manera.az
manera.az

Özlərini modern sayıb həqiqətləri söyləməkdən boyun qaçıranlar | MANERA.AZ

📅 19.08.2015 15:34

Özlərini modern sayıb həqiqətləri söyləməkdən boyun qaçıranlar  | MANERA.AZ

ÇAĞDAŞ DÜNYADA QLOBALLAŞMA VƏ MODERN DÜŞÜNCƏ İSLAM MAARİFÇİLİYİ KONTEKSTİNDƏ

Dünya siyasəti, beynəlxalq səviyyəli sülhməramlı təşkilatlar - ATƏT, AŞ, BMT və s. bəşərin yeni birgəyaşayış prinsiplərinin axtarışını durmadan davam etdirirlər. Lakin qardaş türklər demişkən, kürəsəlləşmənin, daha doğrusu günümüzü “göy əskiyə bükən” qloballaşmanın meydana gəlməsi həmin birgəyaşayış prinsipləri ilə uyğun gəlməyən bir sıra amillərlə bağlı oldu və bizi bu həqiqətlə barışmağa vadar etdi.

Bəllidir ki, XXI əsr dünya xalqlarının həyatına daxil olub nəfəsini dərməmiş əksər ölkələrdə iqtisadiyyat sürətlə inkişaf etməyə başladı. Dünya arenasında böyük siyasi güclər, dövlətlər və xalqlar arasında mədəni əlaqələrin yeni formaları yarandı. Elm və təhsildə müasir konsepsiyalar hazırlandı. Media sahəsində ənənəvi forma və məzmun dəyişdi, kütləvi informasiya vasitələrində (KİV) çoxdan formalaşmış texnoloji proseslər yerini daha müasir formalara verdi, KİV interaktiv və multimediaya çevrildi. Yeniləşən dünya praktikasında isə KİV dördüncü hakimiyyət kimi artıq çoxdan qəbul olunub. Yəni, bəşəri sülhün carçısı olan beynəlxalq təşkilatlar nəyin “qara”, nəyin “ağ” olduğunu sübut edənə qədər KİV öz sözünü həmişə qabaqcadan deyir. Bu sözün qlobal miqyasda fərqli şəkildə başa düşülməsi isə beynəlxalq arenada müxtəlif təzadların cücərməsinə gətirib çıxardır, nəticədə insanlar daha dinamik düşünməyə məcbur olurlar. Beləliklə, KİV-in təsiri ilə bir çox insan sosial və mədəni mənsubiyyətlərinə rəğmən özünü yabançı cəmiyyətin üzvü kimi aparır, təxəyyül və şüurlarında tamamilə yad təsəvvürlər və özgə davranış tərzləri sisteminə düşür (Qəmər Cavadlı, İslam və KİV, Bakı-2009, səh. 12-13). Məhz bu kimi səbəblər nəticəsində bir tərəfdən qloballaşma meydana gəldi, digər tərəfdənsə dünyanın iki nəhəng bucağında - Qərb və Şərq dünyasında onun doğru-düzgün başa düşülməsi məsələsindəki çətinlik ortaya çıxdı. Bu gün Qərb dövlətlərinin beynəlxalq arenadakı hökmranlıq cəhdini, dünya ölkələrinin daxili və xarici siyasətinə nüfuz etmək istəyini başa düşmək bir o qədər də çətinlik yaratmır. Bu faktın arxasında Qərbin güclü maliyyə sisteminin və davamlı iqtisadi inkişafının dayandığı məlum həqiqətdir. Beynəlxalq valyuta kimi ABŞ dolları və Avropa Birliyi ölkələrinin pul vahidi olan avro (Euro) dünya bazarında hələ də öz hakim statusunu qoruyub-saxlayır və lazım gələndə istənilən bir ölkənin (günümüzdə Rusiya, Türkiyə, Azərbaycan və s.) iqtisadi cəhətdən inflyasiyaya uğraması üçün katalizator rolunu məharətlə oynayır. Deməli, çətinlik yaradan odur ki, Qərb dövlətləri qloballaşmanı dünyada iqtisadi sahədə fironluq etmək kimi qəbul edir və bu istiqamətə doğru yön alırlar.
Məsələnin mahiyyətinin başa düşülməsindəki digər çətinlik isə qloballaşmanın mədəni və sosial həyata, o cümlədən dinə və inanca olan münasibətdə Qərb düşüncə tərzinin təsirləri atında formalaşmasıdır. Yəni, qloballaşma bu dövlətlər üçün əslində bir ideoloji silahdır. Sirr deyil ki, bu gün qloballaşma cəmiyyət həyatının mənəvi sferasına müdaxilə etməkdə davam edir. Onun bu sferanın əsasını təşkil edən dinlə münasibəti isə heç də xoşagələn deyildir. Bəzi teoloqların qloballaşmanı “hakim”, dini isə “məhkum” kimi xarakterizə etmək cəhdləri də düzgün sayılmaz. Əlbəttə, din qlobal sistemin inkişafında və ya onun cəmiyyətdən kənarlaşdırılmasında hər hansı bir rol oynaya bilər. Lakin bu heç də o demək deyildir ki, inkişaf etmiş cəmiyyətlərdə din arzuolunmaz amilə çevrilsin. Reallıq ondan ibarətdir ki, qloballaşma həm dinin icra tərəfini canlandıracaq sosial mühit hazırlamaqda, həm də dinin funksional əsasında ciddi təxribat edərək onun qlobal bir sistem olmasını əngəlləməkdədir. Daha doğrusu, Qərbin qlobal iqtisadi və siyasi maraqlarının davamı dünyada dini təfriqələrə, dinlərarası və məzhəblərarası qarşıdurmalara zəmin yaradan yeni bir problemin, qlobal terrorun - məsələn, “İraq-Şam İslam dövləti” (İŞİD) yaranmasına səbəb olur, çağdaş insan hər gün bu təhlükə ilə yaşamaq məcburiyyətində qalır və bunlar bilə-bilə dinlə, xüsusilə də İslam dini ilə əlaqələndirilir.

