Kitabxana müasir tələblərə cavab verirmi? - Kitabxana müdiri ilə Müsahibə

Tarix:8-02-2019, 13:19 Baxış Sayı:2966

Kitabxana müasir tələblərə cavab verirmi? - Kitabxana müdiri ilə Müsahibə
Bu gündən etibarən Manera.az rəhbər sturukturlarda çalışan zərif cinsin nümayəndələri ilə müsahibələri təqdim edəcək.
İlk müsahibimiz Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru, Elektron Kitabxanalar və Yeni İnformasiya Texnologiyaları Beynəlxalq Assosiasiyasının (ELNİT) İdarə Heyyətinin üzvü, Beynəlxalq Kitabxana Fəlsəfə Məktəbinin Elmi şurasının üzvü, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır. .


Lətifə xanım, bildiyiniz kimi, ölkə Prezidenti 2019-cu il 15 yanvar tarixində kitabxana-informasiya sisteminin optimallaşdırılması ilə bağlı Fərman imzalayıb. Uzun illər kitabxana sahəsi ilə bağlı mütəxəssis, özünü bu işə həsr edən fədakar insan kimi Fərmanla bağlı fikirlərinizi Manera.az oxucuları ilə bölüşmək maraqlı olar...

Azərbaycan Respublikasının Prezidenti 2019-cu il 15 yanvar tarixində “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalamışdır. Fərmanı mən vacib sənəd kimi qiymətləndirirəm. Bildiyiniz kimi, dünya miqyasında informasiya inqilabı baş vermişdir. Bu inqilab bütövlükdə cəmiyyətin və ayrı-ayrılıqda insanların həyatında böyük dəyişikliklərə səbəb olmuşdur. Müxtəlif və rəngarəng informasiyanın yaranması, onun saxlanılması, ötürülməsi və qavranması, nəsildən-nəslə çatdırılması ilə bağlı işlər görülməlidir. Bu gün Azərbaycan ümumdünya informasiya məkanına öz maraqlı, zəngin, tarixi əhəmiyyət kəsb edən resursları ilə daxil olmalıdır və bu iş kitabxanalar tərəfindən həyata keçirilməlidir.

Ölkəmizdə geniş oxucu kütləsinə xidmət göstərən kitabxanalara dövlət qayğısından danışa bilərsinizmi?

Böyük məmnuniyyətlə danışaram. Kitabxanalara ölkəmizdə göstərilən diqqət və qayğı nəinki region, MDB, hətta bir çox dünya ölkələri üçün örnəkdir. Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev müstəqillik illərində 4 dəfə Milli Kitabxanada olmuşdur. Onun “kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir” sözlərinin nə qədər dərin məzmunu var. Bu fikirləri Ulu öndər 1995-ci il 3 iyun tarixində Milli Kitabxanada olan zaman səsləndirib. Hamımızın yadımızdadır – çox ağır və keşməkeşli illər idi. Hətta, o zaman rəsmi dövlət qəzeti olan “Bakinskiy raboçiy” çıxmırdı. Ulu öndərin bu nitqini mən rus dilinə tərcümə edərək, beynəlxalq forum və konfranslarda bütün dünya kitabxana ictimaiyyətinə qürurla təqdim edirəm. Bu çıxışla təkcə kitabxanalar deyil, bütün ziyalılar maraqla tanış olaraq, dahi siyasətçinin qarşısında baş əyirlər. Dünya miqyaslı dahi siyasətçi Heydər Əliyev tarixi irsə, mədəniyyətə çox böyük önəm verib. Kitabxanalar isə tarixi irsin və mədəniyyətin mühüm və tərkib hissəsidir. Məhz Ulu öndərin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan Respublikasında “Kitabxana işi haqqında” Qanun qəbul edilmişdir.

Bu siyasət indi də davam edir. 2004-2008-ci illərdə dövlət başçısı cənab İlham Əliyev kitabxana sahəsinə dair beş Sərəncam imzalamışdır. Nəticədə, kitabxanaların fondları Azərbaycan dilində latın qrafikalı ədəbiyyatla zənginləşdirilmiş (bu kitablar cənab Prezident tərəfindən kitabxanalara hədiyyə olunmuşdur), yeni kitabxana binaları inşa olunmuş, bir çox kitabxanalar əsaslı təmir olunmuş, kitabxanalarda informasiya texnologiyaları tətbiq olunmuş və s. Regionlara səfər etdiyi zaman cənab Prezident kütləvi kitabxanalarla da maraqlanır. Onun Şabran və Balakən rayonlarında yeni inşa edilmiş kitabxanaların açılışnda iştirakı yaddaqalan hadisə oldu.

Kitabxana müasir tələblərə cavab verirmi? - Kitabxana müdiri ilə Müsahibə

Mədəniyyət və Turizm Nazirliyi yaranandan sonra ölkə başçısı tərəfindən təsdiq edilən ilk Dövlət Proqramı məhz kitabxana-informasiya sahəsi ilə bağlı idi. Cənab Prezident tərəfindən imzalanmış “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” kitabxanaların inkişafına çox güclü təkan verdi.

