manera.az
manera.az

Bir sevdada oduq, suyuq - Füzuli Sabiroğlunun şeirləri

Bir sevdada oduq, suyuq - Füzuli Sabiroğlunun şeirləri
Manera.az Füzuli Sabiroğlunun şeirlərini təqdim edir:

***
Sinəmdə xatirə göynəyi qalıb,
Həsrətə dar gələn köynəyi qalıb.
Sən də bax qəlbinə, gör nəyi qalıb,
O payız axşamı itən sevginin?

Təpə ümidimiz dağ olmayacaq,
Yüz səsə qanrılaq, haraya qaçaq,
Gözümüz yollardan yığılmayacaq,
Ha baxsaq dalınca ötən sevginin.

O bir ocaq idi, söndümü, yanmaz,
Kül altda qoru yox, bir də qalanmaz,
Daha təsəlliynən könlü alınmaz,
Bir vaxt özü dada yetən sevginin.

YAŞADIM

Ağ günün olmadım, ağ dərdin oldum,
Qara tellərinə köçdüm, yaşadım.
Nə yaxşı bəhanə körpüsü varmış,
Sənin göz yaşından keçdim, yaşadım!

Yaşadım çiçək tək, yaşadım daş tək,
Yüz ürək qırası acı söz kimi.
Üzülmüş əlimdə kəsilmiş ətək,
Bu astar həyatdan təzə bez kimi
Yaxasız bir köynək biçdim, yaşadım!

Bu qərib dünyada, səssiz dünyada,
Yaşadım! Hər axşam çıxdın qarşıma.
Gördüm ki, ölürəm sənsiz dünyada,
Bu ömrü zəhər tək çəkdim başıma,
Sənin sağlığına içdim, yaşadım!

MƏNƏ BƏNZƏYİR

Yoxuşlar adlayıb çöldə təngiyən,
Hər gülü oxşamaq üçün ləngiyən,
Dənizə çatmamış düzdə səngiyən
Bu yorğun küləklər mənə bənzəyir.

Açmamış qönçədir, qurumuş ləçək,
Ömürdür, birtəhər gəlib keçəcək.
Nə bir arı qonar, nə də kəpənək,
Bu dərdli çiçəklər mənə bənzəyir.

Bəxtində zülmətlə işıq görüşən,
Sevinci sürüşkən, qəmi sürüşkən,
Göylərdən, yerlərdən didərgin düşən,
Günahkar mələklər mənə bənzəyir.


***
İmdad diləsəydim edam edərdin,
Ölməli günümdür, aman verirsən.
Bir belə günahı daşımaq üçün,
Qarışqa səbrinə güman verirsən.

Yazı əsirgədin ağac ömrümə,
Yollarda quruyan qaxac ömrümə.
Bu qədər möhnəti bu ac ömrümə,
Ümidə qıymırsan, yavan verirsən.

Kimiydi, səsinə səs verə-verə,
Bir şirin nağıldan yıxıldım yerə.
Tamarzı qalmışam indi göylərə,
Çəkirəm, zülümü, yaman verirsən.

DÜNYANIN DƏRDİNDƏN ÖLMƏYƏ NƏ VAR

Başının üstündə Allahın varsa,
Allahın yanında günahın varsa,
Günahın özünə səni qaytarsa,
Dünyanın dərdindən ölməyə nə var?!

Bir dəli sevda tək düşəndə ələ,
Bir qurtum şərbət bil, iç getsin elə.
Dünya xali deyil görərsən hələ, -
Dünyanın dərdindən ölməyə nə var?!

Çətini inadın qırılıncadı,
Çətini ağlayıb yoruluncadı,
Çətini tanıyıb vuruluncadı,
Dünyanın dərdindən ölməyə nə var?!


***
Qarlı aşırımda yorğun ayaqlar,
Borana, çovğuna güc gələmmədi.
Qorxu xurcununda yurd-yuva dərdi,
Basdıqca çiynindən dikələmmədi.