Hələ XVIII əsrdə Avropa mədəniyyətində dünyəvi meyllərin artması Şərqlə bağlı elmi tədqiqatların aparılmasını labüd etdi. Qərb mütəfəkkirləri İslam dini, bu dinin əsasları, Həzrət Muhəmməd peyğəmbərin (s) mübarək şəxsiyyəti və həyatı ilə bağlı araşdırmalar aparmağa başladılar. Lakin o dövrdə əldə edilən məlumatlar müəyyən mövhumatlara əsaslanırdı. Tədqiqatçılar “İslamın əslində siyasi quruluş olduğunu, qətiyyən dini sistem olmadığını” iddia edir, Allah Rəsulunu (s) dünyəviləşdirməyə, o Həzrətin (s) peyğəmbərliyinə kölgə salmağa çalışırdılar. Qərb dünyasında İslam barədə batil inancların əsası da məhz həmin dövrlərdə qoyulmağa başlandı. Əgər İslam dininin əsasları və Peyğəmbərin (s) şəxsiyyəti Qərb ictimaiyyətinə vaxtında olduğu kimi təqdim olunsaydı, o zaman Avropada bu gün İslama qarşı nifrət və dözümsüzlük hissi yaşanmazdı, Rəsullullahı (s), ümmətin milli və dini heysiyyətini təhqir edən “Müsəlmanların məsumiyyəti” kimi üzdəniraq filmlər, “Charlie Hebdo” jurnalında Həzrət Muhəmmədi (s) təsvir edən karikaturalar və nəhayət “İslam fundamentalizmi” kimi qondarma amili ortaya çıxaran qərəzli KİV məhsulları ərsəyə gəlməzdi.

