50-ci illərin ədəbi gəncliyi - İlyas Tapdıq yazır
1952-56-cı tələbəlik illərimdə ədəbi gəncliyə göstərilən qayğı sayəsində mənimlə bir vaxtda yaradıcılıq yollarına qədəm qoyan gənc şair və nasirlər, həmçinin tənqidçilər dörd-beş il müddətində xalq tərəfindən tanındılar. Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli, Əhməd Cəmil, Mirvarid Dilbazi, Zeynal Xəlil, Süleyman Rəhimov, Mirzə İbrahimov, Mehdi Hüseyn, Əbülhəsən, Mir Cəlal, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev kimi xalq tərəfindən geniş tanınan, sevilən şair və yazıçılar ədəbiyyata gələn gənclərə açıq-aşkar yol göstərir, ürəkuzunluğu ilə yanaşır, onların ilk qələm təcrübələrinin mətbuata çıxmasında köməklərini əsirgəmirdilər.
50-ci illərin əvvəllərində Yusif Əzimzadə, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Salam Qədirzadə, İslam Səfərli, Böyükağa Qasımzadə, Ələkbər Ziyatay, Qasım Qasımzadə, Qabil, Adil Babayev, Əliağa Kürçaylı da 50-ci illərin başlanğıcında sənət qapısını döyən gənclərin ruhlanmasında az iş görmürdülər. Həmin bu illər Komsomolun Mərkəzi Komitəsi də gənclərin yaradıcılığına həsr edilmiş plenumlar keçirirdi. Bu illərdə bir-birilərinə kollektiv halda qonaq getmək yaradıcılıq uğurlarını bir-birilərinə nümayiş etdirmələri ənənəsi də öz müsbət rolunu oynayırdı. Mənim üzv olduğum APİ yaradıcılıq dərnəyinin üzvləri professor Mikayıl Rəfilinin təklifi ilə biz gənc yazıçıları tanınmış görkəmli yazıçılarımız özləri ilə keçirilən oxucu görüşlərinə aparırdılar və orada bizim çıxışlarımıza da imkan verirdilər.
Uğurlu şeirlərimiz təriflənirdi. Süleyman Rüstəmin Ayaqqabı fabrikində oxucularla keçirilən görüşündə İslam Səfərli, Əlfi Qasımov və Əliağa Kürçaylı ilə birlikdə mən də iştirak etmişdim. Süleyman Rüstəm, Əkbər Ağayev, Mir Cəlal, Süleyman Rəhimov, Osman Sarıvəlli, Əli Vəliyev, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı görüşlərdə mənim şeirlərim haqqında fikirlərini söyləmişdilər. Onlar eyni zamanda Əli Kərimin «Poçtalyon», Sabir Əhmədovun «Arabaçı», Famil Mehdinin «Ana», Əlibala Hacızadənin «İtmiş adam» hekayələrini dəfələrlə tərifləmişdilər. Mir Cəlal müəllim deyirdi: Əli Kərimin poçtaylon şeiri əsl dərslik kitabına düşməli şeir idi. Bu sözlərlə onlar ədəbi gəncliyə arxa-dayaq dururdular və onların tanınmasına kömək edirdilər.
