manera.az
manera.az

Əbülfət MƏDƏTOĞLU: GÖY ADAMINA VİDA MƏKTUBU

📅 16.01.2018 15:54

Əbülfət MƏDƏTOĞLU: GÖY ADAMINA VİDA MƏKTUBU


Bəstəkar Razim Paşayevə...

Yazıya başlamamışdan öncə açıq şəkildə bəyan etmək istəyirəm:

- ÇOX ÇƏTİNDİ MƏNƏ BU CÜR YAZILARI YAZMAQ. VALLAH, BİLLAH ÇOX ÇƏTİNDİ!!!

Ona görə ki, itirdiyim dostdan yazıram... ona görə ki, ayrıldığım könül sirdaşımdan yazıram... ona görə ki, güvəndiyim dağdan yazıram... ona görə ki, öz təklənməyimdən yazıram... bir belə adamın içində yetim qalmağımdan yazıram... Və bunları yaza-yaza da lap yetimləşirəm, lap təklənirəm. İnsan nə qədər budanar, insan nə qədər göz yaşını içinə axıdar... insan nə qədər ürəyini ovcunun içərisində sıxıb dözüb durar. Vallah, bu heç dözmək də deyil. Bu, sadəcə ayaqda qalıb itirdiyinin başdaşını qucaqlamaq üçün verilən bir möhlətdi. Bax, bu möhlətdən yazmağın özü də ağır dərddi...

İndi Razimdən yazıram. Əslində yazmıram. Razimi necə tanımışam, necə sevmişəm, necə dostlaşmışam, o məqamın, o anın şəklini çəkirəm. Uşaq başını aşağı salıb karandaşla şəkil çəkdiyi kimi. Heç kimin üzünə baxmadan şəkil çəkirəm, Razimin şəklini. Və mənə elə gəlir ki, o, bu dəqiqə özünəməxsus təbəssümüylə məni özümdən ayıracaq və özünəməxsus səsiylə deyəcək:

- Bah attonan, heç bu şəkil mənə oxşamır ki?!

Mütləq belə deyəcək və mən də onunla razılaşacam. Çünki Razimin şəklini çəkmək mənim gücümdə deyil. Razimin şəklini Allah çəkib - sevgiylə, musiqiylə və bir də mizrabla. Bax, o mizrabı elə-belə demədim. İlk dəfə mən Razimi əlində tar, başıaşağı yol gedəndə gördüm. Onda 1979-cu il idi. İndiki kimi yadımdadı, Razim əlində tar Füzuli şəhərinin mərkəzi küçəsiylə başıaşağı gedirdi. Yanında dayanan rəhmətlik Vahid Əlifoğlunu görəndə dayandı. Görüşdülər. Mən də görüşdüm. Vahid təəccüblə üzümə baxdı.

- Razimi tanımırsan?

Çiynimi çəkdim. Və Vahid də özünün o kişi kobudluğuyla:

- Ə, sən Razim Paşayevi tanımırsan? Ə, onun mahnılarını Zeynəb Xanlarova oxuyub ey!

Tanıdım Razimi! Əslində qiyabi tanıdığım Razim Raşayevi ilk dəfə əyani gördüm. Bəlkə də bu mənim həyatımda ilk diri gördüyüm bəstəkar idi. O birilərini televizorda görmüşdüm. "Araz" qəzetinin redaksiyasının önündəki küçədə gördüm. Beləcə, başladı münasibətlərimiz...

