manera.az
manera.az

Vətənin sevməyən insan olmaz- ŞEİRLƏR| MANERA.AZ

Vətənin sevməyən insan olmaz- ŞEİRLƏR| MANERA.AZ


Azərbaycan ədəbiyyatının görkəmli şairi dramaturqu,Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi Abbas Səhhətin şeirlərini manera.az-ın oxucularına təqdim edirik:

Vətən



Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü nüma.
Vətənim verdi mənə namü nəmək,
Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni:
Bəsləyib sinəsi üstündə onu.
Südüdür ki, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə vətən.
Vətənin ne’məti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.

Vətən – əcdadımızın mədfənidir,
Vətən – övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.

Ayı və Şir


Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə.
Olmadılar razı onu bölməyə,
Çıxdı iş axır ölüb-öldürməyə;
Çeynədilər, dişlədilər, diddilər,
Bir-birini al qana qərq etdilər.
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar.
Tülkü uzaqdan görüb bu haləti,
Bildi ki, yox heç birinin taqəti.
Gəldi götürdü ovu, etdi fərar,
Həsrət ilə baxdı dalınca onlar.

Qaranquş balaları


Ay quşcuğazlar, nə yaraşıqlısız,
Can kimi bəsləməyə layiqlisiz.
Nədir o istəkli, o heyran baxış,
Nə dadlı cik-cik, nə gözəl çırpınış!
Birdən ucaldı niyə cik-cikləriz,
Pəh-pəh, açılmış sarı dimdikləriz.
A bəxtəvərlər, ananız gəldimi?
Qondu yuva üstünə, dincəldimi?
Görcək onu səslənməyə başladız,
Civiltilərlə əcəb alqışladız.
Yem gətirib yoxsa sizə verməyə,
Ya ki gəlib bir quru dindirməyə?

İt və kölgəsi


Bir it ağzında bir sümüklə səhər,
Su kənarından eyləyirdi güzər.
Suda öz kölgəsin görüb o zaman,
Sandı bir özgə itdir ol heyvan.
Sümüyü atdı tez o bir yanə,
Suya vurdu özün hərisanə,
O iti ta ki, qorxuya salsın,
Bəlkə ağzındakı əti alsın.
Tapmadı bir şey, oldu çox qəmgin,
Həm itirdi nahaq yerə xörəyin.
Kölgəyə uyma, hirsü qəflətdən
Ta əlin çıxmasın həqiqətdən.

Oğru və anası


Bir məktəbli oğurladı bir vəqti
Yoldaşının kitabını xəlvəti.
Evlərinə gizlin onu gətirdi,
Öz istəkli anasına yetirdi.

Validəsi oğurluğun anladı,
Yavrusun nə qarğadı, nə danladı.
Öz tutduğu işdən uşaq xoşlandı,
Bundan sonra oğurluğa dadandı.

Fikr eylədi: “Nə yoğurdum, nə yapdım,
Əcəb işdir, hazırca kökə tapdım”.
Kəsb etmədi, cib kəsmək adət etdi,
Quldur oldu, ev, kəndi, qarət etdi.

Oğrulara yar oldu, yoldaş oldu,
Quldurlara, qaçaqlara qoşuldu.
Bir iş üstə axır müqəssir oldu,
Divanbəyi hökm eylədi, tutuldu.

Qanun üzrə mühakimə olundu,
Fərman çıxdı, asılsın, hökm oxundu.
Zavallı ta cəzasını dinlədi,
İzn istədi, bir neçə söz söylədi:

– Ay hakimlər, müqəssirəm, doğrudur,
Həqiqətdə mənim anam oğrudur.
Əvvəl dəfə oğurluğa uyarkən,
Yoldaşımdan kitab oğurlayarkən,
Etsə idi anam məni məzəmmət,
Olmaz idim indi bu növ mən bədbəxt.

Mənə anam belə olmuş müdəbbir,
İnsaf ilə deyin, kimdir müqəssir?

İki uşaq


Yoldaşına bir uşaq
Dedi: – Dur gəl oynayaq.
Oynamağın vaxtıdır,
Qızılgülün taxtıdır.
Qızılgülü əkərlər,
Misqal ilə çəkərlər.
Gedək görək uşaqlar
Bağda nə cür oynaqlar.
Yoldaş dedi: – Qardaşım,
Dinmə, ağrıyır başım.
Açılsa gül olsa yaz,
Mənim könlüm açılmaz.
Mən dərsimi bilmirəm,
Oynamağı neylirəm.
Bunu dedi o birisi:
– Bu gün qoy qalsın dərsi,
İndi hələ gəl gedək,
Bağda gəzib seyr edək.
Ertə durarsan səhər,
Dərsi edərsən əzbər.
Yoldaşı verdi cavab:
– Danışma bəd-bihesab,
Sübhə bugünkü işi
Qoymaz ağıllı kişi.
Dərsimi hazırlaram,
Sonra gedib oynaram.

Təqdim etdi:
Turan Etibaroğlu
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930