Hər dəfə Beynəlxalq konfranslarda iştirak edərkən, mən bu faktları qürurla dünya kitabxana ictimaiyyətinə çatdırıram. Cənab Prezidentin 2007-ci il 20 aprel tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamı kitabxana rəhbərlərinin, bütün kitabxanaçıların stolüstü sənədidir.

Cənab Prezidentin kitabxanalar haqqında bir neçə fikrini diqqətinizə çatdırmaq istərdim. “XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının güclənməsi,...ölkəmizin elm-mədəniyyət mərkəzi kimi tanınan şəhərlərində kitabxanalar şəbəkəsinin yaradılması və genişləndirilməsinə gətirib çıxarmışdır”, “Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır..”, “Müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer mədəniyyətin bu sahəsində informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq, müasir texnologiyaların tətbiqini zəruri edir”. Deyəsən Sizi çox yordum.

”Prezidentimizin “Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir” sözləri kitabxanaçıların, elm adamlarının və bütün ziyalıların devizinə çevrilmişdir.

İndi, bəzi insanlar cənab Prezidentin Fərmanını mütərəqqi addım kimi qiymətləndirmək əvəzinə, kitabxanaların olub-olmaması, onların ləğvi barədə fikir söyləyirlər. Hətta qeyd olunur ki, guya kənd kitabxanalarında kitab fondu yoxdur.
Prezidentin Fərmanında söhbət kitabxana sisteminin və kitabxanaların fəaliyyətinin optimallaşdırılmasından, onların müasir dövrün çağırışlarına cavab verməsindən gedir. Cənab Prezident hər bir insana xüsusi qayğı ilə yanaşır. Kitabxanaçılar da istisna deyil.

Kitabxanalar dövlətin siyasətinə hansı formada dəstək verə bilər?

Bu suala qısa olaraq belə cavab verərdim. Hesab edirəm ki, dəstək verə bilər deyil, dəstək verir. Kitabxanalar dövlətin siyasətini təbliğ edən, bu siyasətin informasiya dəstəyini həyata keçirən, onu təbliğ edən müəssisələrdir. Bütün kitabxanalarda Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ardıcıl şəkildə, davamlı, sistemli və silsilə formasında həyata keçirilir: yubileylərin, tarixi günlərinqeyd olunması, dövlət və tarixi əhəmiyyətli söhbətlərin, “dəyirmi masa”ların və s. keçirilməsi. Məsələn, 2019-cu ildə bütün kitabxanalarda Nəsiminin, Mirzə Cəlilin, Cəfər Cabbarlının, İsmayıl Şıxlının, Seyid Şuşinskinin və s. yubileyləri ilboyu qeyd olunacaq. Tədbirlərdə şagirdlər, tələbələr, ziyalılar, şair və yazıçılar, iş adamları, ahıllar, fiziki imkanları məhdud olan insanlar, işsizlər, evdar qadınlar, ağsaqqallar və s. kateqoriyalı oxucular iştirak edirlər.

Kitabxanalarda seçki məntəqələri təşkil olunur, uzun illərdir ki, kitabxanaçılar dairə və məntəqə seçki komissiyalarında işə cəlb olunurlar, onlar ailə üzvləri ilə birgə seçkilərdə fəal iştirak edirlər. 2019-cu ilin yanvar ayından kitabxanaçılar qarşıda gələn bələdiyyə seçkiləri ilə əlaqədar seçki komissiyalarında işə cəlb olunublar. Kitabxanaçılar siyahıyaalinmaya və sosioloji sorğulara cəlb oluna bilər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəniyyət sahəsində misilsiz xidmətlərini əks etdirən “Heydər Əliyev və mədəniyyət” üç cildlik, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı haqqında “Prezident İlham Əliyev və mədəniyyət 2003-2008”, “Prezident İlham Əliyev və mədəniyyət 2008-2013”, “Prezident İlham Əliyev və mədəniyyət 2013-2018”sənədlər toplusu (cəmi 6 kitab), Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyeva haqqında “Mədəniyyətimizin və mədəni irsimizin hamisi” kitabı (Azərbaycan, rus, ingilis, ərəb dillərində) məhz kitabxanaların təşəbbüsü və kitabxanaçıların zəhməti hesabına ərsəyə gəlmişdir.

Kitabxanalar xalqımızın tarixini, milli-mədəni sərvətlərini, bütün sahələrdə nailiyyətlərini toplayır və nəsillərdən-nəsillərə ötürür. Azərbaycan dilinin qorunmasında kitabxanaların rolu varmı?

Əlbəttə var. Xalqın dövləti olmaya bilər, amma onun dili varsa, o xalq yaşayır. Bu gün dünyada 250-dən çox dövlət var, amma dillərin sayı qat-qat çoxdur. Və o xalqlar yaşayır, tarixə düşür. Belə xalqlar var ki, onlar hal-hazırda yoxdur, amma dilləri yaşayır (latın dili və s.). Dilin itirilməsi millətin məhv olması deməkdir. Siz tamamilə düz qeyd etdiniz ki, kitabxanalar bizim zəngin irsimizi qoruyub saxlayır. Bu ilk növbədə bizim doğma dilimizə də aiddir. Kitabxanalar milli irslə yanaşı, dilimizi də qoruyub saxlayır.

