manera.az
manera.az

"Şeytan da bizik, Allah da..." - Xan Rəsuloğluyla Söhbət

📅 21.08.2018 13:46

"Şeytan da bizik, Allah da..." - Xan Rəsuloğluyla Söhbət

Manera.az Rəşid Bərgüşadlının Xan Rəsuloğluyla virtual söhbətini təqdim edir:
İcazə verirsinizsə, bir-birimizə “sən” deyə müraciət edək...

Əgər Allahımıza da "Sən" deyə biliriksə, deyiriksə, bəndə nə karədir ki?

Açığını deyim, əlli mindən çox kitab oxumuş biri kimi nəzərimdə qeyri-adi insansan. Məni ayağımdan tutub təpəsiaşağı silkələsən üstümdən cəmi-cümlətani 200-250 kitablıq toz düşər. Sən bu qədər kitabı necə oxumusan?

Uşaqlığımdan 35-40 yaşımacan özümü kəşfiyyatçı kimi yetişdirmək – bütünləşdirmək üçün bir çox qabiliyyətlərimi yetişdirmişəm... Bunlardan biri də sürətli oxu vərdişidir. Hətta kurslara da getmişəm, bu sahədə məşhur Lyözerin kitabını da konspektləşdirmişdim... Yaddaşımı da eyzən, bu yolla formalaşdırırdım. Amma istənilən qabiliyyət itilənmədikcə bıçaq kimi korşalır. Əlli min kitabı simvolik deyirəm. İti oxu və mövzuyla tanışlıq üçün kitabı gözdən keçirməyə qalsa (bu zaman beyin daha gərgin və sürətlə işləyir), onda bu rəqəm yüz mini çoxdan keçib... 1989-2001-ci illər ərzində SSRİ – Rusiya və Azərbaycanda çıxan sayseçmə, ən vacib qəzet və jurnalların nəzərdən keçirilməsi və kəsilib-cırılıb xəşələrə yığılmasına gedib ömrüm. Təsəvvür elə, gündə 12-15 saat. Bakıdakı mərkəzi kitabxanalardan maklaturaya verirdilər. Azı bir otaq tutardı. Sonralar da əlimə belə "xəzinələr" düşürdü. Bəlkə 600-700 evdən özüm kitablar götürmüşəm, 30-50 qat artığını camaat özü gətirib. Oxuduğum kitabların – informasiyaların 90 %-lə uğraşmasaydım, həqiqətən heç nə itirməzdim. Müəllim və kitabçı kimi vacib missiyamdan biri də oxucularımı dəyərsiz kitablardan uzaqlaşdırmağımı sayıram. Vacib pedaqoji fənd var: “Uşaqlar özləri nə istəyirsə, onunla da məşğul olmalıdır. Amma biz böyüklər elə şərait yaratmalıyıq ki, onlar daha çox faydalı və inkişaf etdirən işlərə yönəlsinlər” ...

Dəyərmi bunca əziyyətə? Heç olmazsa, bu qədər informasiyalardan süzülən və insaniyyətlik üçün ən ali tezislərin qısa siyahısını tərtib etmisənmi?

Eyni sualla islam dünyasının ensiklopedik biliyə malik alimlərindən birinə üz tutublar: "Nadanlardan uzaq durun!" – deyib. Sistemləşdirməmişəm, amma nəticələrim sözsüz ki, var. Ən ali istəklərimdən biri filosof-milyarder Templtonun "Həyatın ümumdünya qanunları" kitabından çıxardığım nəticələr üzrə cəmi bir kurs olmaqla 200 saat kompleks seminar-mühazirə deməkdir...

Oxuduğumuz kitablardan gəldiyimiz nəticələr maddi durumumuzdan daha çox mənəvi ovqatımızın göstəricisi ola bilər. Bu ölçüylə yanaşsaq, həqiqətən çox zənginəm, o qədər ki, təkadamlıq kameraya məhkum olsam da darıxmaram xəyallarım, düşüncələrimlə... Mən də bu cür insanam, nə etməli?..
Nədi adam olmaq və insan olmaq arasındakı fərq?


