manera.az
manera.az

O xeyir-dua həmişə mənimlədir…

O xeyir-dua həmişə mənimlədir…

Qərərgahdan, indiki "Taxta körü"dən üzü aşağı, qış yataqlarına doğru gedəndə yolun sağında Almanlar qəsəbə salmışdılar. “Fin qəsəbəsi”. Yataqlarda yaşayan adamlarla nisbətdə uzaqdan göbələk kimi ağaran qəsəbədə yaşayan adamların vəziyyəti yaxşı idi, ən azından əlləri quru, ayaqları quruydular... Uşaqları da yataqlarda böyüyən uşaqlardan xoşbəxt idilər. Çünki hər gün həyətində oynaşdıqları məktəbləri, özlərinə elm öyrədən qayğıkeş müəllimləri vardı.

Qəribə idi, o vaxtı məktəbləri direktorların adı ilə çağırmazdılar. Məsələn: "İsaq müəllimin məktbi" deyə bir ifadəyə rast gəlmədim... Həmin qəsəbədə, həyətində ağ köynəkli, qara şalvarlı oğlan, ağ köynəkli, qara yubkalı, saçları səliqəylə yığılmış qız uşaqları oynaşan məktəbin direktoruydu İsaq müəllim.

İsaq müəllim məktəbdə elə bir atmosfer yaratmışdı ki, bütün müəllimlər əl-ələ verib müsəlləh əsgər misali, qələmə sarılıb təhsilin keşiyində durmuşdular. Gələcəyə xidmət edirdilər... İsaq müəllim əsl təhsil komutanı idi... Heyif tez getdi... Qaçqınçılıqdan sonra uzun illər təhsilimizin keşiyində İsaq müəllim və onun kollektivi kimi dayanan ikinci bir kollektiv görmədim... Həmişə İsaq müəllimi Tanrının bizlər üçün göndərdiyi lütf kimi anıram. O, qaçqınçılığın pis vaxtlarında elm və təhsil üçün bizə qollarını açan yeganə qucaqlardan idi.

Mən altıncı sinifdə oxuyanda gəldim qəsəbədəki məktəbə. Məndən öncə bəzi qonşularımızın uşaqları qəsəbiyə dərsə gedirdilər. Sonra mən də onlara qoşulub piyada, beş kilometir uzaqlıqdan gələn işığa doğru gedəcəydim, nənəmin nağıllarındakı işıq gələn tərəfə... Yadımdadı, atamla qəsəbiyə əmioğlusu gilə getdik, ordan da əmioğlusuyla birgə məktəbə, İsaq müəllimin yanına. İsaq müəllimlə görüşüb məni məktəbə götürmələrini xahiş etdilər. İsaq müəllim böyük sayğı ilə xeyir-dua verib məni məktəbin altıncı sinifinə götürdü. O xeyir-dua həmişə mənimlədir... Haçan dara düşsəm qanadların sərib üstümə məni yalnız buraxmaz…
Səhəri kitablarımı da götürüb məktəbə yollandım. Sinif yoldaşlarımın əksəriyyəti həmkəndilərim idi, ara-sıra başqa kəndlərdən də uşaqlar vardı. İsaq müəllimin oğlu da bizimlə bir sinifdə oxuyurdu. Mənim kimi, qəsəbəyə qonşu olan yataqlardan və digər yataqlardan dərsə gələn şagirdlər də çox idi. Hətt da uzaq yataqlarda yaşayan adamlardan da kimin ki, qəsəbədə qohum-əğrabası qalırdı uşaqlarını gətirib onların yanında qoyub, məktəbə göndəriridilər...
Rayon da gələn təhsil yoxlamalarını həmin məktəbə yönləndirirdi...

Mənim fikrimcə İsaq müəllimin rəhbərlik etdiyi məktəb həm gələn yoxlamaların, həm də təhsil qarşısında Laçının üzünü ağ edəcək yeganə məktəblərdən idi. Həmin məktəbdən hər il ali məktəbə uşaqlar qəbul olurdular. O vaxtı buralarda fərdi hazırlıqlar elə də populyar deyildi, demək olar uşaqların çoxu məktəbin öz daxili gücü hesabına ali məktəblərə qəbul olurdular. Elə uşaqları az tanımıram ki...