Razim hər səhər qızının əlindən tutub o biri əlindəki tarıyla birlikdə həmin küçəni keçib gedirdi. Qızını məktəbə aparırdı. Sonralar öyrəndim ki, onun qəribə bir həyat tarixçəsi var. O, qızıyla birlikdə qalır. O, gül parçası kimi uşağın saçlarını elə hörüb darayırdı ki, həmin məsumluğa baxmaqdan doymaq olmurdu. Elə bil ki, qızcığazın hörüklərini hansısa bir peşəkar saç ustası darayıb hörmüşdü. Uşağın geyimi o qədər yerində olurdu ki, sanki onu kimsə bəzəyib evdən məktəbə yola salırdı. Bax, beləcə keçib gedirdi həmin küçəni Razim Paşayev. Öncə qızını məktəbə ötürürdü, sonra özü musiqi məktəbinə üz tuturdu...
Bəli, "Araz" qəzetində işlədiyim illər idi. Arabir günorta naharını birlikdə edirdik - Vahid, Razim, mən, hərdən Süleyman Qaradağlı da qoşulurdu bizə,Taleh Əliyev də. Hərəmiz öz imkanımıza görə, necə deyərlər, "nemes hesabı" süfrə açırdıq. Razim siqaretdən tamam uzaq idi. Sonralar başladı siqaretlə yaxınlığa. Xüsusilə qaçqınçılıqda. İçkiyə də o qədər meylli deyildi. Hətta bizə hərdən irad da tuturdu. Amma Razimin söhbətinə qulaq asmamaq, onun musiqiylə bağlı bilgilərinə heyran olmamaq mümkün deyildi. İndiki dillə desək, əyalətdə yaşayıb musiqinin qatlarına baş vurmaq hər adamın bacardığı, hər adamın çiyin verdiyi işlərdən sayılmır. Amma Razim bütün həyatını musiqiyə həsr eləmişdi. Bir an da olsun vaxtını boş keçirmirdi. Qızıyla, onun dərsləriylə məşğul olandan sonra keçirdi pianonun arxasına, ya da tarı sıxırdı sinəsinə. Hərdən mənə elə gəlirdi ki, Razim öz yaradıcılıq dünyasına çəkiləndə Allahdan başqa hamını unudur və o, bu dünyadan çıxıb gedir. Çünki mən bir dəfə onun necə işlədiyini özünün xəbəri olmadan izləmişəm. İnanın ki, musiqinin ən incə nöqtələrinə nüfuz etmək üçün onun sifət cizgiləri də o notlarla birlikdə bir-birini əvəzləyirdi. Gah pianonun dilinə toxunur, gah stola barmaqlarını səssizcə döyəcləyir, gah tarı sinəsinə sıxır, gah da qələmlə vərəqdə nəyisə işarələyirdi. Hərdən də bütün bunların içərisində onun zümzüməsini eşitmək olurdu. Və mən görürdüm ki, Razim musiqiylə birlikdə sözü də dirildir, sözü də cilalayır. Və o, sözlə musiqini birlikdə qoyur ortalığa. Hətta bir dəfə mənə dedi ki, qulaq as, sənin sözlərinə yazdığım mahnını ifa edəcəm. Və başladı. Doğrudur, onun xanəndə, müğənni səsi yox idi. Amma öz musiqisini elə ifa edirdi ki, sanki övladını oxşayırdı, sanki nəvəsinin saçlarına əlini çəkirdi. Və mən onda gördüm ki, Razim mahnı yazanda, musiqi bəstələyəndə doğrudan-doğruya göy üzünün adamı olur. Göy üzünün adamı isə Yer üzündə çox qala bilməz. Necə ki, Razim qalmadı...

Hə, deyim ki, qaçqınçılıqda daha sıx-sıx görüşürdük Razimlə. Nəşriyyata gəlirdi. İş otağında saatlarla dərdləşirdik. Vahidin ölüm xəbərini eşidəndə başıalovlu gəlmişdi. İçəri girəndə bircə kəlmə demişdi:

- Eşitdiyim xəbər doğrudu?

Kirpiklərimin ucundan hiss etdi xəbərin doğruluğunu. Sakitcə kökündən üzülən ağac kimi çökdü kresloya. Və...

- Həə...- dedi. Başladı yarpaq tökümü - əlavə etdi Razim.

Həmin gün ancaq Vahiddən danışdıq. Şeirlərini necə yazdığını, necə müzakirə etdiklərimizi yadımıza saldıq. Elə bil ki, Vahidin bizi tərk etməsiylə doğmalığımız bir az da artdı. Daha doğrusu, bir-birimizdən bir az da bərk yapışdıq. Və bir gün dedi:

- Qağa, sənin əlli yaşına bir hədiyyəm var. Axşam zəng vurub telefonla deyəcəm.

Doğrusu, gözləmədiyim bir hiss yaşadım. Axşama qədər vurnuxdum içimdə. Görəsən, nə hədiyyəsidi bu?! Axır ki, zəng gəldi Razimdən. Götürdüm telefonu. Bircə kəlmə dedi:

- Qulaq as!

Mən də qulaq asdım. Yaqut Babayeva oxuyurdu. Sözlər mənə tanış gəldi. Bir az da diqqətlə qulaq asdım. Hə, bu mənim sözlərimdi. Mahnı bitdi, yenə Razimin səsi gəldi:

- Necədi?

- Çox gözəl, öpürəm səni - dedim.

