manera.az
manera.az

Ədirnə divanı - "Taxt və tabut" tarixi romanından parça

📅 22.06.2019 12:54

Ədirnə divanı - "Taxt və tabut" tarixi romanından parça
Manera.az Nurəddin Ədiloğlunun yeni "Taxt və tabut" tarixi romanından parça təqdim edir:


I FƏSİL

"Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə,
qorxaqlıq isə ölümə aparır." (Sultan Səlim)

Qırx dörd yaşlı sultan qalın qaşlarını çatıb, taxtın qarşısındakı böyük şahmat taxtasına baxa-baxa dərin fikrə dalmışdı. Səltənətin padşahlıq taxtını ələ keçirdiyi gündən xəyalı quş kimi düşüncələr aləmində qanad açırdı; ordan gah Osmanlı dövlətinin keçmişinə, gah indisinə, gah da sabahına boylanırdı, üfüqdən-üfüqə, qitədən-qitəyə xəyalları aşıb-daşdıqca, hökmüdarın könül bağçasında yeni-yeni arzuları çiçəkləyirdi. “Sən Sultan Səlim xan Sultan Bəyazid xan oğlu, ulu baban İldırım Bəyazid xan həzrətləri kimi daim hərəkətdə olmalısan! Savaşaraq, ölkələr zəbt etməyi bir hökmüdar olaraq ali məqsədinə çevirməlisən... Dədən Sultan Mehmed Fatehin yolunu tutub, doğuda və batıda çoxlu torpaqlar fəth edib Osmanlı xanədanının ərazisini artırmalısan. Arzuların gerçək olsun deyəəldə qılınc, at belində düşmən üstə varıb zəfər qazanmalısan...”

Sultan şahmat taxtasından gözlərini çəkib ayağa qalxdı, fikir içində gəzə-gəzə sarayın baxçasına açılan böyük eyvana çıxdı. Ayaqlarına nisbətən bədəninin gövdəsi uzun görünən Səlim xana zirehlə süslənmiş döyüş libası heç yaraşmırdı. Yaşıllığa qərq olmuş Ədirnə sarayının xas bağçasında yaz gülləri qızıl tac kimi pardaxlanmışdı. Küləyin asta-asta tumar çəkdiyi təzə-tər qızılgüllərin ətri adamı bihuş edirdi. Ləçəkləri qan rəngində olan qızılgüllər Sultanın yadına qanlı savaşları saldı.

Qılıncların səsi, havada ucan oxların vıyıltısı, ərləri qətl edilən qadınların ah-naləsi, atdöşü edilən oğlan uşaqlarının çığırtısı, diz üstə çökən qocaların aman diləyən yalvarışları qulaqlarında əks-səda verdi. İnsanların bədənindən fışqıran qan çeşmələri bir-birinə qarışıb böyük qan dəryasına dönürdü. Sultan“İnsan qanından yaranmış dərya!..”- deyə pıçıldadı. Altı il öncə Səfəvilər dövlətinə hər il bac-xəracverən gürcülər üzərinə yürüş edəndə qılıncla başını kəsdiyi on dörd yaşlı yeniyetmə oğlan gəlib gözlərinin önündə dayandı. Onun başsız qalmış bədəni sanki ölümlə savaşıb, ona təslim olmaq istəmirdi. Sultan başını bulayıb düşündü:“Yenə savaş olacaq, yenə al qırmızı bu güllərkimi insanqanı dizə çıxacaq!”.
Son günlər sultanın qəlbindən keçən fikirləri onu qılınc qurşanıb, at belində hərbi səfərlərə çıxıb, sahib olduğu top-tüfənginin gücünə qonşu ölkələri fəth etməyə çağırırdı: “Tanrı fironun1 taxtında oturub,üç cahana padşahlıq etməyi, dövləti-alinin xəzinəsinə tükənməz sərvət toplamağı, mənim qismətimə yazmışdır. Mən islam xəlifəsi ünvanı alan ilk Osmanlı sultanı olacam...”

Sultan Səlim dərindən köks ötürüb, geri döndü, yenə taxtın önündəki böyük şahmat taxtasına yaxınlaşdı. Üzbəüz dayanan ağ və qara şah fiqurlarına tamaşa edə-edə Roma Papasının göndərdiyi məktubun məzmununu xatırladı: “Hörmətli Sultan, atanız Sultan Bəyazid xandan sonra Sizin Osmanlı taxt-tacına sahib olmağınıza ürəkdən şad olduğumu bildirirəm. Əminəm ki, Sizdən və atanızdan öncə bizim xristian xalqlarına qarşı imperiyanızın yürütdüyü siyasətə son qoyacaqsınız. Sizi qonşuluğunuzda günü-gündən güclənən Səfəvi imperiyasnının Osmanlı dövlətinə rəqib olacağından xəbərdar etmək istəyirəm. Sufi Şah Osmanlı İmperiyasına qarşı hərbi ittifaq yaratmaq təklifi ilədəfələrlə elçi heyətini Venesiyaya göndərmişdir. Venesiya hökuməti Şah İsmayılın odlu silah əldə etmək və Osmanlı dövlətinə qarşı hərbi ittifaq yaratmaq barədə təklifinəbu günəcən başdansovdu cavab verməklə kifayətlənib. Əminəm ki, sultan həzrətləri məktubumuzudiqqətlə sərf-nəzərdən keçirib, kiminlə münasibətlərini sahman saxlayıb, kimə qarşı mübarizə aparmağa düzgün qərar verəcək!”

