Özümə nekroloq...-Əbülfət MƏDƏTOĞLU yazır | MANERA.AZ

Əbülfət MƏDƏTOĞLU
Yenə hava çöndü, yenə qış özünü xatırlatdı bizə. Bir neçə gün idi ki, yanvar ayı olmasına baxmayaraq, bir az nəfəsimiz genəlmişdi. Gündüz saatlarında elə gün işığına güvənib bir az qaza, enerjiyə ehtiyat eləmişdik, yəni qənaətə keçmişdik. Doğrudur, hökumətimiz də bizə qənaəti öyrədir, elə bil təbiətlə sövdələşibdi. Ona görə bütün sövdələşmələr gec-tez çat verir. Elə təbiətlə hökumətin də sövdələşməsi uzun çəkmədi. Bir neçə günə etdiyimiz qənaət artıq «buxarlanıb». Yenə mayadan xərcləyirik. Nə isə…
Deməli, mən bu girişi sözgəlişi yazmadım. Bunu yazmaqda məqsədim var. Məqsəd də sizlərə həmişə çatdırmağa çalışdığım iç dünyamdakı, ətrafımdakı gerçəkliklərdir. Necə deyərlər, yaşadıqlarımı və yaşamaq arzusunda olduqlarımı qələmə almaqdı. Axı, hər bir yazı nə vaxtsa günün, saatın, tarixin hansısa bir anında mütləq nəyəsə yarayacaq, kiminsə diqqətini çəkəcək. Deməli, bu gün oxunmayan yazı, söz sabah, yəni öz zamanında oxucusunu tapacaqdır. Mən şəxsən bu ümiddəyəm, bu inamdayam. Ona görə yazdığım sözün alt qatına enməyə çalışıram. İstəyirəm ki, söz məndən yuxarıda dayansın, məndən öndə getsin. Doğrudur, sözün bir damarı səsdi. Səs də ki, onsuz da sürətlidi. Amma indi o qədər radarlar quraşdırılır ki, səs də o radarları aşıb keçə bilmir. Ona görə də həyatın görünən və görünməyən söz varlığını, söz maddiyyatını təkcə cilalamaq yox, həm də onun bütün hüceyrələrini qorumaq, yaşatmaq, boya-başa çatdırmaq lazımdır. Təsadüfi deyil ki, ağsaqqallar, ağbirçəklər ağıllı söz deyənə «söz qədər ömrün olsun» duasını hədiyyə edirlər. Mən də oxucularıma söz ömrü arzu edirəm. Və elə buradaca onu da vurğulayım ki, həqiqətən diqqətlərindən, qayğılarından, reaksiyalarından razı qaldığım yetərincə oxucularım var. Və…
Bəli, indi verilən proqnozlara görə həftə sonu, eləcə də ayın sonuna qədər hava kəskin dəyişəcək, temperatur əvvəlki günlərdəkindən 5-7 dərəcə aşağı düşəcək. Mən ekrandan eşitdiyim bu məlumatı təbəssümlə qarşıladım. Hiss etdim ki, bu təbəssüm ətrafdakıların ürəyincə olmadı. Öz-özümə guya onların könlünü almaq üçün dedim:
- İslanmışın yağışdan nə qorxusu…
Sözüm də deyəsən yerinə düşmədi. Çünki qarşı tərəfdən başqa bir atalar sözü gəldi:
- Əri döymüşü it də tutdu bir yandan…
Bəli, mən dilə gətirdiyim müdrik kəlamı öz həyatımla, öz yaşamımla bağladım. Demək istədim ki, yaşadığım ev problemi, köç problemi məni elə sıxıb, elə üşüdüb ki, havanın temperaturunun aşağı düşməsinin o qədər də önəmli olduğunu hiss etmirəm. Amma bunun ardınca eşitdiyim digər kəlam isə bütövlükdə günümə, yaşamıma çox sərt və çılpaq bir qiymət idi. Yəni evsiz qalmaq, özü də qışın bu şaxtasında köç etmək həmin o yaşamı daha da ağırlaşdırmaq, daha da dözülməz etməkdir. Özü də təkcə mənim şəxsimdə yox, həm də ailə üzvlərimin, xüsusilə əl boyda nəvələrimin simasında…
Hə, elə özümün də özümə yazdığım, diqtə etdiyim fikirlərə görə, bir növü ürəyim ağrıdı, yazığım gəldi. Çarəsizliyin, ümidsizliyin nə demək olduğunu sanki bir daha anladım… sanki kimsə mənə pıçıldadı ki, gerçəkdən, reallıqdan qaçmaq mümkün deyil. Kim olursan ol, qarşına çıxan sual səni mütləq tapa bilmədiyin cavabın axtarışına məcbur edəcək. Sən isə Allahdan başqa kimsən olmadığını onda bir daha hiss edəcəksən. Necə deyərlər, bu bir gerçək!.. Gerçəyin özü isə mənə bu misraları, yəni sənə yazdığım şeiri xatırlatdı. İndi onu pıçıldayıram.