Bir donmuş "ah" çəkdi son gücü ilə,
Açıb qollarını göylərə sarı.
Sonra da üzüstə düşüb torpağa,
Sıxdı ovucunda bir çəngə qarı.

...O gecə çovğunlu, qarlı aşırım
Haqqın, ədalətin edam yeriydi.
Insan harayını udan yarğanlar,
Torpaq-qeyrətimiz donan yer idi.

O gecə qəlbində sönmüş ocağı,
Arxası Vətənə, üzü Vətənə,
Yumulmuş gözündə buz salxımları
Bir ana donurdu dağ gədiyində,
Bir körpə donurdu dağ gədiyində,
Bir qoca donurdu dağ gədiyində.

ZAMAN

Durub cəllad kimi başımın üstə,
Əqrəb qılıncını fırladır zaman.
Ömrümdən anları doğrayır, keçir.
Bu gündən sabaha doğulan güman,

Çay kimi içimdən çağlayır keçir.
Hardasa yolların sinəsi yanır,
Hardasa dağları duman, çən alır.
Nə vaxtsa o çəndə azan bir quzu

Mələyə-mələyə səsləyır məni.
Mən itmiş bildiyim bir körpə arzu,
Böyüyüb ordaca gözləyir məni.
...Saat kəfkiri tək asılıb aydan,

Xəbər gözləyirəm qulağım səsdə,
Vaxtın da səbri yox, tələsir yaman.
Durub cəllad kimi başımın üstə,
Əqrəb qılıncını fırladır zaman.

NƏYİMİ SEVİRSƏN

Ölən günlərimə ağı yazmaqdan,
Nakam arzulara qəbir qazmaqdan,
Nağıl uydurmaqdan, yuxu yozmaqdan
Özgə bu dünyada nəyim var mənim.

Örtülü qapım yox açım üzünə,
Açıq pəncərəm yox, yoluna baxım.
Sən allah, zülm etmə özün-özünə,
Üzündən-gözündən tanrılıq yağır.

Bu elə dərddir ki, içilməz elə,
Bu elə sərhəddir keçilməz hələ.
Kənardan natəmiz neçə göz baxır,
Tanrı bəndəsinə kiçilməz belə.

Sən mənim nəyimi sevirsən axı...
Mən gedən yolların mənzili yaxın,
Mən gedən yolları yüzü daşlayır.
Sən mənim nəyimi sevirsən axı...
Məndən o tərəfə güman başlayır.

AĞLAMA

Dayandıq üz-üzə bir payız günü,
Dayandıq gözlərdə görüş gümanı.
Araya bir dünya kədər ələndi.
Dondu gözlərimdə həsrət dumanı,

Sənin gözlərində yaş gilələndi.
Səhrada görünüb sönən ilğım tək,
Odlu göz yaşını gözümlə içdim.
Sənin hönkürtün tək, hıçqırığın tək,

Ayrılıq nəğməsi eşitməmişdim.
Söylədim: -Ağlama, bu göz yaşları,
Dəniz olub bizi ayrı salacaq.
Ağlama, ağlama bu göz yaşları,
Bizə görüşəndə lazım olacaq.

GEDİRSƏN

Gedirsən! Bilirdim, qalan deyilsən,
Bilirdim, yolların həsrət rəngini,
Bir gün gözlərimə köçürməliyəm.
Ümid limanından nə vaxtsa səni,
Öz xəyal dünyama ötürməliyəm.

Gedirsən! Gözümün odunu almış
Ayrılıq qorxusu dilimdə düyün.
Sakitcə dayanıb vaxtı sayıram.
Səni ötürmürəm elə bil, bu gün
Yalnız sənsizliyi qarşılayıram.

Gedirsən! İçimdə bir saz kökləyir.
Bu saat qəlbimdə nə nəğmə dinsə
O, sənli günlərim üçün ağıdır.
Arxanca yellənən əllərim isə
Sevincli anların ağ bayrağıdır.

Gedirsən! Dünyasa öz işindədir,
Kədərli axşamlar düşəcək yenə.
Yenə əvvəlki tək günəş doğacaq,
Bircə bu şəhərin sənsizliyinə
Hər gecə bir dəli leysan yağacaq.