Sultan Səlim papanın bu fikirləri yada salanda Şah İsmayıl gəlib durdu gözünün qabağında. Qəzəblə şahmat taxtasındakı ağ şahı böyrü üstə yıxıb dedi: “Ey Ərdəbil oğlu, mən az öncə bir qərar verdim, zira sənin varlığın və şahlıq etdiyin qonşu Səfəvi səltənəti Osmanlı dövlətinin əzəmətinə kölgə salır, qüdrətinə əngəl törədir.

_______________________________
1.Qədim Misirdə padşah, çar, kral.


Azərbaycanın mərkəzində az bir müddətdə qüdrətli Səfəvilər dövləti yaratmağın hələ babam2 Sultan Bəyazidin xanın hökmüdarlığı dönəmində mənim rahatlığımı əlimdən almışdı. İllərdi ki, təriqətətinin hakim olduğu Anadoluda şeirlərin də, şəcərən də dillərdə əzbərdir. Digər tərəfdən xiristian ölkələrinə elçi göndərib bizə qarşı müttəfiqlər arayırsan!”

Sultan Səlim özü də “Səlimi” ləqəbi ilə şeir yazırdı. Amma farsca, ərəbcəyazdığı şeirləri onun sarayının qapısından uzağa gedə bilmirdi. “Əcaba, necə olur ki,Şah İsmayılın “Xətai” təxəllüsü ilə yazdığı şeirlər Anadolu ellərində ibadət duası kimi əzbərlənir? Niyə onun şah beytlərindən sufi məclislərində müqəddəs ayə kimi məsəllər çəkilir?” Səlim belə düşünürdü, yaxşı bilirdi ki, Xətai türk dilində yazıb-yaradır, eynən Yunus Əmrə, Mövlana Cəlaləddin Rumi, Qaracaoğlan, Hacı Bektaş Vəli kimi ruhən xalqa yaxın biridır. Osmanlı dövlətinin bel sümüyü sayılan mücahid türkmənlər ona rəğbəti bəsləyir. Sultan nə düşündüsə, şahmat taxtasında böyrü üstə yıxdığı şah fiqurunu götürüb, yerə çırpdı: “Səni qəhr olasan, ey Ərdəbil oğlu! Sən mənim başımın bəlasımısan?!” – deyə pıçıldadı.

Xəyalı bir anlıq Səlimi on-on iki il əvvələ - şahzadəliyi dövründə Səfəvi hökmüdarı Şah İsmayılla Təbriz sarayında tanış olduğu günlərə apardı. O vaxt atasının döndərdiyi böyük elçi heyəti ilə birlikdə Şahzadə Səlim on yeddi yaşlı İsmayılın hüzurunda dayanmışdı. On yeddi yaş özündən kiçik İsmayılın ağlına, zəkasına, at çapmasına, ox atmasına, qılınc döyüşdürməsinə, şahmat oynamasına və şirin ləhcəylə bəlağətli danışığına elə ilk görüşdən heyran olmuşdu...

Lakin elə o zaman şahzadə Səlimin təkəbbürü və qüruru Şah İsmayıla olan heyranlıq hissiniqəlbinin lövhəsındən birdəfəlik silmişdi. “MənTrabzonda sancaqbəyi ikən Şah İsmayıldan çox üstün biriyəm, vaxt gələcək Osmanlı səltənətini özüm yönəldəcəyəm.” Çox çəkmədi ki, o, doğma atasını Səfəvi hökmüdarı ilə mehriban münasibətlərinə görə qınadı. Həsəd hissi Səlimin içindəki nifrəti getdikcə alovlandırdı.

Günlərin bir günü müəllimi Mövlanə Əbdülhəlim Əfəndi həsəd hissinin əsarətinə düşən çılğın Səlimə belə demişdi:
- Peyğəmbər əfəndimiz demiş ki, həsəd Habilin öz doğma qardaşı Qabil tərəfindən öldürməsinə bais olmuşdur.
- Səltənətin taxt-tacını ələ keçirmək üçün mən də gözümü qırpmadan qardaşlarımı öldürərəm...

Səlimin cavabı müəllimini elə də təşvişə salmamışdı. Yaxşı bilirdi ki, Səlimin qardaş qatili olmaq istəyinə babası Sultan Fateh Mehmedin: “Səltənətə sahib olacaq oğullarımdan hər hansı biri öz qardaşlarını öldürməlidir” qanunuqol-qanad verir. Bir dəfə atası II Bəyazid şahzadə Səlimin hakimiyyət hərisliyindən duyuq düşüb, ona belə təklif etmişdi:

- İsmayılla savaş sənin çoxdankı arzundu. Onunla savaş fikrindən vaz keçməyi sənə dəfələrlə tövsiyyə etdim. Səni həmişə o cahangirin hakim olduğu torpaqların cazibəsi özünə çəkir. Əgər gerçəkdən onunla savaşmaq niyyətin varsa, onda get, səni Şah İsmayıl üzərinə səfərə Sərdar təyin etdim.