Isaq müəllim bizə ədəbiyyat dərsi keçirdi. Dərsi o qədər maraqlı, o qədər hüsünkar qururdu ki, vaxtın hardan gəlib, hardan getdiyini bilməzdik…
Sonra qəsəbiyə qonşu otuz yeddi nəfərlik təzə qəsəbə saldılar, həmin qəsəbə üçün məktəb binası da tikdilər. İsaq müəllimi həmin məktəbə direktor yolladılar. Mən də sənədlərimi alıb İsaq müəllimin təzə rəhbər təyin olunduğu məktəbin on birinci sinifinə getdim və orda oxumağa başladım. Çox çəkmədi ki, o məktəb də İsaq müəllimin nuruna qərq oldu... Həmin məktəbin ilk məzunlarından biri də mən idim, İsaq müəllim burda da dərsdən kənar uşaqları başına yığıb təmənnasız məşğələlər keçirirdi. Kollektivdə də bu işi böyük zövqlə görən müəllimlər vardı. Məktəbdə ali məktəbə qəbul olan şagirdlər üçün lövhə də yaratmışdı İsaq müəllim. Həmin lövhənin ilk sıralarında mənim də şəklim yer alıb. Şagirdlər şəkillərinin o lövhədən asılması üçün böyük səylə çalışırdılar...
İsaq müəllim pedoqoji fəyaliyyətində yorulmaq, ərinmək bilməzdi. Nə vaxt məktəbə gedərdin ki, siqareti külqabıda külə çevrilib, özü isə sol əlini alnına qoyub sənəd-sübut yazır... Məktəb İsaq müəllim ikinci eviydi, gününün çoxunu, tətilləri belə məktəbdə keçirərdi.
Uşaqlarla qəsəbədə ev kirələyib dərsə, dərsdən kənar məşğələlərə gedirdik. İsaq müəllim vaxt tapan kimi gəlib bizə baş çəkər, nəsihətlər verər, test işlədib, təzə mövzular izah edərdi. İsaq müəllimin qayğıkeşliyi də bir başqaydı...

Siqareti çox çəkirdi, onu da elə zövqlə, elə yaradıcı çəkrdi ki, adamın siqaretə tamahı düşürdü. Amma namərd oğlu, namərddir siqaret, adamı içindən vurar… Bir dəfə müəllimin siqaretindən oğurlayıb mən də onun kimi çəkmək istəmişdim, amma, alınmamışdı...

Son vaxtlar səhətində problemlər yaranmışdı, hərdən-bir məktəbdə özüylə görüşüb söhbətləşirdik. Çox ümidli idi, Laçına qayıdacağına, ömrünün qalan illərini də orda işləyəcəyinə elə inanırdı ki, bunu sözlərlə ifadə etmək olmur... Sonra əməliyyat olundu, axrıncı dəfə özüylə görüşməyə evinə getdik. Xəstəlik amansızdır, adamı göz açmağa da məcal verməz... Səsimdən tanıdı məni. Bir-iki kəlmə danışıb, içəriləndi... Sarsıdıcı məqam idi, sözün əsl mənasında ömrünü bizlər üçün şam kimi əridib yolumuza nur səpən əziz və dəyərli müəllimimiz artıq son işartılarını yaşayırdı. Müəllimi ziyarət etmək üçün çoxlu adamlar gəlirdi, bu üzdən yanında çox otura bilmədik. Bir neçə gün sonra müəllimimiz vətən, yurd həsrəti ilə dünyasını dəyişib, göylərə çəkildi…
Isaq müəllim göy üzündə elə bir nurdur ki, həmişə yolumuzun üstünə işıq salacaq…

Siz həmişə bizimləsiniz, əziz müəllimimiz!

Saqif ZEYNAL

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930