manera.az
manera.az

Vaz keçdim uğursuz səadətimdən... | MANERA.AZ

Vaz keçdim uğursuz səadətimdən... | MANERA.AZ

Manera.az Faiq Hüseynbəylinin yeni şeirləni təqdim edir:

SƏSƏ GƏLİRƏM

Nəsə, gedirəm özümdən,
Özümə, nəsə, gəlirəm.
Sözlə əriyib sönürəm,
Dirçəlib səsə gəlirəm.

Zil nədi, pəsdən düşürəm,
Sanma ki, qəsdən düşürəm.
Hər gün həvəsdən düşürəm,
Hər gün həvəsə gəlirəm.

Özün bağışla günahı,
Bağışla, könlümün şahı!
Qarşıla məni, İlahi,
Yanına kəsə gəlirəm.

YADDAŞ

İz ayağın yaddaşıdı,
Başın da öz yaddaşı var.
Böcəyin böcək taleyi,
Quşun da öz yaddaşı var.

İki başı var, yüz dili,
Şair dilidi söz dili.
Qayanın, dağın öz dili,
Daşın da öz yaddaşı var.

Ömür var, əzaba dönür,
Ömür var, kitaba dönür.
Kababla kababa dönür,
Şişin də öz yaddaşı var.

İki deyil, üçdü dünya,
Başımıza uçdu dünya.
Şair, demə boşdu dünya,
Boşun da öz yaddaşı var.

GÖYLƏRƏ MƏKTUB


Ey mələk, gəl apar bu qara baxtı,
Gəl apar, yenidən düz mənə göndər.
Ömrümə vurduğun ilmə-düyünü,
Allah xatirinə çöz, mənə göndər.

Arzuya-muraza çatım Eşq ilən,
Tənhalıq daşını atım Eşq ilən.
Yenidən günaha batım Eşq ilən,
Cənnət almasından üz, mənə göndər.

Adəm övladıyam, tənhayam, təkəm,
Qoyma yalnızlığı tək-tənha çəkəm.
Bəlkə də mən özüm dərdimə yükəm,
Bir Həvva cildində qız mənə göndər.

Vaz keçdim uğursuz səadətimdən,
Bir sona varmadım nəhayətimdə.
Divlər ölkəsində kəsdim ətimdən,
Yarama qoymağa duz mənə göndər.

Başıma oyun aç, yenə iş artır,
Səmadan torpağa bir az düş, artıq;
Dərdimi-qəmimi birəbeş artır,
Ocaq çatmaq üçün köz mənə göndər.

Ta üzüm gəlməyir günah etməyə,
Sirrimdən aləmi agah etməyə.
Allaha dərdimi izah etməyə,
Bir kövrək, duyğulu söz mənə göndər.

Verirəm küləyə, rüzgara baxtı,
Yarısı olmayan bu para baxtı.
Ey mələk, gəl apar bu qara baxtı,
Gəl apar, yenidən yaz mənə göndər.

XƏBƏRİN GƏLMƏDİ

Xəbərin gəlmədi, zəng də etmədin,
Adın çiçəklədi solan günümdə.
Hansı həqiqətə əl açım ki, mən,
Bu fani günümdə, yalan günümdə.

Səndən sonra qaldı saylı gecələr,
Haraylı gecələr, haylı gecələr.
Yer ilə yeksandır aylı gecələr,
Günəş qürub edir talan günümdə.

Qəribə deyilmi zəmanə, bir bax,
Yerini təkəbbür, hiylə tutacaq.
Kimdi quyruğumu tapdayan axmaq?
Qoy küssün özündən ilan günümdə.

Ey ən ali varlıq, ey bəşər, adam,
Allahla arana söz düşər, adam.
Belə sənsizliyə öyrəşər adam,
Belə olmalıymış olan günümdə.

Hələ qurumayıb şeirin qanı,
Söz-söz, nəfəs-nəfəs gəzir dünyanı.
Allah, al geriyə verdiyin canı,
Sənin umuduna qalan günümdə.

Yenə də Cəbrayıl göylərdən enə,
Qayıdıb dünyaya doğulam yenə.
Ruhumu əmanət edirəm sənə,
Əzrayıl canımı alan günümdə.

TALEYİN İNADI

Həyata keçməsəydi
O məkrli planlar,
Bəlkə ayaq açmazdı,
Yürüməzdi yalanlar.
Nə sən bildin, nə də mən,
Kim uddu bu oyunda.
Sən bir az tez böyüdün,
Fikirlərin qoynunda.
Mələk üzlü şeytanlar,
Odu sevdi, eybi yox.
Əzizini unudub,
Yadı sevdi, eybi yox.
Hansı fəsildi indi?
Unutmuşam təqvimi.
Söylə, sənin günlərin
Keçirmi bayram kimi?
Fikri nədir fələyin,
O hansı xəyaldadır?
Dünən məni aldadan,
Bu gün səni aldadır.
Qəlbində tək qanadlı,
Bir sevgi bitirərsən.
Özünü tanıyanda,
Hamını itirərsən.
Mən riyaziyyatçıyam,
Topladım, çıxdım - ömrü -
Vurdum, böldüm. Bir ömür
Elə darıxdım ömrü...
Toplasan da, vursan da,
Hasili, cəmi yoxdur.
Kimdi o xoşbəxt olan,
Kimdi o, qəmi yoxdur?
İlan vurub yuxumu,
Ölməmişəm, bir iş var...
Xəbər gəlir tamahdan:
Burda üç, orda beş var.
İnanma, aldanma sən,
Yıxıldınsa, ağlama.
Bir də şirin sözlərə,
Vədlərə bel bağlama!
Məni unutdun yəqin,
Düşmürəm heç yadına.
Sadəcə yaşa, yavrum,
Taleyin inadına.

Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930