Atasının belə qəfil təklifindən Səlim şübhəyə düşmüşdü. “Demək, atam məni savaşa göndərib, taxtını-tacını qardaşlarımdan birinə buraxmaq istəyir...”
Sonra o, atasının sölgun çöhrəsinə baxıb demişdi:
- Hünkarım, Şah İsmaylla savaşan ordunun başında hökmdarın olması lazım. Əgər bu savaşı siz etməli olmasanız belə, özüm Əcəm şahının qarşısına bir zamanlar sultan kimi çıxacam...
Ədirnə divanı - "Taxt və tabut" tarixi romanından parça
Bir sillənin əks-sədası

Sultan Səlimin “Əcəm şahı”, “Ərdəbil oğlu”, bəzən də “əmir” dediyi Şah İsmayıla qarşıiçində bəslədiyi həsəd hissinin getdikcə kin - küdurətə, düşmənçiliyə çevrilməsinin ayrıca səbəbi də vardı.Bu, Ədirnə sarayında çoxunun bilmədiyi şəxsi məsələ idi. Təbrizdən elçi heyətiylə geri dönəndən bir müddət sonraSəlim yenə oragetmək qərarına gəlmişdi. Qızılbaş-Səfəvi dövlətinin iç işlərinə yaxından bələd olmaq, Şah İsmayılın zəif tərəfini öyrənmək istəmişdi. Hətta şahla görüşmək niyyətinə düşmüşdü. Bunun üçün Təbriz şivəsini, şahmatın bütün incəliklərini öyrənmişdi. Və günlərin bir günü dərviş libasında Təbrizə yollanmışdı. Şəhərin karvansaraylarında gecələmişdi, burada yerli və gəlmə tacirlərlə həmsöhbət olmuşdu, gündüzlər şəhəri qarış-qarış dolaşıb Şah İsmayıl barədə sadə adamların sevgi dolu söhbətlərinə qulaq asmışdı.

Bir gün sarayın qapısına dayanıbucadan şeir oxuyanda bağçada gəzən şah qorçularını göndərib onu hüzuruna çağıtdırmışdı:“Baba dərviş,hardan gəlüb, hara gedirsün?” soruşanda, o da Təbriz şivəsiylə cavab vermişdi:“Qəzvindən gəlüb, Qarsa gedürəm”. Beləcə Şah İsmayılın şeirə, şahmata tutqusu barədə danışıb onunla şahmat oynamaqarzusunu dilə gətirmişdi.

-Əgərçi şahmat oynamağun da oxuduğun şeir kimidüsə, ondə gəl bərü, –deyə şah onu sarayına dəvət etmişdi.Oyun zamanı sağ və sol cinahlardakı toplardan istifadə etməyən şahı asanlıqla mat etmişdi. Şah İsmayıl dərvişin hiylə işlətdiyini zənn edərək, əvvəlcə ona sol əli ilə möhkəm bir şapalaq vurmuşdu. Sonra yanındakı əyanlarına sarı çönüb: “Dərvişə mükafat olaraq bir kisə qızıl pul verin” –deyə əmr etmişdi. Səlim də əsl dərvişlər kimi şahı mənalı baxışlarla süzüb uzaqgörənlik edib: “Ya Şeyx, bir dövrü - zaman gələr ki, gerçək savaşa toplarsız qatıla bilərsiz və bu üzdən o savaşda da yenilərsiz”-demişdi. Şah ona: “Müharibədə toplarla döyüşmək qorxaqlıq əlamətidir, dərviş... Əsl cəngavər topa-topxanaya deyil, qolunun gücünə arxalanmalıdır!”- deyib əlinin işarəsi ilə görüşün başa çatdığını bildirmişdi. O vaxtdan şahzadə Səlim ürəyində “mənə vurduğun o bir tokatın3 bədəlini4 sənə fazlasıyla ödətəcəm, İsmayıl” deyə özünə söz vermişdi. Amma bu əhvalatı onun özündən savayı heç kim bilmirdi, hətta atası Sultan Bəyazid xan da. Özü isə qulağına sırğa taxmışdı ki, Şah İsmayılın o solaxay silləsini heç vaxt unutmasın!

Başqa bir səbəb, hökmüranlıq məsələsi idi; o, atasının mənəvi oğul deyə dostanə davrandığı gənc Şah İsmayılın gələcəkdə Osmanlı taxtının gerçək varisinə çevirəcəyindən qorxurdu. Həm də bu qorxunu onda İsmayılın İstanbula olan sonsuz sevgisi yaratmışdı.

Ona elə gəlirdi ki, Əcəm hökmüdarı Şah İsmayılın ən böyük arzusu İstanbulu yer üzündə yaşayanbütün türk uluslarının mərkəzinə çevirməkdi. Çünki hələ on il öncə o, Osmanlı elçilərinə bütün türk ümmətinin başçısının İstanbul sarayında oturmasını Allahın böyük lütvü olduğunu demişdi...
Elə buna görə də Sultan Səlim Osmanlı ordusunun qərbə doğru yürüşlərinə ara vermək qərarına gəlmişdi. Düşünürdü ki, Qızılbaş sərkərdəsi İsmayıl İstanbula yürüş edə bilər. Bununla da Osmanlı taxt-tacını ələ keçirib böyük Turan dövləti yaradar...

