manera.az
manera.az

Elmi təsdiqini tapmış İlahi möcüzə - ARAŞDIRMA | MANERA.AZ

📅 25.08.2015 12:25

Elmi təsdiqini tapmış İlahi möcüzə  - ARAŞDIRMA | MANERA.AZ

Qurani-Kərimin nazil olduğu zamanda insanların, xüsusilə də ərəblərin bilik və dünyagörüşü çox bəsit idi. Onlar cahillik məngənəsində çabalayır, nəsildən-nəslə ötürülən xurafi rəvayətlərə inanır, kainatı dərk etməkdə aciz qalırdılar. Lakin müqəddəs Kitabın enməsi ilə hər bir yaranışın Uca Yaradana aid olduğu, bir qanunauyğunluq və elmi əsas üzrə yarandığı üzə çıxdı, insanların dərk edə bilmədiyi bir çox mövzuya aydınlıq gəldi. Allah-Təala son səmavi Kitabı vasitəsilə bəndələrini Özünün əsrarəngiz və heyrətamiz möcüzələrindən agah etdi. Əlbəttə, Adəm övladının bu İlahi həqiqətləri qavraması müəyyən bir zaman fasiləsindən sonra baş verdi.

Təbiət və dünyada baş verən gizli məqamların bir hissəsi bu gün insan zəkasının məhsulu olan müasir elmi kəşflərin nəticəsində müəyyən edilir. Artıq dilindən, dini və irqi mənsubiyyətindən asılı olmayaraq bəşər övladı Quranın elmi mahiyyətindən xəbərdar olmağa başlayır. Ucalığı və qorxunc görünüşü ilə diqqəti cəlb edən dağlar da Allaha məxsus sirli yaranışlardan biridir.

Geoloji tədqiqatlara görə, dağlar Yer qabığını əmələ gətirən nəhəng lövhələrin hərəkət etməsi və toqquşmasından yaranır. Bu zaman onlardan daha dayanıqlısı az dayanıqlının altına girir, üstdə qalan massiv əyilərək qalxır və dağları əmələ gətirir. Beləliklə, dağlar Yerin üst və alt hissəsində lövhələrin toqquşduğu yerlərdən dartınaraq sanki onlar üçün “pərçimləmə” rolunu oynayır. Quran isə bu barədə 14 əsr əvvəl belə bəyan edir: “Məgər Biz Yeri döşək etmədikmi?! Dağları da dirək?!” (“ən-Nəbə”, 6-7). Ayədə dağlar öz təyinatına görə dirəklərlə müqayisə edilir.

Dağlar yaranışına görə bir sıra funksiyalar daşıyır. Belə ki, Qadir Allah Qurani-Kərimdə buyurur: “Yer onları silkələməsin deyə, orada möhkəm dağlar yaratdıq; onlar rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik” (“əl-Ənbiya”, 31). Burada diqqət çəkən məqam dağların zəlzələlər haqqında əvvəlcədən xəbərdarlıq etmək funksiyasından bəhs edilməsidir.

Qeyd ediləsi digər məsələ budur ki, dağlar yerləşdikləri coğrafi ərazidə yerli iqlimə əhəmiyyətli dərəcədə təsir etmək funksiyasına malikdir. Yüksəkliklərindəki qarlar əriyərək çaylara axır, ətəklərindəki vadilər bu yüksəkliklərinə görə davamlı və ya mövsümi olaraq su qaynaqlarına çevrilir və uca təpələrindən keçən buludlar nəmlərini yağış kimi buraxaraq quraq ovalıqların sulanmasına əlverişli şərait yaradır. Nəticədə digər canlı varlıqların - heyvan və quşların həyatı üçün zəruri olan yaşıllıq, bitki aləmi, eləcə də insanların istifadə etdiyi bir çox nemətlər meydana gəlir.

Digər tərəfdən, dağlar zirvələrindən dolayı çox uzaqlardan göründüyü üçün keçmiş dönəmlərdə karvan və yolçuların istiqamət təyin etməsinə yardımçı olub. Bu isə onların bələdçilik funksiyasından xəbər verir.

Bundan əlavə, 1400 il əvvəl nazil edilən Qurani-Kərimdə dağların yalnız müasir seysmoloji tədqiqatlar nəticəsində məlum olan həyati-vacib (tarazlıq yaratmaq) funksiyası haqqında da danışılır: “Allah göyləri, gördüyünüz kimi, dirəksiz yaratmış, sizi yırğalamasın deyə Yerdə möhkəm durmuş dağlar bərqərar etmiş…” (“Loğman”, 10).
Növbəti spesifik xarakter dağların hərəkətdə olmasıdır ki, bu da onların Allahın sonsuz qüdrət və əzəmətini nümayiş etdirmək funksiyasına malik olduğunu göstərir. Quran ayələrinin birində buyurulur ki, dağlar heç də göründüyü kimi hərəkətsiz deyildir, əksinə, onlar öz yerlərini fasiləsiz olaraq dəyişirlər: “Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz əməllərdən xəbərdardır!” (“ən-Nəml, 88).

Həmçinin, Allah-Təala Quranda dağa and içir. Çünki dağlar insanlıq və İslam tarixində əsaslı rol oynayan önəmli hadisələrə səhnə olub. Belə ki, peyğəmbərlər (ə) Allahla razi-niyaz edəndə dağlara çəkilərdilər: İbrahim peyğəmbər (ə) Allahın böyük imtahanından keçmək – yeganə oğlu Həzrət İsmaili (ə) Allah yolunda qurban kəsmək üçün Mina dağına yollanmışdı, Həzrət Musa (ə) isə Allahla danışmaq üçün Turi-Sina dağına gedərdi: “And olsun dağa (və ya Musanın, üstündə vəhyi eşitdiyi Turi-Sinaya)!” (“Tur”, 1).

