İnsan öz Edam Vaxtını dəyişə bilər! - MANERA.AZ
manera.az
(Esse)
İnsan öz Edam Vaxtını dəyişə bilər!
İnsanın buna qüdrəti çatar!
Bunun hakimlərə dəxli yoxdu!!!
Yaxşı ad seçiblər: “Təkadamlıq kamera” Sizcə, bu dünyada “cütadamlıq” kamera varmı? Hamı gözlənti içərisindədir – biri etmədiyi cinayətə, biri arvadının: - On gündən sonra ölərsən! – “öncəgörənliyinə”, biri hakimin, biri həkimin səhvinə görə o Anı gözləyir. O An isə elə-belə gələn deyil. Bunun üçün ən azından, üstündə yeganə varidatın olan qızıl dişini qanlı-qanlı çıxarıb həbsxana nəzarətçisinə verəsən ki, Edam Vaxtının saat sferblatı içərisində bir cüt rəqqasla əl-ələ verib şeytani rəqsinə tamaşa edə biləsən. Qoy başın onların rəqsinə qarışsın, yoxsa, vaxt keçib gedən deyil!
Şövqi də gözləyir… (K.Abdulla: “Edam vaxtını dəyişmək olmaz”) Gözlərini rəngsiz tavana zilləyib! Tavan həqiqətənmi rəngsizdi?! Axı, boz da rəngdi…
“Edam vaxtına nə az, nə çox, düz iki gün, dörd saat, iyirmi beş dəqiqə qalırdı…”
Yox, cüzi səhvə yol verdim, iki gün, dörd saat, iyirmi dörd dəqiqə qalır…
Yazarkən zamanın keçdiyinə diqqət etmədim. Bunları oxuyunca,(Yazınca yox, çünki oxu ilə yazı arasında zaman fərqləri çoxdu!) bir dəqiqə də keçdi.
Zaman sözün dışında deyil, içərisindədir.
Sözlər zaman karetasını arxasınca çəkən atlardır…
“Edam vaxtına iki gün, dörd saat, iyirmi dörd dəqiqə qaldı…”
Şövqinün ən sevimli halı uzanıb tavana baxa-baxa saniyələri ölçməkdi. Dəqiqə və saatları haradasa tutub “yaddaş kamerası”na sala bilərsən, amma saniyələrlə bacarmaq olmur! Onlar o qədər xırda və sürüşkəndirlər ki, bircəsini də tutmaq olmur, barmaqlarının torabənzər aralarından sivişib “itirlər”
Axı o, Şükufəni öldürməyib! Bəs niyə edam gününün tez gəlməsini istəyir?!
Hekayə karandaşla çəkilən bir qrafik rəsmdi sanki! Predmet, hadisə, ovqat və obrazın spesfik cizgilərini qısa bir zaman surəsində “qaralayan” Müəllif elə həmin andaca yox olur! Belə “yoxolmalar” haqqında U.Eko daha sərt hökmlər çıxarır: “Kitabı yazandan sonra müəllif ölməlidir ki, mətnin yolunda dayanmasın”
Burada rəngləri qarışdırıb yeni rəng tonu yaratmağa vaxt yoxdu! Məlumdu ki, rənglər işığın güclü və zəif olmasından asılı olaraq tez-tez dəyişə bilir. Təkadamlıq kameraya düşən işığıın təxmini miqdarını müəyyən edin! İşıq o qədər zəifdir ki, nə rəsmin, nə də məhbusun üzünü işıqlandıra bilir. Nəzərə alın ki, rəsmlə məhbus artıq eyniləşib!
Dahi fransız rəssamı E.Deqa yazırdı: “İncəsənət gördüklərin deyildir. İncəsənət odur ki, səni başqa şeylər görməyə məcbur etsin”
K.Abdullanın bütün yaradıcılığı (Həm elmi, həm də bədii!) bu fikirlərin parlaq əyani sübutudur. Sözügedən hekayə də oxucunu “başqa şeylər” görməyə vadar edir.