- Qağa, sənin ad gününə şeirlərindən ibarət mahnı çələngi hazırlamışam. On mahnı hazırlamışam. Sənə demirdim ki, yubileyinə hədiyyə olsun. Sabah kasetimi də gətirəcəm. Onda ifaçıları da tanıyarsan.

Razim belə dostuydu... Razim belə təmənnasız bəstəkarıydı... Razim belə bir ürəyin sahibiydi...

Sonra redaksiyamıza gəlişlərinin birində ev məsələsini dilə gətirdi. Kirayələrdə çəkdiyi əziyyəti xatırlatdı. Aqil Abbasdan kömək istədi... Və sonra yenə mənə zəng vurdu. Özü də bu zənglə ayrılığımızın arasında heç 40 günlük məsafə yoxdu. Zəng vurdu və dedi:

- Qağa, Səyyad Əlizadə sənin sözlərinə klip çəkdirib. Yutuba daxil ol, orda paylaşılıb, görəcəksən!

Tələsik açdım və baxdım. Musiqisi Razim Paşayevin olan "Mən səni sevməkdən doya bilmirəm" mahnısını Səyyad Əlizadə ifa edirdi. Çox gözəl alınmışdı. Təkrar onu aradım. Təşəkkür etmək istəyəndə özünəməxsus ərklə:

- Səyyada zəng vur! - dedi. Biz qardaşıq.

Dediyini etdim və Səyyad Əlizadəyə zəng vurub təşəkkürümü bildirdim...

Ötən şənbə günü, yəni yanvarın 13-də zəng vurmuşdu mənə Razim. Telefonla danışdıq. Razılaşdıq ki, 1-ci gün, yəni yanvarın 15-də redaksiyada görüşək. Evlə bağlı danışacaqdıq. Amma...

Amma yanvarın 14-də gecə yarısı yuxum ərşə çəkilmişdi. Feysbukda əlləşirdim. Səyyad Əlizadənin paylaşmasını gördüm. Üzücü bir xəbəri ürəkağrısı ilə yazmışdı. Oxudum və göz yaşlarımı tuta bilmədim. İçimdə bir damcı ümid var idi. Düşünürdüm ki, bəlkə yanlış xəbərdi. Səhəri bütün dostları aradım. Razimi tanıyanlara telefon açdım, özünə zəng vurmağa ürək etmədim. Nəhayət ki, Süleyman Qaradağlını tapdım. O da bircə kəlmə dedi:

- Əbülfət, Razim getdi...

Hə, ağır bir kəlməni Süleyman elə ağrıyla dedi ki, hələ də o ağırlığın altında dayanıb dura bilmirəm. Və mən elə gəlir ki, "Razim getdi" sözüylə elə mən də getmişəm...

Yadıma ötən görüşlərimizin birində Razimə içimdə bir şeirin olmasıyla bağlı etdiyim söhbət düşdü. Razim onda demişdi ki, yazarsan bu şeiri. Amma siftəsini mənə oxuyarsan. Söz vermişdim. Razimdən sonra bitirdim o şeiri. İndi ruhuna oxuyuram onu. Yazmışdım ki:




Dərdimi çıxartdım bazar başına

Sadəcə baxdılar, keçib getdilər...

Hərə ölçüsünə, hərə yaşına -

Nəyi uyğun bildi, seçib getdilər...




O qədər dərd, ələm almışam səndən

Səpilib ömrümə, günümə dən-dən...

Doya bilmədiyim adamlar məndən -

Yamanca tez doyub, köçüb getdilər...




Bir vaxt göydə tutan qaş, gözü, himi

Əbülfət, köklənmir dostların simi...

Onlar son damlanı son ümid kimi -

Kirpikdən süzdürüb, içib getdilər...



Hə, Razim, xoşuna gəldimi bu şeirim? Oxuya bildimmi sənin üçün? Bilirəm, sən heç vaxt iradını deməkdən çəkinməmisən. İndi də pıçılda mənə. Nə yerində deyilsə, dəyişim. Dəyişim ki, yanına gələndə utanmayım. Və bir də ...

Nə isə demək istəyirəm sənə, amma dilim dönmür. Yəqin nə deyəcəyimi artıq özün bilirsən. Vahidə salam de! De ki, tək qoyub gəldim. Bax, yadından çıxmasın ha, gələndə soruşacam!

P.S. Razim, həmişə səninlə müsahibələr yazmışam. Fikirlərini mətbuata çıxarmışam. İndi isə sənə məktub yazdım...

Əbülfət Mədətoğlu

adalet.az / manera az


Baxış sayı - 1 970 | Yüklənmə tarixi: 16.01.2018 15:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031