Əbülfət MƏDƏTOĞLU: ÜÇ SƏTİRLİK MƏKTUB

İnsan adətən tək qalanda, öz dünyasına çəkiləndə və bir də nəyisə, kimisə itirəndə özüylə danışır, özünü qınayır, özündə günahlar axtarır, özünə bəraət verir. Necə deyərlər, hakim də özü olur, müttəhim də. Bu son 20 gündə mən də belə oldum. Və anladım ki, həyatımın ən böyük güvəncini, ən böyük dayağını, ən böyük köməyini, bütövlükdə sinəsinə sığına biləcəyim DAĞI fələk əlimdən aldı.
Və əlimdən aldığı DAĞla da ürəyimə dağ vurdu. Mənim bu sözlərimi, təbii ki, oxuyanlar müxtəlif cür qəbul edəcəklər, müxtəlif formada qarşılayacaqlar. Amma tam əminəm ki, ata itirənlər, valideyn itirənlər məni anlayacaqlar. Heç olmasa, mənim nə çəkdiyimi, nə düşündüyümü dinləyəcəklər, hiss edəcəklər, sözlərim onlara yamaq kimi görünməyəcək. Bax, bunun özü təsəlli olacaq valideyn itirənlərə. Çünki mən atamı itirən günü, onu son mənzilə tapşıran an yetim olduğumu hiss etdim, yetim qaldığımı anladım. Həmin ana qədər, o bir çimdik torpaq məzarı üstünə atılana qədər mən onu anlamamışdım.
O məqamda sözüm havada qaldı... o məqama qədər kimsə, təbii ki, evimin içində, ailəmin əhatəsində sözümü qəribçiliyə salmamışdı. Və mən həmin məqamda dediyim sözün bir külək kimi keçib getdiyini duyanda bildim ki, atasız qaldım... bildim ki, o dağ uçdu... bildim ki, onun baxışları, onun həniri, onun hökmü artıq xəyaldı, yuxudu, xatirədi... Və bax, onda özümü nə qədər toplasam da bacara bilmədim. İnanın ki, o ana qədər ağlamamışdım. Özümü sıxıb saxlamışdım. Məhz o an ağlamışdım atam üçün. Özü də təkcə atam üçün yox, həm də özüm üçün ağladım. Axı, mən özümü də, özümün güvəncimi də dəfn edirdim. Beləcə, başladı mənim yetimliyim. Və o başlanan yetimliyin bir şeiri də doğuldu. Yazdım ki:
Bitib qurtarmı ki, bu uzun gecə
Sonu görünmür ki, bu qaranlığın...
Dərd qoşdu axır ki, məni bu köçə -
Əlində saxlayıb öz tiranlığın!..
Uçdu söykəndiyim zirvə kökündən
Həzm edə bilmirəm bu yetimliyi...
Səndən ayrılmağın lap ilk günündən -
Duymağa başladım mən çətinliyi...
Sözümün söykəyi göyə çəkildi -
Başıma qoyulan ağılla birgə...
Dünyamın ölçüsü itdi, kiçildi -
Uşaqlıq adlanan nağılla birgə...
İndi ata sözü dilə gələndə
Rəhmət kəlməsi də qoşulur ona...
Mənə elə gəlir ata öləndə -
Bir kişi hökmü də yetişir sona!..
Bəli, atamı dəfn etdiyim həmin günün bir ifadəsi olan bu şeiri elə ertəsi günü hamının şirin yuxuda olduğu vaxt məzarı üstünə gedib özünə pıçıldadım.
Yəqin ki, duydu, dinlədi məni. Çünki ondakı hövsələ, ondakı səbr ölçüsüz idi. O yerə qədər ki... Bax, onda kükrəyərdi. Hətta ən əziz adamına belə iradını deməkdən çəkinməzdi. Və hər dəfə də vurğulayardı ki, sözü üzə demək lazımdı. Tərifi də, lap iradı da, qoy sahibi özü eşitsin. Mən də onun özünə oxudum bu şeiri. Bilmirəm hansı reaksiyanı verdi, necə qarşıladı, amma həmin günün sübh yeri qızarmamış mən onun məzarı üstündə "sabahın xeyir" deyib oxudum bu şeiri. Sonra...
Sonra başladı onsuz günlərim. O günlərin içərisində nəvələrin xatirinə bir bayram ovqatı yaratmaq istədim. Nə qədər cəhd etsəm də, yarada bilmədim həmin ovqatı. Çünki bu ovqatın yaranmasına 4 yaşlı Nigarım mane oldu...
Onun bircə kəlmə sözü dünyamda təkrar bir uçqun yaratdı. Nəticənin "qoca baba" deyib üstünə qaçdığı bir insanın ölümünə reaksiyası çox təsiredici oldu. Mənə sığınıb "baba, sən də öləcəksən? Axı, sən də qocalmısan" - dedi.
O gündən Nigarın yaddaşında insanın qocalanda öləcəyinə bir qəribə yanaşma formalaşıb. Ayıra bilmirəm onu həmin o ölüm deyilən bir fikrin aurasından. Eləcə hər dəfə üstümə yüyürəndə o qorxunu nəvəmin gözlərindən oxuyuram. Hətta bayram gecəsində də oxudum həmin o təlaşı, o nigarançılığı. Və çəkilib bir küncə həmin bayram gecəsində atam üçün ikinci ağını yazdım. Yazdım ki:
Bu axşam
kimsəni gözləmirəm,
harasa tələsmirəm -
belə bir istəyim də yox
bir qara qələmin
qara nöqtəsi öldürdü
altmış illik vərdişimi
yəni
sənin yanında olmaq
adətimi..
istəyimi...
ona görə də
gözlərim
göz yaşımdan tox
indisə...
hər biri
öz damının altında
yəni
həyətində
və həyatında
olan övladların
səni evində,
yanında,
başının üstündə görür
bu axşam -
sən yanan şam
ruhsan axı!..