Müqəddəs Kitabımızda dağlar bir çox savaşlara şahid qismində də tərif edilib. Həmin savaşlardan biri İslam tarixində dərin kədər və üzüntü ilə yad edilən, Ühüd dağı ətrafında baş verən döyüş oldu ki, bu döyüşdə müsəlmanlar çoxlu itki verdi, Həzrət Muhəmmədin (s) dişi qırıldı və İslam Peyğəmbərinin (s) əmisi Həzrət Həmzə (ə) şəhid oldu. Allah-Təala Qurani-Kərimdə buyurur: “Sizə bir müsibət üz verən zaman (Ühüd müharibəsində yetmiş nəfəriniz öldürülərkən) - ki, əlbəttə, onun iki qatını siz (onlara) vurmuşdunuz (Bədr müharibəsində onlardan yetmiş nəfəri öldürüb, yetmiş nəfərini əsir götürmüşdünüz) – “bu müsibət necə və haradandır?” deyirsiniz?! De: “Bu sizin öz tərəfinizdəndir (çünki bu müharibədə Peyğəmbərin əmrindən çıxdınız)”. Həqiqətən Allah hər bir şeyə qadirdir” (“Ali-İmran”, 165).

Dağlar haqq yolunu azan cəmiyyətləri zaman-zaman cəzalandırıb. Cəzalandırdıqları qövmləri gah zəhərli qazlarla, gah da qızğın lavalar püskürərək (vulkan) həlak edib, İlahi qəzəbin göstəricisinə çevrilib, Cəhənnəm atəşini xatırladıblar. İnsanlıq üçün son dərəcə dəhşətli və qorxunc olan bu proseslərin bir olan Tanrının istək və əmri ilə baş verməsi ondan irəli gəlir ki, bəzən insanlar Allahı yaddan çıxarır, Ona qarşı naşükür olurlar. Quran bu barədə belə buyurur: “Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu. Çünki (Musanın daşı və bulaqların daşları kimi) bəzi daşlar var ki, onlardan çaylar qaynayır, bəziləri parçalanır və içindən su sızır və bəziləri Allahın (yaradarkən təbiətlərində qoyduğu) qorxusundan (dağlardan) tökülür. (Varlıqların Allahın iradəsindən təsirlənmələri onların fitri qorxu və itaətləridir. Məqsəd budur ki, daşlar təsirlənir, amma onların qəlblərində Allahın iradəsinə təslim halı gözə çarpmır). Allah sizin etdiklərinizdən xəbərsiz deyildir” (“əl-Bəqərə”, 74).

Ayədən məlum olur ki, bəzən insanoğlunun cahillik və şüursuzluğu cansız daş, qaya dediyimiz dağların İlahi möcüzə olan şüur və dərketməsindən də geridə qalır. Eləcə də iman və təqvadan uzaqlaşaraq qəlbləri daşlaşan, ürəkləri Allah xofundan uzaq olan elə insanlar var ki, onlarla nisbətdə dağlar, daşlar daha çox Allaha şükür edər, daha çox Allahdan qorxarlar. Necə ki, digər bir ayədə buyurulur: “Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, mütləq onun Allah qorxusundan zəlil olub kiçildiyini və parçalandığını görərdin. Və bu məsəlləri insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr” (“əl-Həşr”, 21).

Dediklərimizdən belə məlum olur ki, Quran nöqteyi-nəzərindən insan Allah-Təalanın Yer üzərində təyin etdiyi xəlifə – yarımaddi və yarıilahi olan bir varlıqdır. O, Allahıtanıma fitrətinə malik olan azad, müstəqil, əmanətdar, özünə və ətraf mühitə qarşı məsuliyyət hiss edən və nəhayət təbiətə hakim olan məxluqdur. Onun yaradılışı zəif bir mərhələdən başlayır, getdikcə kamala doğru yüksəlir və yalnız Allahı yad etməklə rahatlıq tapır. Yəni, insanın elm və əməl çərçivəsi məhdud deyildir. Zati-hörmət və şərəfə sahib olan insan bəzən maddiyyata meyl etmədən də məqsədinə nail olur. Ona İlahi nemətlərdən qanuni olaraq səmərəli istifadə etmə ixtiyarı verilmişdir. Lakin bütün bunlarla yanaşı, insanın Allah qarşısında müəyyən vəzifə və məsuliyyətləri də vardır. Bu baxımdan Quran bəzi hallarda insanı məzəmmət, hətta tənqid belə, edir. Ona görə də əsl mömin Allah qarşısında itaətkar olmalı, Ona ibadəti həyatının amalı olaraq bilməli, Yaradanın möcüzələrini sözsüz qəbul etməli, bu möcüzələrdən və onların vasitəsilə baş verən proseslərdən ibrət götürməlidir. Bəlkə də buna görə Allah-Təala cahil, qəlbikor, təqvasız insanlara dağları örnək gətirir ki, onlar qəflət yuxusundan ayılsınlar deyə. Çünki dünyamızı Yaradana, hər cür yaşam ehtiyacımızı qarşılayana və ətrafımızı min-min nemətlərlə zənginləşdirən Uca Allaha şükür etməyi belə, bu cür yönləri ilə sanki gecə-gündüz mömin kimi Tanrıya təsbih çəkən dağlardan, qayalardan öyrənəcəyik. Əlbəttə, onların bu halı və yaradılışı Uca Allahın əmri üzrədir.

Manera.az
Əhliman Rüstəmov
Araşdırmaçı-jurnalist


Baxış sayı - 2 181 | Yüklənmə tarixi: 25.08.2015 12:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031