Ağrıda-acıda tapdım bu ömrü - Musa Ələkbərlinin şeirləri

Manera.az tanınmış şair Musa Ələkbərlinin 75 illik yubileyi münasibətilə şeirlərini təqdim edir:
SİZİN KÜÇƏNİZ
Burda baxışlarım əriyib gün tək,
İşıqlar yananda yanıb hər axşam.
Binalar şəfəqdən açıb gül-çiçək,
Gözümlə öpmüşəm, sığallamışam.
Bəzən də durmuşam fikri dolaşıq,
Səndən çox gileyim, çox küsüm olub.
Sizin pəncərədən süzülən işıq
Üzümdə-gözümdə təbəssüm olub.
Dindirib məhəbbət diliylə məni,
Nəğməyə çevrilib hər ləpir, hər iz.
Şirin arzuların seliylə məni
Ümmana axıdıb sizin küçəniz.
Deyin, sarmaşığı kənara əysin,
Yenə pəncərəyə qonub ağ əllər.
Qoy kimin xətrinə dəyirsə, dəysin
Sizin küçəlidir bütün gözəllər.
Xəyalım küçə tək uzanar, gedər,
Sevdalı bir yolu keçəsi olar.
Küçəniz uzanar ekvator qədər,
Dünyanın məhəbbət küçəsi olar.
Sevən ürəyimi alıb ovcuna,
Ömrümə-günümə sıxıb küçəniz.
Bəlkə də həsrətim yetəcək sona,
Muştuluğa qaçan bir uşaq kimi,
Gedib kəndimizə çıxıb küçəniz.
GÜNAHSIZ
Nahaq sözün ağrısını çəkirsən,
Ürəyini uçurursan, sökürsən.
Göz yaşını gildir-gildir tökürsən,
İçin-için əriyirsən, günahsız.
O kim idi yolun üstə bitərdi,
Gah görünər, gah gözündən itərdi.
Hərdən açıb-ağardırsan bu dərdi
Danışırsan, kiriyirsən, günahsız..
Zirvə deyən ömür yolu pilləli,
Dağa, daşa yamaq olub bir əlin.
Ha gedirsən, ürək getmir irəli,
Ayağını sürüyürsən - günahsız.
Xəbər çatıb yaxınına, yadına,
Güldən ağır söz deyiblər adına...
Ürəyinin alovuna, oduna
Sən özünü bürüyürsən - günahsız.
Yerin-göyün barışığı olardın,
Ay işığı, gün işığı olardın..
Sən bir evin yaraşığı olardın,
Sən bir evdə çürüyürsən - günahsız..
TƏMİZLİK YIXDI MƏNİ
Ürəyimə gələn söz dilimdədir həmişə,
İçim içdə deyil ki, çölümdədir həmişə.
Ona görə bu başım zülümdədir həmişə,
Bu saflıq əydi məni, təmizlik yıxdı məni.
Məhəbbət yollarında səriştəsiz, naşıyam,
Köntöy addımlarımla öz-özümə qarşıyam.
Neçə qəlbin ağrısı, neçə gözün yaşıyam,
Mənə "əzizim" deyən əzizlik yıxdı məni.
Bunu kim bilməyir ki, bu gün varıq, sabah yox,
Mənim ömürlüyümdə yaxşılıq var, savab yox.
Bu ümman istəyimə damcıylasa cavab yox,
Elə coşdum, kükrədim, dənizlik yıxdı məni.
İndi quruyan çayam, oxşarım yox dənizə,
Həsrət qaldım ağ gülə, ilahi ağbənizə.
Dedin sənə qadın yox, bir qulam, bir kənizəm,
Qaragünlüm, bu miskin kənizlik yıxdı məni.
Təşnəliyim səngimir... bulaq verin, çay verin,
Təbəssüm sarğısını yaralıya pay verin,
Hayqırmaq istəyirəm, səsimə bir "hay" verin,
Sükut çatlatdı məni, səssizlik yıxdı məni.
ŞAİR, İNAMLI OL
Şair inamlı ol, həyatdır inam,
Ömrün tufanında dizin əsməsin.
Sinəndə ocağa çevrilsin ilham,
Ayaz dondurmasın, şaxta kəsməsin.
Sevgiyə, istəyə təşnə ürəyin
Hələ söhbətlidir, hələ sazlıdır.
Yaratmaq həvəsin, yazmaq istəyin
Tanrı möhlətiylə imtiyazlıdır.
İlahi eşq ilə təpərlidirsə
İnanma o qəlbi ağrılar yenə.
Dörd yanın sevgiylə çəpərlidirsə,
Əcəl belə erkən yol tapmaz sənə!
Uçur komasını kədərin, yasın,
Yanmazsan ürəklə atılsan oda.