Mifologiyasız, etimologiyasız "adam" sözünü daha çox bioloji, "insan"ı isə ictimai məvhum kimi qəbul edirəm. Bizim axtardığımız, arzuladığımız isə bu ikisinin vəhdətindədir, yəni, insan adam. Adamı yaradan Allahdırsa, insanı yaradan ictimai münasibətdir, mühitdir.

Allahmı bizi yaradıb, yoxsa bizmi Allahı? Cəhənnəm kimi bir əzab məkanı düşünüb yaradan Allah, səncə, deyildiyi kimi Rəhman və Rəhim ola bilərmi??


Heç vaxt dindar olmamışam, amma bizim mahiyyətimizin ruhani tərəfi də var axı. İman Poroxovanın (Valeriya (İman) Mixaylovna Poroxova - rusiyalı sinxron tərcüməçi. Quranı ruscaya izahlı tərcümə edib. ) kim olduğunu bilərsən yəqin, onun gözəl bir fikri var, demişdi ki, – “Allah dünyanı yaratdı və Yer üzünə peyğəmbərləri vasitəsiylə xəbərlər göndərdi. İnsanlar o xəbərlərdən özlərinə din düzəltdilər”. Ən böyük alimlər, filosoflar belə dünyaya, beynimizə aydınlıq gətirə bilməyiblər. Allahın yoxluğunu sübut edə bilməyiblər. 124 min peyğəmbər də gəlib, insanları Allah yoluna gətirə bilməyiblər. Əslində bu, bəlkə də xoşbəxtliyimizdi. Ona görə ki, insanda arxayınçılıq məsuliyyətsizlik və israfçılığa gətirib çıxarır. Necə deyərlər, "qaymaq yedizdirib, maymaq böyütmüşük" – bəlasına ürcah ola bilərik...

M. F. Axundov kimi, mən də bütün dinləri puç və əfsanə saymıram, amma birmənalı şəkildə həqiqət də saymıram. Dinlərin "tiryək"(K. Marks) olmasına və idarəetməni asanlaşdırmaq üçün yarandığı fikriylə də razı deyiləm. Din də, elm kimi, ağlın və ruhun axtarışlarıdır. Peyğəmbər və alim dediyimiz insanların gəldiyi nəticələr, insanlara müjdə kimi verdiyi təlimlərdir. Əfsus ki, sözlər nisbi olduğundan insan ağlı da misbi məvhumlarla həqiqəti dərk eləmək sarıdan hələ ki, çox acizdir. Nəticədə bu təlimləri də bəzən kəlləmayallaq, tərsinə anlayır. Dini də, "allah kəlamı"nı da çoxları öz nəfsinə uyğun yozur. Əslində Allahdan istədiyimizi biz çox vaxt öz ağlımızdan tələb edə bilərik, etmirik. Bunu bütün antivariantları nəzərə alıb deyirəm... Aldığımız təlim-tərbiyə imkan vermir ki, əxlaq və məntiqimizə uyğun olmayan addımlar ataq. Vitqenşteyndən yadımda qalıb, – “Yalanlar bu qədər yararlı ikən, insanlar həqiqət deyə nə arayırlar görəsən?” – çox dəhşətli fikirdir, lap şapalaq kimi... Allahın özü də insanla bacara bilmir. İnsan, özünün şişən-genələn vaxtında, az qalır Allaha da meydan oxusun. Şeytana papış tikən, Allahda qüsur axtaran insan... Bizi Allah yaradıb, amma Allahdan uzaqlaşdıqca Onun rəhman və rəhm nurundan da aralanırıq, başlayırıq özümüzdən allahlar, ayələr qondarmağa...

Qorxursan Allahdan?

Biz nəinki cəlladın, padşahın, hətta Allahın qarşısında da qorxu-hürküsüz olmalıyıq. "Mən Allahdan qorxmuram" adlı bir şeirim var, son misrası belədi: Allahımdan qorxuram ki, mən Allahdan qorxmuram!”...

Mərhum dostun Fərhad Metenin belə bir misrası var: "Kaş şeytana gül ataydıq, daş atıb düşmən elədik" ... Dünyanı düzəltmək üçün şeytanla dostluq... Heç bu barədə düşünmüsən?