Lakin “başqa şeylər”ə də ehtiyatla yanaşmaq lazımdır. İncəsənətin digər sahələrində olduğu kimi burada da kontekstdən aralanıb çox “uzağa” getmək lazım deyildir, “aza” bilərsən. Və bir də bunun geri qayıtmağı da var axı. Ədəbi meyar - “qızıl orta”(Aristotel) gözlənilməlidir.
“Edam vaxtına iki gün, dörd saat, iyirmi dəqiqə qaldı…”
Siz bu cümləni üfiqi deyil, şaquli şəkildə yazsanız, Edam Dirəyi alınar.
Yazın! Çünki hamı öz Cümləsindən asılır…
“SALAM” “KƏNDİR” SÖZÜNÜN SİNONİMİDİ...
Şövqü zamanla xatirələrin arasında qalıb – nə sağa, nə sola yol yoxdu. Belə vaxtlarda ölüm buludlar arasından qəfil çıxan günəşə bənzəyir. Amma nə yazıq ki, Günəşin boyu təkadamlıq kamerada tək adama çatmır. İnsanlar günəşi qəddarcasına parça-parça edib ən kiçik tikəsini nəfəslikdən içəri atırlar – itin qabağına atılan sümüklər kimi...
Buyur, bu da sənin Günəşin!
Amma ümid var, ümid edam dirəyidi. Kaş o gün tez gələydi! Boğazına keçirilən kəndir “azadlıq” kəlməsinin huşundakı ipucudu – o, sənə xilasolmanın ən sadə iksirini verəcək. Və sənin bu dünya ilə bütün kəndirlərin kəsiləcək, axı sən doğulan andan bələkli, kəndirli-qandallısan! Bəlkə huşundan çıxıb bunlar?! Axı heç kəs dar ağacına elə-belə salam verməz! Lap olsun Rüstəm Behrudi! Ondan min il əvvəl də bu “salam”ı veriblər.
“Salam” “kəndir” sözünün sinonimidir! Cənab Kamal Abdulla, azad olmaq üçün sən onu kəsməlisən! Sənin qəhrəmanın Şövqi bu cür düşünür. Axı o həm də bir az sənə bənzəyir: “Edam indi ona qurtuluş kimi görünürdü. Yox, qurtuluş kimi yox, əsl azadlıq kimi görünürdü”
Daş üzərində cızılmış təsvirlər, oymalar petroqliflər adlanır. Onlardakı natamamlıq, zənnimizcə, düşünmək üçün yetərincə material verir. Buyur, düşün, tamamla! Qobustan rəsmləri də belədir. Hələ də onların sirri tam açılmayıb.
Hekayə də belə bir struktur üzərində qurulub – heç nə axıracan deyilib qurtarmır, əsl qurtarış oxucuda olmalıdı! Və hər oxucu da yalnız öz işini, oymasını tamamlayır. Beləcə, tamamlanma müxtəlifliyi əmələ gəlir. Belə müxtəliflik isə istər-istəməz ədəbi polemikaya yol açır. K.Abdulla yaradıcılığına müxtəlif və ya eyni rakurslardan fərqli yanaşmaların sirri elə budur.
Sosrealizmdə bir tanınmış Zadın fikri hamı üçün idi, hünərin vardı onun fikri üstünə bir fikir gətir və ya əks bir fikir söylə, onda tufan qopardı. Bu gün də ruhu qədim əyyamlarda qalan, cismi isə yeni epoxaya keçən tənqidçilərimiz vardır. Onların şans və imkanları olsa, nimdaş paltar geydirdikləri müqəvvaları mətn tarlalarında basdırarlar ki, “qurd-quş” yaxına gəlməsin! Necə deyərlər, öz tarlamız – öz müqəvvamız! Lakin dərk etmirlər ki, qurd-quşun gəlişi təbiətdəki Düzənə xidmət eləyir! Qoy gəlsin! Əsl Mətnlərə də nə qədər Oxucu – “qurd-quş” daraşsa, o qədər yaxşıdı!