Dahi Nizaminin, Füzulinin və s. əsərləri, ulu “Dədə Qorqud”umuz müxtəlif kitabxanalarda (məscid, mədrəsə, şah saralarının kitabxanalarında, daha sonra isə kütləvi kitabxanalarda) qorunub saxlanaraq, bu günə qədər yaşayır.
Dünən mənə bir ziyalı, publisist-politoloq maraqlı sözlər dedi ki, kitabxana ən varlı bankdan zəngindir. Onunla razılaşmaya bilməzdim.

Kitabxanaların informasiya əsrində yeni vəzifələri haqqında nə deyə bilərsiniz?

Maraqlı sualdır. Cavab verməmişdən öncə, mən Viktor Hüqonun bir fikrini xatırlamaq istərdim “kitabın yazılması müəllifdən, aqibəti isə cəmiyyətdən asılıdır”. Mən bu fikrin davamı kimi, fikrimi ümumiləşdirərək, deyərdim ki, bu gün kitabxanaların rolu xeyli mürəkkəbləşir. Müasir kitabxanalar polifunksional müəssisələrə çevrilməlidir. Kitabın aqibəti isə kitabxanadan və kitabxanaçıdan da asılıdır. Azərbaycan kitabxanaları həmişə dövləti dəstəkləyiblər.

İnformasiya əsrini necə xarakterizə edə bilərsiniz?

Cəmiyyətdə informasiyanın həcminin sürətlə artması get-gedə daha çox nəzərə çarpmağa başlamışdır. Biz bəşəriyyətin inkişafında yeni bir dövrdə – informasiya erasında yaşayırıq. İnformasiya cəmiyyətinin aşağıdakı əsas fərqləndirici cəhətləri zənnimcə belə formalaşdırmaq olar:

• cəmiyyətin hər bir üzvü ona lazım olan informasiyadan istifadə edə bilməlidir (informasiyanın əlyetərliyi);
• cəmiyyət hər bir üzvünü informasiya texnologiyası ilə təmin etməlidir.

Bu gün kitabxanalar haqqında nə deyirlər?

Maraqlı sualdır (gülümsəyir). Bəzi mütəxəssislərin fikrinə görə kitabxanalar tarixi missiyalarını başa çatdırırlar. Və yaxın yüz ildə kitabxana binaları boşalacaq. Rusiya mütəxəssisi Slava Matlinanın fikrinə görə isə kitabxananı yaradan və inkişaf etdirən kreativ, istedadlı və ötkəm şəxsiyyətdir. Belə kitabxana yaşayacaq.

Məncə müasir şəraitdə kitabxanaların funksional imkanlarını genişləndirmək lazımdır. İlk öncə bu missiyanı kitabxanalar özləri həyata keçirməlidirlər.

Moskvada “Prospekt” adlı maraqlı bir kitabxana fəaliyyət göstərir. Bu kitabxananı müasir ofisə də bənzətmək olar. Kitabxananın layihəsini “Svesmi” Hollandiya Memarlıq Bürosu hazırlamışdır. Bu məkanın “şəhərin qonaq evi”nə də bənzəri var. Rahat və müasir məkandır. Oxucuları həmişə çox olur.

Sankt Peterburqda N.V.Qoqol adına ilk interaktiv kitabxana – müasir mediateka uğurla fəaliyyət göstərir. Burada futuristik mühit yaradılıb, insanlar uzanan yerdə də mütaliə edə bilirlər, gözəl interyer, müasir elektron terminallar, ağac formasında rəflər və süni ot kitabxanada xüsusi ecazkarlıq yaradır.

Sizi yormaq istəmirəm, dünyanın bir çox ölkə və şəhərlərində bu tipli kitabxanalar çoxdur. Mən ABŞ-ın Sietl şəhərinin kütləvi kitabxanasına da vurulmuşam.

Sualınıza bir daha qayıdıram, pessimist proqnozlara baxmayaraq, informasiya cəmiyyəti şəraitində kitabxanaların fəaliyyəti yeni inkişaf mərhələsindədir. İnformasiya cəmiyyətində kitabxanalar milli, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq bütün yaşda insanlar üçün informasiya, bilik, fasiləsiz təhsil, mədəniyyət mənbəyinə, insanların ictimai həyatda fəal iştirak etməsi vasitəsinə çevrilməlidir.

Bu gün kitabxanaların əsas məqsədlərini qısa şəkildə necə formalaşdırmaq olar?

İnformasiya cəmiyyəti kontekstində kitabxananın əsas məqsədi – zamandan və məkandan asılı olmayaraq, hər bir istifadəçinin istənilən tipli informasiyaya müraciət imkanının operativ və tam təmin edilməsindən ibarətdir. İnformasiya əlyetərli olmalıdır. Kitabxana da əlyetərli, yaxın olmalıdır.