Şeytan üçün müqəddəs heç nə yoxdu, amma onsuz da dünya yoxdu. Hötenin "Faust" əsəri bütünlüklə insan-şeytan münasibətlərinə həsr olunub və onun bir deyimi məni bir çox çıxılmaz vəziyyətlərdən xilas edib. İ.V. Höte deyir: "Ömrüm boyunca yalan danışmamışam, amma dəfələrlə susmağa məcbur olmuşam"... Heç kim həmişə qəhrəman ola bilmir. Bir şagirdimdən eşitdiyim başqa aforizm də heyrətamizdir: "Haqqı söyləmək sənin haqqındır, amma hər həqiqəti söyləməyə də sənin haqqın yoxdur". Məsələ bundadır ki, istər siyasi, dini, istərsə də elə əxlaqi, ictimai məsələlərdə elə nüanslar, faktlar var ki, onları bilmədən fikir yürütmək qeybət və şayiə yox, təhqir-böhtan da ola bilər, sirr də. Bunu dilə gətirməklə də qaş qayırdığımız yerdə göz çıxarmış ola bilərik. Şeytana inanmasam da, onu ki, mən yaratmamışam və deməli, onun da yaşam haqqını tanıyıram. Onun bəd əməllərinə gələndə isə deyirəm ki, hər kəs bir dönüb də özünə baxsın.

Bilirsən, Rəşid, tanrıdan ilahi bir tərəzi almışıq – beynimiz. Ölçü-biçiyə də özümüz cavabdeh deyilikmi? M. Qorki deyirdi ki, sadəlövh görünməkdən qorxmayın. Mən bu fikri də, B. Vahabzadə və O. Uayld metoduyla (yəni başqalarının fikrini öz bildiyim kimi şərh eləyib adıma çıxmaqla) açıqlaya bilərdim, amma aforizmlər sözlərə, çeynənmiş fikirlərə, yersiz mübahisələrdə vaxta qənaət edir deyə, adlar çəkirəm, sitatlar verirəm. Qorki deyir sadəlövh görün, amma olma. Biz də, bəhanə gətirməyək ki, şeytan yoldan çıxarır. Şeytanlıq da, ilahilik də özümüzdədi, Zərdüşt demişkən, niyyətimizdə, sözümüzdə, əməlimizdə. Gəlin, qorxaq olmayaq, gərəksə, şeytanın özüylə də uğraşaq və qoymayaq bizi aldatsın. Deməyin də ki, ən yaxşısı uzaq durmaqdır. Allah da, şeytan da həmişə yanımızdadı...
Məcbur deyilikmi ki, fars, rus, erməni və s. güclərlə kontaktda olaq? Yəni, onlar da, həmişə Allahladırlarmı?.. Nüvə silahın ola da bilər, olmaya da. Min nəfər Mübariz ürəkli oğlun olsun, yetər!..

Qəribə bir fikir eşitmişəm: "Çin böyüdükcə, dünya kiçilir". Oradakı uyğur qardaşlarımızın harayına yetə bilmirik. Amma Xan Rəsuloğlunun bu hikməti uyğurlara çatsa, yetər: "Uduza-uduza udan görmüşəm, udansa, qanmayıb uduzduğunu"... Dao təlimi, zen-buddizm, mahiyyət etibarıyla elə islamdır, sadəcə ayinləri fərqlidir. Bir az da çinli olsanız, itirməz, qazanarsınız, düşünürəm. Guya təmiz qan hansı millətdə var ki? Mahiyyətimiz insanlıq deyilmi, ay Dalay-lama? Sartrın məşhur fikri var ki, cəhənnəm başqalarıdır. Mən deyirəm ki, cənnət başqalarıdır.

Şeytanın populist şirnikləndirmələri şirə arını çəkən kimi çəkir insanları tələyə...