Gənclərin yaradıcılığı üzrə məruzəçilər, almanax tərtibçiləri görkəmli yazıçılar olurdu. Bu işdə ən çox ətəklərindən tutduğumuz sənətkarlar R.Rza, M.Cəlal, O.Sarıvəlli, İ.Əfəndiyev biz gənc yazıçı və şairləri ruhlandırırdı. M. Qorki adına ədəbiyyat institutunu təzəcə bitirib gəlmiş, Yazıçılar İttifaqının şeir üzrə məsləhətçisi işləyən Nəbi Xəzri, Pedaqoji İnstitutdan və ADU-nun ədəbi dərnəklərinə rəhbərlik edən yazıçılar – İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə idi. Bax həmin bu mühitdə Ə. Kürçaylı, Ə. Kərim, X. Rza, N. Həsənzadə, C.Novruz, M. Araz, S. Əsəd, F. Mehdi, S. Əhmədov, T.Bayram, T.Mahmud, H.Kürdoğlu, D.Ordubadlı və onların sırasında mən də az zamanda Bakıda kül töküb evli-eşikli olduq, kitablarımız çap edildi, tanındıq. Məsləhətçi sənətkarlar bizi artıq dəbdən düşmüş may, oktyabr, oktyabr inqilabı mövzularından çəkindirib həyati əsərlər yazmağa istiqamətləndirirdi. Bir dəfə mən şair Qabilə may haqqında şeir oxudum, Qabil əsəbiləşdi və dedi: Bu sürtülmüş mövzuda nə tapmısan?! «Bakının gecəsi», «Atamın son məktubu» şeirlərin kimi şeir yaz - həyati şeir və «May» şeirimi cırıb atdı… Az müddətdə «Stalin», «Lenin» mövzuları da korşaldı. Bizdən sonra ədəbiyyata gələn yazıçı və şairlər isə «ideyasızlıq», «idillik, abstraklıq», «İntimlik» damğası qazanırdı. Beləcə ədəbiyyatımız duruldu, milli-mənəvi, bəşəri çəkisi artmağa başladı.
İndi o zaman – 50-ci illərdə yazıb qürurlandığım bəzi şeirlərim gözümdən düşüb, amma intim və ideyasız sayılan şeirlərimdən isə daha çox razı qalıram. Həmin illərdə Moskvada ədəbiyyat institutunu bitirib gələn istedadlı nasir İsa Hüseynov, Salam Qədirzadə «Azərbaycan» jurnalının əməkdaşları idilər. Onlar yeni ədəbi zövqə dərin nüfuz edib, gənc qələm sahiblərinin zövqünü və yaradıcılıq yolunu işıqlandırırdılar. Təzə yazılmış əsəri bir cümlə ilə dəyərləndirib çap taleyini həll edirdilər. «İdeyasızlıq» damğası ilə xorlanan qələm sahiblərinə ürək-dirək verən şair Rəsul Rza, nəsrdə «büdrəyənlərə» arxa-dayaq duran İsa Hüseynov idi. İsa hüseynovun özü də hər ədəbi plenumda tənqid edilsə də, oxucu sevgisi ədəbi mühitdə bir şəxsiyyətə çevrilməsini şərait yaradırdı. Yusif Səmədoğlu, Əkrəm, Anar, Elçin, İsi Məlikzadə, Fərman Kərimzadə, Mövlud kimi yazıçıların zövqü yeni ədəbi mühitin yaranması idi.
Bunin ədəbi mühitindən qaynaqlanan Yusif Səmədoğlu yeni «buninçilərin» yetişməsinə demək olar ki, yol açırdı.
Bakı ədəbi gəncliyi iki böyük qağyı ilə üz-üzə gəlirdi: biri çap olunmaq qayğısı, digəri bakı şəhərində həyatını qurub insan kimi yaşamaq. Bu problem hər bir qələm sahibinin qarşısına çıxırdı. Elə mənim özümün də Bakı ədəbi mühitindən ayrılmamaq problemim meydana çıxdı. 1956-cı ildə bu məsəlini ilk kitabımın redaktoru olmuş Osman Sarıvəlliyə dedim.
Osman müəllim İsrafil Nəzərova mənim Mədəniyyət nazirliyinin radiokomitəsində işə düzəlmək istəyimi söylədi. İsrafil müəllim isə işə götürəcəyinə qarani olan bir məktub verdi mənim adıma. Mehdi Hüseynin köməyi ilə təyinatım o zamankı Maarif nazirliyindən alınıb Mədəniyyət nazirliyinə verildi. İsrafil Nəzərov başqa işə keçdi, məni təzə sədr Teymur Əliyev Radiokomitəsində təzə açılmış Televiziyanın ştatdan kənar müxbiri olaraq iki il xəbər, radiooçerk yazmaq və şeirlərimin efirdə səslənməsi ilə dolandım.
