manera.az
manera.az

Nodar Dumbadze-Nemət Mətin yazır

Nodar Dumbadze-Nemət Mətin yazır


Son zamanlar, axırıncı on il ərzində keçmiş sovet ölkələrinin bir çoxunda ədəbiyyat, incəsənət yarışları keçirirlər. Müakafatlı yarışlar şeir, məqalə, povet və digər janrlar üzrə bölünür. Azərbaycanda bəlkə də bir dəfə belə yarış keçirilib, vəssalam. Ədəbiyyatın inkişafı üçün stimul yoxdur. Bu cür yarışlardan neçə-neçə gənc istedadlı yazıçı və şairlər kəşf etmək olar. Sözümü gürcü ədəbiyyatına gətirirəm. Gürcülər incəsənət sferasında çox inkişaf ediblər. Öz filmlərini, ədəbiyyatlarını, rəsm əsərlərini dünya arenasına çıxarırlar. Biz isə hələ fil qulağında yatırıq.
XX əsr nəinki Gürcüstana, eyni zamanda bütün dünyaya Nodar Dumbadze kimi yazıçı bəxş edib. 1928-ci ildə dünyaya göz açan gürcü yazıçı Nodar Dumbadzenin bütün əsərlərində müharibənin izləri görünür. Nodar Dumbadze müharibədən başqa bədbəxtçiliklər də görüb. Yazıçının 8 yaşı olanda atası güllələnib, anası isə sürgünə göndərilib. Əmiləri də güllələndən sonra nənəsi və babası ilə yaşamalı olub. 1937-ci ilin repressiyası bir çox insanın həyatına ağır zərbələr endirib.

İkinci dünya müharibəsinə həsr etdiyi “Mən günəşi görürəm” romanı müharibə illərinin ağır günlərini əks etdirir. Kənd sakinləri müharibədən bəd xəbərlər alsa da, ümidləri itmir. Müharibə ilə paralel kənddə baş verən faciə insanların yaxasından əl çəkmir. Nodar Dumbadzenin qələmi sərhəd tanımır. Müharibədən daha böyük olan insanlıq anlayışını hər əsərində göstərməyə çalışır. Əsir düşmüş yaralıya kömək, qara xəbərlər gətirən poçtolyonun fəryadı və tanrıya etirazı, günəşi görəcəyinə ümid edən uşaq. Əslində günəşi görmək ümidi itirməmək mənasında işlənir.
Bu məqalədə Nodar Dumbadzenin “Kukaraça” povesti haqqında danışmaq istəyirəm. Nodar Dumbadze sözü gedən əsəri yazanda abxaz kəndinin Qulripşi kəndində idi. 1979 cu ildə ikinci dəfə infarkt keçirsə də əsərini yarımçıq buraxmayıb sona qədər yazır və povest 1980 cı ildə çap olunur. Povesti yazarkən yazıçı böyük həyat təcrübəsi gördüyü üçün fikirlərini tam ortaya qoya bilir. Yazıçı insanın ləyaqətlə yaşayıb zəfər çalmağına inanırdı. Sanki bütün obrazlarına mərd kimi yaşamağa şans verib. Müsahibələrinin birində yazıçı qeyd edir ki, insanda hər şeydən artıq “ məhəbbət istedadını ” qiymətləndirirəm. Təsadüfi deyilki, baş obraz sahə müvəkkili, böyük ürəkli insan, hər kəsə yardım edən milis işçisi Georgi Tuşuraşvilinin insanlara məhəbbəti aşıb-daşır.
Hamı onu Kukaraça çağırır. Qapqara və ya çox qara mənasını verən bu ad, Ona necə də yaraşırdı. Qara işləri səhmana salan insan, insanların qara həyatını ağartmağa çalışıb, özü qara günlərə qalan milis işçisi... Uşaqlar yaşıl qozları əzib çaya atanda onlara dəymir. Hamı bilir ki, yaşıl qoz yeyən balıqlar zəhərlənib suyun üzünə çıxırlar. Georgi isə bilmirdi. Hadisəni müşahidə edib uşaqlara qulaqburması verir. Siqaret çəkəndə, ilk dəfə oğurluq etmək istəyəndə onlara insanlıq dərsi keçirdi. Küçənin ortasında arvadını döyən kişini cəzalandıranda, oğru aləminin nüfuzlu adamı ilə görüşəndə öz təmkin və səbrini idarə etməyi bacarır, özünü əsl qəhrəman kimi aparır. Murtalo ləqəbli oğrunu tutmaq istəyən Kukaraça insanlıq naminə onu birinci dəfə azad buraxır. Sevən qadının yalvarışlarına dözmür. Rəisi isə Kukaraçını buna görə cəzalandırır. Sonunu düşünən qəhrəman olmaz.
Demək olar ki, dünya və yerli ədəbiyyatında belə nümunələr azdır. Nə mənada dediyimi indi izah edəcəyəm. Kukaraçanın ölümü əsərin əvvəlində qeyd edilir. Sonra isə yazıçı keçmişə qayıdıb nə üçün öldürüldüyünü izah edir və heç bir səhifədə oxucu əsərdən yorulmur. Hətta sonunda Kukaraçanın öləcəyini bilsə belə. Bu həqiqətən yazıçıdan böyük ustalıq tələb edir.
Hadisələri danışan obraz isə Tamaz adında yeniyetmədir. Anası ona həm də ata əvəzidir.Hər dəfə Tamaz nadinclik edəndə, qanunları pozanda Kukaraça onlara qonaq gəlir. Səfərlərin birində Tamazın anası uzun söhbətdən sonra Kukaraçaya gözəl bir cavab verir:
-Eh, mənim əzizim,-Anam ah çəkdi,-biz, bütün dünyanın adamları, əslində bir dildə danışırıq, intəhası bir-birimizi ona görə anlamırıq ki, birimiz o birimizə qulaq asmağı bacarmırıq!
Əsərdə belə bir fikir səslənir:
-Sevgisiz həyatdan gedənlər bədbəxtdirlər...
Bu fikir əsərin ana xətti, təməlidir. Hər dəfə gürcü ədəbiyyat dənizinə baş vuranda təəccüblənirəm. Hər biri digərindən fərqlənən möhtəşəm əsərlər. Məqalənin əvvəlində qeyd etdiyim kimi hər şey təşkilatlanmaqdan asılıdır. Böyük yazıçılarımız ölkədən kənara çıxa bilmirlər və ona görə dünya bizim istedadlı, böyük qələm sahiblərimizdən xəbərsizdir.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031