Populizm nədir? Populizmə yalan üzərində qurulmuş həqiqət və ya ədalət, xoşbəxtlik də demək olar. Tarix başdan ayağa populizmdir. Ədalət naminə ədalətsizlik, Allah adına allahsızlıq, sevgi adına xəyanət. Azərbaycanda meydan hərəkatı başlayanda istər dövlət, istərsə də müxalifət adına populist çıxışları görəndə, mahiyyətə varanda, heyrətə gəldim. Lao-tzının 4 sözlük hikməti məni siyasi hərəkatdan uzaqlaşdırdı, iyrəndirdi: "Danışanlar bilmir, bilənlər danışmır" Bu hər şeydə belədir. Ədəbiyyatdan siyasətinəcən. Sözlər həqiqəti çatdırmaq üçün deyil, həqiqəti gizlətmək üçünmüş. Belə olan halda, elə biz iki qardaş, nədi belə, özümüzü həlak eləyirik söz meydanında? Deməli, biz də yalan danışırıq? Bir dəfə, içərisində qatı dindarlar (vəhabi çeçenlər) olan qapalı məclisdə bilərəkdən axına qarşı üzdüm, – "Quran heç vaxt həqiqət olmayıb və olmayacaq da" – dedim. Az qala, hazırıydılar ki, başımı kəsələr. Bir qədər ehtirasların, hikkələrin coşmasına imkan verib, qəflətən də məntiqimə qayıtdım və susdurdum coşanları: – Həqiqət Allahın özüdür, Quran isə sadəcə, Allaha doğru aparan yollardan biridir. Nə yapışmısınız ki, hamı Qurana, İslama gəlsin? Mövlanənin "Gəl!" – deməsi, sizin kimilərin ordusundan da güclüdür. Əslində, siz qorxunc sifətinizlə başqalarını islamdan hürküdürsünüz. Məcburiyyət olmamalıdır axı, işiniz dəvət ola bilər. Dəvət olunan da, dininizin sizi nə günə qoyduğunu görüncə, əlbəttə, deyəcək ki, get əvvəlcə özünə gün ağla. İslam həqiqətən təlim kimi əvəzsizdi və onun özünümüdafiəsinə ehtiyac da yoxdu. Amma islamı hardasa gözdən-hörmətdən salanlar elə bu qaragüruhçu, özünütanımaz, yarımçıq, yalandan təəssübkeşlik edən müsəlmanlardır. Nə qədər müsəlman olmayan məşhur adamlar İslam təliminə öz heyranlıqlarını bildiriblər? Onlar guya sizə yaltaqlanmaq üçün belə ediblər? Əlbəttə ki, yox. Örnək olası müsəlman azdı. Dinini elə təmsil et ki, sənə baxanda utana bilsinlər, yoxsa dinə qarşı nifrət yaratma. Bu sözlər dövlətçiliyə də aiddir, türkçülüyə də.... Gəlin bir-birimizi “sevgimizlə” də bezdirməyək.

Ərdoğan da bəzən elə danışır ki, sanki dünyaya insanlıq dərsi keçir... Qardaşım, "van minit" deyib də, gülə-gülə davam edəcəkdin, siyasət, diplomatiya budur da... Yoxsa, küsmək nə demək? Onsuz da super güclərdən zəifsən. Zamanında, geri qaldıq, zamanında... "Avropanın süqutu"nu vərəqləyincə, Osmanlıların və İslamın geriqalma səbəblərini nənəm çözəcək? Yox, əgər çözməyəcəksinizsə, demək osmanlı və islamı zəbt etmiş yad qüvvə elə özünüzsünüz. Osmanlısız və islamsız dünya da yazıq-yarımçıqdır. Dünya bizə tam gərək – Allahdan ağıllı deyilsiniz ki!..

İqtisadi-maddi güc imkan yaradır ki, qarşı mövqedə ən yüksək məqamlarda söz sahibi olasan. Guya Amerikaya əks olan tərəfdə Amerikanın maraqlarını qoruyan xüsusi yetişdirilmiş adamlar yoxdu? Corc Oruellin "1984" romanı nə üçün yazılıb bəs? Eksperimentlər davam edir. Sovetin perestroykası və Yuqoslaviyadan sonra ilk qurbanlar müsəlman ölkələri oldu...