Çalış həyat eşqin zədə almasın,
“Sağalmaz xəstəlik” yoxdu dünyada!
BU ÖMRÜ
Fərqinə varmadım ötən illərin,
Dəli köhlən kimi çapdım bu ömrü.
Qorxunc bir uçqunun qarşısındayam –
Ağrıda-acıda tapdım bu ömrü.
Sevilmək istəyim necə zor oldu,
Eşqin atəşindən sinəm qor oldu.
Hədəfdən yayınan gözüm tor oldu,
Gah sağa, gah sola sapdım bu ömrü.
Ürək hökm edəndə ilham gəlmədi,
Mən deyən zirvəyə o yüksəlmədi.
Həyatdan qazancım beş-on kəlmədi,
Beş-altı kitaba yapdım bu ömrü.
Mən piyada oldum, ehtiyac atlı,
Boy verən arzumu o qırdı-çatdı.
Başımın altında ilan da yatdı,
Əjdaha ağzından qapdım bu ömrü.
Xəzan yarpağıtək yellənməkdədi,
Düşsə künc-bucaqda küllənməkdədi.
Gördüm gözlərindən göllənməkdədi,
Ümmanlar qoynuna atdım bu ömrü!
VARMIŞ
Gözümdən od yağsa, daha inanma,
Könlümün nə dərdi, nə yası varmış.
Ürəyim dönübmüş ilan dilinə,
Hərənin bir özgə dünyası varmış.
Görsən sədam gəldi, kimsə alışdı,
Deyərsən adicə dostdu, tanışdı.
Haqqımda çoxları haqsız danışdı,
Bəlkə də onların əsası varmış.
Ürəyim yerində dinib susandı,
Yersiz şübhələrdən bezdi, usandı.
Bu sevgi, bu söhbət nahaq uzandı
Hər sözün, mətləbin qısası varmış.
Baxdım arxasınca bu fürsətin də,
Yoxmuş taleyimin əli çətində.
Üzü dönməliymiş məhəbbətin də
Mənimlə köhnədən qisası varmış.
Pərvanə könlümün kövrək qanadı,
Od gəzdi daşlara dəydi, qanadı.
Nəğməyə dönəcək o qızın adı
Bir vaxt biləcək ki, Musası varmış.
GƏLƏCƏK
Həmişə belədir, ulu dünyanın,
Ağrısı-acısı mərdə gələcək.
Bu söz illər boyu çıxıb sınaqdan,
Xeyir gələn yerə şər də gələcək.
Qarşıma min çəpər, min hədd qoymasa,
Canımı verərdim minnət qoymasa.
Kim bu gözəlliyə qiymət qoymasa,
Gözünə görümsüz pərdə gələcək.
Ala gözlərinə yer-göy küsənir,
Özündən xəbərsiz məndən küsənin.
Səadət bəlkə də ömrünə sənin,
Məni səslədiyin yerdə gələcək.
Təmiz ürəyim var, bir eşqin əli,
Bir az ağlamalı, bir az gülməli.
Qəfil bir sevincdən olacaq dəli,
Qapına əzaba, dərdə gələcək.
İstəyin odur ki, dinməyəm, susam,
Bu sevda çatmasın elə-ulusa.
Elə arxayınsan, elə bil Musa,
Sən olan dünyaya bir də gələcək.
GƏLİB
Bəxt oyanıb, tale sənə baxanda,
Baxışına duman gəlib, çən gəlib.
Qızılgüllər gül açsa da yaxanda,
Tikanlara calaq oldun sən gəlib.
Ay sevgisiz yuva quran, ev tikən,
İndi ağır günahından pisikən.
Ürəyinə yeridikcə o tikən,
Saçlarına birər-birər dən gəlib.
Bu iltimas xeyirdimi, şərdimi…
Aradınmı kişilərin mərdini.
Bir halda ki, böləcəkdim dərdini,
Niyə sənə tuş olmurdum mən gəlib.
Maralsansa, elə baxma ovçuna,
Bu nəri sən tezcə gətir ovsuna.
O ki, alıb ürəyini ovcuna,
Öz eşqiylə qarşı gəlib, tən gəlib.
Ürəyində ümman olar o damla,
Boğularsan öz evinlə, odanla.
Ömrün keçər sevmədiyin adamla,
Görərsən ki, dünya sənə dan gəlib,
Cana doyub bu haraydan, qıyyadan,
Axır biz də ayılmışıq röyadan.
Ver əlini, çıxıb gedək dünyadan,
İllər boyu gözlədiyim an gəlib.
Dərdi boldu, bu mənimdi, bu sənin,
Dodağında yeri yanan busənin.