Digər tərəfdən bu üzdəniraq ideyaların yaranmasında Qərb modern düşüncəsinin də rolu qaçılmazdır. Belə ki, günümüzdə dünya müsəlmanları arasında İslamla modern düşüncənin qarşılaşması faktı bir çox mübahisə yaradan müzakirələr meydana çıxarır. Siyasətdən sənətə qədər sahəni əhatə edən bu mövzu ətrafında gedən mübahisələr əksər hallarda mövcud məsələlərin obyektiv analizinə, onların soyuqqanlı şəkildə həllinə əngəl törədən təqiblərə yol açır. Özlərini modern sayıb həqiqətləri söyləməkdən boyun qaçıranların acizliyi isə yaşadığımız cəmiyyətdə yeni fəsadların yaranmasına və ümumbəşəri prinsiplərin pozulmasına səbəb olur.

“Modernizm” Avropa fəlsəfəsində “dəyişilmə yolu ilə yeniləşməyə” yönəlmiş bir axındır və onun ideoloji baxışları dinə, milli adət-ənənələrə söykənərək yeniliyi qəbul etməkdən boyun qaçıran hər kəsə qarşı durmağı ifadə edir. Qərb düşüncəsinə görə modernizmi meydana gətirən modern dönəm ənənələrə sadiq cəmiyyətlərin baxışları əleyhinə çıxaraq köhnəlmiş fikirlərin dəyişməsi, dünyəviləşmə ilə xarakterizə edilir və bu səbəbdən modern insan adət-ənənənin təlqini ilə deyil, rasional düşüncə ilə davranmalı, əcdadından fərqli sosial statusa malik olmalı, dəyişən dünya ilə ayaqlaşmalıdır. Qərb modernistləri iddia edirlər ki, məhz mənsub olduqları görüş sayəsində insanlar azadlıq və müstəqilliyə qovuşdular, ölkələrdə isə respublikaçılıq ənənələri meydana gəldi. Lakin nəzəri cəhətdən müsbət görünən belə tərəfləri ilə yanaşı, modernizmin praktik baxımdan olduqca mənfi təsirləri də vardır. Belə ki, modern görüşlər cəmiyyətdə insan xislətinin bir-biri ilə ziddiyyət təşkil edən iki tərəfinin yaranmasına səbəb oldu. Bir tərəfdən insanların əmin-amanlıq məsələsi ön plana çəkildi, digər tərəfdənsə bəşər övladı üzləşə bilməyəcəyi iztirab dünyasına qərq oldu ki, bu dünyanın da adı bəşəri kontekstdə dinsizliklə yanaşı, İslam fundamentalizmi, radikal islamçılıq, sələfilik və vəhhabilikdir. Elə bu səbəbdən də ortaya haqlı olaraq bir neçə sual çıxır:

