manera.az
manera.az

Saqqaldan yuva - Jalə İsmayılın hekayəsi

📅 06.10.2018 18:27

Saqqaldan yuva - Jalə İsmayılın hekayəsi
Bəyaz saqqalında bir qarışqa vardı. O da aşağıda bənd almaq istəmir, bütün gücünü toplayıb, yuxarı dırmaşmağa çalışırdı. Amma yanaqdan yuxarısı ona haramdı – yenə sürüşüb düşürdü saqqalın ucuna. Mən qorxurdum ki, saqqal sahibinin üzü qaşınar və o, böyük, kobud əli ilə qarışqanı əzib öldürər.

Bu mərhəmət hissi haradan dolmuşdu ürəyimə, bilmirəm. Elə bil dəfələrlə qarışqa yuvasına su tökən, ora-burasına çıxanda barmaqlarının arasında əzib tullayan mən deyildim. Yəqin o an Allahın mərhəmətinə daha çox ehtiyacım vardı. İmtahana gedirdim axı. Düz dörd saat sonra rumın dili biliklərimi sınağa çəkəcəkdilər. Vacib imtahandı. İki saata çatardıq oxuduğum şəhərə. Bir-iki saata da yemək-filan. Özümə gəlməyə vaxtım olacaqdı. Avtobusdakı sakitliyə də ümidim çoxdu. Öz aləmimdə bu sakitlikdə dincəldiyimi düşünürdüm.

Bəyaz saqqalı sərxoş adam məhz bu vaxt – mənim sakitliyə söykəndiyim və ürəyimdə dua etdiyim vaxt – minmişdi avtobusa. Yol kənarından əl yelləyib saxlatmışdı avtobusu. Nimdaş plaşının ətəyini yığıb, qarşımdakı boş yerdə oturan kimi də ətrafı süzməyə başlamışdı. Həmsöhbət axtardığı bəlli idi. Yanımda oturmuş xanım spirtin iyini ilk hiss edən sərnişin idi hər halda. Balaca burnunu qırışdırıb, arxada boş yer görmək ümidi ilə geriyə boylanmışdı. Yer yoxdu. Saqqallı adam isə ətrafa yaydığı kəskin spirt iyinə rəğmən, oturmamışdan əvvəl hamı ilə ədəblə salamlaşmışdı. Bu mənim xoşuma gəlmişdi.
Yaşlı adam, ənənəvi rumın adlarından, deyək ki, məsələn, Mihay, əvvəlcə yanındakı qızı söhbətə çəkməyə çalışdı:
– Sizi haradasa görmüşəm…
Qız gülümsədi, cavab vermədi.
– Doğrudan deyirəm. Görmüşəm sizi… Mənim “La Skala”da dostum var, metso-soprano – Klaudiya! Ona oxşayırsız. Sizi tanış edərəm.
Qız onunla danışmaq istəmədiyini göstərmək üçün kitab çıxardı. Bəyaz saqqalı Mihay kişi lap həvəsləndi.
– Ooo, Kartaresku! Yaxşı tanıyıram. Saçlı oğlandı. “Nə üçün qadınları sevirik” oxuyursan, hə? Öz aramızdı, yaxşı açıqlaya bilməyib niyə sevdiyimizi. Əslində o essedə bircə cümlə olmalıydı: çünki başqa cins yoxdur!
Mihay kişi qəhqəhə çəkdi. Spirt dalğası sonuncu oturacağa dəyib qayıtdı. Hamı gülüşdü. Bəyaz saqqallı adam çox xoşbəxt görünürdü. O, yarısı tökülmüş, digər yarısı adda-budda şəkildə ağzına səpələnmiş sapsarı dişlərinə rəğmən, ürəkdən gülürdü. Dişlərini saymaq istədim hətta. Çatdırmadım. Mihay kişi yanındakı qızla dialoq qura bilmədiyi üçün artıq digər sırada oturmuş oğlana qarmaq atmışdı.
– Sən Klaudiyanı görsən, ürəyin dayanar. “La Skala”dakı dostumu deyirəm. Metso-sopranodur. Çox gözəldir. İstəsən tanış edərəm səni. Amma sənin, deyəsən, sevgilin var. Belə qəşəng oğlanı qızlar qoymaz yerdə qalsın. Xoşbəxt ol, əzizim.