Yollarına boylanmaqdan Musanın,
Ay insafsız, gözlərinə qan gəlib.
SƏNİ SEVƏNLƏR
İnam da, qorxu da döyür fikrimi,
Üzümə şəfqətlə baxıb gedirsən.
Qəlbimdən süzülən bir duyğu kimi,
Gözümdən hər yana axıb gedirsən.
Gedirsən, ürəyim üstündə qalır,
Adını səsləsəm, alışar səsim.
Səni istəyənlər artır, çoxalır,
Mən hansı birinin yolunu kəsim…
Görən arasında varmı utuncaq,
Sənli hisslərimi bölüşür onlar.
Çoxu bir-birini tanımır ancaq,
Mənim ürəyimdə görüşür onlar.
Gedirsən, arxanca neçə göz baxır.
Gör neçə arzuda, neçə addayam.
Sevənlər çay kimi kükrəyir, axır,
Gərək bu çayları keçəm, adlayam.
Qarşına ümidlə çıxıram hər gün,
Bircə söz dilimdən asılı qalır.
Susuram, bəlkə də susduğum üçün,
Səni istəyənlər artır, çoxalır.
Onsuz da od oğlu odsuz yanandır,
Fərqinə varsan da yaxşının, pisin,
Neçə eloğlumu oduna yandır,
Təkcə birisinin eşqinə isin.
Səni sevənlərin əsl mərdini,
Göstər, qardaş kimi sıxım köksümə.
Razıyam mən onun bütün dərdini,
Bütün əzabını yığım köksümə.
Şam yanar, pərvanə axışar, gələr,
Birinci yanmasam, bil ki, yanmaram.
Səni məndən artıq sevə bilsələr,
Heç kimi özümə rəqib sanmaram.
GƏLMİSƏN
Üstündən nə qədər küləklər əsdi,
Şan-şöhrət həvəsi yolunu kəsdi.
Elə bu görüş də ömrümə bəsdi,
Dolan gözlərində bulud gəlmisən.
Yeri görünəndə yarın, yoldaşın,
Fikirlər içində çatılıb qaşın.
Qara tikanları hər addımbaşı,
Yolundan-izindən yolub gəlmisən.
Dözsəm də nə qədər qar-qışlarına,
İndi dözəmmirəm qarğışlarına.
Qoy düşüm şıdırğı yağışlarına,
Bilirəm, yanıma dolub gəlmisən.
Gərək yarpaq-yarpaq yanım, tökülüm,
Təzə pöhrələrə boy versin külüm.
Sənə yaz nəfəsi dəyməyib gülüm,
Özün-öz şaxında solub gəlmisən.
Duyğular köhnədir, arzular boyat,
Bu yatan eşqimi harayla, oyat.
Heyf ki, könlünü aldadıb həyat,
Heyf ki, peşiman olub gəlmisən.
OLA
Qaşıyla, gözüylə bənzəyə bilər,
Gözəl öz eşqiylə bənzərsiz ola.
Onun vüsalına çatmaqdan ötrü,
Çəkdiyin ağrılar qədərsiz ola.
Yaz gülü umasan ömrün qışından,
Ürək cavan qala aldanışından.
Elə güc alasan dost-tanışından,
Aldığın zərbələr xətərsiz ola.
Bu söz çox incədir, bu söz çox dərin,
Xəbərçi çalmaya zəngini şərin.
İntim dünyasından iki nəfərin,
Üçüncü həmişə xəbərsiz ola.
Bu yerdə şairi hal əhli anlar,
Qəlbindən axmaya bu qara qanlar.
Deşməyə köksünü iti tikanlar,
Bülbülün gül eşqi çəpərsiz ola.
Əcəb gözəllikdi, əcəb nəzakət,
Qəzəb-ədəb-ərkan, əsəb-nəzakət.
Vay onda gözləyə ədəb, nəzakət,
Aşiqin Musa tək təpərsiz ola.
BU GÖZƏL
Bahar eşqi, yaz nəfəsi canında,
Bənqövşəylə bir doğulub bu gözəl.
Mələklərin nə işi var yanında?
Tək doğulub, bir doğulub bu gözəl.
Möcüzədi bu gözəllik, yaraşıq,
Gözlərində dava-dalaş, barışıq.
Təbəssümü göz yaşıyla qarışıq,
Özü boyda sirr doğulub bu gözəl.
Bəxtəvərsən səni yoldan saxlasa,
Bir telinə min tel ilə bağlasa.
Haqqı vardır çaylar kimi çağlasa,
Bulaq kimi gur doğulub bu gözəl.
Baxışında çiçəkləyib murazım,
Yetim ürək yenə oldu güdazım.
İlk yağışdan bar gətirib bu yazım,
Ümmanımda dür doğulub bu gözəl.