1. Görəsən din müasir dünyada müsbət yol göstərmək qabiliyyətinə malikdirmi?

2. Konkret olaraq İslam insanların mənəvi ehtiyaclarının həlli yolu hesab edilə bilərmi?

“Din” sözünün lüğəti mənası “itaət etmək”dir, terminoloji izahına gəldikdə isə çoxlu tərifi mövcuddur. Məşhur amerikalı psixoloq Uilyam Ceyms dinə psixoloji prizmadan yanaşaraq bildirib ki, din insanın Allah adlandırdığı varlıq qarşısında keçirdiyi hisslər və gördüyü işlərdən ibarət bir sistemdir. Müasir İslam filosofu və ilahiyyatçısı, Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin fikrincə isə din kainatı və insanı yaradan bir varlığa inam və bu inanca uyğun əməli qanunlardır.
Mahiyyət baxımından din geniş məna daşıyan inkişaf proqramıdır. Bu proqram inkişafın trayektoriyasını müəyyənləşdirən, insanı təbiət, cəmiyyət və Yaradanla bağlayan rabitədir. Modern hesab olunan yeniləşmə və düşüncə tərzi isə hər zaman dinlə uzlaşmasa da dinin nüfuz dairəsinə az da olsa müdaxilə etməyi bacardı və bu, dini ehkamlarda müəyyən dəyişiklərlə, yeni problemlərlə gerçəkləşdi. Proses xristian və müsəlman cəmiyyətlərindən də yan keçmədi, qədim dövrlərdən bu günə kimi davam etməkdədir, Qərbdə isə heç səngimək bilmir. Bir mərkəzdən yönəldilməmək səbəbindən Protestant kilsəsi dəyişikliklərə daha tez uğradığı halda, Katolik kilsəsində bu proses ləng getdi. Əvvəlcə modernistlərə qarşı olan Katolik kilsəsi sonradan modern düşüncələrlə barışmalı oldu. Qərb modernistlərinə görə, dini insan yaradıb, İsa peyğəmbər (ə) yəhudi məsihi olub, Tövrat və İncili isə Tanrı endirməyib (Pontifical documents concerning Modernism / New Advent. The Catholic Encyclopedia).
Göründüyü kimi, Qərbin dindən uzaqlaşması əvvəllər dini xurafatdan uzaqlaşmaq kimi izah edilsə də, sonradan avropalıların dinin əsaslarından uzaqlaşmasına və bir sıra ciddi böhranlara gətirib çıxardı. Çünki din İlahi qanun və ehkamlar üzərində qurulmuşdur, müasir tərəqqi və inkişaf isə insan zəkasının məhsuludur. Deməli, din Yaradan tərəfindən yaradılana lazım olan bir həyat konsepsiyası (həm bu dünya, həm də Axirət üçün), İlahi qanunlar məcəlləsi (səmavi kitablar baxımından), modernləşmə isə “modern əsarət” adı altında insanın öz bəlasına, onun inanc və baxışlarının təhrifinə, dini müqəddəsatların təhqirinə yol açan bir cərəyan kimi xarakterizə edilməlidir.

Qərb modernizmindən fərqli olaraq müsəlman modernistləri elmin olduğunu iddia etsələr və müsəlmanların geridə qalmasını onların ilkin İslamdan uzaq düşmələri ilə əlaqələndirsələr də sonda yanlış yol seçir və İslamda ruhaniliyə qarşı çıxırdılar. Buna görə də onların məqsədi o çağların dininə qayıtmaq, zamanla uyğunlaşmaq üçün yalnız Qurana, Quranın yenidən yozumlarına müraciət etmək idi. Onlar Peyğəmbərin (s) hədislərinə, , icma və qiyas metodlarına şübhə ilə yanaşırdılar (Mücahid H. T. Farabiden Abduha siyasi düşünce. İstanbul, “İz yayıncılık”, 1995, səh. 133).

