Ka. Öz- özünə “Mən günahkar deyiləm, mən qatil deyiləm” cümlələrini təkrarlayır, dişlərini dişlərinə sıxır, başını yumruqlayırdı. Sonra kamerada, divarın dibində cücərmiş ot göründü gözünə. Çiçək açmışdı bənövşəyi rəngdə. Sürətlə böyüyürdü. Sonra ot Sofiyə çevrildi. Saçları bənövşəyi çiçəklər, damarları budaqları. Kəpənəklər uçuşurdular Sofinin əllərində. Sonra kəpənəyə çevrildi Ka. Sofinin əllərinə qondu”… Ölümqabağı hullisinasiyadır, hər şeyin sonudur bu – Ölüm yolu, sirat körpüsü!!!
Hekayənin həcmi azdir, ancaq coxqatlı struktura malikdir. Hekayədə bir mesaj var – “Əsəri yazan, əsərin qəhrəmanana çevriləndən sonra əsərdən cıxıb həyata qayıtmaq istəsə, bu zülmü yaşasa canının cızdağı çıxar”...
Müəllif, sanki bu suala cavab vermək istəyir, – “Oxucunu razı salmaq ucun belə məşəqqətə duşmək lazim idimi, yoxsa düşüncənin ənginliyində gəzmək daha rahatdır? Niyə yazar oxucu ucun yazmalıdır, olmaz ki, yazar elə yazsın ki, oxucu da özünü orada tapsın? Bütün müqəddəs hesab etdikləri həbsxanada zorlanan biri əsərdən cıxıb həyata dönsə, necə yaşayacaq? Belə əsərin həyata qayıdışı ümumiyyətlə lazımdırmı? – bunun dəhşətini yaşayir əsəri yazan da, oxuyan da. Ka olan-qalan ismətini də, varlığını da həbsxana divarları arasında itirir. Lap Ka bu əsəri yazsa, üzə cıxarsa, yazar kimi məhv olduğunu etiraf edə biləcəkmi? O, insan kimi toplum icində yaşaya biləcəkmi? – Xəyyamın ən ağır sualı elə budur.
Fikir verin, ot həbsxanadan cıxmaq istəyir. Həbsxana sanki nəsr adamlarının cəmiyyətidir – qapalı zonadan cıxmaq lazimdır. Yazarlar həmişə hucrələrindən genişliyə cıxmaq arzusundadırlar və eyni zamanda bunun qorxusunu yaşayırlar. Otun çiçəkləməsi Sofiyə çevrilməsi üçün azca sızan işıq da bəsdir, – “Burda həyatla yeganə əlaqə tavandakı domino daşı boyda dəlikdən süzülən işıq şüasıdı. Bu öləziyən işıq damcıları döşəməyə qədər gəlib çatmırdı. İki metr uzunu olan bu ensiz otaqda dörd metr hündürlükdən süzülən işıq şüasına sarılıb yaşamaq üçün nəfəs də tapır insan” – bu yaşamaq sevgisinin gücüdü.
Hekayənin alt qatları elə də cox deyil, amma müəllif ustalıqla yerdəyişmələr apardığından oxucunu özündən alaraq dalınca sürüyə bilir. Bəli, zorla sürüyə bilir, cünki, oxucu da həbsxanadakı o vəhşəti gormək istəmir, – axı sonrakı gecələri zülmə cevriləcək. Mənimki çevrilmədimi, çevrildi! Oxucu həyatdan əsər istəyir, həm də o vəhşətin icində olmaq istəmir. Onda belə oxucu üçün ölməyə, belə oxucunu itirməyə dəyərmi? Xəyyam bunu heç vecinə də almır. O, öz elitar oxucusunu yetişdirir!
Hekayə sözsüz ki, şedevr deyil. Amma fərqli formatdadır və qərb ədəbiyyatına güclü inteqrasiyadır və razılaşmalıyıq ki, nəsr Qərbdə daha möhtəşəmdir...
Əsərdən belə qənaət hasil olur ki, həqiqət, onun arxasınca qacanları yox, hisslərindən sərxoş olanları daha tez tapır. Altqatlar mətndə çox azdır, amma sintezlər boldur və gozəl şəkildə bir-birinə bağlanıb. Bu isə bəzən alt qatı da yaddan cıxara bilir. Xəyyamın uğurlarından biri də elə budur.
Ənənəvi mətnlərə əllə toxunmaq olur, çünki, əksəriyyətimiz yanğıya üstünlük veririk. Belə hadisənin birinci söylənişində sənə təsirli və yanğı ilə gələn söhbətlər ikinci oxunuşda yoxa cıxır. Amma Xəyyamın bu mətni adamın əlini yandırır, tikanının acısı iliyinə işləyir. Belə mətnlər publika üçün hesablanmır, sanballı oxucu üçün hədəflənib.
Xəyyamın hekayəsində sanki bu hayqırtı var – kamerada (cəmiyyətdə) yaşayan Sən, hec omazsa, həbsxana divarlarından dartınıb cıxmaq istəyən ot kimi də ola bilmirsən! Ot, imkansızı imkanlaşdıra bilir, bəs sən niyə də yox..!
İyrənc olsa da belə, itin qıfşamış nəfəsilə səni üz-üzə qoymağı bacaran yazıçı mahir yazıçıdır. Oxucu kimi özlüyümdə bir qənaətə vardım ki, bu cür mətnlərdə mahiyyət uzərində duşunmək lazımdır. Təkcə xoşa gəlməklə iş bitmir, niyə xoşa gəldiyinin fərqinə varmaq lazımdır. Bununçünsə, sanballı əsəri icindən kecirmək vacibdir. Onda, oxucu Mətnləşir, Yazar olur, onunla eyni hissi və məkanı bölüşə bilir. Yazıçının da ən böyük arzusu, fitnəsi elə bu deyilmi?...
– Ömər, o, gözlərini açmır, lənətə gələsiniz, Ömər, o kor olub. Ömər… Ah, bədbəxt, bu da son. Bu da “Nağılın sonu nağılı…”!
Mən bu nağılı hələ uzun müddət xatırlayacağam…
Rəşid Bərgüşadlı
MANERA.AZ