Hələ 10 il bundan öncə, ABŞ prezidenti Corc Buş qeyd etmişdir ki, “Amerikanın güclü, texniki cəhətdən yaxşı təchiz olunmuş kitabxanaları iqtisadiyyat və demokratiya sahəsində ABŞ-ın dünyada liderliyinin rəhni olmuşdur və bu yenə də belədir”.

İnformasiya cəmiyyətinin formalaşması dövründə kütləvi kitabxanaların rolu müstəsna dərəcədə artır. Kitabxanalar vətəndaşların informasiyadan və biliklərdən bəhrələnmək hüquqlarının həyata keçirilməsinə kömək etməlidirlər. Məsuliyyətli, bilikli və xeyirxah kitabxanaçı isə – istifadəçi ilə informasiya arasında vasitəçidir.

Fikrinizcə, müasir dövrdə kitabxanalarda informasiyalaşmanın dərəcəsi hansı səviyyədə olmalıdır?

Ən yüksək səviyyədə. Kütləvi kitabxanaların (xaricdə onlara “public” yaxud ictimai kitabxanalar deyilir) ən müasir, regionun (xidmət edən ərazinin) özəlliklərini əks etdirən özünəməxsus saytları, onların mütləq qaydada Elektron kitabxanaları olmalıdır. Dünyanın aparıcı ölkələrində elə kitabxana yoxdur ki, onun Elektron kataloqu və ya Elektron kitabxanası, onun spesifikasını əks etdirən Veb saytı olmasın. Kitabxana virtual formada 24/7 rejimində işləməlidir.

Çox sevindirici haldır ki, bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi kitabxanasının 1 struktur bölməsi 24/7 rejimində real formada artıq işləyir. Bu cəmiyyətdə böyük maraqla qarşılanıb, çoxlu istifadəçisi var. Amma bu qapalı kitabxanadır, bu belə də olmalıdır. Mən, Beynəlxalq Kitabxana Fəlsəfə Məktəbinin Elmi şurasının üzvü kimi (10 ildən artıqdır) belə təcrübə ilə bir çox ölkələrdə rastlaşmışam. Ən çox sevdiyim kitabxanalardan biri Polşanın Olştin şəhərindəki “11-ci Planet” kitabxanasıdır. Bu kitabxana uzun illərdir ki, 24/7 rejimində şəhər əhalisinə xidmət edir, gözəl və müasirdir. Kitabxana haqqında qısa videoçarxa
YouTube kanalında baxa bilərsiniz

Rəqəmsal texnologiyalar və kitabxanalar. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

Rəqəmsal texnologiyalar informasiya cəmiyyətinin tərkib hissəsidir. Elektron informasiya daşıyıcılarının sayı günbəgün artmaqdadır. Bu müsbət haldır. Kitabxanalarda olan informasiya resursları (kitab, qəzet, jurnal, açıqçalar, xəritələr, fotoalbomlar, notlar, afişalar və s.) rəqəmsallaşdırılaraq daha əlyetərli olur. Lakin burda bir məsələni unutmaq olmaz. Hər bir sənədin originalı qorunub saxlanmalıdır. Əgər belə olmasa, onda sənədin rəqəmsal formasına sənəddə hər bir düzəliş etmək olar. Bədnam qonşularımız bu metoddan daima istifadə edir, sənədləri və tarixi faktları təhrif edərək, dünya ictimaiyyətinə təqdim edirlər. Bu səbəblərdən hər bir rəqəmsallaşdırılmış sənədin originalı qorunub saxlanmalıdır.

Kitabxana fondları rəqəmsal formaya nə vaxt keçiriləcək?

Heç vaxt (gülür). Dünyada heç bir kitabxananın fondu tam rəqəmsal formaya salınmayıb. Ancaq ən çox soruşulan, aznüsxəli, kiçiktirajlı nəşrlər rəqəmsallaşdırılır. Bu iş böyük vəsait və çox vaxt tələb edir. Fondun aktiv hissəsi, “kitab abidələri” rəqəmsallaşdırılaraq geniş istifadəçi kütləsinə təqdim olunmalıdır. Bu dünya kitabxana praktikasında qəbul olunmuş qaydadır. Bütün fondun rəqəmsallaşdırılmasına ehtiyac yoxdur.

Dünyanın ən böyük, möhtəşəm və qədim kitabxanası olan İsgəndəriyyə kitabxanasında (e.ə. III əsr) milyonlarla kitablar var. ABŞ-ın ən böyük kitabsaxlayıcısı, tarixi yaddaşı qoruyan Konqres Kitabxanasının fondu 155 milyondan çoxdur. Şübhəsiz ki, bütün bu fondu rəqəmsallaşdırmağa nə zaman, nə insan resursu vardır. Fond daima artır və buna görə də ancaq zəruri materiallar rəqəmsal formaya çevrilir. Yaxud, Rusiya Dövlət Kitabxanasının (Moskva) fondu 47 milyondan çoxdur və bu fond daima artır. Rusiya Milli Kitabxanasında (Sankt Peterburq) 37 milyondan çox sənəd saxlanılır. Şübhəsiz ki, bu fond bütövlükdə heç zaman rəqəmsallaşdırıla bilməz.