Sən «ol!»- dedin, Yaradan
«Ol!» başlayır haradan?!
Qaldır məni aradan-
Sıxıntılar azalsın…
Deyim bir az yumorla
Ürəyimi tumarla…
Dərdlərimi hamarla-
Çıxıntılar azalsın…
«Ol!» qələmin bu qədər
Sərt yazıb mənə qədər….
Barı indi qəm, kədər-
Sıxıntılar azalsın…
***
Yanvar ayı sona yaxınlaşdıqca özü ilə birlikdə mənə yük etdiyi sualdan da təzyiqini bir az da artırır. Necə deyərlər, torpağa bir az da yaxınlaşıram. Və bu yaxınlaşma elə bir not üzərində gedir ki, onu özündən başqa kimsə hiss etmir. Və mən bu məqamda sevinirəm. Çünki dərdini çəkdiklərimi kiməsə yük etmək, kiminləsə bölüşmək indiki durumda, daha doğrusu, indiki iqtisadi müstəvidə o qədər də xoş olan hadisə deyil. Əksinə, qarşı tərəfin qıcığını artırır. Bu isə qəlbə toxunmaq, əsəbləri qaşımaq anlamına gətirib çıxarır. Nəticədə itirmək qaçılmaz olur. Deməli, itirdiklərinin ağrısı da, lap elə təkbaşına çəkmək istəmədiyinin çəkisini bir az da artırır…
İllər uzunu xəyal qurmaq, gecə ulduzla, ayla söhbət edib gözünü tavana sancaqlamaq nə qədər şirin və xoş olsa da, onun sonu uçuruma gedib düşəndə, uğursuzluqla, ümidsizliklə, hətta bəzən faciə ilə nəticələnəndə insan, təbii ki, söhbət normal insandan gedir, havalanıb dəli olmaq dərəcəsinə çatır. Çünki tündlük o qədər kəskin olur ki, qabını da çatladır. Bax, mən də qurduğum xəyalların, saydığım ulduzların sabun köpüyü kimi necə əridiyini duya-duya, hiss edə-edə, hətta bu «əriməni» yaşaya-yaşaya haralara gəlib çıxdığımı anlamağa, dərk etməyə çalışıram. Amma inanın ki, durum o qədər kritik, o qədər çözümsüzdür ki, bir Allah bəndəsi kimi az qala hamıya, hər kəsə asi olmağım gəlir. Kimsə məni qınaya bilər. Hətta kimlərinsə ittiham etmək haqqı da mümkün haldı. Ancaq gerçək odur ki, dərdi dərd çəkənə verən böyük Allah öz böyüklüyünü çəkilən dərdin ağırlığına tablaşmayan çiyinlər üçün bir anlıq da olsa kölgə etməlidi. Elə bir kölgə ki, diz bükülsə də sınmasın. Özü də o diz sahibinə görə yox, o sahibin əlindən, ətəyindən tutanlar üçün qorunsun. Əks halda, bu gün bükülmək üzrə olan yetərincə diz var. Mən də o diz sahiblərindən biriyəm…
Hərdən həyatımın evli-eşikli günlərinin səhifələrini vərəqləyirəm. Yadıma bir şair misrası düşür. Səhv etmirəmsə belədir:
NƏ QƏDƏR XOŞBƏXT İDİK BİR ZAMAN ALLAH!!!
Doğrudan da bəzən xoşbəxtlik, bəzən xoş məqam, xoş an insanın yanından elə sakitcə ötüb gedir ki, onu hiss etmir, onu görmür, eləcə onu arzulayır. Arzu isə bildiyiniz kimi sözün bütün mənalarında elə ARZU-du! Onun çin olması Allah möcüzəsidi, əgər olsa!