İslam isə Allah-Təala tərəfindən göndərilən elə bir İlahi dindir ki, onun Adəm övladına verdiyi töhfələr əslində bəşəri xarakter daşıyır. Quranda İslamın haqq din olması barədə ayələr çoxdur: “De: “Ey insanlar, şübhəsiz, haqq (Quran və İslam dini) sizə Rəbbiniz tərəfindən gəlmişdir...” (“Yunus” surəsi, ayə 108); “De ki: “Haqq (İslam dini) gəldi...” (“əs-Səba” surəsi, ayə 49). Yuxarıda sadalananlar göstərir ki, haqq və həqiqət dini olmasına baxmayaraq, İslam tarix boyu müxtəlif problemlərlə qarşılaşıb və bu proses bu gün də davam etməkdədir. Elə bu üzdən də dinimiz yeni əsrin bəlası olan qloballaşma və modern düşüncə ilə münasibətlərinə çəki-düzən vermək məcburiyyətində qaldı. Axı dinimizin təbliğ etdiyi islami dəyərlər (gözəl əxlaq, ədalətli olmaq, tənzimlənmiş iqtisadi sistem və ya iqtisadi ibadət - zəkat, hüquq və bərabərliklərin qorunması, milli mənsubiyyətin, irqi və sosial-iqtisadi bərabərsizliyin inkarı) həqiqətdə qlobal səciyyə kəsb edir, onun ümumbəşəri xarakter daşıyan kodeks və prinsiplərindən qaynaqlanır. Belə olan halda müasir dövrdə İslamın adının yanlış hallandırılması məkrli siyasətdən başqa bir şey deyildir. Bu siyasət, həmçinin qloballaşmanın dini dəyərlərimizə olan mənfi təsiri kimi də başa düşülməlidir və bizlər İslam ümməti olaraq bunun qarşısını almağa çalışmalıyıq. Qərb diplomatiyası bilməlidir ki, İslam dünyası olduqca zəngin mədəni və tarixi irsə, bütün varlığın tək yaradıcısı Uca Allahın İlahi mesajları olan sonuncu səmavi Kitaba - Qurani-Kərimə və İslam Peyğəmbərinin (s) Sünnəsinə sahibdir. Elə İslamın qloballaşan gələcəyi də məhz bunların üzərində qurulacaqdır. Müqəddəs dinimizin tarixini, mahiyyəti və əsaslarını doğru-düzgün dünya ictimaiyyətinə çatdırmaq isə nəinki bizlərdən - sıravi ümmətdən, həm də İslam dünyasının elm, fikir və din xadimlərindən gərgin iş və böyük əmək tələb edir. Həmçinin, bu sahədəki maarifçilik işini ölkə daxilindən xaricə, yəni beynəlxalq arenaya çıxartmaq, İslama düşmən gözü ilə baxan Qərbin özündə gənc nəslə malik sağlam, savadlı və ixtisaslı kadrlar arayıb-axtarmaq, onları qarşılıqlı əməkdaşlığa cəlb etmək, onların İslam dininin ümumbəşəri ruhlu konsepsiyaları ilə tanışlığından ötrü keçirilən beynəlxalq səviyyəli konfrans və simpoziumların, “dəyirmi masa”ların səviyyəsini keyfiyyət baxımından yüksəltmək, beynəlmiləl prinsiplərə malik İslamın geniş ictimaiyyətə çatdırılmasında əməkdaşlığa cəlb edilən ziyalı əcnəbi kadrların elmi potensialından səmərəli istifadə etmək lazımdır. Məhz İslam haqqında doğru bilgiyə, elmi məlumata sahib olanlar dini müstəvidə düzgün dəyərləndirmə apara bilərlər və belə olduğu təqdirdə İslamın insanlığa sülh, əmin-amanlıq, xoşbəxtlik, sosial ədalətin bərpası, fikir və vicdan azadlığı, iqtisadi təminat kimi dəyərlər verdiyi aydınlaşar. Bu isə qloballaşmanın İslam dininə verdiyi müsbət töhfələrdən ola bilər və “İslam fundamentalizmi”nin tarix səhnəsindən birdəfəlik silinməsinə zəmin yaradar .

İslamın modernizmə yanaşması fərqlidir. Əvvəla, İslam insanlara hidayət yolu göstərən bir din olaraq dünyanın nizamlı tərəqqisinin tərəfdarıdır. Lakin o, Axirət dünyası üçün faydalı olan bir inkişaf istəyir.

İkincisi, İslam ruha diqqət yetirməklə yanaşı, insan dərrakəsinə də diqqət yetirir. İslam elmin fəthində insana yol göstərir, lakin Ali elm insan ağlının hüdudlarından kənardır. İslam göstərir ki, insanın dinə olan ehtiyacının yaranması onun zehni qüvvəsinin olmasına baxmayaraq, üzləşdiyi məsələnin həllində kifayət qədər çətinlik çəkməsi ilə bağlıdır. İnsanın dərketmə qabiliyyətinin müəyyən həddə olmasına dair isə Qurani-Kərimdə belə buyurulmuşdur: “...Bizim Sənin bizə öyrətdiklərindən başqa bir elmimiz yoxdur...” (“əl-Bəqərə” surəsi, ayə 32).