Kitabxana müasir tələblərə cavab verirmi? - Kitabxana müdiri ilə Müsahibə

Ölkəmizin Milli Kitabxanasında 1 milyondan artıq adda kitab vardır. Bu nəhəng kitab massivinin (mən ancaq kitabları qeyd etdim) tamamilə rəqəmsallaşdırılmasına ehtiyac duyulmur. Qeyd etdiyim kimi, ən çox istifadə olunan, tarixi əhəmiyyət kəsb edən, mütaliəsi zəruri olan kitablar rəqəmsallaşdırılır. Bu hər yerdə belədir.

Kitabxanalarda avtomatlaşdırılma proseslərindən nə deyə bilərsiniz? Məsələ burasındadır ki, Mədəniyyət Nazirliyinin kitabxanalarının Veb saytlarında Elektron kitabxanalara rast gəlmirik.

Ciddi məsələdir. Bu sahədə çoxsaylı problemlər mövcuddur. Bir çox məsələlər öz həllini tapmayıb. 2014-cü ilə qədər bir çox kitabxanalarda Elektron kitabxanalar fəaliyyət göstərirdi. Bu haqda növbəti müsahibəmizdə mən ətraflı məlumat verəcəm, Sizə sənədlər də təqdim edəcəm.

Azərbaycanda hansı kütləvi kitabxanada bu gün Elektron kitabxana fəaliyyət göstərir?

Çox əfsuslar olsun ki, hal-hazırda kütləvi kitabxanalarda Elektron kitabxana yoxdur. Qeyd etdiyim kimi, 2014-cü ilədək bir çox kütləvi kitabxanada, respublika əhəmiyyətli kitabxanalarda Elektron kitabxanalar mövcud idi. Ümumiyyətlə, Azərbaycan kitabxanalarının İnternətə çıxarılan resursları son dərəcədə azdır. Məsələn, Azərbaycan kitabxanaları dahi Nizaminin, Məhsətinin, böyük Füzulinin, Nəsiminin, Vazehin, Xaqaninin və s. şair və ədiblərin rus, ingilis dillərində əsərlərini hələ də İnternetə çıxara bilməyiblər. Əlbəttə ki, səbəb müəllif hüququ deyil.

Elektron kitabxanalarda mükəmməl axtarış sistemi olmalıdır. Axtarış bir neçə parametrlərlə aparılmalıdır (müəllif, sərlövhə, açar söz).

Müasir kitabxanalarda informasiyanın toplanması, saxlanması və paylaşdırılması ilə yanaşı, informasiya axtarışı da modernləşdirilməli, istifadəçilər üçün rahat olmalıdır. Bu, ən vacib və əsas şərtlərdən biridir.

İnternet kitabxanaya nə verir?

Şübhə yoxdur ki, İnternet şəbəkəsinə qoşulmaq imkanı olan kitabxana informasiya mənbələrinin sayını artırmaq və istifadəçilərin sorğularını təmin etmək üçün daha geniş imkanlar qazanır. Lakin etiraf etməliyik ki, şəhər və rayon kitabxanalarında İnternet-mərkəzlər (zallar, siniflər) və İnternetdə işləməyi öyrədən mərkəzlər çox azdır. Kənd kitabxanalarında isə vəziyyət acınacaqlıdır.

Bu gün kitabxanalarda avtomatlaşdırma ilə bağlı, informasiya xidmətləri təqdim edən xüsusi bölmələr yaradılıbmı?

Bu şöbələr bu gün yox, 2011-ci ildə yaradılıb. Dövlət Proqramı çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq, Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün kitabxanalarda 2 yeni şöbələr yaradılıb: Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi və İnformasiya-resurs şöbəsi. Çox vacib, önəmli, günün tələblərinə cavab verən şöbələrdir. Kitabxanada gedən avtomatlaşdırılma prosesini (Elektron kataloqun və Elektron kitabxananın yaradılmasını) birinci şöbə həyata keçirir, ikinci şöbə isə kitabxananın informasiya təminatına xidmət edir, informasiya axınını sistemləşdirir, kitabxananın informasiya resurslarını yaradır və Veb saytla işi sistemli şəkildə təşkil edir.

Qeyd etdiyim kimi, Dövlət Proqramının icrasını təmin etmək məqsədilə hər iki şöbənin yaradılması müvafiq nazirliklərlə razılaşdırıldıqdan sonra, Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 162 №-li qərarı ilə təsdiq edilib. Ən əsas isə odur ki, şöbələrin yaradılması özünü doğrultdu. Bu şöbələrin işi həqiqətən, nümunəvi və təqdirəlayiqdir.