Gedirsən! Bilirdim qalan deyilsən.
Bilirdim, bu sərvaxt yatan qəmimi,
"Gedirəm" sözünlə ayıltmalısan.
Gedirsən, biryolluq gedənlər kimi,
Ancaq bilirsən ki, qayıtmalısan.

GƏLDİM

Mən dünyaya ney köksündə,
Mürgüləyən səsdən gəldim.
Bir çobanın sinəsində,
Közərən nəfəsdən gəldim.

Nə solan gülün yasıydım,
Nə də oyun havasıydım.
Bir sevdanın bəlasıydım,
Bir dəli həvəsdən gəldim.

İşlədim iliyə, qana,
Gülə-gülə, yana-yana.
Bu ömür adlı zindana,
Can boyda qəfəsdə gəldim.


***
Ürəyimin divarına,
Hərə bir söz yazır, gedir.
Söz tapmayan, dil qanmayan,
Elə-belə cızır gedir.

Heç kimi saxlamaq olmur,
Kiminsə xətrinə dəyər.
Qapını bağlamaq olmur,
Gözlədiyim gəlib döyər.

Nə yazandan, nə cızandan,
Baş götürüb qaçammıram.
Çatlamış divarı söküb,
Bir pəncərə açammıram.

YOLLARA

Bir vaxt "mən də varam" deyib,
Çıxdım yollara, yollara
Ürəyimin təpərini
Sıxdım yollara, yollara.

Bu yolların sarılığı,
Çökdü üzümə, gözümə.
Bir arzunun göz yaşları,
Yağdı izimə, izimə.

Bu yağışlı, daşlı yollar,
Məni ləngitdi, saxladı.
Ömür gəldi məni keçdi,
Yaşa baxmadı, baxmadı.

... Dizimdə taqət qalmadı,
Məni yol tutdu, yol tutdu.
Arxamca gələn olmadı,
Hamı unutdu, unutdu...

Söykəndim yol qırağına,
Baxdım yollara, yollara.
... Bir vaxt mən də "varam" deyib,
Çıxdım yollara, yollara.

DÜNYA

Özü-özünə bənnadı,
Tikilən, sökülən dünya.
Üzünü gizlətmək üçün,
Astara bükülən dünya.

Yüz kökdə, min ahəngdədir,
Dili qəlbiylə cəngdədir.
Mənim gözlərim rəngdədir
Gözümə çəkilən dünya.

Vaxt vardı, mən də var idim,
Vaxt vardı, məndə var idi,
Vaxt vardı mənə dar idi,
Əynimdən tökülən dünya.


***
Dərdim boyda söz gəzirdim,
Sözü mənə çox gördünüz.
Dərdə layla deyən kəsi,
Öz qəminə güldürdünüz.

Səs-küy tapdım söz yerinə,
Yaşamadım öz yerimə.
Xəncər çalıb yüz yerimə
Yüz bir yerə böldürdünüz.

Demədiniz söz sayan var,
Göydən yerə göz qoyan var.
Ay adamlar, ay adamlar,
Məni niyə öldürdünüz?


***
Ömrə-günə hopan çirki,
Qoparıb qaşımaq olmur.
Ürəkdə dərd, ətəkdə daş,
Ağırdır, daşımaq olmur.

Qəlbdən qopan dilə çatmır,
Göz oxşayan ələ yatmır.
Hər deyilən ağla batmır,
Hamıya oxşamaq olmur

Ocaq tapılmaz köz alam,
Bu dünyaynan üz-göz olam,
Dönəm bir kəlmə söz olam,
Adamtək yaşamaq olmur.

İLAHI, BİR BİZİ ÇAĞIR

Yanında yerimiz vardı,
Unudulduq, belə niyə?
Nə sən bizi yada saldın,
Nə də biz boylandıq göyə.

Gündə bir təlxək doğulur,
Matəmin-yasın içində.
Itir sözümüzün rəngi,
Bu hisin-pasın içində.