Üçüncüsü, İslam elmi-texniki tərəqqi yolu ilə modernləşməni o həddə qədər məqsədəuyğun hesab edir ki, bu inkişaf İlahi qanunlarla uzlaşsın. Bu səbəbdən bəşəriyyətin qarşısına çıxan yeni suallara cavab axtarmaq məsuliyyəti İslamın böyük alimlərinin üzərinə düşür, yeni hökmlər İslamın fiqh mənbələrindən əldə edilir, yeniləşən dünyada ictihadın artması isə şəri hökmlər baxımından cavabsız qalmır. Digər tərəfdən, əgər Qərbin iddia etdiyi kimi, texnologiyanın inkişafı dinə olan ehtiyacı aradan götürsəydi, o zaman insanlar hələ təkamül inqilabları dövrü olan XX əsrdə ruhun ehtiyacından imtina edərək fərqli yollar tapmalı idilər. İnsan isə nəinki dindən əl çəkmədi, hətta dinin əleyhinə tüğyan etdiyi və bu üzdən bir çox acıları yaşadığı dövrdən etibarən dinə daha da yaxınlaşdı, özündə bu ehtiyacı daha çox hiss etdi.

Dördüncüsü, İslam sülh və qardaşlıq dini, insan nəslinin kəsilməsinə qarşı duran bir dindir. Halbuki özlərini “modern dövlət” adlandırıb hərbi sahədə silahlanmaya külli miqdarda vəsait ayıran, bəşəriyyəti bir anda məhv etmək gücünə malik kütləvi qırğın silahları icad edənlər isə bu prinsiplərdən çox-çox uzaqdırlar.
Beşincisi, İslam modernizmi malik olduğu həqiqətdən uzaqlaşdıran hər cür əxlaqi geriləmə ilə mübarizə aparır. İyrənc cinsi zorakılığın artması, qadınların istismarı, klonlaşdırma, süni mayalanma, surroqat analıq, eynicinslilərin nikahı kimi bioetika problemləri isə son onilliklərdə dinə diqqətsizlik və “modern” görüşlərə aldanmaq üzündən Qərbdə meydana gəlmiş mənəvi-əxlaqi problemlərdir. Bu gün Qərb ictimaiyyəti gec də olsa anlayır ki, modernizm heç bir vaxt din və mənəviyyatı əvəz edə bilməz, dinsiz və mənəviyyatsız həyat isə daim ruhi əzaba düçardır.

Nəhayət, İslam bəşəri düşüncələrin saflığını qoruyan, bəşəriyyətin inkişafı və onun yaradılış hədəfi olan ruhun kamilliyi üçün yol göstərən bir dindir. Əgər qloballaşma və modernləşmə kamilləşməyə xidmət edirsə, o zaman İslam bunları inkar etmir və onu kamilliyə doğru irəliləyiş kimi qəbul edir. Məhz kamilləşmə İslamın təqdim etdiyi modernləşmə nümunəsidir, necə ki, İslamın böyük alimi Mürtəza Mütəhərri buyurub: “Kamil insan həyatın hər səhnəsində qəhrəman olan insandır, yəni insanlığın ən uca və yüksək mərtəbəsinə çatmış varlıq adlandırılır” (Şehid Murtaza Mutaharri, “İnsan-ı kamil”, İstanbul, “Çıra Yayınları”, 2012, səh. 4).

Əhliman Rüstəmov,
Araşdırmaçı-jurnalist

Manera.az


Baxış sayı - 2 052 | Yüklənmə tarixi: 19.08.2015 15:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031