Mədəniyyət müəssisələri arasında isə informasiya texnologiyalarını ən yüksək səviyyədə mənimsəyən və gündəlik işlərində tətbiq edən məhz kitabxanalardır.

İnformasiya sahəsində baş verən texnoloji inqilab bəşər sivilizasiyasının bütün inkişafının gedişinə çox güclü təsir göstərir. Bu gün artıq heç kəs şübhə etmir ki, həyatın keyfiyyəti get-gedə daha artıq dərəcədə informasiyadan, onun operativ tapılmasından və istifadə edilməsindən asılıdır. Bu fikirə münasibətinizi bildirə bilərsinizmi?

Cəmiyyətin və şəxsiyyətin informasiya mədəniyyətini formalaşdıran, insanın fasiləsiz təhsil almaq imkanını təmin edən müəssisə məhz kitabxanadır. Kitabxanalar informasiya mədəniyyətinin formalaşmasında xüsusi, unikal rol oynayır. Bu proseslər qlobal xarakter daşıyır və Azərbaycan kitabxanaları da tədricən həmin proseslərə qoşulmalıdır. Bu inkaredilməz reallıqdır. Yeni informasiya texnologiyaları kitabxanalar qarşısında çox geniş imkanlar açmış, onları prinsipcə yeni məsələlər həll etmək zərurəti qarşısında qoymuşdur. Cənab Prezidentin Fərmanına əsasən, kitabxana işinin təşkilinin əsas prinsipləri yenidən nəzərdən keçirilməli, kitabxana işinin yeni prioritetləri və müasir dövrdə inkişaf paradiqması müəyyən edilməlidir.

Kitabxanaların qarşısında yeni vəzifələr durur. Eyni zamanda, yeni imkalar da açılır. Necə düşünürsüz, Azərbaycan kitabxanaları bu imkanlardan istifadə etməyi bacara bilərmi? Onlar qarşılarında duran yeni vəzifələri həyata keçirə bilərmi?

İlk öncə mən kitabxanaların sosial rolundan, daha doğrusu, sosial missiyasından söhbət açmalıyam. Bu gün kitabxana yeganə sosial institutdur ki, əhalinin bütün təbəqələrinə ödənişsiz kitabxana-informasiya xidməti göstərir. Çox vacib məsələdir. Kitabxanaların maarifçilik xarakterli ənənəvi (tarixi) funksiyalarına indi milli və beynəlxalq informasiya şəbəkələrinə və məlumat banklarına müraciət etməyə imkan verən informasiya mərkəzlərinə xas olan funksiyalar da əlavə edilir. Zamanın tələbi belədir ki, kitabxanadaxili ənənəvi texnologiyalar və kitabxanaların əhaliyə xidmət formaları dəyişməlidir. Virtual xidmət ön plana keçməlidir, yəni xidmətlər uzaq məsafədən və fasiləsiz göstərilməlidir.

Bəzən belə fikirlər səslənir ki, bu gün kitabxana lazım deyil, onu alternativ informasiya vasitələri (İnternet, televiziya, sosial şəbəkələr və s.) əvəz edir. Bu fikirlə razılaşmıram. İnternet, televiziya, sosial şəbəkələr əsas informasiya mənbələri deyil, onlar alternativ informasiya mənbələridir. Bundan başqa, İnternetdə və sosial şəbəkələrdə çoxlu “informasiya hay-küyü”, “informasiya tullantıları” vardır. Kitabxanada isə məlumatlar sistemləşdirilmiş, əlyetərli formada saxlanılır. Əlbəttə, alternativ informasiya mənbələri vacibdir. Amma onlar kitabxananı heç zaman əvəz edə bilməz.

Bir vacib məsələyə də toxunmaq istərdim. Elektron kataloqlar, Elektron kitabxanalar məhz kitabxanalarda yaradılır. Düzdür, ayrı-ayrı şirkətlər, təşkilatlar, hətta fərdlər Elektron kitabxanalar yaradırlar, amma Milli Kitabxanada, digər kitabxanalarda olan kitab və informasiya massivi onlarda yoxdur. Elektron kataloqlarda oxucuların və istifadəçilərin tələbatına uyğun olaraq çoxlu sayda bazalar yaradılır. Bazalarda qəzet və jurnal məqalələrinin tam mətni yerləşdirilir. Bu işi bacaran və peşəkar səviyyədə yerinə yetirən informasiya mütəxəssisi – kitabxanaçıdır.

Mən məmnunluqla F.Köçərli adına Respublika Uşaq Kitabxanasının fəaliyyətini qeyd etmək istəyirəm. Bu kitabxananın gözəl Elektron kataloqu və Elektron kitabxanası var.

Cəmiyyət üçün kitabxananın faydasını necə izah edə bilərsiniz?

Kitabxanalar cəmiyyətdə yaranmış sosial boşluqları doldurmalıdır. Bu və ya digər ərazidə yaşayan insanların problem və tələbatlarını nəzərə alaraq, öz işlərini qurmalıdırlar. Dünyada kitabxanalar icma mərkəzləri kimi fəaliyyət göstərir, burada görüşlər, toplantılar, hətta ad günləri keçirilir.