Göndərdiyin yağışlar da,
Ötür dənizlərə yağır.
Adımızı unutmuşuq,
İlahi, bir bizi çağır.


***
Qara-qara günlər
qaraca-qaraca qarışqalar kimi
daraşıb ömrümə.
Daşıyıb aparırlar
yaxşı, yaman,
olan, qalan,
nəyim varsa.
Daşıyıb aparırlar çölümü, içimi,
sahibsiz dənlikdən
dən aparan kimi...
Qara-qara günlər
Qaraca-qaraca qarışqalar kimi
dadanıb ömrümə,
Nə qabağını saxlamaq olur,
Nə də "kişi ağlamaz" məsəli
dəbə minmiş bu dəyirmanda
ağlamaq olur.

MƏNİ KÖVRƏLTMƏYƏ NƏ VAR

Haxdan gələn söz bəs edər,
Bir bənövşə üz, bəs edər,
Bir qarışqa əz, bəs edər,
Məni kövrəltməyə nə var.

Köhnə, qara saz səsiylə,
Qızıl bülbül qəfəsiylə,
Bir körpənin nəfəsiylə,
Məni kövrəltməyə nə var.

Güllələnmiş yarpaq göstər,
Qan çilənmiş torpaq göstər.
Yüz yaşlı bir papaq göstər,
Məni kövrəltməyə nə var.

UNUTMAYIN

Dağlar, sizdən ayrılıram,
Çöllər, məni unutmayın.
Zəmilərə sığal çəkən
Yellər, məni unutmayın.

Qoynunuzda dolaşmışam,
Tozunuza bulaşmışam,
Sinənizdə qalan daşam,
Yollar, məni unutmayın.

Şehli-şehli dərəmmədim,
Bir gözələ verəmmədim,
Bəlkə, bir də görəmmədim,
Güllər, məni unutmayın.

Mən vurğunam saza, sözə,
Çatacaqmı səsim sizə?
Köklənmişəm səsinizə,
Sellər, məni unutmayın.

Füzulisiz ayna bulaq,
Sənə qalır sərin yaylaq.
Yaman olur unudulmaq,
Ellər, məni unutmayın.


***
Çıxar məni ürəyindən...
Bahalı pulqabında
kisədibi saxladığın
sonuncu, əzik-üzik
manatı çıxaran tək...
At bu dünyanın ovucuna...
Özünü korluğa vurmuş
vağzal dilənçisinin
sənə doğru uzanmış
çirkli şlyapasına
sədəqə atan tək...
Bacar unut...
Diləndiyi pulları
sonuncu manatadək
meyxanada xərcləmiş
o əyyaş dilənçi
bircə gecəliyinə
dünyanı unudan tək...

UNUT MƏNİ

Gözlərimdə qəm ayazı,
Ürəyinə axmışam mən.
Ağ gününə qara yazı-
naxışam mən,
unut məni.

Hər arzuna yaz olmaram,
Qəmin olsam az olmaram,
Taleyinə yazılmaram,
qarğışam mən,
unut məni.

Sən sevinci bəxtdə görən,
Mən gümana, bəxtə gülən,
Gözlərinə vaxtsız gələn.
yağışam mən,
unut məni.

İki tale yolçusuyuq,
Bir sevdada oduq, suyuq,
Sən yanmısan, soyuq-soyuq
baxmışam mən,
unut məni.

Demə: "Gənclik getməz əldən",
Vaxtdır gülü seç xəzəldən.
Elə bil ki, heç əzəldən
yoxmuşam mən,
unut məni.


***
Bu günlərdə...
Sənsizlik tökülür
üstümdən, başımdan.
Sənsizlik yağır
duruşumdan, baxışımdan.
Sənsizliyi duyub, açmaqdan
vaz keçir qönçələr.
Sənsizlikdən əl-qol açıb
uzanır gecələr.
Bu günlərdə...
Sənsizliyin badına gedir
anlarım, dəqiqələrim.
Adın dodaqlarımda
can verir günlərim...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930