Təyinatım radiokomitəsinə verilsə də Uşaqgəncnəşr məni Hamid Qasımzadə və Bağır Seyidzadənin köməyi ilə 1958-ci ilin yanvarından redaktor işləməyə başladım. İşə girdiyim illərin ən maraqlı əhvalatını bu günə kimi xatırlayıram:
BİR ARA AŞIQ YARADICILIĞI İLƏ MƏŞĞUL OLDUM
… 1957-ci ildə Borçalı aşığı Əmrah Gülməmmədovu və Kamandar Əfəndiyevi radiostudiyasına yazırdım. Dəfələrlə Aşıq İmran Həsənovu və Aşıq Əkbər Cəfərovu radioda verilişlərə dəvət etdim. Həmçinin, onlarla filarmoniyada görüşlər keçirdim. Televiziyada çıxışlarını təşkil etdim. Bir dəfə Aşıq Əmrahın və Aşıq Kamandarın çıxışından sonra televiziyaya çoxlu zənglər oldu. İlk zəng edən isə sevimli yazıçımız İlyas Əfəndiyev idi. O, aşıqlarla onu görüşdürməyimi xahiş edirdi. Bu məni nə qədər sevindirdisə, məyus edən bir söhbət də meydana çıxdı: Radionun musiqi şöbəsinin müdiri və işçisi Zakir Bağırovla, Tələt Şahverdiyev mənlə sabahı gün rastlaşan kimi təhqiramiz şəkildə «necəsən, dınqıltı aşiqi! Küçədə çömçə gəzdirənləri görüb efirə çıxarırsan»?! Musiqi şöbəsinin adamlarının bu işə görə mənə «sağ ol» demələri əvəzinə belə deməsi qanımı qaraltdı. Bu söhbətin iştirakçıları Bayram Bayramov və Hacı Hacıyev də radioda işləyirdilər. Onlar mənə ürək-dirək verib dedilər: Yaxşı iş görürsən, Hacı müəllimsə, «bir az da Qara Qarayevi öyrənmək lazımdır» - dedi.
Həmin gün Bethovenin 6-cı simfoniyasının valını aldım. Evdə bir neçə dəfə qulaq asdım. O, valdan sonra Çaykovskinin «Qış xəyalları» valını aldım. Onu da bir neçə gün diqqətlə dinlədim. Beləcə bir neçə ay Raxmaninov, List, Straus, Motsart mənim evimin simfoniya evinə döndərdi və başqa dahilərin sənətkarların simfonik əsərlərini də dinləyirdim. Bakının opera və balet teatrında ən çox tamaşaya qoyulan «Yeddi gözəl»ə yeddi dəfə tamaşa etdim. Həyat yoldaşım Münəvvər xanımı da özümlə apardım«Yeddi gözəl»ə. O, da klassik musiqi «xəstəliyinə» tutulmuşdu. 1958-ci ildə Qara Qarayevin «İldırımlı yollarla» baletinin informasiyası çıxdı. Balet 1961-ci ildə M.F. Axundov adına opera və balet teatrında tamaşaya qoyuldu. Bir neçə dəfə həmin tamaşaya baxandan sonra «Duyğuların gur seli» şeirimi yazdım. Çox təəssüf ki, şeiri qəzetlərdə, jurnallarda çap etdirə bilmədim. Təkcə «Abşeron» qəzetinin redaktoru yazıçı Faiq Dərgahov çap etdi həmin şeiri. Bu qəzet isə az yayılırdı. Bəlkə o şeiri heç oxuyan, görən olmadı. 1961-ci ildə yazdığım «Duyğuların gur seli»ni 1962-ci ildə çap etdirdiyim «Arxalı dağlar» kitabında işıq üzü gördü. Və sonralar başqa kitablarımda daha üç dəfə çap oldu. «Arxalı dağlar»ı Hacı Hacıyevə bağışladım. Həmin kitabdan Zakir Bağırov və Tələt Şahverdiyevə də verməyimi xahiş etdi...
