manera.az
manera.az

Payız yağışları hopur canıma - Şeirlər

Payız yağışları hopur canıma - Şeirlər

Manera.az tanınmış şair Sabir Yusifoğlunun şeirlərini təqdim edir:

MƏNƏ BİR MƏKTUB GÖNDƏR

Susuzluqda su təki,
Bəlkə, yadına düşəm.
Mənə bir məktub göndər
Bilim ki, ölməmişəm.

Səndən başqa bilən yox,
Dərdimə bir dərman yaz.
İki kəlmə nədi ki,
Ay gözünə qurban, yaz.

Çox yox, bir varaq göndər,
Vaxtın yoxsa, ağ göndər,
əllərinin izini
evimə qonaq göndər.

Bilim harda solursan,
ay gülüm, ay bənövşəm.
Mənə bir məktub göndər,
Bilim ki, ölməmişəm.

PAYIZ YAĞIŞLARI HOPUR CANIMA

Buludlar dənizi qaldırıb yerdən,
Çırpır küçələrin boz sifətinə.
İslanmış kölgələr qaçır işıqdan,
Oğru adam kimi qısılır tinə.

Bəlkə bir nadanın günahı üstə,
Hamının başına döyür bu yağış.
Kiminin gözündə yağışdı elə,
Kiminin içini oyur bu yağış.

Mamır bağlayacaq daşların üzü,
Dərdsiz ürəklərin divarı – yosun.
Belə yağandısa mənim qəlbimdən
Vəfasız bir qızın izini yusun.

Bu payız yağışlar hopur canıma,
Daha itirilmiş torpaq kimiyəm.
Yağışlar yorulub kəsəcək bir gün,
Mən bundan o yana çətin kiriyəm.

Nə qədər gözlərdə görünməz oldum,
Məni gəzən gözlər islanır harda?
Çiçəklər, yarpaqlar quruyub ölür,
Göyərib öləcəm bu yağışlarda.

KİM ÇƏKİB GƏTİRDİ DÜZƏ DAĞLARI

Qoşula bilmədik qayalarına,
Qoşduq tükdən yüngül sözə dağları.
Havası çatışmır aran yerində, –
Kim dartıb gətirdi düzə dağları?

Qartallar səsini içində boğub,
Qayalar kolların dibinə sığıb.
Əl boyda kağızın üstünə yığıb
Barmaqla göstərir bizə dağları.

O mənəm, hər yandan yolu kəsilən,
Babəklə bir yerdə qolu kəsilən.
Köçürün bu yurdun xəritəsinə
Sinəmə çəkilən təzə dağları.

ADIN VAR ALNIMIN GÜLLƏ YERİNDƏ

Nə özün gəlirsən, nə məktubların,
səninlə gedibmi yox olan yollar?!
Bəlkə Yer üzündən qırılıb düşüb
bizim aramıza yıxılan yollar?!

Qaldığın illərin yan-yörəsindən
seyrəlib çəkildim duman, çən kimi.
Tək sənin yadına düşmürəm deyə
yadımdan çıxıram çıxan can kimi.

Ulduzu tökülüb bizim göylərin,
nə sən o çiçəksən, nə mən o dəli.
Dadı, duzu qaçmış bu xarabada
hələ ki ölməyib həmən o dəli.

…Darıxan əllərim özündən çıxıb,
Döyər qapınızı günün birində.
Mən başdan ayağa başağrısıyam,-
Adın var alnımın güllə yerində…

QƏRİBLİK

Dərdindən ölməyə bir xanım nədi,-
Bəxtimə bu gözəl Vətən düşübdü.
Əlimi çəkirəm xəritəsinə,
Əlimi Bakının buzu üşüdür.

Ürəkdə Vətənə yer qoymayanlar
Bu yurdun bağrında bağır çatladır.
Tərif yarışında, söz alverində
Özümü, sözümü ağır saxladım.

Qoruna-qoruna tamahdan, şərdən,
Gözləyə-gözləyə abır-həyanı,
Oğullar vurulub çıxdı qırağa.
Dərdini çəkənlər şəhid olduqca,
Kefini çəkənlər düşdü qabağa.

Bəlkə də yaşamaq ehtiyacından
Doğulur yurd-yuva, məskən sevgisi?
Məkanı itirmək qorxusundan çox,
Qana, cana hopub Vətən sevgisi.

Sümüyə dirənən bu bıçaqla da
Kəsib atmaq olmur ürəkdən, qəlbdən.
Doğma balasıtək uğrunda getdik,
Ögey ana kimi baxsa da hərdən.

… Vətən dediyimiz bu məmləkətin
Təki sığınmağa qucağı olsun.
Hamının qəlbində Vətən sevgisi,
Hamının öz evi, ocağı olsun .