Can odum var, qaralmağa qorxuram,
Can verirəm, can almağa qorxuram.
Sahilinə yan almağa qorxuram,
Doğulandan Kür doğulub bu gözəl.
Qarşı gəlib, boynumu çox burmuşam,
Çox öymüşəm, tərifimlə yormuşam.
Nə zamandı səcdəsinə durmuşam,
Musa üçün pir doğulub bu gözəl.
MUĞAYAT OL, MUĞAYAT
Ürəyimi aparırsan köçündə,
Dilsiz daşam elə onun üçün də.
Gözüm gedir gözlərinin içində,
Muğayat ol, muğayat ol, muğayat.
Bu gözəllik ələ düşməz incidir,
Naşı zərgər qiymətiylə incidir.
İndi könlüm telindən də incidir,
Muğayat ol, muğayat ol, muğayat.
Doğma olub yad bulaqdan içənim,
Doğma yurddan yad evinə köçənim.
Tükü-tükdən, sözü-sözdən seçənim,
Muğayat ol, muğayat ol, muğayat.
Duyğularım təzə çıxıb pətəkdən,
Toplamışam neçə güldən, çiçəkdən.
Aramızda bu sirr qalan istəkdən,
Muğayat ol, muğayat ol, muğayat.
Od almadın ocağından, közündən,
Musa yəqin bir gün düşər gözündən.
Ömrüm-günüm, hamıdan çox özündən,
Muğayat ol, muğayat ol, muğayat.
ŞAİRLƏR QOVUŞMUR İLK SEVGİSİNƏ
Şairlər qovuşmur ilk sevgisinə,
Yollar haçalanır, yolar uzanır.
Ay da bu həsrətdən pərişan gəzir,
Günəş də hirsindən od tutub yanır.
Buludlar kövrəlib gəlir baş-başa,
Göyləri bir odlu maraq götürür.
Qağayı fəryadlı dəniz çırpınır,
Dalğalar o qızdan soraq gətirir.
Fəsillər başqa cür gəlir elə bil,
Gör bahar dəyişib nə halda olur.
Payız doluxsunur qəriblər kimi,
Həmişə fikirdə, xəyalda olur.
Od saçır yayın da nazı-qəmzəsi,
Gözəllik yandırır torpağı, daşı.
Qışda da o soyuq, sirli baxışlar
Üzünə dikilir hər addımbaşı.
Özləri sığışmır vaxta-vədəyə,
Təkcə şeirləri vaxtına düşür.
Nədənsə qızların ən insafsızı
Elə şairlərin baxtına düşür.
Bir təmiz baxışa, xoş təbəssümə,
Körpə uşaq kimi aldanır onlar.
Nə hiylə işlədir, nə sirr gizlədir
Açıqdan-açığa odlanır onlar.
Şairlər - gözəllik cəfakeşləri,
Sevda yollarında büdrəyir, sapır.
Həsrətə bürünmüş bir qız itirib,
Nəğməyə bürünmüş bir ömür tapır.
ŞEİRİMƏ
Şeirim kölə olma, şeirim qul olma,
Yoxsul yaşadım ki, sən yoxsul olma.
Sənə qurban getdi bu ömür, bu gün,
O şah vüqarını yaşatmaq üçün.
Mənsiz kim çəkəcək sənin ağrını,
Dumantək üstümə çök, mənim şeirim.
Mənim ürəyimi, yerin bağrını,
Göyün yaxasını sök, mənim şeirim.
Mən elə ac-susuz yaşaya billəm,
Ən ağır cəzanı daşıya billəm.
Sən sevgi acı ol, dərd acı olma,
İlhamın, istəyin möhtacı olma!
Sənin Nizamitək ulun, allahın,
Sənin Füzulitək xudan var, şeirim.
Dastanın, nağılın, laylan, bayatın,
Dünənin, bu günün, köhnən, boyatın.
Tardakı, neydəki nəğmə həyatın,
Sazın tellərində nidan var, şeirim.
Tanrıya bağlıdır arzun, istəyin,
Yerdə də, göydə də sədan var, şeirim!
Mənim övladımsan gəl fərsiz olma,
Sən karsız, təpərsiz, kəsərsiz olma.
Uçub göylərdə gəz doğma kəsini,
Qaldırıb tanrıya haqqın səsini,
Hissimi, duyğumu car eylə, şeirim.
Qulağı tutulan kar zəmanəyə,
Göstər öz gücünü, kar eylə, şeirim.
Quruyan ağaca həyat suyu ver,
Sozalan çiçəyi bar eylə, şeirim.
Mənim varlığıma az qalır daha,
Mənim yoxluğumu var eylə, şeirim!
Tural Adışirinin təqdimatında