Yeniyetmə və gəncləri öz ətrafında birləşdirmək, onları zərərli vərdişlərdən (narkomaniya, müxtəlif dini cərəyanlar, terrorizmə meyl, milli ədavət, dini qarşıdurma, erkən nikahlar, savadsızlıq və s.) uzaqlaşdırmaq dövlətin gələcəyini düşünmək deməkdir. Bu gün kitabxanalar bir çox kəndlərdə yeganə informasiya, mədəniyyət, ünsiyyət mərkəzidir. Kəndin kiçik etnoqrafiya muzeyi (mini muzey) kitabxanada olmalıdır. Bu mədəni turizmin elementlərindən biridir. Mən çox istərdim ki, bizim bir neçə kəndlərimizdə “tarixi kənd” adlı maraqlı ərazilər yaradılsın və bu ərazilər məhz kitabxanaların ətrafında salınsın. Hər kənddə teatr, musiqi məktəbi, muzey yoxdur. Bütün funksiyaları kitabxanalar yerinə yetirməlidir. Dünyada bu praktika var. Ölkəmizin bir çox yerlərində də kitabxanalar bu işləri görə bilirlər.

İnformasiya əsri olan XXI əsrin kitabxanalara təsiri nədir?

Çox böyük dəyişikliklər baş vermişdir. Bu inkaredilməzdir. Kitabxanalar, kitabxanaçılar və oxucular da dəyişir. Kitabxanalar hər bir kəsin dünyada mövcud olan bütün informasiya mənbələrindən istifadə etməsini təmin etməlidirlər. Lakin onlar bu funksiyanı yerinə yetirməyi bacarırlarmı və buna hazırdırlarmı?

İnformasiya cəmiyyətinin ən vacib şərtlərindən biri informasiyanın əlyetərliyinin təmin edilməsidir. Bütün informasiya mənbələri, o cümlədən kitabxanalar əhalinin bütün təbəqələrinə yaxın olmalıdır, insanlara qayğı ilə yanaşmalıdır. Əlbəttə ki, əgər kitabxana insanların yaşadığı yerlərinə yaxın olarsa, o zaman insanlar kitabxanaları unutmazlar. Bu gün hər evdə komputer, İnternet, Wi-Fi yoxdur. Hər hansı bir qəzeti, yaxud kitabı oxumaq üçün insanlar bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə getməməlidirlər, nəqliyyat gözləməməlidirlər. Əlbəttə, kitabxanalar tərəfindən səyyar xidmətlərin göstərilməsi çox vacibdir. Respublikamızda bütün sahələrdə (səhiyyə, ASAN xidmət və s.) əhaliyə səyyar xidmətlərin göstərilməsi geniş vüsət alıb və insanlar tərəfindən çox müsbət qarşılanır.

Kitabxanalara donor köməyi barədə sizin məlumatınız varmı?

Ötən əsrin 90-cı illərində – XXI əsrin əvvəllərində Açıq Cəmiyyət İnstitutu – Soros Fondu respublikamızın kitabxanalarının inkişafına 300 mindən çox ABŞ dolları məbləğində vəsait ayırmışdır. Kitabxanalar elektron rabitə vasitələrindən, İnternetdən istifadə imkanı əldə etmişlər. Bir sıra kitabxana işçiləri seminar və treninqlərdə ixtisaslarını artırmış. digərləri Beynəlxalq konfranslarda iştirak etmişdilər. ABŞ-ın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə kitabxanalara İnternet xəttləri çəkdirmiş, onlara komputer, proyektor və s. avadanlıqlar vermiş, ABŞ-a ezamiyyələr təşkil etmişdir (Open Word proqramı çərçivəsində). Bu gün Gəncə şəhər, Salyan, Kürdəmir və Xaçmaz rayon Mərkəzi Kitabxanalarında “Amerika guşələri” fəaliyyət göstərir. Əhali böyük maraqla orada keçirilən bütün tədbirlərdə iştirak edir.

Yeri gəlmişkən qeyd etmək istərdim ki, dünyanın bir sıra məşhur kitabxanaları müxtəlif təşkilatların himayəsindədir. Kitabxana işi məsələsində dünyanın aparıcı dövləti olan ABŞ-da kitabxanalara sponsorluq edilməsi, kitabxanalara ianələr vermək ənənəsinin də yüz ildən artıq tarixi vardır. ABŞ-da kitabxanaları inkişaf etdirən bir neçə proqram vardır. Onlardan ən böyüyü Bill və Melinda Qeyts fondudur. Bu fond kitabxanalara da böyük dəstək olur. Bizdə isə təəssüf ki, bu nəcib işlər fraqmentar, epizodik xarakter daşıyır.