Ərdoğanın bir sözü çox xoşuma gəlir, – “Siyasətin tək limanı əxlaqdır”. Amma qarşındakı siyasətçi insan övladı ola... Gəl siyasətə batmayaq və burdaca bunu soruşum səndən, insanın həqiqi mahiyyəti nədir, nədədir və nə olmalıdır?

Bu sualın üzərində fikirləşənlərin sayı-hesabı yoxdur... Utopiyaların bir an içərisində antiutopiyalara dönmə ehtimalı o qədər yüksəkdir ki... İnsan öz böyüklüyünü, aliliyini anlaya bilsəydi, Xolokostlar, Xocalılar yaşanmazdı. Allaha aid etdiyimiz bütün ucalıqlar insanda var. Eləcə də, şeytana aid etdiklərimiz öz yerində... Bütün gözəllikləri, savabı tanrı adına, bütün çirkinlikləri iblis adına yükləyən biz insanlar anlamalıyıq ki, dünyada təsəvvür etdiyimiz hər şeyi yönətən də özümüzük. Sevgiylə düşünən beyin ilahi əsənlikdən, nifrətlə yüklənən beyin isə şeytandan qidalanır. Yəni şeytan da bizik, Allah da. "Allah bizik" fikrimi cılızlar top-tüfəngə tutar yəqin... "Allah sevgidir" və Allahın 99 adını xatırlayın. Yer üzünün əşrəfi İnsan Allahın yaratdığıdırsa, Allaha layiqdir. Həm də bütün varlığıyla!
Yaxşıyla pisin, faydalıyla ziyanlının, düzlə əyrinin fərqinə vara bilməyən insan beyninin bu nisbi dəyərlər şkalasında müdrik insanlar belə, ayrı-ayrı nəticələrə gəlir, hökmlər çıxarır, qanunlar yazır. Elə buna görə, tarix boyunca, insan üçün ən ali dəyərlərdən biri də, onun azadlığı məsələsi olub. Cəmiyyətin tələbiylə fərdin istəyinin üst-üstə düşməməsi ucbatından insanın mənəvi məmnunluq hissi darmadağın olur... Burda gəlib çatırıq Xoşbəxtlik anlamına. Bu yaşıma və bu ağlımacan gəldiyim heyrətli nəticələrdən biri də budur ki, insanlar özlərindən güclüsünə, gözəlinə, cavanına, savadlısına, varlısına dözür, amma biləndə - görəndə ki, kimsə həqiqi anlamda xoşbəxtdir, başlayırlar ona qulp qoymağa... Onda qüsur axtarmağa. Hər kəs özünün "əxlaq paltarını" başqasına geyindirməyə cəhd eləyir. Məsələn, bizim Oruc bəy Bayatlı kimi bir eloğlumuz Avropada cənnət görüb Don Juana çevrilir, ya da Lütfizadə kimi eloğlumuz da elmə verilən dəyər, yaradılan şəraitdən istifadə edib elmin özünə yeniliklər gətirir. Və ona da mız qoyanlar tapılır ki, niyə siyasətlə məşğul olmurdu, niyə namaz qılmırdı...

İnsan cəmiyyətini bağa bənzədək... Baxımlı və baxımsız bağdakı qədər də millətlərin, dövlətlərin həyatında fərq var. Bizim bağımızın da sanki başqa bağlara yardımçı təsərrüfat olduğu qənaətindəyəm. Azərbaycanlıyam və türkəm, amma anlayıram ki, bir çox problemlərimin mayasında elə bu ayrımçı təfəkkürüm dayanıb. Dünyanı idarə edən qüvvələr qloballaşma siyasəti aparır. Bu da milli mənlik-mənəviyyat və dövlətçilik sistemində köklü dəyişimlər yaradır, uyğunlaşa bilməyənlər isə faciələr yaşamağa məhkumdur. Həzrət Əlinin də məşhur bir fikri var, eşitmiş olarsan, gənclər ata-analarından daha çox öz dövrlərinə bənzəyirlər.