Əlimi çəkirəm xəritəsinə
Əlimi dağların buzu üşüdür.
Dərdindən ölməyə bir xanım nədi,-
Nə yaxşı bəxtimə Vətən düşübdü.

MƏMMƏD ARAZA

Kimi bu Vətənin
qol-budağından,
kimi öz ömründən
kəsib yaşayır.
Ölüm qorxusunu bir qılınc kimi
Hamı başı üstdən asıb yaşayır.

Haqqın harayına hay verənləri
özünə tez çəkir yurdun çat yeri.
Bu da günümüzün təzə xəbəri:
yaşamaq istəyən susub yaşayır.

Qönçə ümidlərə qara yel əsir,
işıq gələn yeri hansı əl kəsir?!
Mənəm Vətən boyda
dərdin yiyəsi,-
Görənlər ha desin kasıb yaşayır!

ASILIB QALMIŞAM MİSRALARIMDAN

Əlim ürəyimə çatmır hələ də,
Ürəkdən o yana necə aşım mən.
Misramın bir ucu ürəyimdədi,
O biri ucundan asılmışam mən.

Çoxu sinəsindən ürək yerinə
Götürüb bir quru adını asıb.
Gətir əlindəki daşı yerə qoy,-
Kimsə ayağımın altını qazıb.

Asılıb qalmışam misralarımdan -
Günəşdən asılan Yer kürəsitək.
Dəridən-qabıqdan çıxan canımı
Verirəm dünyaya ev kirəsitək.

Taleyim evimin qapısı deyil,
Yetənin üzünə aça bilmirəm.
Asılıb qalmışam misralarımdan,
Hamının könlündən keçə bilmirəm.

Bölünür günlərim ağa-qaraya,
Ömür yavaş-yavaş keçir yarıdan.
Bu qələm mənimçün dar ağacıdı,-
Asılıb qalmışam misralarımdan...

TÜRKÜN BAYRAĞINI KÜLƏKDƏN ÖNCƏ

Türkün bayrağını küləkdən öncə
Başların üstündə yellədən qandı.
Günəşdən süzülən işıq selitək,
Doğudan Batıya yol gedən qandı.

Dünyanın yolları alın yazımız,
Dünyanın hər günü bu qandan keçib.
Türkün bayrağından keçən olmayıb,
Əyilib altından yüz dövran keçib.

Silməz yaddaşından batan qanları,
Zamanın hökmüylə barışan deyil.
Tamam bambaşqadı qan qrupumuz,
Hər axıb gedənlə qarışan deyil.

İçimdə yalquzaq yanğısı ilə
Ulayan həsrətdən qaynayır qanım.
Ayı-ulduzuyla göz qamaşdıran
Günəş parçasına oynayır qanım.

Türkün bayrağını küləkdən öncə
Başların üstündə yellədən qandı.
Günəşdən süzülən işıq selitək,
Doğudan Batıya yol gedən qandı.

BİZİ BELƏ GÖRMƏZ GƏLƏN PAYIZLAR

Düşür budaqlardan sonuncu yarpaq, -
Sinəmin altında çırpınır indi.
Ağaclar olanın payıza verib,
Yağışın altında çırpılır indi.

Dolanır boynuna lüt ağacların,
Payızın rənginə boyanır külək.
Mənim gözlərimlə tindən, bucaqdan,
Sənin yollarına boylanır külək.

Düşüb sümüyünə payız havası,
Yellənə - yellənə xəzəl oynayır.
Saçının ətrini alıb əlimdən,
Körpə uşaq kimi Xəzər oynayır.

Yerimiz, göyümüz, harayımız bir,
Bu dərdlər içində öz payımız var.
Nə deyim bu ömrə, bu bəxtə… hayıf!
Bizi belə görməz gələn payızlar.

MƏN BU ÖMRÜN DÖNGƏSİN DƏ DÜZ KEÇDIM

Al ömrümün qalanını,
sür getsin,-
Bəlkə sən bir gün görərsən, qarışqa.
Heç qıymazdım bir kimsəyə bu ömrü,
əvəzində nə verərsən, qarışqa?!

Tutdu bizi batan yurdun qarğışı,
gah qırağda, gah arada qalmışıq.
Darıxanda bu xaraba qalmışı
ağı deyib dindirərsən, qarışqa.

Nə danışım o xanımdan, qadından?!
Ölüb getdim, çıxmadı ki yadımdan...
Nəsə tapsan –
ocağından, odundan,
qəbrim üstə göndərərsən, qarışqa.

Dən boydadı yer kürəsi gözündə,
qarışqayıq hamımız yer üzündə.
Çiynindəki bu dünyadan bezəndə,
dartıb qəbrə endirərsən, qarışqa.