Sözügedən hekayə də bu cür yanaşma və təhlil müxtəlifliyini tələb edir. Şövqi eləmədiyi cinayətə görə edama məhkum olunub. Həbsxanada olduğu dörd il, altı il, on iki gündən sonra özü-özünü inandırır ki, cinayəti o törədib. Çox maraqlı psixoloji bir məqamdır. İnsan eləmədiyi cinayəti elə-belə öz boynuna götürməz. Burada üç hal özünü göstərir. Birincisi, zinhara gəldiyinə görə. İkincisi, Şükufədən sonra yaşamaq istəmədiyinə görə. Üçüncüsü, Şükufənin ölümündə özünü günahkar bildiyinə görə. Yazıçı bu hallar üzərində gəzişmləri qabardır və oxucunu da buna “inandırır”
İlk dəfə deyil, biz belə halla rastlaşırıq. K.Abdulla nəsrində başlıca niyyət həmişə gizlədilir. Sözlərin gözü önündə Mahiyyət elə “yerə” aparılır ki, adam çaşbaş qalır...
Əslində mətndə gözəgörünməz bir “hal” da vardır! Onun adı “ölüm”dür! Həbsxanada keçirdiyi illər Şövqini ölümü daha yaxşı tanımağa sövq edir. Bütün Səmavi Kitablarda ölüm qurtuluş kimi təqdim olunur. Qoca Şərqin dahiləri də belə düşünür. Şövqi də bu təqdimatdan kənara çıxmır. Onda çox qəribə bir ölüm hərisliyi vardır.
(İnanın mənə, K,Abdullada da bu var! Onun “Paralel dünyası” bu həyatın daha gözəl şəkillərini ehtiva edir! Və özü də həmişə oranın həsrətini çəkir!) Bəlkə də günahsız (“Günahsız” ha!) Şükufənin acı hönkürtüsünü təkadamlıq kamerada eşitdiyi gündən sonra başlanıb bu hərislik?! Amma yox, bu hərislik çox davam gətirə bilmir, yaddaş onun sahillərini yuyub aparmağa qadirdir!
O, xatırlayır!
Bütün xatırlamalarda əlavə, gizli bir enerji, güc yatır. Və bu güc istər-istəməz yaddaş axıntısına qoşularaq ona sürət yığmaqda gömək edir.
O xatırlayır...
Nə idi Şükufənin çiyninin sağ tərəfində olan qapqara zolaq? Bəlkə də o zolağın izi ilə gedib cinayətkarı tapmaq olar? Niyə Şövqinin: “Deməyəssən noolub çiyninə?” – sualına Şükufə dünya qadınlarının yarısının gətirdiyi ən bəsit arqumentlə: “Qapıya dəydi”lə – cavab verir? Cavabdan qaçmaq olar, bəs ölümdən necə? Yazıçı özü də qaçır. Oxucunu da özü ilə qaçmağa məcbur edir. Lakin oxucu inadkarlıq edib “dayanmalıdır...”
O xatırlayır...
SÖZLƏRLƏ ÖLÇÜLƏN ZAMAN...
“Edam vaxtına bir gün səkkiz saat, qırx dörd dəqiqə qalırdı”
Hər dəfə edam vaxtının azaldığını sözlər bəyan edəndə düşünürəm: Nə vaxtsa insanlar zamanı sözlərlə ölçüblər... Sözlər sıra ilə axıb Cümlələrə dolarkən, həm də saniyələr, dəqiqələr, saatlar dolub. Sonra məlum sutka – 24 saat dolanda sözlər əlavə günlərə axaraq dağılıb.
Bax, Cümlələr doldu! Bəs sonra?! Yenə əlavə söz sırası... Əlavə cümlələr... Əlavə edam dirəkləri...