Sultan Səlimin Şah İsmayıla qarşı alışıb-yanan qəzəb tonqalına “batı” dediyi, Qərbi Avropadan da çır-çırpilar atılırdı: Əslində Roma papasının başında dayandığı qərb məmləkətləri osmanlı ordusunun Cənub – Şərqi Avropaya irəliləməsinin qarşısını almaq məramı ilə taxt-taca sahib çıxan gündən onu dolayı yollarla Şərqdə ön dördildə on dörd böyük əyaləti fəth etmiş Şah İsmayılla müharibəyə təhrik edirdilər: “Əlahəzrət Sultanla savaşmaq üçün bizdən odlu silahlar istəyən Sufi Şahının xahişlərini illərdi ki, təxirə salmaq məcburuyyətində qalmışıq...”

Döyüş silahları qılınc, nizə, təbərzindən olan orduya qarşı top-tüfənglə savaşmaq fikri Sultan Səlimin casarətinə ikiqat güc qatırdı.Sarayın Divanxanasında huzurunda ayaq üstə dayanan vəzir-vəkillərəinə deyirdi:
_______
2.ata
3.tokat- şillə, şapalaq.
4.bədəl – misli, əvəzi


-Çoxunuz yaxşı bilir ki, mən hələ Trabzon valisi olanda babamın izni ilə Şah İsmayılın Ərzincana ziyarətindən çox quşqulandım.5 O zaman Anadolu qızılbaşları ilə Səfəvilərin xoş münasibətlərindən babam Sultan Bəyazid xan zərrə qədər də təşvişə düşmürdü. Mən ona “Qızılbaşlardan əhli-islamın, misirlilərdən osmanlıların öcünü almağın”6 tam zamanı çatmışdır fikrini dəfələrlə söyərdim. Fəqət, o zaman Sultan Bəyazid xan həm mənim, həm də mənimlə həmfikir olan saray vəzirlərinin bu kimi təkliflərinə ciddi-cəhdlə rədd cavabı verirdi. Təbiətcə dincliyi sevən babam özündən öncəki Osmanlı padşahı olan sələflərinə bənzəmirdi. Həmişə məni “ali məqamlı övlad” deyə xitab etdiyi Şah İsmayılla münaqişəyə girməkdən çəkindirməyə çalışardı. Lakin mən onu da yaxşı bilirdim ki, vaxtilə babam Sultan II Bəyazid xan Kürd Hacı Rüstəmlə və Ağhunlu Əlvənd Mirzəylə həmrəy olub İsmayılı hələ taxta çıxmamış məhv etmək istəmişdi. Fəqət bu mümkün olmadıqda onu taxta çıxandan az sonra tanımağa məcbur olmuşdu...

Sultan Səlim yenə xəyalən altı il əvvələ döndü; atasının xəstəliyindən sui-istifadə edərək, Anadoluda qızılbaşlara rəğbət bəsləyən və Səfəvi sarayına diləkçə göndərib, Şah İsmayıldan sığınacaq istəyən adamları necə qılıncdan keçirdiyini, sonra qoşun toplayıb Səfəvi dövlətinin vassalı olan Gürcüstan üzərinə yürüş etdiyi günləri xatırladı.Gənc Şah İsmayılSəlimin bu hərəkətindən çox hiddətlənsə də, Sultan Bəyazid xanla sülh danışıqlarına sadiq qalıb, öz elçilərini İstanbula göndərdi.Qızılbaş elçilərini İstanbul sarayında etiramla qəbul edən Sultan Bəyazid xan Səlimə çaparla əmrnamə yolladı ki, dərhal qoşununu geri çəksin və ancaq öz sancağını8 mühafizə etsin, ondan ziyadəyə9 təcavüz etməsin!..
________________
5.Quşqulanmaq – şübhəyə düşmək.
6.Bu fikiri Şah İsmayılın hakimiyyətinin ilk illərində Sultan II Bəyazid söyləmişdir.
7.Həsən padşahın nəvələri Murad Mirzəylə Əlvənd Mirzə əmioğu idi, xeyli qarşıdurmadan sonra müqavilə bağlamışdılar: İraq və Fars bölgəsi

Muradın, Azərbaycan və Diyarbəkr Əlvəndin tabeçiliyində idi. 1501-ci ilin ortalarında Şərur düzündə həlledici döyüşdə İsmayıl yüksək sərkərdəlik məharəti və hünər nümayiş etdirərək, sayca Qızılbaşlardan qat-qat çox olan Ağhunlu qoşunlarını məğlub etdi. Əlvənd Mirzə Ərzincana qaçmaqla xilas ola bildi. Şərur qələbəsindən dərhal sonra İsmayıl təntənə ilə Təbrizə daxil oldu və özünü şah elan edərək Səfəvilər dövlətinin əsasını qoydu.