Konfutsi deyir, – “İnsanpərvərlikdən yüksəkdə heç nə yoxdur”. Belə çıxır ki, insanpərvərlərin cəmiyyəti ideal cəmiyyət olmalıdır. Belə cəmiyyətdə xalq küləyə, hökmdar isə ota bənzər – külək ha yana əssə, ot da o tərəfə əyilər. Burda mütləq tabeçilikdən çox, azlığın çoxluğa tabeçiliyi var. Elə bir qayda-qanun ağlından keçirmisənmi ki, orda azlıq-çoxluq söhbəti olmasın, hər şey vahid Haqq üzərində qurulsun?

Ömrümüz boyunca ideal cəmiyyət haqqında düşünmüşük. Nə təkamül işimizə yarıdı, nə inqilablar, nə də müharibələr. Utopiyalar antiutopiyalara çevrildi. Sərsəm ideyalar uğrunda ölümə göndərilənlər qəhrəman sayıldı. Elə Konfutsinin – Lao-Tszının millətinin insansevərlik adı altında uyğurlara qarşı törətdiyi haqsızlıqlar bir model deyilmi ki, insan cəmiyyətinin özündə bir kompleks olduğunu deyək, – "Fərqli düşünən və yaşayanları məhv etmək" kompleksi?.. Əsas tutalğa – səbəb kimi də, əxlaq prinsipləri göstərilir. O əxlaq prinsipləri ki, əxlaqın ali mürşüdləri sonda elə əxlaq adına məhv edilir: zəhər içirdilir, şaqqalanır, dərisi soyulur, odda yandırılır, zindanlarda çürüdülür, nəsli kəsilir...

Demək olar ki, hümanitar sahədə vacib sayılan bütün kitabları oxudum – peyğəmbərlər, filosoflar, müdriklərdən tutmuş ta inqilabçılaradək... Mənə qalan içimdəki hayqırtı oldi, – “Dinlərin də, utopiyaların da son məqsədi insan xoşbəxtliyidirsə, bu xoşbəxtlik uğrunda insanları nə vaxtacan bədbəxt edəcəksiniz, ay ikiayaqlılar?!”. Heyrətamiz cılızlıq və allahsızlıqdır ki, məsələn bir şiə sünnülərin məscidində tam sərbəst namaz qıla bilməyə... Bütün dinlərin mahiyyəti, Allahı birdisə, ibadət və ayinlərin fərqinə görə bir-birinə qənim kəsilmək nə deməkdir? Ya da ki, ağlının tərəzisində çəkəndə, Allah ideyasını qəbul edə bilməyənə qarşı dini darların şiddətini necə anlayaq? Elə ateistlərin özlərinin də, öz allahsızlıq – dinsizliklərinin əvəzində işə yarıyacaq, həyatı gözəlləşdirəcək fərli və fərqli bir ideya ilə yaşadıqları da duyulmur... Milyarder Templtonun "Həyatın ümumdünya qanunları" kitabında 200 təklif verilir. Bu kitabın yazılması üçün böyük hazırlıq görülmüşdü, dünyanın ən aparıcı təşkilatlarından – QHT-lər, dini, elmi, futuroloji və s. təsisatları, məşhur şəxslərindən "insanları necə xoşbəxt, həyatımızı necə məna və məzmunlu edə biləcəyimiz haqda təkliflər" verilməsi xahiş edilmişdi və sonra da, belə bir kitab ərsəyə gəlmişdi. Baxırıq ki, insanlar bu sahədə can qoyur. Amma yenə, hər şey həmən-həməndir – insan xisləti dəyişmir. Amma niyə atı atın yanında bağlayanda rəngi dəyişməsə də, xasiyyəti dəyişir? Qloballaşma tendensiyası budur və yalançı mentalitet qəhrəmanları da nəhayət anlamalıdır ki, dünyada yalnız bir insan növü var!