Bəli, mən bir vaxtlar yaşadığım bütün həyatıma, bütün taleyimə hakim kəsilən həmin o xoşbəxt olduğum günlər üçün yaman darıxıram. O günlər Dağlıq Qarabağda - Tuğ kəndində qaldı! O günlər indi də Motodromda qalmaqdadır! Birincini işğal, ikincini isə…
Yəqin ki, ikincini təkrar etməyə, ya da xüsusi vurğulamağa ehtiyac yoxdu. Çünki bu da görünən kəndə bələdçi axtarmaq kimi bir şeydi. Axı, görünən üçün axtarış sorağına düşmək ən azından gülüş doğura bilər. Mən onsuz da gülüşün və gülənlərin nə demək istədiyini yaşayıram. Amma bir gerçək də var. O gerçəyin də hökmünü Allah verir və həmin hökmdən çıxış edən ağsaqqallar da deyir ki, daha doğrusu, müdriklər vurğulayır ki, sonuncu gülən qalibdi! Deməli, harda olmağından asılı olmayaraq, sonuncu gülənin qalib olacağına kaş ki, ümid ölməsin. Bax, dediyim son elə həmin o ümidin ölməsidi. Bunun misralarla ifadəsi isə mənim təbirimcə desək bax belə olar:
Mən
özümdən-özümə
kəndir atmış
alpinist…
çəngəl
ürəyimə ilişib
hətta
kəndirdəki
həlqələr də
yerini dəyişib…
amma
ən maraqlısı budur ki,
ürəyimdə
iki alpinist
görüşüb
sən də
kəndir atıbsanmış…
***
Adamlar bəzən özlərindən nağıl uydururlar. Mən onları başa düşürəm. Bunun özü də bir ümiddi – həm dünənlə bağlı, həm də sabahla. Doğrudu, indi nağıla inananlar, nağıl dinləyənlər azalıb. Lakin bütün hallarda nağıla ehtiyac var. Ən azından ona görə ki, o nağıllar sonda xoş məramla, xoş istəklə, necə deyərlər, haqqın qələbəsi ilə başa çatır və göydən də üç alma düşür…
Kimsə gülümsəyə bilər. Bu, onun haqqıdı. Bilirəm nədən gülümsəyəcəklər. Deyəcəklər ki, daha göy üzündə alma qalmayıb. Ümumiyyətlə, indi alma da monopoliyadı. Bazara, meyvə-tərəvəz dükanlarına baxın, onda dediyimə inanacaqsınız. Görəcəksiniz ki, dünyada, eləcə də gözəlim Azərbaycanda hər şeyin sahibi var. Elə almanın da! Nə isə… bu başqa bir mövzudu.
Doğrudan da yaşam çətinləşdikcə, həyatın sınaqlarının sayı və keyfiyyəti artdıqca insanın səbri də tükənir, əsəbləri də gərilir. Mən öz timsalımda, öz nümunəmdə bunları yaşayıram, görürəm və hər gün də bunun içərisindəyəm. Deməli, yaşadığımı, gördüyümü, hiss etdiyimi kağıza köçürəndə də həmin o məqamlar mənim üçün təzələnir. Sanki soyunmaq istədiyin köynəyi yenidən geyinirsən. Bax, mənim yaşamımda, canımda, içimdə, ruhumda daşıdıqlarım da elə bu qəbildəndi. Unutmaq, yaddaşdan, həyatımdan silmək istədiklərim bəzən elə sürətlə önə keçir ki, yaddaşımda, həyatımda təzələnir ki, heç nə deyə bilmirəm, heç nə edə bilmirəm. Düşünməyin ki, bu acizlikdir. Yox! Bu sadəcə həyatın ən insafsız, ən amansız qərarı və hökmüdü.
Hə, indi mən o yanımdan səssiz ötüb keçmiş anların, xoşbəxt günlərin dalınca baxa-baxa heç kimə həsəd aparmadan öz-özümə pıçıldayıram:
Gözüm gözündə yatmırsa
Mənə nazını satmırsa…
Gəlib səsin də çatmırsa-
Uzaqsan, uzaqsan, uzaq…
Saçın üzünə dəymirsə
Ruhun ruhunu geymirsə…
Əlin qapımı döymürsə-
Uzaqsan, uzaqsan, uzaq…
Yuxun ərşə çəkilmirsə
Gözündə dan sökülmürsə…
Balışa yaş tökülmürsə-
Uzaqsan, uzaqsan, uzaq…
Hə, mən yazdığım bu yazının ruhunu Tanrıya, cismini isə həyatımı sıxıntıya, acılara pərçim edənlərə bağışlayıram. Necə deyərlər, bu özümün özümə nekroloqum və yaxud da başsağlımıdı. Necə istəyərsiniz, o cür də qəbul edin…