Keçiləsi bir can vardı, tez keçdim,
öz bəxtimə düşəndən də vaz keçdim,
Mən bu ömrün döngəsin də düz keçdim,
hara gəldi sən sürərsən qarışqa...

QADIN ELANI

Dünən,
əlli yaşını qeyd eləyən kişi,
əlli yaşını qeyd eləyən kimi,
gecə yarısı
evdən çıxıb…
və qayıtmayıb.
Şəkli?…

– Hə…
Üzü divara dirənmiş
güllələnən kişi duruşu…
…Cibində xırdalanmış
50 illiyin
qəpik-quruşu.
Çıxarkən başında ağ saçları,
üzündə sevinc,
gözündə
dərdin istehsalı olan nəmli kədər,
dizində daşlı yolların ufultusu,
əynində qara rəngli bəxt olub…
…onsuz da uzaq gedə bilməyəcək! –
şəxsiyyət vəsiqəsi
və nikah kağızı
məndə qalib…

ÜRƏYİMDƏN ÇIXIR SÖZÜMÜN CANI

Kağız üstə düşən kölgəsi deyil-
Ürəyimdən çıxır sözümün canı.
Nə tanrı eşitdi mən deyənləri,
Nə oxuya bildim tanrı yazanı.

Ən uca səslə də qaldırmaq olmur,
Qələmin ucundan yıxılan sözü.
Hər gün təmtəraqla dəfn eləyirik
Tabut kitablara yığılan sözü.

Qələm də üstündən sürüşüb keçir,
Sözün sehrlisi qalır dərində.
Dən izi düşməyən
bir çimdik torpaq
Gəzirəm
min illik əkin yerində.

YADIMDAN ÇIXIRAM

Nə özün gəlirsən, nə məktubların
Səninlə gedibmi yox olan yollar.
Bəlkə yer üzündən qırılıb düşüb
Bizim aramıza yıxılan yollar.

Qaldığın illərin yan-yörəsindən
Seyrəlib çəkildim duman, çən kimi.
Tək sənin yadına düşmürəm deyə,
Yadımdan çıxıram çıxan can kimi.

…Ulduzu tökülüb bizim göylərin
Nə sən o çiçəksən, nə mən o dəli.
Dadı, duzu qaçmış bu xarabada
Səninlə bir ölüb həmən o dəli

YARAMDA GİZLƏNƏN QƏLPƏ KİMİSƏN

Şehli çəmən bilib keçdin ömrümdən,
Hər gün təzələnir səndən qalan iz.
Ürəyim sazaqda tinə qısılan
Dilənçi uşaqtək sızlayır sənsiz.

Yaramda gizlənən qəlpə kimisən,
Ağrın çəkilmir heç yuxumdan belə.
Elə dərindəsən çıxarmaq olmur –
Divar qonşususan ürəyim ilə.

Səsin də yoxdu ki, maqnitafonda,
Hər gündən ömrümə bir an yazıla.
Eh, bu da taledi, tək sən deyilsən
Nikah kağızına yalan yazılan.

BU DÖVRAN DAYAZLARINDI

Bu yurdun uğrunda
ölə bilmədin,
indi yaşamağa döz qırağında.
Bəxtinə düşəni əlindən alıb,
dedilər təzəsin gəz qırağında.

Qurtardı səbrdən
hörülmüş divar,
hamını bır yepə yığdı bu yollar.
İlahi, sən göstər,
ayrı bir yol var,-
qalmışıq uçrumun
düz qırağında.

...Sınmadın, ürəyin
çoxundan sındı,
sınan oğullar da
yoxundan sındı.
Görmürsən,
bu dövran dayazlarındı,
dərinə çox getmə,
üz qırağında...

PAYIZDAN BİR YARPAQ

Sarı-sarı ağacları
Yarpaq-yarpaq soyur külək.
Bəlkə, elə isinməyə
Yer axtarır soyuq külək?

Ürəyimi – xatirələr,
Yarpaqları – külək ovur.
Adamların arasıynan
Tale məni hara qovur?

Ya dəli ol, ya dərdli ol:
Biri bilsə, beşi bilməz.
Bu küləkdə hönkürtüynən
Ağlasan da eşidilməz.

BU GÜNƏ

Nə siqaret çəkmədik,
nə də içmədik kefdən.
Qapımız çöldən bağlı,
bəximiz hər tərəfdən.

Nə səsinə səs verən,
nə əlindən tutan var.
Elə görünüb keçdi
könlümüzə yatanlar.

Ümidlər əldən düşüb,
bu dörd divara dəydi.
Yoxx!
Bu yaşamaq deyil,
nədisə başqa şeydi.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031