Səhəri açıram gülüşlərinlə - Sevil İşıqın şeirləri
Manera.az gənc yazar Sevil İşıqın şeirlərini təqdim edir:
HƏSRƏT
İsti varlığını sevdiyim kimi,
Soyuq yoxluğunu sevən də mənəm.
Sən adlı ünvandan yollara çıxan,
Sən adlı ünvana dönən də mənəm.
Ovcuma yüyürən göz yaşlarım da
Mənim ürəyimdən qopan parçadı.
Sən mənim qəlbimə necə dağ cəkdin,
İndi dağlarım da parça‐parçadı.
Məni gülüşümə həsrət qoyanım
Görüm həsrət qalsın göz yaşlarıma.
Özüm öz dünyama yaratdım səni,
Başqa bir dünyada çıxma qarşıma.
SƏHƏRİ AÇIRAM GÜLÜŞLƏRİNLƏ
Səhəri açıram gülüşlərinlə,
Gecələr gözünün qarasındadır.
Sən harda olursan ol, mənim üçün
Yaşamaq dünyanın orasındadır.
İtmişdim, işığı tapdım gözündə,
Olumsan, ölümsən, duya bilmirəm.
Tanrının ən gözəl yaratdığısan…
Sənə heç bir adı qoya bilmirəm.
Gedişin ömrümün payızı olar,
Payızdan heç yaza yamaq olarmı?
Mənim ürəyimin sahibi sənsən,
Evin yiyəsindən qonaq olarmı?
Məni sevənlərə hökm edən gücüm
Bu eşqin önündə qolu bağlıdır.
İstəsən ömrümün dar ağacı ol,
Səndən asılmaq da etibarlıdır.
Səhəri açıram gülüşlərinlə,
Gecələr gözünün qarasındadır.
Sən harda olursan ol, mənim üçün
Yaşamaq dünyanın orasındadır.
GÖRÜŞƏRDİK...
Görüşərdik...
Hər görüşdə birnəfəslik ətrini oğurlayardım.
Yıxılardım bilərək...
əlinə qovuşum deyə.
Saçlarımı bağından açıb azad edərdim ‐
Sığaldan payın olsun.
Qısa‐qısa danışıb, uzun‐uzun baxardıq.
Gözlərin təmasından ilıq hisslər keçərdi.
Görüşümüz təbiət dərsinə bənzərdi.
Ağaclara ad yazardıq...
Torpağa ürək şəkli...
Günəşin özünə günəşdən dərs deyərdik.
Gözümüz gördüyünə...
Dilimiz şərh verərdi.
Vecimizə deyildi dünyanın bala dərdi;
Görsə bu halımıza
Gülərdi uşaqlar da.
Belə sevmişdim səni...
Unutmusansa, deyim:
Sən mənim həyatımda elə özüm kimiydin.
GÜNAH LƏKƏSİ
Ayrılıq qapıya gəlməsin deyə...
Bölmək istəmirdik çörəyimizi.
Sözündə durmayan namərd deyərdin,
Necə bölə bildin ürəyimizi? !
Getdin... gedişinlə yanan insanın,
Tüstüsü gözünü yandırmadımı?
Kişi sözlərinin kişisizliyi,
Tanrı qarşısında çox olmadımı?
Demək belə olur güvənli daglar,
Üstünə qar, yağış yağa da bilir.
Unudub hər şeyi çıxıb gedənlər,
Dönüb gələcəyə baxa da bilir.
Başını yastığa qoyduğun günü,
Vicdanın üzünə tüpürmədimi?
Saçımda sığala yatan əllərin,
Özünü bir anlıq itirmədimi?
Sənə ürəyimi halal edərdim,
Halal ürəyimin haram tikəsi.
Bir qızın ahını alıb getmisən...
Günahdan getməyir günah ləkəsi.
QADIN
Hərəyə bir ulduz asar özündən,
Günəşdən don geyər, sarısı olar.
Gülməkdən dodağı çat verən qadın,
Gecələr " Kərəm"in yarısı olar.
Sərin yaz yağışı libasındadı
Yağsada soyuğu dondura bilməz.
Qadınlar sevginin mələkləridi
Hər adam qəlbinə qondura bilməz.
Döyər gözlərini göyün üzünə
Quruyan ömrünə bulud axtarar,
Gülüşü üzündə qırışmış durar...
İtirər yenə də umud axtarar.
Bəxtinin ən gözəl küncun itirib
Düşən arzulardan gizlənə bilməz.
Getdiyi yollarda sellər oynayar,
Qadın ayaqları izlənə bilməz.
Hamının dərdini atar içinə
Özünü atmağa yeri yox olar.
Ən gözəl şəfanı göndər ay Allah
Qadının canında ağrı çox olar.
ANAM
Tanıdı, tanımadı kimsə ölüb deyəndə,
Səsli rəhmət diləyib, səssizcə dolur anam.
Rəngli fotoşəkildir, günəş düşür üstünə,
Özündən də xəbərsiz ağ-qara olur anam.
Bir vaxt evin içində uşaq yelləyirdi O,
İndi uşaqdan betər yatır, evimizdədir.
Gələn onu soruşur, gedən ondan danışır
Ən gözəl dua kimi adı dilimizdədir.
Bizdə gülüş azalar, boşqabda yemək dadı.
Ütülü köynəklərin xətləri ikiləşər.
Ana əli dəyməyən evlər də yetim imiş...
Çaynikdə çay rəngi də öz rəngini dəyişər.
DƏYMƏDİN
Sıxıb soyuq əlini
isti nəfəs verərdim.
Səni qəmli görməyim ‐
gülüb həvəs verərdim.
Gülməyimə dəymədin.
Sən ağladın, ağladım.
Güləndə mən də güldüm.
Bəxtin qarası mənim,
Ağını sənə böldüm,
Bölməyimə dəymədin.
Tanrı verən ürəyi
Alıb sənə vermişəm.
Səni yaşadım deyə
Bu dünyaya gəlmişəm?
Gəlməyimə dəymədin.
Ayağına dəyən daş
Ürəyimi əzməzmi?
Bircə acı sozunlə
Ümidlərim ölməzmi?
Ölməyimə dəymədin.