Bəli, mən bir insan, bir övlad olaraq valideyn qarşısında, cəmiyyətdə günahsız olmadığıma əminəm. Bilirəm ki, çox şeylər edə bilərdim. Amma gah müəyyən səbəblərdən, gah biganəlikdən, gah da sabah edərəm istəyimdən əl çəkə bilmədim və ona görə də edə biləcəklərimi etməmək günahı qaldı boynumda. Sən isə üzümə vurmadın heç vaxt. Hərdən başını buladın, hərdən üzünü yana çevirdin, hərdən də eləcə dediyin bircə kəlmə söz bir kitablıq yük oldu mənə... töhmət oldu mənə... ağırlıq və əzab gətirdi mənə... Beləcə, arxada qaldı başlanan yetimliyin böyük bir zaman kəsiyi. Və bu zaman kəsiyinin içərisində ilk dəfə gəldin yuxuma. İlk dəfə səni son görüşümdə gördüyüm çöhrəndən əsər-əlamət yox idi. Dəyişmişdi hər şey. Elə bil ki, tamam başqalaşmışdın, gəncliyində olduğun kimi... Və mən də bunun səbəbini yuxudan oyananda anladım. Və anladıqlarımı misralara köçürdüm.
Bu gün
dostlar yığışmışdı
təsəlli üçün
sən də gəlib oturmuşdun
gülürdü üzün...
hiss edirdim
sevinirsən
və gözlərinlə deyirsən
tək deyilsən! -
bu cümə axşamında...
dostlarla bahəm
sən də yanımda...
az qalmışdım
inanım da
yuxarı başda
ruhun deyil
özün əyləşmisən...
sadəcə
ağrılı çöhrən
tamam nurlanıb
dəyişmisən.
Atam,
vallah, mən də sevindim
demək
ağrılardan
canını qurtarmısan
bu cümə axşamında...
mən dostların
əhatəsində,
sən ürəyimdə,
gözümün önündə
və
həmişəki kimi də
əlin üstümdə...
məni tək qoymursan
bu günümdə
və günündə...
inanmağa başlayıram
çox şeyə
sənsizlik yarası
anbaan işləsə də
dərində
hələ də
gücüm çatmır özümə
keçib oturum
Ata yerində -
bu cümə axşamında...
Bəli, bu yazını özümə təsəlli üçün yazmadım. Bu yazını heç sizə də, dostlarıma da, oxuyanlara da, nələri yaşadığımı demək üçün bilgisayara diqtə etmədim. Eləcə içimdən gəldi ki, bilgisayar önündə dayanıb o kədərli anlarımda məni telefonla arayıb atamı soruşan hər kəsin, xüsusilə Gülər qızımın, eləcə də digərlərinin qarşısında bir anlıq susub deyim ki, yanımda olduğunuza görə, dayaq durduğunuza görə sağ olun! Və bir də...
Hə, mən bu yazını yazdığım və ümumiyyətlə, bu yazının yazılışına qədər yaşadıqlarımın hamısını içimdə bir-bir ipə-sapa düzmüşəm. Bilirəm ki, ömrüm boyu ipə-sapa düzdüyüm bu olanlar və olanların sözlə ifadəsi məni tərk etməyəcək. Həm yuxumda, həm aşkarda məni izləyəcək. Onu da bilirəm ki, mən bir övlad olaraq günahlarımı da heç nəylə yuya bilməyəcəm. Çünki bu günahları etiraf edəcəyim insanın özü artıq günahsızların məkanındadı. Ora isə heç kimin əli çatmır, ünü yetmir. Mən də əl və ün çatmayan o yerə ən münasib, ən layiqli bildiklərimin hər birinin ruhu qarşısında baş əyməkdən özgə bir yol tapa bilmirəm. Ona görə də köksümə əyilmiş başımda mənə rahatlıq verməyən fikirlərlə baş-başa qalanda sənə həmişə olduğu kimi üz tuturam.
Kirpiklərdən asılmış
Yuxu çatmır hayıma...
Allah dərd boğçasından -
Bol ayırıb payıma!
Dan yerinin ağaran
Gözünə qan süzülüb...
Səndən başqa hər kəsdən -
Ümidlərim üzülüb...
Bir azan sədası tək
Hopur mənə pıçıltın...
Məni ovudan ürək -
Sən içimdə hıçqırdın!..
Gülümsə qoy aldanım
Tapım ümid - dəfinə!
Gəlişinə inanım -
Bir dərdimin dəfninə...
Bax, mən indi itirdiyimin acısı, ağırlığı altında olsam belə, sizlərə mənəvi borcumu yaddaşıma yazmışam. Siz də mənə olan diqqətinizi halal edin! Axı bu dünya ölüm-itim dünyasıdı. Sizin hər birinizə sonsuz sayğılarla yetimliyimə şərik olduğunuz üçün "sağ olun!" deyirəm.
Əbülfət Mədətoğlu
Manera.az