-------------------
8.valisi olduğu Trabzonu.
9.artığına, kənara


Əslində Sultan II Bəyazid də, Şahzadə Səlim də çox yaxşı bilirdi ki, Trabzonu vaxtilə Şah İsmayılın babası Azərbaycan hakimi Sultan Həsən Bayandur genuyalıların əlindən almışdı. Bu şəhər Ağhunlu dövlətinin tacirlərindən ötrü Qara dənizə oradan da Avropaya əlverişli çıxış yolu idi. O zaman Sultan II Mehmetin başlıca məqsədi Trabzonu Osmanlı xanədanına qatmaq, Avropa ilə ipək ticarətini öz əlində cəmləşdirmək idi.
Həsən Padişahın anası - Şərq aləmində və Avropada dövlət xadimi kimi məşhur olan Sara Xatun10 başçılıq etdiyi elçi heyətiylə Trabzonu müasirəyə alan osmanlı ordusunun düşərgəsinə yollanmışdı. Sultan II Mehmet Sara xatunu öz düşərgəsində təmtəraqla qarşılamışdı. Həmin görüşün şahidlərinin dediyinə görə, bu danışıqlar zamanı Sultan II Mehmetlə Sara xatun bir-birinə “ana” və “oğul” deyə müraciət edirmişlər. Fəqət bütün sülh danışıqlarında parlaq qələbə qazanan Sara xatun o gün Sultan II Mehmeti Trabzonu işğal etmək fikrindən daşındıra bilməmişdi. Sultan Həsənlə Sultan Mehmetin sülh bağlamasına nail olsa da, iki tərəfdən mühasirəyə alınan Trabzon şəhəri bir aydan sonra, osmanlı ordusu tərəfindən zəbt edilmişdi. Və belə bir mürəkkəb şəraitdə Sara Xatun öz gəlininin - Dəspinə Xatunun Trabzon taxtına varislik hüququnu irəli sürmüşdü, bu təklifdən istifadə edərək o, Trabzon xəzinəsini osmanlı sultanı ilə bölüşüb geri qayıtmışdı.

...Bəlkə Sultan II Bəyazid ən çox da bunu düşünərək, ərkəsöyün, dəliqanlı şahzadə oğlunun tez-tez minib çapdığı qəzəb atının cilovunu çəkməyə məcbur olurdu?! Axı Şah İsmayıl istəsəydi, öz babasının və nənəsinin mülkünü geri tələb edə bilərdi.

1507 –ci ildə Şah İsmayıl ermənilərin və kürdlərin yaşadığı Ərçiş və Əhləti, sonra da Maraşı Səfəvi xanədanına qatdı. Bitlisin kürd hakimi Şərəf xan başda olmaqla kürd əmirləri o zaman Xoy şəhərində olan Şah İsmayılın hüzuruna gedib ona itaətkarlıq etdilər. Şah İsmayıl əmirlərin bu könüllü itaətkarlığına şübhəylə yanaşıb onları həbsə aldırdı. Səlim də Səfəvilərlə kürd əmirləri arasında münasibətlərin belə hal almasındanöz xeyrinə faydalanmaq qərarına gəldi.

Çox çəkmədi ki, o, yenə atasının Şah İsmayılla “təminati-dostanə” ilişkiləri barədə öyüd-nəsihətlərini qulaqardına vurdu. Bu dəfə Şah İsmayılın nəzarətində olan Ərzincana basqın etdi. Bayburt qalasını ələ keçirdi.
_________________________
10. Osmanlı mənbələrində Gövhərşah xatun.

Yenə sülhsevər və uzaqgörən Sultan II Bəyazid oğlunu tənbeh etdi və onun hərəkətindən narahat olub Təbriz sarayına elçisi ilə dostluq məktubu göndərdi. Şah İsmayıl Sultan Bəyazid xana cavab məktubundaşahzadə Səlimin Ağhunluların doğma diyarı və keçmiş paytaxtı Diyarbəkirə olan iddialarını əsassız saydı:“Sizin hüququnuz çatmır ki, zati-alilərinizlə Həsən padşahın vilayətinin davasını edəsiniz!”11

Bununla da hər iki tərəf öz aralarında savaş çıxmasına əngəl oldu. Şahzadə Səlim də atasının tənbehindən sonra zəbt etdiyi Ərzincanı və Şah İsmayılın nəzarətində olan qalaları geri qaytarmaq məcburiyyətində qaldı.

Lakin şahzadə Səlimin Şah İsmayıla qəzəbi, kin-kidurəti zərrə qədər də olsun soyumaq bilmirdi. O, qızılbaş hökmüdarını məhv etməyin yeganə yolunu sufi xislətli atasını taxtdan salmaqda gördü. Fəqət, taxtı-taca gedən yoldaona mane olan qardaşları iləmübarizə aparanda Anadoluda Şahqulu Baba adlı bir türkün başçılığı altında üsyan qalxdı. Hərçəndbu üsyanda Səlimin Şah İsmayıla qəzəb tonqalını daha alovlandırdı. O, Şahqulunun qızılbaş şahının qulu olduğunu eşidəndə qəzəbli səsi Trabzondakı köşkünün divarlarında əks-səda verdi:

- Axı, bu kafir Şeytanqulu12Anadolunun göbəyində ot otlayan türkmənlər arasında hardan peyda oldu? Bu rum elində nə dərəbəylikdir? Oralarda türkmənlər özlərinə təriqət hakimiyyəti qurub qos-qocaman Osmanlı dövlətini təhdid edirlər.