Xatırladığım bir göruş… 1960-cı il idi; Moskvadan Bakıya qonaq gəlmiş dünyanın tanınmış türk şairi Nazim Hikmətlə nəşriyyatamızda gözüş keçirdik. Günorta saatlarında Nazim Hikmət, Mehdi Hüseyn və Qara Qarayev nəşriyyatın koridorunda göründülər. Baş redaktor nəşriyyatın bütün kollektivini redaktorlar və şöbə müdirlərinin əyləşdiyi böyük otağa topladı. Direktorumuz Seyfulla Şamilovun otağında çap qrafiki ilə bağlı istehsalat yoxlaması keçirildiyi üçün «Qonaqlar gəlsə də, onları qarşılamağa Seyfulla müəllim hələ çıxmamışdı. Qonaqlar baş redaktorun əyləşdiyi kiçik otağa keçdilər.
Beş dəqiqədən sonra Seyfulla müəllim istehsalat yoxlamasını yekunlaşdırıb qonaqlarla görüşdü. Hamı böyük işıqlı otağa keçdi. Lap öndə Nazim Hikmət, Qara Qarayev və Seyfulla müəllim əyləşdi. Direktor hörmətli qonağa nəşriyyat haqqında məlumat verdi. İlk öncə nəşriyyatda işləyən şairlərin çıxışı dinlənildi. Nəriman Həsənzadə Moskvada yazdığı «Saz həsrəti» şeirini, mən isə «Bacım Hümayəyə» şeirimi oxudum. Nazim Hikmət şeirləri bəyəndi, «iyidir», «təmiz lirika»dır ifadələri ilə bizi ruhlandırdı.
Mən orada bu şeiri oxumuşdum:
Qoymurdun dincələ evdə heç kimi,
Səni çox sevirdi nədənsə hamı.
İki dişin vardı ağ sədəf kimi
Gülərdin dişləyib barmaqlarımı.
O totuq, o kiçik əllərinlə sən,
Hərdən saçlarımdan tutardım bacı,
Səni qucağımda gəzdirəndə mən
Bəzən qolum üstə yatardın bacı.
Çox hündür gəlirdi sənə göy qapı,
- Dəmir cəftəsinə çatmazdı əlin.
Hərdən götürərək iynəni-sapı,
Tikərdin özünə parçadan gəlin.
Anan qucağında layla çalanda,
Sən də gəlininə layla deyərdin.
Əlində yeməli bir şey olanda,
Ona uzadaraq özün yeyərdin…
Bəzəyib məktubu güllə-çiçəklə,
Axırda yazarsan sən bu cümləni:
«Uzaqdan-uzağa yaxınürəklə
Öpərək bağrıma basıram səni!»
Gəlir məktubunla mehriban səsin,
Mənə əvvəlkitək əzizsən yenə;
Təmiz məhəbbətin, ilıq nəfəsin
Anamın südünü andırır mənə.
Şeirimi dinləyəndə Nazim Hikmətin üzündə şirin təbəssümlü bir ifadə vardı. Mən sonralar şeir yazanda o ifadə gözümün qabağına gəlir, sanki mənə qüvvət verirdi…
Bəli, həminki görüşdə Seyfulla müəllim Qara Qarayev haqqında çox səmimiyyətlə danışdı: «Qara hələ cavandır. Bu gün Azərbaycanın şöhrətini çox-çox uzaqlara aparıb. Bu cavan yaşda akademik SSRİ Ali Sovetinin deputatıdır, həm də konservatoriyamızda dərs deyir. Musiqi kadrları yetişdir.Nazim Hikmət başını tərpədib bu xoş sözlərdən məmnunluq duyurdu: şəkil çəkdirdik. Kollektivimizin üzvü Böyükxanım adlı korrektor istədi ki, şəkli Nazim Hikmətlə yanaşı çıxsın. O, buna görə stulu ayağının altına çəkdi. Lakin özünü tarazlaya bilməyib yıxıldı. Nazim Himkmət arxaya dönüb dedi: «Yavrum, sən plovdan çox yemisən, bu sandalya sana tab gətirməz». Biz hamımız gülüşdük. Hamı can atırdı ki, Nazim Hikmətlə yanaşı şəkil çəkdirsin.