Oğlan gülüb təşəkkür etdi. Mihay da güldü. Sonra anidən kədərləndi. Dərindən ah çəkdi. Bir az pəncərədən bayıra baxıb, qəfildən gözlərini üzümə dikdi.
– Saqqalımı bu sabah özüm kəsmişəm. Bilirsən niyə?
– Yox, bilmirəm.
– Bir yuxu görmüşdüm. Ona görə. İstəyirsən, sənə danışım yuxumu?
– Danışın.
– Yuxu yoza bilirsən?
– Yox.
– Eybi yox. Onda elə-belə qulaq as. Yuxuda görürəm, saqqalım çox uzanıb, dizə qədər çatıb. Yatmışam, sərçə gəlib yuva qurub saqqalımda, balaları da var. Yuxudan oyanıram, amma qalxa bilmirəm. Bala quşlar civildəşirlər yuvada, anaları uçub gəlir. Mənə hücum çəkir. Mən quşu başa salmağa çalışıram ki, siz mənim saqqalımı işğal etmisiz, məndən soruşmadan saqqalımda yuva qurmusuz. Amma ana sərçə imkan vermir. Əslində quş dilini bilirəm, sadəcə quş qoymur dərdimi deyim. Axırda özümü ölülüyə vururam. Sakitcə uzanıram. Sərçə ailəsi də sakitləşir. Öz-özümə fikirləşirəm ki, bala quşlar böyüyənə qədər gərək belə uzanıb qalam. Ayağa dursam, yuvaları dağılacaq. Amma bunlar nə vaxta böyüyər? Ətcə balalardı. Çıxılmaz vəziyyətə düşmüşdüm. Yuva dağıtmaq ağır günahdır, bilirsən də?
Mən cavab vermədim. Mihay kişi sakit-sakit güldü. Sağdan yuxarıda iki dənə, soldan aşağıda bir dənə diş göründü.
– Yuxudan qan-tər içində oyandım. Gördüm yox, quş-zad yoxdur, saqqalım da sinəmi yeni keçib, dizimə çox var. Amma yenə də ehtiyatı əldən verməyim dedim, qonşu dərzidən qayçı alıb kəsdim bir az.
Yenə sakit-sakit güldü, saqqalını sığalladı. Mən qorxdum. Əlini saqqalından çəkəndə qarışqanın hələ də aşa-aşa yuxarı çıxmağa çalışdığını gördüm. Sevindim.
– Əgər həyatda da başıma eyni şey gəlsəydi, bilirsən nə edərdim?
– Yox.
– Mən yenə saqqalımı kəsərdim. Yuva dağıtmaq ağır günahdır.
Avtobus on beş dəqiqəlik fasilə verdi. Sərnişinlər təbii ehtiyacları üçün ayaqyolu-terras kafe arasında yer dəyişdirməyə başladılar. Mihay bir qəhvə alıb mənim masama yaxınlaşdı. Oturmaq üçün icazə istədi. Cavab gözləmədən oturdu. Tez saqqalına baxdım. Qarışqa orada idi.
– Hansı şəhərdənsən?
– Buralı deyiləm.
– Deyirəm axı, “hə-yox”dan başqa heç nə demirsən. Xaricisən?
– Hə.
– Gəzməyə gəlmisən?
– Oxuyuram.
– Rumınca necə bilirsən?
“Bilirəm” demək böyük səhv olardı. Onunla söhbət etməyə halım yoxdu. Həm fikrim imtahanda idi, həm də küçə sorğularından bir adət qalmışdı məndə. Danışmaq istəməyəndə: “Xariciyəm”, – deyib, yola verirdim. Xüsusən də, qızlar olanda. Qəşəng oğlanlar sorğu keçirəndə isə bildiyimi də deyirdim, bilmədiyimi də. Mihay qəşəng oğlan deyildi.
– Bir az.
– Fikir eləmə, öyrənəcəksən. Düzdü, çətin dildir. Amma öyrənəcəksən.
– Çalışıram.
Mihay kişi fikrə getdi. Qəhvəsini araq kimi başına çəkdi. Fincanı yerə qoyub, üzümə baxdı.
– Hamı məndən qaçır. Dinləmirlər məni. Sən də ki… Nə danışım səninlə? Heç rumınca da düz əməlli bilmirsən. Bəlkə də belə yaxşıdır. Dil bilənlərə dərdimi danışa bilmirəm. Oğlumdan necə şikayət edim adamlara? Utanıram. Amma sənə danışaram. Onsuz da başa düşmürsən.
Mihay kişi qəmli-qəmli güldü. Siqaret yandırdı.
– Yuvamı dağıtdı oğlum. Mən universitetdə müəllim işləyəndə mənimlə fəxr edirdi. Elə ki, qocaldım, əldən düşdüm, bir az içki-filan, o da məndən üz döndərdi. Evimi satdırıb ipotekaya girdi guya. Sonra məlum oldu ki, heç ipotekaya da girməyib, arvadına da yalandan deyib ki, mən satmıram kənddəki evi, pul vermirəm onlara. Gəlin də küsdü məndən. İndi də nəvəmlə görüşməyə qoymur. Adını mən qoymuşam – Klaudiya. O, böyük müğənni olacaq, bu adı çox eşidəcəksiz hələ. “La Skala”da oxuyacaq… Oğlum axmaq da məndən pulu al, sevgilini götür, get İtaliyaya gəzməyə.
Qəhqəhə çəkdi. İkinci siqareti yandırdı.
– Alçaq oğlan atasına oxşadı. Mən də cavanlıqda az gəzib-tozmamışam da, onu başa düşürəm əslində… Düzdür, hər oyundan çıxmışam, amma heç kimin yuvasına göz dikməmişəm… Nə isə, dedim, dağıtma yuvamı, insan yuvasız heç nədir. Didərgin düşəcəyik. Günahdır, dağıtma yuvamı, sənin də yuvan dağılacaq… Arvadı öyrəndi bunun gizli işlərini, qovdu evdən. Qurşandı içkiyə. Sevgilisi də atdı bunu. Əmisigildəydi. Eşitdim ki, qardaşım da atıb çölə. Ürəyim dözmədi, gedirəm şəhərə, görüm tapırammı… Özüm ayaqqabı dükanının anbarında qalıram. Amma ora biradamlıq kamera kimidir. İkinci adama yer yoxdur… Ancaq ürəyindəkilər qala bilərlər…

