Üzündə tanrı var deyən hürufi - Aqşin Yeniseyin şeirləri

Manera.az tanınmış şair Aqşin Yeniseyin şeirlərini təqdim edir:
Sənə məktub yazıram
Sənə məktub yazıram
Yazıram ki,
bağışla...
Burda hava pis keçir
Ara vermir yağışlar
Tək yatıb tək durmaqdan
Bezdirmişəm otağı
Bilirsən...
pinti olur
Yalqızların yatağı
Yalqızlar az yuyunur
Gəlir yalqızlardan iy
Çayları soyuq olur
Yeməkləri alaçiy
Çirkli ayaqqabılar...
Dibi yanmış qazança...
Bir qırıq da ümid var
...qayıdacaq haçansa...
Yalqız sabaha baxmır
Arzulayır keçmişi
Çox miskin mənzərədir
Ev yığışdıran kişi
Hələ bunun gecələr
içib ağlamağı var,
saçın daramamağı
saqqal saxlamağı var
Üstəgəl pəncərədən
Gözünü yola dikmək
Gəlməyini gözləmək
Qadın həsrəti çəkmək
Dərd ağır, hava da pis
Ara vermir yağışlar
Sənə məktub yazıram
Yazıram ki,
Bağışla...
Gedək,içək
Bu sevgim də daşa dəydi
Bəxtəvər daşın başına.
Qarımış göy üzü kimi
Asta-asta qar yağıram
sağ əlim qışın başına.
Daha dostlar da qocalıb
Mənim Parisim dağılıb
Bütün səfillər yığılıb
Yenə Qavroşun başına.
Bəs o kimdi göydən baxdı
Baxdı...baxdı... yoxa çıxdı.
Bir şimşək də güllə çaxdı
Yağan yağışın başına.
Bu sevgim də daşa dəydi
Daş düşsün daşın başına!
Üzün tanınmaz halı
Yenə səhər…
Yenə həmin gün şüası
Evdəki tozu göstərir.
Yenə axşam…
Qaranlıq boş çarpayını
Saat doqquzu göstərir.
Nə mənası,
Ölmüşəmmi, qalmışammı?
Heç yadına düşürəmmi?
Kimə lazım,
Təkəmmi, qocalmışammı?
içib miskinləşirəmmi?
Aman-güman
Məndə cəmi bir şəklin var
Baxıram əynin köhnəlib.
Həyatdı da…
Ömür var, şəkilnən keçir,
İnsan var, şəkildə ölür.
Yenə şəhər…
Yenə həmin insan seli…
Kölgələr əyilir camda.
Bəlkə də, biz
Ayrı-ayrı evdən çıxıb
Yan-yana itkin düşürük,
Hər gün eyni izdihamda.
Sevgi ən axırda ölür
Yəqin sən də gedəcəksən
Hamının getdiyi yerə.
Mən öz yerimə sadiqəm,
Necə ki, sadiq olurlar,
Ağaclar bitdiyi yerə.
…uzun ömür, can sağlığı.
Bağışla bu uşaqlığı.
Ayrılmaqçün gəl görüşə
Sevginin itdiyi yerə.
Koram, gözüm əllərimdi
…ümidlərdən tuta-tuta,
Arxanca gəlib çıxmışam
Məni tərk etdiyin yerə -
Hamının getdiyi yerə.
***
Demə, insan görkəmində,
Özümüzə qorxuymuşuq.
Biz ən böyük qorxumuzun
Adını Allah qoymuşuq.
Birimizin ömrü gödək,
Birimizin bəxti qırıq.
Biz Allahdan qorxa-qorxa,
Qorxumuza sığınırıq.
Elə ki tək qalır insan,
Ömür, gün düyünə düşür.
Hamı Allahın altında,
Allahın üstünə düşür.
Nəsiminin vəsiyyəti
Can məhkum evidir, cəza ver, təki,
Günahı savabdan məhrum eyləmə!
Min dəfə soruşum, bircə yol hay ver,
Sualı cavabdan məhrum eyləmə!
Əzabdan həzz almaq nə sirdir eşqdə?!
Min yara bəslərəm, hər biri eşqdən!
Asini, aşiqi, kafiri eşqdən
Mömini kitabdan məhrum eyləmə!
Qulun küfründə də gizli iman var!
Necə ki, ilanın zəhrində can var.
Nə qədər məkan var və laməkan var,
Sufini şərabdan məhrum eyləmə!
***
Boş səhrada qapı döyən hürufi
Yeri öpən, göyü söyən hürufi
Üzündə tanrı var deyən hürufi,
Gəlsə görər un satanda ac məni
Nəfsi zatın iradəsin qul eylər
Eşq - dağları aşiqinə yol eylər
Dərviş dərdin suya deyib gül eylər
Küfr içində tək qoyar Həllac məni.
Elə ölər, ölüm bulmaz asini
Öz içində kimsə bilməz asini
Nə gözlərsən gedərgəlməz asini?
Bizdənsənsə bat günaha, quc məni!
Kənd
çaylar axar ağacların içindən, içindən,
quruyarlar budaqlar öz ucundan, ucundan,
quşlar qorxar buludların köçündən, köçündən,
şimşək çaxar göydən qaçar yağışlar, yağışlar.
doluşar ot tayasına sərçələr, sərçələr,
sərçələr ot tayasında gecələr, gecələr,
yorğun sürü axşam kəndə gec gələr, gec gələr,
gün batınca kəndə enər yoxuşlar, yoxuşlar.
gövşəyərək köks ötürər inəklər, inəklər.
boylu gəlin yuyub sərər köynəklər, köynəklər,
süfrə üstə pıçıldaşar bəbəklər, bəbəklər.
sükut çökər, fikrə gedər baxışlar, baxışlar.
səhər günəş qonşu kənddən ucalar, ucalar,
oyanmamış hələ həyət bacalar, bacalar,
sübhdən qalxıb namaz qılar qocalar, qocalar,
diz çökərlər, allah bizi bağışla, bağışla.
***
Hörmətli münsiflər heyəti!
Şairlik – həyatda itkin düşməkdi.
Şeir – olmayanla sevişməkdi, gəlməyənlə görüşməkdi.
Vətən özünü qadın kimi aparır şairi görəndə
- bahalı, xətalı, ədalı!
Qadın –vətənin ət halı...
Şeirdə özünü hərraca çıxarır vətən,
Rəsmdə dodaqlarını boyayıb müştəri axtarır,
Musiqidə qiymət oxuyur.
Dində müqəddəslik, bakirəlik,
Siyasətdə qoçuluq, canilik, fahişəlik edir bütün vətənlər.
Hörmətli münsiflər heyəti!
Səhər yeməyində süfrəmdə təzə umidsizlik vardı,
Günortaya dünəndən qalan boyat gəncliyimi isidəcəyəm
Axşam əyyaşlıq qonaq çağırıb içimdəki üsyanı.
Görüşmək istəsəniz, yerini deyim;
Atası vətən uğrunda öldüyü üçün
Dünən gecə küçənizdə çörək oğurlayan
Uşağın alnına yazılıb
əsl şairin ünvanı.
***
Yollar ölümə aparır
Ya gec, ya tez, yolum, yeri
O ağac bizim ağacdı
Otum yeri, kolum yeri.
O dağda bir çən görünür
Çəndə bir itən görünür
Qarşıda vətən görünür
Dizim yeri, qolum yeri.
Bu o kənddir, bu o koma
Bir əl yox gözümü yuma
Çatdır məni son arzuma
Qəlbim, qurban olum, yeri.
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