O vədə vəkiliQaraca paşa özündə cürət tapıb şahzadəyə belə dedi:

- Deyilənə görə, atası Həsən Xəlifə Şah İsmayılın babası13 Şeyx Heydərdən dəsturu-əməl almışdır. Barəsində masal var ki, Həsən xəlifə Ərdəbildən gəldi, amma Təkə elinə özüylə yanar atəş gətirdi. Kəndisini qızılbaş şahına qul bilən kafir oğluda öz namını Şahqulu ağa Təkəli qoyub. O, öz tərəfdarları ilə cəm olub Məhərrəm ayındaşiələrin Kərbəla vaqesini matəm mərasimi kimi keçirdiyi Aşura günüMisirə qaçmış15 qardaşınız Şahzadə Sultan Qorqudun xəzinəsini ələ keçirib xüruc16 etmişdir.
Şahzadə Səlimin uşaqlıq dostu Həmdəm paşa da söhbətə qoşuldu:

- Rəiyyəti Ərdəbil oğlu İsmayıla biət etməyə çağıran bu adam təqva sahibi olduğu üçün babanız Sultan Bəyazid xan həzrətləri –Allah ondan şəfasını əsirgəməsin - həm ona, həm də Yalınlı köyü civarında mağaraya çəkilib zahidanə həyat keçirən babasına hər il altımış yeddi min axça göndərir ki, rahat yaşam sürsünlər...
__________
11.Tarixi aləmarayi- Şah İsmayıl” (57, s.512; 59, s.473)
12.Osmanlı qaynaqlarında Şahquluya Şeytanqulu deyildiyi bildirilir
13.yəni atası


Səlim başını buladı:

- Babam Səfəvi təhdidinin ciddiliyini heç cür fəhm edə bilməz! İlginç17 bir şey bu; qos-qoca Bitlisli İdrisə fars dilində Osman Qazidən bəri səkkiz sultanın həyatından bəhs edən səkkiz min beytlik müfəssəl “Həşt Behşt”18 qələmə aldırsa da babam vəd etdiyi parayı19ona vermir. O da sarayı kırgın biçimdə20 tərk edib Məkkəyə üz tutur. Amma gözünü qırpmadan para göndərdiyi“heyvan biçimində yaşayan insanabənzər kişilər”21 Şeytanqulu qısmində türkmən rəiyyətinin ayaqlanmasına22 səbəb olur .

Həmdəm paşa sözünə davam edib dedi:

- Şahzadəm, amma üsyana qatılanlar təkçə “heyvan biçimində insana bənzər kişilər” deyil, həm də babanız Sultan Bəyazid xan həzrətlərinin xəstəliyindən sui-istifadə edib,güya ölkədə rüşvətxorluğa, fitnə-fəsada rəvac verən vəzirlərin özbaşınalığını bəhanə gətirən dövləti-alimizin minlərlə əsgəridir…
__________________
14. 19 aprel 1511-ci ildə
15.Şahzadə Qorqud elə həmin ilin baharında atasıyla barışandan sonra Antaliyanın sancaqbəyi təyin olunmuşdu.
16.xüruc –qiyam
17.Ilginç – diqqət çəkən, maraqlı
18. Əsərin adı. farsca “Səkkiz Behişt” deməkdir.
19.pulu
20.Kırgın biçimdə - küskün, könülü qırılmış halda
21.Ələvi türkləri o dönəmdə belə adlandırıldığına görə üsyan etmişdir.
22.şayaqlanma -üsyan etmək, ayağa qalxmaq.


Mustafa paşa şahzadəyə təzim edib, Həmdəm paşanın sözünə güc verdi:

- Bəli, şahzadəm, o kafirə uymuş nankor əsgərlərin ucbatından Şahqulu öncə Anadolu bəylərbəyi Qaragöz Paşanın, sonra Sultanımızın vəziri Əli Paşanın başçılıq etdiyi Osmanlı ordusunu ağır məğlubiyyətə uğratdı, üstəlik paşaları öldürməyə cəsarət edib.Sultan Bəyazid xan üsyanı yatırtmağı Sədrəzəm Xadim Əli paşaya həvalə edib. İndi qardaşınız Şahzadə Əhməd də böyük qoşunla ora gedir...

Səlim əyani-şəriflərini dinlədikdən sonra:

- Mənə dərhal Bitlisli İdris əfəndini bulun!23– dedi, - İdris əfəndi, mən taxta çıxan zaman doğu üzərə bir müstəşarım olacaq. Zatən bu gündənonu Anodoludakı kürd bəylərini qızılbaşlara qarşı savaşa təşviq etməyə görəvləndirrəm.24 Nitəkim25kürdlər ona mövlanə deyir. Mənim amacım Səfəvilərlə Osmanlı dövləti arasında gələcəkdə kürdlərdən bir böyük divar hörməkdi...

Əslində Səlim yaxşı bilirdi ki, onun Səfəvilərə qarşı ən güclü fikir ortağı da elə Bitlisli İdrisdir. Kürd əsilli Bitlisli İdris Osmanlı sarayına təşrif gətirənəcənTəbrizdə Ağhunlu hökmüdarlarına xidmət etmişdi.O, Həsən şah Bayandurun etimad göstərdiyi Mövlana Şeyx Hüsaməddin Əlinin oğlu idi. Ağhunlu sarayında Həsən şahdansonra onun oğlu Sultan Yaqubun divanına münşi vəzifəsində qulluq göstərmişdi. İsmayıl taxta çıxanda Ağhunlu hökmüdarlarına iyirmi ilə yaxın xidmət edən İdrisəsarayda qalmağı təklif etsə də o, şahdan rüsxət alıb İstanbula köçmüşdü. Sultan Bəyazid xan ona səlnaməçi işini həvalə etmişdi. Səlimin niyyəi taxta çıxandan sonra Bitlisli İdrisin həmqələmindən, həm dənüfuzundan istifadə edib, Anadoluda öz siyasətini həyata keçirmək idi. Yaxşı bilirdi ki,o, kürd bəylərini bir araya gətirəcək və onların gücü ilə özünün dediyi kimi, Anadolunu qızılbaş ünsürlərindən təmizləyəcək.26