Və bir-bir asılıb gedirik...
Budur K.Abdulla nəsrinin insanı “başqa şeylər” düşünməyə vadar edən gizli, gözlənilməz sirri, gücü və sehri! Yeri gəlmişkən, cinayətin baş verdiyi “Sünbüllü göl” də özündə bir sirr gizlədir! Ölüm sirrini! Və unutmayın: Bütün sirlərdə sünbül sarısından nəsə vardır!
Vaxt qurtarır, tələsmək lazımdır! Baxın, hansı aldanışlara ürcah olmuşuq – vaxtın qurtardığını görən olubmu? Qurtaran səs, hərf, söz, cümlə və mətn ola bilər!
Şövqi xatırlayır...
Kimdir Şükufənin kürəyindən bıçağı saplayıb ürəyinin ortasından keçirən qatil? Bəlkə məhkəmə iclasında sakitcə oturub, sakitcə çıxıb gedən o donqar burunlu, dazbaş kişidi? Niyə məhz o yada düşür?!
“Edam vaxtına yeddi saat, altı yüz əlli bir dəqiqə qaldı”
Bəli, qatil məhz o dazbaş ola bilər!
Hekayədəki hər bir obrazın portreti təkrarsız ştrixlərlə cızılmışdır: Möcüzə budur ki, bir-iki Cümlə ilə! Məhkumun qızıl dişini heç nə olmamış kimi götürüb, əvəzində qol saatını kirayə qaldığı evin sahibəsindən – xoşuna gəldiyi adamı “elə-belə” buraxmayan Balaxanımdan alıb gətirən həbsxana nəzarətçisi Bığ Həşim, beşlikləri ciblərinə dürtüşdürüb qadağan olunmuş əraziyə Şövqi ilə Şükufəni buraxan qırmızısifət polislər, “təhlil naminə təhlili sevən” hakim, ölüm aktını maddi fakt kimi qəbul edib heç bir psixoloji test aparmayan digər ədliyyə işçiləri maraqlı “görüntülərlə” yadda qalırlar... Mətnin daxilində əsən yüngül detektivlik mehi süjeti bir qədər də gərginləşdirir və əsrarəngiz edir.
Birmənalı olaraq yaxşı hekayə “resepti”ni heç kəs verə bilməz! Amma dünyaca məşhur olan sənətkarların yekdil fikri belədir ki, yaxşı hekayə oxucuya qeyri-adi, gözlənilməz nəsə ötürməyi bacaran hekayələrdir. Yaxşı hekayədə bir çəkicilik olur, oxucuya əlavə impulslar verir, onun düşüncə sərhədlərini genişləndirir.
K.Abdulla hekayələrinə və ümumən nəsrinə belə bir dünyəvi meyarla yanaşan Oxucu heç bir zaman peşman olmur...
“Bir saat iyirmi üç dəqiqə…”
Sözlər qarışqalar kimi zamana daraşaraq onu “yeyir” Vaxta lap az qalıb.... Şövqi hətta xatırlaya bilmir ki, həbsxana nəzarətçilərindən son xahişi nə olub? “Kameraya adamlar daxil olur. Və ancaq bu zaman onun gözlərinə işıq gəlir. Nəhayət, qəlbinə rahatlıq dolur. O xatırlayır…”
Bəli, o xatırlayır…
Gecikdin, dost!
Xatirələr səni ləngitdi. Çünki xatirələri sözə çevirmək zülümdü. Sən gərək xatirələrdə “ilişib” qalmayaydın. “Sükut”dan savayı heç bir sözü dilinə gətirməyəydin…
Sən qalib gəldin, dost!
Gözlərinə dolan işıqla edam vaxtını dəyişə bildin! Təhkiyəçinin “Edam vaxtını dəyişmək olmaz” hökmünə məhəl qoymadan etdin bunu!
Və... bu işıq boğazına keçiriləcək kəndir haləsinə bənzəmirmi, dost?!
MANERA.AZ