Rahat yaşamaq üçün arzu və nifrət hissini aşmalısan, aza qane olmalısan. Belədə kidurət yox olur. Rəhmətlik atam da deyərdi, – “Allahım, var-dövlət verib insanlığımı əlimdən alacaqsansa, o dövləti mənə qismət eləmə”. Sənin də həyatın qarmaqarışıqdır, Xan, itib-batmısan cəmiyyətin qapazları altında. Nələrsə etmisən, indi itirmisən, yenə etmək istəyirsən, amma aldıra bilmirsən. İzafa, insanlara pulsuz kitab paylamağından bilinir ki, nə itirsən də, insanlığını itirməmisən... Görəsən Allah başından töksə, varlı Xan Rəsuloğlu yenə küdurətsiz, insanpərvər, həmişəki kitabsevər olacaqmı? Pul səni kitablardan iyrəndirməz ki?..

Mən özüm, sadəcə, Şopenhauerin xəbərdarlıq etdiyi təhlükəni çox gec oxudum və gec anladım. O deyirdi ki, öz xoşbəxtliyini çox geniş fundament üzərində qurma. Mən çox dərinlərə baş vurdum... Özümü yer qayğılarıyla elə yüklədim ki, ayılanda, bir qədər keçmiş olduğunun fərqinə vardım. Həm də, elə bir ölkədəyik ki, nə dövlət, nə qardaş, dost, övlad sənə şərait yaratmayacaq. Amma, hələ ki, canımızda can var, deməli ümid də var...
Həyatım boyunca, filmlərə-seriallara sığmayacaq durumlara düşdüm. Bu yazıda yeri deyil ki, başıma gələnlərdən danışım, amma əgər indi sağ-salamat bunları sənə danışa bilirəmsə, bəxti, şansı gətirənlərdənəm... Çox gur, macəralı, təhlükəli və iddialı həyat yaşadım. Bu gün də o havalar başımdadı, amma övladlarıma atalıq qayğısı məni qəhrəmanlıq meydanlarından uzaqlaşdırıb, kitaba, sözə sığındırıb.

Elə düşünürəm ki, həm də tam özümə arxayınam ki, milyard yox ha, trilyonlarım da olsa, qudurmaram, sui istifadə etmərəm. Üzdə elə yaşamadığımı desələr belə, məni bilməzlər nə bilər ki?.. Oşonun 600-dən çox kitabı var da, bilirsən. O, bəlkə də dünya tarixində ən bəlağətli, gözəl və məzmunlu danışan müdrik olub. Amma kəramətinə, mərhəmətinə, qəlbinin gözəlliyinə, səxavətinə görə ondan qat-qat yüksəkdə duranların bu gün də var olduğuna zərrəcə şübhəm yoxdur. Oşonun adını ona görə çəkdim ki, bəlağət və müdriklikdə, ayıqlıqda əlbəttə ki, indiki halımla onunla müqayisə oluna da bilmərəm. Amma heç olmazsa, səxavətimdə, mərhəmətimdə ondan daha artığam və bunu öyünmək üçün demirəm. Bu fövqəladəlik-zad da deyil, təbii halımdır. Fikrimi tam görüntülü anlamaq üçün yetər ki, türklərin "Mandra filosofu" filmini xatırlayasan. Bu filmdə də göstərilir ki, aşımıza nə tökürüksə, qarşımıza da, övladımızın qaşığına da, nə zamansa, mütləq o da çıxacaq. Karma məsələsi... Günahlarımızın bizi qarabaqara izləməsi məsələsi. Hamımızın adlarını bildiyimiz günahlardan başqa, heç də az zərərli olmayan başqa günahlarımız da var ki, onların başında da vaxtımızın qədrini bilməməyimiz, ömrümüzü boş iddia və qayğılarla güdaza verməyimiz durur.

