manera.az
manera.az

ABŞ-ın indiki prezidentinin redaktoru olan yazıçı

ABŞ-ın indiki prezidentinin redaktoru olan yazıçı
Onu çoxları ilk dəfə müasirliyi, orijinallığı ilə seçilən şeirlər müəllifi - gənc şair kimi tanıyıb.

Rəsul Rzanı, Əli Kərimi, Xəlil Rzanı, Ramiz Rövşəni özünün poeziya kumirləri sayan gənc Əyyub Qiyasın ötən əsrin 90-cı illərinin əvvəllərində qəzet və jurnallarda, müxtəlif ədəbi nəşrlərdə görünən imzası elə ilk günlərdən diqqəti cəlb etmişdi. O, dahi şairlərimizin, korifey sənətkarların əbədi var olduğu, hər qələm tutana boy verməyən Azərbaycan poeziyasına həmin illərdə öz yeni sözü, yeni səsi ilə gəlmişdi.

Əyyub Qiyasda ədəbiyyata, şeirə-sənətə olan sevgini isə onun istedadlı ədəbiyyat müəllimi, tanınmış şairə, Azərbaycanın Əməkdar müəllimi Ofelya Babayeva oyatmışdı. Və məhz ədəbiyyata, şeirə olan böyük marağı və sevgisi onun gələcək həyatını müəyyənləşdirdi.

M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində, sonralar Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kurslarında təhsil alması, Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi aspiranturasını bitirməsi onun yaradıcılıq potensialının artmasında mühüm rol oynayıb.

Və bir vaxtlar poeziya sevdası ilə başına topladığı gənc şairlərlə birgə yaratdığı "Dəniz" Ədəbi Birliyi onun poetik istedadının püxtələşməsinə daha bir səbəb olmaqla, dünyanın "ədəbiyyat okeanı"na çıxmaq istəyini gücləndirdi. Azərbaycanın və Avropa ölkələrinin, Amerikanın məşhur yazıçı və şairlərinin əsərləri ilə hələ məktəb illərindən tanış olması, güclü mütaliəsi tədricən onun yaradıcılıq istiqamətlərini də genişləndirdi. Ədəbiyyata şeirlə gəlsə də, nəsrə, dramaturgiyaya da marağı artdı.

Təsadüfi deyil ki, onun "Mən bir sapand daşıyam ki...", "EŞQ", "Dərdin yaşı bilinməz" şeirlər kitabları ilə yanaşı, olduqca maraqlı povest və romanları, o cümlədən "Sonuncu büt", "Qara işıq", "Köpək bürcü", "Sultan körpüsü", "Kağız gəmilər", "Tənha qadın üçün serenada" və digər romanları ədəbi ictimaiyyət və oxucular tərəfindən bu gün də yüksək qiymətləndirilir. Əyyub Qiyasın dünya teatr səhnələrində uğurla tamaşaya qoyula biləcək "Cəhənnəm ekspresi" psixoloji dramı və "Qarışqa yuvası" tragikomediyası onun dramaturgiya sahəsində daha böyük uğurlar qazana biləcəyinə böyük inam yaradır. Hər iki əsər respublika teatrları tərəfindən səhnələşdirilmiş, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Onun bu dram əsərlərinin uğurlu alınmasında müxtəlif teatrlarda rejissor və direktor kimi çalışmasının da rolu az olmayıb. Bir vaxtlar müxtəlif jurnallarda, o cümlədən "Ulduz", "Ulu çinar", "Qobustan" jurnallarında çalışması da onun yaradıcılıq təxəllüyünə və diapazonuna öz müsbət təsirini göstərib.

Yaradıcılıq uğurlarına görə Prezident təqaüdünə layiq görülən Əyyub Qiyas tərcümə sahəsində də gərgin və səmərəli çalışır. O, indiyədək dünyanın bir çox məşhur yazıçı və dramaturqlarının 90-a yaxın roman, povest və dram əsərini, o cümlədən E.Remarkın, A. Karpenterin, B.Pasternakın, E.Yunsonun, S.Bellounun və dünyaca məşhur yazıçımız Çingiz Abdullayevin neçə-neçə romanını, B.Brextin, H.Hofmanın, F.Dürrenmattın, S.Bekketin dram əsərlərini, Rabindranat Taqorun, Vladimir Vısotskinin, Qabriella Mistralın, İosif Brodskinin, Leyla Əliyevanın və digərlərinin şeirlərini ustalıqla Azərbaycan dilinə çevirmişdir.

O, dünya ədəbiyyatının 35-dən artıq görkəmli nümayəndəsinin, o cümlədən A.Ekzüperinin, H.Heynenin, A.Soljenitsının, K.Doylun, Ç.Darvinin, D. Moryenin, Edqar Ponun, hətta ABŞ-ın indiki prezidenti Donald Trampın ("Heç vaxt təslim olma") əsərlərindən ibarət kitabların, həmçinin ərəb və yapon ədəbiyyatı antologiyalarının redaktoru olmuşdur.

Əyyub Qiyas istedadlı teatrşünas kimi bir-çox televiziya tamaşalarının və filmlərin, serialların, o cümlədən böyük maraqla qarşılanan "Susmuş vicdan" (2010, "Xəzər" TV,), "Sevginin göz yaşları" (2013, "Xəzər" TV), "Kəpənək qanadları" (2002, "Dünya" TV) "Şəkilli kitab" (2009, "Dünya" TV) filmlərinin, "Sonuncu fəsil" (2013, ATV), "Tək olanda qorxma..." (2013, "Space" TV) teleseriallarının ssenari müəllifi, "Nabat" filminin (2013, "Azərbaycanfilm") və "Oyunçu" tele-serialının (2008, AzTV) redaktoru olmuşdur. O, həmçinin özünü aktyor kimi "Cansıxıcı əhvalat" (1988, Elçin obrazı) və "Murad-Sad" (1988, Murad obrazı) filmlərində də sınamış və Moskvadakı tələbəlik illəri dövründə məharətlə, ustalıqla yaratdığı obrazlarla geniş tamaşaçı kütləsinin rəğbətini qazanmışdır.

Təsadüfi deyil ki, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, bütün varlığı ilə ədəbiyyat, şeir-sənət adamı olan, ötən illər ərzində ədəbi yaradıcılıq və tərcümə sahəsində bir-çox mükafatlara layiq görülən Əyyub Qiyasın 50 illik yubileyi və yeni çapdan çıxmış “Havay tətilləri, yaxud Brejnev sağdır” kitabının təqdimatı ilə bağlı Sumqayıt Poeziya Evində keçirilən geniş tədbirdə şəhər ictimaiyyətinin və ədəbi mühitinin nümayəndələri ilə yanaşı respublikanın bir-çox yerlərindən təşrif buyurmuş qələm dostları - tanınmış şair və yazıçılar, alimlər, aktyorlar, mətbuat işçiləri və daimi oxucuları da iştirak ediblər.

Rəhman ORXANБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031