İnformasiya cəmiyyəti şəraitində kitabxanalar qarşısında duran məsələlərin sayının artması bizim cəmiyyətdə hələ lazımınca dərk edilmir. Etiraf etmək lazımdır ki, kitabxanalar özləri də maliyyə resurslarından istifadə etmək uğrunda mübarizənin sirlərini hələ lazımınca öyrənməyiblər, onlar heç də həmişə qarşılaşdıqları məsələlərin mürəkkəbliyini, bütövlükdə cəmiyyətin mənafeyi naminə həmin məsələləri həll etməyin zəruri olmasını hakimiyyət strukturları və müxtəlif təşkilatlar qarşısında inandırıcı şəkildə açıqlamağı bacarmırlar.

Kitabxanalarda informasiya texnologiyalarının tətbiqi, orada rahat şəraitin yaradılması oxucu və istifadəçilərin sayının artmasına təsir göstərir?

Əlbəttə, birbaşa təsir göstərir. Sizə bir misal gətirim. 20 il bundan öncə ABŞ-da informasiya cəhətdən “zəngin” və informasiya cəhətdən “yoxsul” olan ştatlar arasında bərabərlik yaratmaq üçün “kasıb” kitabxanalara çoxlu sayda komputer verildi, İnternet xətti çəkildi, orada informasiya texnologiyaları tətbiq olundu. Alabama, Luiziana və Florida ştatlarında sosioloji sorğu keçirildi. Sual belə idi: kitabxanalarda komputerlərin olmasından ilk təsiriniz necə oldu? Respondentlərin 3/1 hissəsi cavablarında qeyd etdilər ki, onlar kitabxanalara ilk dəfə komputerlər veriləndən sonra gəldilər. Real faktdır. Nəzərə alınmalıdır. Kitabxanada rahat şərait, sürətli İnternet, zəngin fond (müxtəlif informasiya daşıyıcıları), çoxlu sayda dövrü mətbuat nümunələri, ana və uşaq otaqları, biblioterapiya zonaları və s. olmalıdır.

Mən, yenə də kitabxanaların əsas “qəhrəmanı” olan oxucu və istifadəçi probleminə qayıdıram.

Bəli, bu qlobal problemdir. Dünyanın bütün kitabxanaları bu problemi yaşayırlar. Azərbaycan da istisna deyil. Azərbaycandakı kitabxanaların çoxunda oxucuların sayı praktiki olaraq minimuma enmişdir. Amma çıxış yolu vardır: dünya praktikasına müraciət, qabaqcıl təcrübənin tətbiqi. Yeni tipli kitabxanaların – Biznes kitabxanalar, Kitabxana-muzeylər, Kitabxana-kafelər, Kitabxana-istirahət mərkəzləri, Biblioterapiya və Psixoloji Reabilitasiya Mərkəzləri və s. yaranması məqsədəuyğun hesab edilə bilər. Onlar hazırda müxtəlif səbəblər üzündən kitabxanalara getməyən əhalini tədricən kitab mədəniyyətinə cəlb edəcək.

Bəlkə də, kitabxanaların adlarının dəyişməyi də zəruridir – Kitabxana-informasiya mərkəzi, İnformasiya-resurs mərkəzi, Kitab sarayı, İnformasiya məsləhətxanası və s.

Bu gün dünyada, əsasən, 4 tipli kitabxana vardır: Milli Kitabxanalar, Uşaq Kitabxanaları, Gözdən Əlillər və İctimai (kütləvi) kitabxanalar. Onların tabeçiliyi müxtəlifdir, əsasən, dövlət və bələdiyyə. Onu da qeyd edim ki, MDB məkanında bələdiyyə kitabxanaları dövlət kitabxanalarından çox geri qalıblar. Əsas səbəb maliyyənin az olmasıdır. Belə təcrübə özünü doğrultmadı.

Bu gün ölkəmizdə bir çox sahələrdə uğurlar əldə edilib, Azərbaycan regionun liderinə çevrilib. Sizcə, bu inkişaf kitabxanalarda da hiss olunmalıdır?

Mən, ölkə başçısı cənab İlham Əliyevin sözləri ilə sualınıza cavab vermək istərdim: “İnkişaf – məqsədimizdir”. Cənab Prezident Azərbaycanın bütün sahələrinin inkişafı və tərəqqisi uğrunda çalışır, ölkəmizdə sabitlik bərqərar olub, quruculuq işləri həyata keçirilir. Şübhəsiz ki, kitabxanalar da bu işdən kənarda qala bilməz. Dünya iqtisadi böhran fonunda insanlar yeni ixtisaslara yiyələnməli, dil və komputer texnologiyalarını öyrənməlidirlər. Bu iş əsasən, kitabxanalarda həyata keçirilməlidir. Kitabxanaya tələbat var. Aztəminatlı ailələrə, fiziki imkanları məhdud olan insanlara isə kitabxana hava, su kimi lazımdır. Bu cəmiyyətdə sosial gərginliyin hər zaman qarşısını ala bilən amildir. Amma bunun üçün kitabxanalar inkişaf etməli, onlara real imkanlar yaradılmalıdır.

P.S. Mövzunu davam etdirəcəyik.

Söhbətləşdi: Şəhla Aslan,
MANERA.AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