Yəni, mən də, bu halımla qəhrəmanlıq-zad eləmirəm, öz təbii uşaq saflığımıza qayıdıram. Paxıllığın nə olduğunu bilməyən, dünyada var olan hər şeyin və hər kəsin də özümüzün bir cür əlavəmiz, davamımız olduğunu sanan, mələklər kimi günahsız çağımıza, halımıza... Yaşamaq, sağlam olmaq, övlad və yaxınlarına yardım etmək üçün insana, heç də çoxlu pul gərək deyil. İş görmək üçün isə pul lazımdır. Bu məsələdə Rotşildlərə də məsləhətçi ola bilərəm. Bunu təvazükarlıqdan uzaq qəbul elə. Çünki, beynimdə növündən asılı olmayaraq heç bir xürafat qalmayıb artıq. Bəzən azərbaycanlı kimi fikir söyləyə bilərəm, amma çoxdan dünya vətəndaşıyam mən. İçimdə nə millətim var, nə dinim. Kitabımın adı yetər: "Vətənim Yer kürəsi, millətim insan". Ata kimi öz borcumun da həddini bilirəm və haqq-ədalət tərəzisində öz balamla başqasında fərq görmərəm. İçimdəki insan Allahımızın istədiyi varlıqdır (amma mövhumatçıların və özünü də tanımayan ateistlərin baxışlarından fərqli) və bu, mənimlə başlamayıb da ki, mənimlə də bitsin... Amma mənim qəhrəmanlığım da, xasiyyətimə uyğun olub – ancaq öz haqqımı almışam, kimlərinsə haqqına girməmişəm. İnsanlığı heç nəyə satmamışam...

İnsan iztirabının səbəbini və bu iztirabdan qurtuluş yolunu tapan şahzadə Sidharta Qautama (Budda) bəşər içinə qayıdanda əmin olur ki, nəfsindən bircə kərpic də azalmayıb. Deyək ki, sən də oxudun, öyrəndin və nurlandın. Bu yaşda gəldiyin qənaətlər hansılardır?

Tam fərqli qənaətlərim var. Ən önəmlisi budur: " Həyat, dünya ən qəddar halında belə ədalətlidir, çünki mənə qarşı edilən bu haqsızlıqlardan artığını bunu yapanın özü görəcək". Bax, elə faciə də bundadır ki, haqsızlıq edən özünün də bir gün belə bir amansızlıqla öldürüləcəyini, öləcəyini duyub-hiss edib, qəddarlıq eləyir. Əvvəl nə qədər qisascıl idimsə, indi o qədər sakitəm ki, mənim qisasımı da dünya özü alacaq. Başqa bir qənaətim: yaşamaq əvəzinə, iddialarda bulunmuşuq, dünyaya şərt, özümüzə sədd qoymuşuq. Hansı ki, təbiətimiz yalan demir, tərbiyəmizdir yalan danışan. Bütün insanların mahiyyətində adamlıq da var, heyvanlıq da, ilahilik də. Biz təkcə övladlarımızda, işlərimiz-yaradıcılığımızda deyil, sevgi və nifrətimizdə də insan olaraq qalırıq, formalaşırıq. Əminliklə deyirəm, dünya özü bizim ona münasibətimizdən və duyğularımızdan formalaşır. Kainatın mikro formatı olan beynimizi, təsəvvürümüzü bir millət, bir dövlət, bir din və ya elə bir canlı növünə həsr etməyə də haqqımız yoxdur. Bizi qəlibə salan nə varsa, cılızlığımızdandı. Anlamalıyam ki, mən təkcə mən deyiləm. Tək özüm olanda təklənirəm, hamı olanda, ölümlü sonluğumla belə qarışdığım hər şeydə özümü də görürəm. Zərrə olsam da belə!..

İnsan bu fikirlərlə bambaşqa birisi olur, yaşlanıb ölmək bunun müqabilində nədir ki? Bunlar gəlişigözəl sözlər deyil, özünü aldatmaq da deyil. Bu qata gəlib çatmaq hər cür şəriətdən, təriqətdən, mərifətdən sonradır. Bilməzlər nə bilər ki? Amma həqiqətin də ən heyrətlisi bu ki, ayılandan – nurlanandan sonra, dağdan düşüb gəlirsən camaatın içinə, gözə çarpmadan, "seçilmədən" yaşayırsan. Kimsə soruşa bilər ki, nurlanmışammı? Deyim. Mənim həyatıma həqiqətin havası dəyib... Amma orada qalammadım, yer qayğılarımla haqq-hesabımı çəkməyə qayıtmalı oldum...


ardı var...
MANERA.AZ


Baxış sayı - 2 920 | Yüklənmə tarixi: 21.08.2018 13:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031