...Səlim ən çox güvəndiyi və etibar etdiyi dostu Həmdəm Paşanı üsyançılara divan tutmağa göndərdi. Şahqulunun üsyançı dəstəsi artıq Antaliya, Almalı, Burdur, Keçiborlu ərazilərini ələ keçirmişdi, Qaraman hakimi Heydər bəyi məğlub edəndən sonra Qeysəriyyə27 üzərindən Sivasa doğru irəliləyirdi. Anltınyaylaya çatanda Harmandalı** obasından xeyli cavan-comrul da üsyançılara qoşuldu. Çox çəkmədi ki, onlar Sədr-Əzəm Xadim Əli paşanın qoşunu ilə qarşılaşdılar.

Rəbi-ül-axır ayında28 Sivas yaxınlığında Göyçay adlı yerdə baş verən döyüşdə üsyançılar ağır itki29 verdilər. Bu qeyri-bərabar savaşda həm Əli paşa, həm də Şahqulu Təkəli həlak oldu.
________________
23.Bulun –tapın
**Salnamələrdə harmandalı, xarmandalı, xərbəndəli, xudabəndəli kimi qeyd edilən bu tayfanın Oğuz türklərinin dögər, bayat, əfşar boylarına, bəzi mənbələrdə Şamlı qoluna mənsub olduğu və XI əsrdən etibarən Mərkəzi Asiya, Azərbaycan, Türkiyənin Anadolu bölgəsində məskunlaşdığı bildirilir. Şimali Azərbaycanın Masallı və Biləsuvar rayonlarında, Cənubi Azərbayacanım Ərdəbil, Qəzvin, Zəncan vilayətlərində Xarmandalı yanlış olaraq “Xırmandalı” kimi yazılır.
24.Görev –rəsmi iş, vəzifə
25.Nitəkim -əski türk sözü, ciddi surətdə, gerçəkdən
26.Sultan Səlimin tapşırığı ilə kürd bəylərini bir araya gətirməyi bacaran İdris Bitlisi (1452-1520), farsca yazdığı “Səlimşahnamə” əsərində kürdləri Qızılbaşlarla savaşa təşviq ettiyini, onların da qılınc zoruna Anadolunu Qızılbaşlardan təmizləmək için and içdiklərini və 40 min Qızılbaşın (Ələvinin) öldürüldüyünü qələmə almışdır. Mənbə Dr. Erhan Afyoncu. Sorularla Osmanlı İmparatorluğu. 2004.
27.Kayseri
28.2 iyul 1511-ci ildə
29.Osmalı qaynaqlarında Şahqulu üsyanının əlli min adamın ölümünə səbəb olduğu bildirilir.

Şahqulunun ölümündən sonra başsız qalan üsyançıların bir qismi Azərbaycana üz tutdu. Anadolunun türk tayfaları Azərbaycanı ümid yeri, sonuncu istinadgah bilir, Şah İsmayıla on ikinci imam Mehdi Sahib-əz-Zamanın naibi kimi səcdə edirdilər...30

Şahzadə Səlim üsyanın yatırıldığı xəbərini eşidəndə öz-özünə pıçıldadı:

-Qadir Allah mənə birgün fürsət verərinşallah, haqq yoluma işıq tutar! Əlbət ki, Əcəm ölkəsinin əmiri İsmayıl Səfəvini bərtaraf edib, sonra Misirə, Hində yürüş etməyimində zamanı gələcək. Mən yalnızİsmayılı taxtan yendirib tarix səhnəsindən siləndən sonra Böyük İpək və Ədviyyət yolunu ələ keçirəcəm! Və doğudakı bütün ticarət yollarını nəzarətim altına alacam...

Səlim qəlbindən keçirdiyi başqa arzularını da dilə gətirdi: "Gönül ister ki, Afrikanın kuzeyinden Endülüse çıkayım ve sonra Balkanlar üzerinden tekrar İstanbula döneyim!"31

Sultan Səlimi bu dəfə xəyalı başqa səmtə apardı...