O görüşdən sonra Q.Qarayev yaradıcılığı məndə daha dərin maraq oyatdı. «Yeddi gözəl»ə dəfələrlə baxmışdım. «İldırımlı yollarla»nın ilk tamaşası 1961-ci ildə Opera və balet teatrımıza yeni bir canlanma bəxş etdi. Mən həyat yoldaşım – Münəvvər xanımla «İldırımlı yollarla»ya tamaşa edib Qara Qarayevin böyüklüyünü, Azərbayan musiqisinin şöhrətini ucalara qaldırmasını hiss edib, böyük iftixarla danışardıq. Dünya bəstəkarlarının operamızda tamaşaya qoyulan əsərləri Qara Qarayevin əsərləri ilə müqayisə edərdik. Doğma sənətkarımız olduğuna görə Qara Qarayev bizim nəzərimizdə daha əzəmətli görünürdü.
«İldırımlı yollarla»nın iki tamaşasından sonra mən öz təəssüratımı məqalə şəklində yazmaq istəyirdim. Ancaq publisistik yazım sərbəst şeir kimi alındı – «Duyğuların gur seli».
Hacı Hacıyev Qara Qarayevlə tez-tez görüşürdü. Qara Qarayevin pərəstişkarı idi. 1967-ci ildə «İldırımlı yollar» a Lenin mükafatı veriləndə Respublika radiosunun son xəbər redaksiyası, mükafat elan olunandan sonra təbrik etməyə akademik Cəfər Cəfərov məni də dəvət etmişdilər. Qara Qarayevi xoş sözlərlə təbrik edib «Duyğuların gur seli» şeirimi böyük sevinclə oxudum. Lakin Qara Qarayev həmin şeiri «üçüncü» simfoniyasının ifası zamanı aldığını dedi və minnətdarlıq etdi. Belə ki, «Üçüncü simfoniya»nın filarmoniyamızda ifasına dəvətnaməni mənə dostum Hacı Hacıyev gətirmişdi. İfa üçün Bakıda Moskvadan dirijor Barşay gəlmişdi. İfadan sonra filarmoniyanın foyesində tamaşaçılar Qara Qarayevi təbrik etdilər. Hacı müəllimlə mən də yaxınlaşıb təbrik etmək istəyirdik.
Mən dedim ki, Qara Qarayev bu əsərində aşıq musiqisindən istifadə edib. Tələt Şahverdiyevlə Rəfiq Cəbiyev etiraz etdilər, ola bilməz. Orada aşığın yeri yoxdur. Hacı Hacıyev dedi: - indi Qara müəllimin özündən soruşarıq. Q.Qarayevi təbrik edib Hacı müəllim: «bu İlyas Tapdıqdır» -dedi. Sizin bu simfoniyada aşıq musiqisindən istifadə etməyinizi deyir. Qara Qarayev dedi: bəli istifadə etmişəm. Ancaq bilmirəm hansı havalardan.
Mən dedim «Yanıq Kərəmi» və «Keşiş oğlu» havalarından. Keçidlərdə və musiqini ağzımda söylədim. Qara müəllim, «əhsən» - dedi doğrudur. Hacı müəllim bu əhvalatı yada salar və mənə inamsız baxanları utandırardı../"Ulduz" jurnalı/
MANERA.AZ