Siqaretin kötüyünü yerə atıb, burnunu çəkdi. Gözlərini silməyə ehtiyac duymadı. Bəlkə də ağlamağından xəbəri yoxdu. Qarışqa öz işindəydi – yenə dırmaşırdı. Mihayın bir damla göz yaşı saqqal aşağı sürüşürdü. Haradasa bığın yanında görüşdü onlar. Bapbalaca göz yaşı qarışqanın Sizif daşı oldu. Qarışqa onsuz da çətin olan bu yolda gözlənilməz maneənin haradan çıxdığını bilmədən, bu göz yaşı daşını yuxarı itələməyə çalışdı. Gücü çatmadı. Daş əvvəlcə qarışqanı uddu, sonra da onu özü ilə bərabər bəyaz saqqallının çirkli yaxalığına saldı. Mihay köhnə plaşının yaxasını qaldırıb, kədərlə gülümsədi.
– Soyuqdur, xanım qız, bəzən mənə çox soyuq olur. Hətta hiss edirəm ki, küçədəki soyuqdan da soyuqdur içim…
Qarışqa Mihayın kir-pasağına qarışıb yox oldu. O isə danışırdı:
– Klaudiya dedi ki, gəl bura, İtalıya daha istidir. Nə var Karpatlarda? Gəl Milan küçələrində sərxoş-sərxoş veyillənək, səhərəcən mahnı oxuyaq. Axı mən də oxuyurdum cavan vaxtı… Mən də dedim ki, olmaz, Kladi, sən metso-sopranosan, səsini qorumalısan, sənə içmək olmaz. Səni ancaq səninlə içməyərək, qoruya bilərəm, başqa heç nəyə gücüm çatmaz…
Siqnal səsi bizi avtobusa doldurdu. Sakitləşmişdim. Dərdim dərd görüb, yumağa dönmüşdü. Mihayın gözləri yol çəkirdi. Qarışqa gözə dəymirdi. Mən kədərli idim. Klaudiya da bu saatda yəqin ki, məşq edirdi “La Skala”da.
…İmtahandan keçə bilmədim. Hər şeyi istisna olan bu dilin tamamlıqlarını qarışdırdım, sifətləri unutdum. Fikrimi toplaya bilmirdim. Müəllim narazı qalmışdı. Üz-gözünü turşudub oturmuşdu. Ona demək istəyirdim ki, məni kəsməyin, vallah rumınca bilirəm. Nə sifət, nə tamamlıq? Mən rumınca dərd dinləmişəm və anlamışam. Amma demədim. Deməli idim, demədim. Danışmalı olduğum yerdə danışa bilmədim yenə…

Jalə İSMAYIL


Baxış sayı - 2 034 | Yüklənmə tarixi: 06.10.2018 18:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031