Üç il əvvəl atası Şahzadə Əhmədi özünün vəlihədi elan etdi, bu xəbəri onu çox qıcıqlandırdı. Gözü qızmış Səlim etiraz əlaməti olaraq kiçik ordu ilə İstanbula yürüş etdi. Qəzəb atını çapa-çapa düşündü ki, atasının süstlük içində kecirdiyi güşənişin həyatından bezən döyüşkən yeniçərlər alayı32 qiyam qaldırıb ona qoşulacaq. Səlim qardaşı Əhmədin taxt-taca çıxacağından narazı olan yeniçərilərin gizlincə ona rəğbət bəslədiklərini çox yaxşı biliridi.
______________________
30.Tarixçi Xacə Zeynalabdin Əli Əbdi bəy Şirazi "Təkmilətül-Əxbar" adlı əsərində yazır: "Şah İsmayıl Xorasandan İraqa təşrif gətirdi. O günlərdə 15 minə yaxın Təkəli tayfası Rumda üsyan edərək...Ərzincan ətrafında 500 nəfər camaatı olan qafiləni qarət və qətl etdikdən sonra ali dərgaha üz tutmuşdular. İraqın Şəhriyar (adlı yerində) onların sərdarları cəzalandırıldı, həmin camaatı əmirlərə bölüşdürdülər..." Şahqulu ağanın qoşunundan qalanların bir hissəsi Muğanda yerləşdi. Həmin oymaqlara, yaşayış məskənlərinə sonralar Təklə deyildi.
31.“Könül istər ki, Afrikanın şimalından İspaniyaya gedib çıxım və sonra Balkan ərazilərindən İstanbula dönüm!”Mənbə: Osman Nuri Topbaş,Âbide Şahsiyetleri ve Müesseseleriyle Osmanlı,I.Bölüm, Kısım – Yavuz Sultan Selim.
32.Güclü və daimi ordu bölüyü. Sultan Murad zamanında qurulan “Yaniçəri Ocağı”nda sonralar xristian gənclər də cəlb olundu. Venesiyalı zabitlər, serb, yunan və başqa xristian vəzirlər, əsgərlər, tacirlər Osmanlı dövlətinin sayılıb-seçilən zümrəsi sayılırdı. “Osmanlı Toplumsal Düzəni” adlı əsərində Prof. Dr. Taner Timur bu fikri haqlı olaraq belə təsbit edir: “Osmanlılar Balkanları fəth edərkən, Balkan zədaganları da Osmanlı dövlətini fəth etməkdədir”


Odur ki, “Yeniçəri Ocağı”nın irəli çıxanlarına xitabən dedi:

-Mən padişah olursam, İslam birliyi yolunda ciddiyətlə yürüyəcəm; hətta, Mövlam rüsxət verirsə, Hind ve Turana gedəcəm, doğuda ve batıda İlahi kəlimətullaha çalışacam. Zalimlərə, evladım olsa da mərhamət etməyəcəm. Zamanımda... əhaliyə təsallut33 edilməyəcək. İştə mənim halim!.. Bəradərim isə, rahatlığı sevər və yumuşaq bir təbiəti vardır. Əgər səfərdən qorxmaz və çiləyə talib olursanız, mənə beyat ediniz! Əks halda sultanlıq üçün qardaşım Şahzadə Əhmədi tərcih ediniz ki, onun zamanında rahat və səfanızla məşğul olasınız!34

Fəqət o zaman Səlimin güvəndiyi dağlara qar yağdı, özünə böyük araxa-dayaq bildiyi yeniçərlər onun bu xitabından sonra da üsyana qalxmadılar. Səlimin Balkan torpaqlarından çəkib gətirdiyi ordusu sarayın mühafizəçiləri ilə çarpışmada darmadağın edildi, özü isə döyüş meydanından qaçmağa məcbur oldu. Atası adəti üzrə, yenə ürəyiyumşaqlıq etdi, onun təqib olunmasını rəva bilmədi. Sərkərdələrinə əmr etdi ki, şahzadə Səlimi izləməsinlər:“Qoyun hara istəyir getsin... Nə hali var görsün...”

O vaxt qırx bir yaşlı Səlim çarəsiz qalmışdı. Əlacı qaynatası Krım xanı Gəray xana sığınmaqda gördü. Şahzadə Əhməd atasına asilik edən qardaşını Gəray xandan İstanbula göndərməyi tələb etsə də, xan ona rədd cavabı verib kürəkənini qorudu. Sultan Bəyazid də artıq oğlanlarının taxt-tac uğrunda ardı-arası kəsilməyən çəkişmələrinə biganəlik göstərirdi. Bundan sui-istifadə edən Səlim qaynatasından aldığı hərbi yardım sayəsində Trabzona geri döndü. Sonra da Anadolunun içərisinə doğru yürüşə başladı.

Bu dəfə Səlimin əməli-başlı bəxti gətirdi. Qardaşları Şahzadə Əhmədlə Şahzadə Qorqud atalarını ona asi olan Səlimlə savaşa təhrik etsələr də Sultan Bəyazid buna razılıq vermədi. Ötuz bir illik sultanlığı dövründə ölkədən- ölkəyə yürüş etməyi xoşlamayan hökmüdarın süstlüyü quruca donluq umuduna qalan yeniçərlərı lap bağaza yığmışdı. Osmanlı səltənətinin ən davakar əsgərləri olan yeniçərlərin günü-güzaranı döyüşlərdə əldə etdikləri yağmaların, qənimətlərin sayəsində xoş keçirdi. Ona görə illərlə döyüşlərə ara vemək məcburiyyətində qalan yeniçərlər şir kimi döyüşkən Səlimə güzlincə sevgilərini bu dəfə aşkar büruzə verib, üsyana qalxdılar və Sultan II Bəyazidi taxt-tacdan imtina etməyə məcbur etdilər.
_________________
33.təsallut–ağalıq etmə
34.Osman Nuri Topbaş, Âbide Şahsiyetleri ve Müesseseleriyle Osmanlı, I.Bölüm, Kısım - Yavuz Sultan Selim.


MANERA.AZ


Baxış sayı - 1 520 | Yüklənmə tarixi: 22.06.2019 12:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031